Mədəni vəhdət
Dünyanı, onun mədəni qütblərini birləşdirən dahilər
yerdəki tanrılardır!
Mədəniyyətlərin qütbləşməsi,
cəhətləşməsi və nəticədə ayrılması hansı zərurətdən doğmuşdur? Bu sualın cavabı
da yəqin ki, özü qədər absurddur. Ümumiyyətlə, mədəni qütbləşmə prosesi bizim
fikrimizcə, süni şəkildə yaranmış məsələdir. Əlbəttə, dil, din, relyef fərqləri
bu ayrılmanı qaçılmaz edir. Ancaq bizim qəsd etdiyimiz ayrılıq bu deyilənlərin
fövqündə duran bir şeydir. Müxtəlif dillərdə danışmaq hələ ayrılmaq demək
deyil. Məsələn, Avropa qitəsində bir çox xalq yaşayır. Lakin orta əsr
intibahından bu tərəfə müxtəlif dillərdə danışan, müxtəlif xalqların vahid bir
mədəniyyət sistemi əmələ gəldi. Bunun coğrafi uzaqlıqla və yaxud yaxınlıqla da əlaqəsi
yoxdur. Xalqların iç-içə keçən mədəni dəyərləri bəşəri bir hadisədir. Elə
buradan çıxış edərək, belə bir tezis irəli sürmək olar ki, mədəniyyətləri
bir-birindən ayıran şey dini, etnik, coğrafi anlayışlar yox, kiçiklik və
böyüklük anlayışıdır. Yəni bir xalqın, bir etnosun çərçivələrinə sığan şeylər və
bir mənada mühafizəkarlıq təşkil edən mədəni dəyərlər, dayaz və kiçik fəlsəfə
daşıyıcılarıdır. Mədəni hadisə böyük, dərin mənaları və hədəfləri təqib etdiyi
zaman isə onun sərhədi, etnosu, milli konservatizmi olmur. Məsələn, Qərb
klassik musiqisi, eyni zamanda müxtəlif cərəyanları, o cümlədən, roman,
barokko, rokoko, klassizm, romantizm, impressionizm kimi cərəyanları təşkil edən
rəssamlıq, heykəltəraşlıq və memarlıq abidələri konkret olaraq, heç bir millətə,
heç bir coğrafi məkana sahib deyil. Bunu daha da incələyərək, söyləmək olar ki,
məsələn, mazurkalar, polonezlər polyak xalqına məxsusdur. Ancaq Frederik
Şopenin yazdığı mazurkalar, polonezlər artıq polyak xalqının deyil, bütün
Avropanın və hətta bütün dünyanındır. Hərçənd ki, Şopen onları məhz bir polyak
olaraq bəstələmişdi. Ancaq böyük bəstəkar və pianoçu nə qədər millətçilik etsə
də, bunu bacarmadı. Çünki o, çox böyük
idi! Polyak xalqı onu böyütmədi, o polyak xalqını böyütdü!
Eləcə də eyni fikirləri Şərq
haqqında da söyləmək olar. Məsələn, Yaxın və Orta Şərqdə yaşayan
saysız-hesabsız xalqların və etnosların hərəsinin özünəməxsus folkloru,
etnoqrafiyası mövcuddur. Ancaq onları birləşdirən, yəni coğrafi olaraq yox,
sivilizasiya olaraq Şərq adlı bir məfhumu yaradan amil, məsələn, təsəvvüf incəsənətidir.
Əgər ayrı-ayrı xalqların konservativ və çərçivəli mədəni dəyərlərinə nəzər
salsaq, biz orada məişətin, təbiətin, insani-intim məhəbbətin xaricində bir şey
görməyəcəyik. Çünki bu işin təbiəti belədir. Kiçik, dünyəvi, material düşüncədən
fövqəlbəşəri bir fəlsəfəyə keçid almaq toplumun yox, fərdlərin dühasının məhsuludur.
