• şənbə, 27 Aprel, 06:58
  • Baku Bakı 12°C

Macarıstan təəssüratları

17.09.14 18:05 2762
Macarıstan təəssüratları
Yazıma bundan uğurlu və uyğun ad seçə bilmədim. Çünki biz adətən dil, din birliyindən danışırıq. Amma bu səfərdəki təəssüratlarım, tamam başqadı. Avropanın ortasında – Macarıstanda qatıldığım Turan-Hun qurultayının qəlbimdə yaratdığı təlatümlər yəqin ki, sahib olduğu məkanı uzun müddət tərk etməyəcək. Azərbaycandan böyük bir nümayəndə heyyəti bu ölkədə keçirilən tədbirdə iştirak etmək üçün Budapeşt şəhərinə yola düşdü. Millət vəkillərinin, qeyri hökumət təşkilatlarının, türk əməkdaşlıq mərkəzlərinin rəhbərlərinin, media işçilərinin, türkoloqların, sənət adamlarının , Qədim Musiqi Alətləri Dövlət Ansamblın iştirak etdiyi bu maraqlı səfər haqqında hər kəsin öz fikri və yol qeydləri olacaq. Öncə ölkənin paytaxtı haqqında.
KLASSİK VƏ YAŞIL ŞƏHƏR

Bəzi küçə və meydanları Bakını xatırladan Budapeşt klassik bir şəhərdir. Səma altında nəhəng muzeyə bənzəyir. Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərinin birləşməsindən yaranıb. Müxtəlif imperiyaların hücumuna , işğalına məruz qalmış Budapeşt II Dünya müharibəsi zamanı alman qoşunları tərəfindən zəbt olunub. Şəhərin bütün körpüləri və binaların dörddə biri dağıdılıb. Halbuki Budabeşt Avropanın ən inkişaf etmiş paytaxt şəhərlərindən biri idi. Bəzi faktları xatırlayaq: Budapeştdə elektrik fənərlər (1873-cü ildən), şəhər telefonu (1885-ci il), tramvay (1887-ci il), və kontinental Avropanın ilk metrosu(1896-cı il) istifadəyə verilmişdir. Müharibədən sonra şəhərin bərpası 1960-cı illərədək davam edib. Hazırda Budapeştdə bütün nəqliyyat növləri ( metro, tramvay, trolleybus, avtobus, şəhərətrafı elektrik qatarları, taksilər) mövcuddur. Şəhərə Dunay və onun qolu olan Tıssa çayları xüsusi gözəllik gətirir. İki dəfə sovet respublikasına çevrilən ölkə artıq əzəlki adına qovuşub: Macarıstan respublikası.
TARİXİN YADDAŞI, yaxud da YADDAŞIN TARİXİ