Hansısa bir xalq mahnısının müəllifi çox zaman bəlli deyil və buna çox vaxt gərək
də duyulmur. Ancaq məsələn, məqam incəsənətini yaradan, inkişaf etdirən konkret
şəxsiyyətlərin yazılı mənbələri hər kəsə məlumdur. Onlar bunu ayrıca olaraq, məqsədli
şəkildə ediblər. Məqsədləri isə toplumun şüurunu mədəsindən və cinsi orqanından
bir qədər ayırıb, daha başqa istiqamətlərə yönəltmək olmuşdur. Diqqət etsək görərik
ki, nə Şərq, nə də Qərb ədəbiyyatında elə bir böyük və bütün bəşəriyyətin halal
malına çevrilmiş əsər yoxdur ki, orada tayfadan, nəsildən, nəsil artırmaqdan,
maldan, mülkdən, məişətdən söz getsin. Yəni olsa belə, bu anlayışlar keçicidir
və əsas deyil. Bəli, böyüklüyün ana mövzusu heç bir zaman məişət olmayıb! Ancaq
böyük əsərlər hansı dildə yazılırsa yazılsın, onların hamısı vahid və ümumbəşəri
dəyərlər sisteminə daxildir. Bunun üçün mövzu qəsdən və şüurlu şəkildə seçilməlidir.
Yəni onu demək istəyirik ki, Rafaelin tablolarını bir xristian incəsənəti
olaraq görməklə, Mövlana Ruminin əsərlərini islam mədəniyyəti olaraq görmək
arasında heç bir prinsipial fərq yoxdur. İkisi də yanlışdır və insan ağlının
tarix boyu yol verdiyi ən böyük xətadır! Bəli, yeri gəlmişkən, yanlış
anlaşılmasın, Yaxın və Orta Şərqi birləşdirən islam yox, məhz təsəvvüf fəlsəfəsi
və təsəvvüf incəsənətidir. Necə ki, Qərb intibahı xristianlığın yox, əksinə,
onun dəmir barmaqlarının arasından süzülüb çıxan azad məfkurənin məhsuludur.
Azadlıq insan oğlunun
qazancıdır. Ancaq bədənin, ruhun, millətin, torpağın yox, məhz idrakın
azadlığı. Bunların hamısı əlbəttə ki, mövcuddur və lazımdır. Lakin idrak azad
olmadıqca, bu azadlıqların hamısı bir gün əsarətə məhkumdur. Çünki hamısı
maddidir, materialdır. Mən bu siyahıya ruhun azadlığını da saldım. Düşünürəm
ki, ruh da semantik və izahsız bir nəsnə olduğu üçün müəyyən qədər kiçik
anlayışdır, yəni təbii ehtiyacdır, düşünülmüş bir azadlıq deyil. Elə buna görə
də, azad ruhların hamısı yaradıcı bədəni idarə edənlər deyil. İnsan ruhən azad
ola, öz kiçik guşəsinə çəkilib, mistik bir görkəm ala bilər. Ancaq bu azadlıq,
sadəcə onun özünə fayda verir və müvəqqəti bir anlayışdır. Ən yaxşı halda o,
insanla bərabər ölüb gedəcək. Azad ruh hələ yaradıcı ruh demək deyil. Ruh,
ümumiyyətlə, yaradıcı bir nəsnə deyil. Çünki anladığımız qədərincə, ilahi bir
xislətə malikdir. Yəni pakdır, hüzurludur, mürəkkəb deyil. Bütün bunlar isə
tanrısal bir siqlətə sahib olsa da, aktiv və yaradıcı gücə, xasiyyətə malik
deyil. Bəli, yaradıcılıq yalnız və yalnız etirazın, hüzursuzluğun, dolaşıq və
qeyri-təbii axarın məhsulu ola bilər! Bundan tam əmin olmaq üçün sadəcə,
yaratmaq istəyi bəs edər. Qarşılaşacağınız maneələri aşmaq üçün üsyana və xaosa
ehtiyac duyacaqsınız! "Əgər yaradan bir Tanrı varsa, o zaman sən kimsən?” sualı
sizə mane olacaq. "Təbiətdə hər şey qüsursuz, öz axarında və kamil bir şəkildədir.
Bunun nəyinə üsyan edirsən?” deyə suallar verəcəksiniz özünüz özünüzə. Bax, o
zaman siz doktor Faustu tanıyacaq və ona dönəcəksiniz! Mefistofel, yəni İblis,
odanızın müsafiri olacaq və sizə fərqli rənglər, fərqli səslər, fərqli kəlmələr
ilqa edəcək. Həqiqətən də bir düşünək; yenilikləri və dahiyanə tapıntıları
başqa nə tətikləyə bilər – xaos olmasa?! Termodinamikanın qanunu da belə diktə
edir ki, hər şey düzəndən düzənsizliyə, yəni kosmosdan xaosa doğru gedir. Məhz
bu gedişatın öz içində, müdhiş bir xaosun ortasında bir düzən, bir kosmos, bir
gözəllik yarada bilənlərdir dahilər! Özündən əvvəlki qəlibləri sındırmaq üçün,
öncə təbiəti sındırmalısan. Üstəlik, bütün yeni qəliblər zaman içərisində təbiətin
bir parçasına çevrilir. Bəlkə elə buna görə deyirlər ki, Tanrı bir dəfə yaradıb
çəkilməyib. O davamlı olaraq yaradır. Lakin dediyimiz kimi, hər yaradılış bir
üsyan və dağıntının əsəridir. Dağıdılan şey isə, yuxarıda ana mövzu olaraq
seçdiyimiz millətləşmə, dövlətləşmə, dil, din, irq, vətən, torpaq ayrılığıdır.
Qəribə paradoksdur; ayrılıq zatən dağıntıdır. Birləşdirmək üçün isə bu
dağıntının özünü dağıtmaq lazım gəlir. Nəticədə, təkrar-təkrar davam edən hər
dağıdılış yeni bir yaradılışa gətirib çıxarır!
Doktor Faustun sığındığı
Allah ona müvəqqəti və şübhəli hüzurdan, yəni imandan başqa mənəvi heç nə vermədi.
Ancaq onun nifrət etdiyi Mefistofel onun durulmuş şüurunu bulandırmaqla, doktor
Faustun əli ilə bəşəriyyət üçün yeni mədəni-fəlsəfi cığır açdı. Tanrının səssizliyini
İblisin simfoniyası pozdu!
Əslində isə, bizə təqdim
olunan "Tanrı” əsil Tanrı deyil! Çünki Onu bizə təqdim edənlər xaosun da Ona
aid olduğunu heç cürə qəbul edə bilmirlər. Cəza ilə bitən günahdan və mükafatla
bitən savabdan başqa heç nə öyrətmədi bizə həmin o təqdim etdikləri Tanrı! Bu
boyda kainat şərtlər və qəliblər üzərində idrak etdirildi! Bəli, məhz zorla,
tiryəklə, qılıncla və xürafatın qələmi ilə! Əgər insanın xislətində yaratmaq
ünsürü varsa, onu heç nə ilə nə inkar etmək, nə də durdurmaq olar. Çünki
yaradan belə yaradıb!
Mədəniyyətlərin
toqquşması ümumbəşəri bir cəhalətdir. Lakin ondan da böyük cəhalət və hətta
cinayət insanları yurdlara, irqlərə, dillərə, dinlərə ayırıb, sonra da vahid
bir Tanrı anlayışı ilə onları birləşdirmək istəyidir. Şüurlar müxtəlif olduqdan
sonra Tanrı tək olsa, nə faydası?! Şüurların vəhdəti isə millətlərin, irqlərin,
coğrafi məsafələrin vəhdətidir. Bu vəhdəti isə nə qılıncla, nə dinlə, nə də
iqtisadiyyatla gerçəkləşdirmək olar. Bunun üçün böyük düşünmək, böyük şeylər
yaratmaq lazımdır. Bethoven 9-cu simfoniyanı ona görə yazmamışdı ki, onun içərisindəki
xor bu gün Avropa Birliyinin himninə çevrilsin! O bir dəfə Napoleon Bonaparta
simfoniya həsr etmişdi. Lakin qısa bir müddətdən sonra öz yazdığı başlığı sərt
bir alətlə cızdı, pozdu! Çünki bethovenlər napoleonların, keçici inqilab və
çevrilişlərin, bir-birini əvəz edən siyasi epoxaların sənətkarları deyillər. Onlar
populyar kültürdən ona görə imtina etdilər ki, bütün məkanların və bütün
zamanların əsərlərini yaratsınlar. Bir gün Avropa Birliyi dağılsa, Bethovenin əsərinə
nə olacaq? Heç nə. Dağılan AB olacaq, Bethoven yenə bir addım öndədir.
Eləcə də, Mövlana ona görə
"Məsnəvi” yazmamışdı ki, bu gün özlərinə "mövləvi” deyənlər hansısa bir
hakimiyyətin siyasi təbliğat maşınının bir hissəsinə çevrilsinlər. Bütün siyasi
maşınlar isə bir gün mütləq sınır. Özü də başqa əllə yox, başqa bir maşın tərəfindən.
Ancaq Mövlana nə bir Dövlətə, nə bir Vətənə, nə bir millətə, nə də bir dinə məxsusdur.
"Sən gündə on yeddi dəfə "ihdinəs-siratəl-müstəqim” deyirsən. Ancaq bir gün həqiqət ortaya çıxanda görəcəksən ki, bu dediklərin boş və
puç şeylərdir” deyən Mövlana Cəlaləddin hansı dinə, hansı imana bağlıdır görəsən?
Onu bu üsyana, xaosa sürükləyən və nəticədə bəşəriyyətin sonuna qədər bütün dünyaya
nicat verə bilən gücə sahib eyləyən nədir, kimdir?! Əlbəttə ki, dinlərə,
kitablara, ibadətlərə, məbədlərə sığmayan Allah!!! O Allah ki, kainatı və
qalaktikaları kosmosdan xaosa doğru sürükləyir! Zavallılar, oturub gözləyirlər, yayından çıxan ox nə zaman
geri qayıdacaq?! Bu ağılla, bu şüurla hələ çox gözləyəcəklər! Zamanın nisbiliyi
isə onu göstərir ki, böyük şüurla, kiçik şüurun saatları fərqli işləyir. Kiçiklər
gecəni yatıb, səhərin açılmağını gözləyənlərdir. Böyüklər isə o gecəni oyaq
gözlərlə sabaha çevirənlərdir. "Gecələr Günəş doğmazmış! Zatın Günəş batdığı
üçün gecə olur”. Bəs onda cəhalətin ən qatı qaranlığının tən ortasında hardan
doğdu Nəsimi?! Bəsit şüurun məntiqinə söykənsək, onda gərək Nəsimi oturub öz
zamanını gözləyəydi. Boşuna gözləməsin heç kim! Gəlməyəcək o zaman! Heç nəyin
öz zamanı yoxdur! Sadəcə böyük düşüncə mövcuddur ki, onun yaratdığı hər şey həmin
o zamanın özü deməkdir!
Qərblə Şərqi, nəticədə
iki böyük sivilizasiyanı birləşdirən düha məhz Tanrının dühasıdır. Tanrı isə bu
şüuru insana bəxş etdi! Dünyanı, onun mədəni qütblərini birləşdirən dahilər
yerdəki tanrılardır! Mən bundan əminəm!
Fəxrəddin Salim