Macar xalqının yaddaşında onların Şərq, Mərkəzi Asiya mənşələri haqqında fikirləri bu günə qədər yaşamaqdadır. XIX əsrin ortalarından başlayaraq macar xalqının mənşəyilə bağlı fərqli elmi baxışlar və mövqelər arasında qızğın müzakirələr getməkdədir. Son yarım-əsr ərzində, xüsusilə kommunist rejimi dövründə bütün arqumentlər diqqətdən kənara qoyularaq macarların fin-uqur mənşəli olması nəzəriyyəsi tətbiq edildi. Lakin arxeoloji, antropoloji tədqiqatlar və antropoloqlar indiki vətənlərini fəth etmiş macarların antopoloji spesifikası və mədəniyyətlərinin daha çox Orta Asiyanın İran və skif təsirli Türk xalqlarına uyğun gəldiyi fikrini dəstəkləyirlər. Bundan başqa, macar tayfalarının mənşəyini hun tayfa ittifaqı xalqlarına aid etmək olar. Macarların tarixində mühüm məqamlardan biri Arpad Xanın rəhbərliyi ilə tarixi vətənin əldə edilməsidir ( IX əsrin sonlarında Karpat hövzəsinin fəthi).
Macar dövləti Avropanın düz mərkəzində 1000 ildən artıq mövcud olduğuna görə onun mədəniyyəti bütün digər köçəri xalqlar içində ən çox qərbləşmiş mədəniyyətdir.
Bu gün macar milləti bütövdür, tayfalara parçalanmayıb. Lakin onların tarixinin əhəmiyyətli hissəsi köçəri xalqların əksəriyyətində olduğu kimi milli-tayfa sisteminin qurulması ilə xarakterizə olunur. Macar xalqının ən qədim milli əfsanələrindən biri “ Qan razılaşması” nı bağlamaq üçün tayfaların toplanmasıdır. Böyük başçı Arpad bir əsrdən uzun müddətdə dövlətə rəhbərlik etmiş qədim kral sülaləsinin əsasını qoymuşdur. O, macar tarixinin ən mühüm şəxsiyyətlərindəndir və millətin qüdrət və birlik simvolu hesab olunur. Arpadın atası tayfa başçısı Almoş idi, onun adı macar dilindəki “alom” sözündən əmələ gəlir və inanclara görə müqəddəs yuxunun simvoludur. Əfsanədə adlı-sanlı tayfa başçılarından birinin qızı Emesin müqəddəs yuxusu haqqında deyilir ki, bir dəfə o, yurtada yatarkən Turul (“toğrul”, şahın quşu-tayfa totemi və macarların qədim simvolu) yurtanın üstündəki açıq yerdən uçur və ona oğlan bəxş edir. Əfsanəyə görə, Arpadın qədim sülaləsi məhz Turuldan meydana gəlib. Onun sonrakı nəslinin idarəsi dövründə macar tarixinin şərəfli səhifələri yazılmışdır. Arpadın sülaləsi Macarıstanı 400 ildən çox idarə etmişdir. Maraqlıdır ki, macar tayfalarının tarixi kökləri uzaq keçmişə- Avropada vətən salmazdan əsrlərlə əvvələ və Şərqə gedib çıxır.
Macarların etnogenezinin erkən inkişafı Altay ərazisinin bir hissəsi, həmçinin indiki Qazaxıstan və Özbəkistan ərazilərində baş verib. Bu proseslərə Tarım hövzəsi ( bu günkü Sintzyan-Uyğur Muxtar Vilayəti) və Pamir ərazisinin qədim sakinləri mühüm təsir göstərib. Macar tayfaları Orta Asiyadan qərbə doğru hərəkət etmiş və çox güman ki, Aral –Xəzər bölgəsində uzun müddət dayanmış, daha sonra Cənubi Ural torpağına çatıb, ondan sonra Xəzər və Ural arasındakı keçiddən keçərək çöl ərazisinə hərəkət etmiş və Qafqazın şimal hissəsini əhatəyə almışdılar.
Macarlar Xəzər xaqanlığının tarixində mühüm rol oynayıb və tayfa ittifaqı ordusunun tərkibində ən mühüm güclərdən biri olublar. Macar etnogenezisinin vacib mərhələlərindən biri bugünkü Dağıstan, Çeçenistan, Kabardin- Balkar və Qaraçay –Çərkəz ərazilərini əhatə edən Şimali Qafqaz dağlarının ətəklərində baş vermişdir. Macar tayfa ittifaqının bir hissəsi Cənubi Qafqaz ərazisinə köç etdi ( Mənbələrdə onlar savard-madjarlar adlandırılır-F.X.) və bugünkü Azərbaycan Respublikası və Cənubi Azərbaycanda yerləşdi. Beləliklə, savard-madjarlar Azərbaycan xalqının etnogenezisində mühüm rol oynadılar.
Orta əsr macar tarixçilərinin yazdıqlarına görə Arpad Xanın sülaləsi Hunların rəhbəri Atilladan gəlir. Bu barədə qədim əfsanə və rəvayətlərdə də bəhs olunur. Lakin elmi araşdırmalarla təsdiqlənən fakt odur ki, macarlar vətən salana qədər Karpat hövzəsində bir neçə mərhələdə köçəri tayfalar kimi yerləşmişdilər. Onlar ucsuz-bucaqsız Avrasiya çölü xalqlarının qərb qanadını təşkil edirdilər. Nəticədə, bu torpaqlarda məskunlaşmış köçərilər əvvəllər müxtəlif kurqan mədəniyyətinin xalqları, daha sonra isə skif və sarmat tayfaları idilər (I minilliyin əvvəlindən eramıza qədər) . V əsrin əvvəllərində Karpat hövzəsi ərazilərinə hunlar gəldilər və oranı öz Avropa imperiyalarının mərkəzinə çevirdilər. Hunların başçısı Atilla məhz burada yaşamış və imperiyasını idarə etmişdir. O, öldükdən sonra Tisa çayının altında, yeni vətəndə dəfn edildi. Rəvayətə görə, çaydakı adalardan birində Tisa çayının bir qolunun qarşısını kəsirlər və Atillanı dəfn edirlər. Sonra suyun qarşısını yenidən açırlar. Bununla, böyük çayın altında hunların qüdrətli başçısı Atilla “əbədi yuxu yatmaqdadır”.
Atillanın ölümündən sonra əvvəllər hunlara xidmət göstərən german tayfaları Karpat hövzəsinin müxtəlif hissələrini ələ keçirərək hunlara bağlı olan digər xalqları da özlərinə tabe etdilər. Onlar 568-ci ildə İç Asiyanın dərinliklərindən gəlmiş, çox güclü ordusu ilə seçilən və Buyan xaqanın rəhbərliyi altıda hərəkət edən köçəri atlı avarlar tərəfindən məğlub oldular. Daha sonra fəth edilmiş torpaqlarda Avar Xaqanlığı quruldu. Bu xaqanlıq o dövrdə Avropanın ən qüdrətli dövləti idi (amma son dövrlərində artıq bir neçə hissəyə bölünmüşdü) və macarlar öz tarixi vətənlərini ələ keçirənə qədər mövcud oldu.
Atillanın vəfatı hun tayfalarının böyük bir hissəsinin geriyə-Şərqə qayıtmasına səbəb oldu. Onlar Qara dənizin şimalındakı çölə və Qafqazın dağətəyi bölgələrinə çəkildilər. Daha sonra 895-896-cı illərdə macarlar artıq bu ərazilərdən tayfa ittifaqı formasında qərbə yollandılar və Karpat hövzəsində birdəfəlik yerləşdilər. Burada Avropa Macar Knyazlığı yarandı. Bu dövlət quruluşu çox yaxşı təşkil edilmişdi və son dərəcə güclü ordusu ilə seçilirdi. Beləliklə, mərkəzi və qərbi Avropanın o dövrdəki ən qüdrətli dövləti meydana gəldi. Macarlar Avropanın böyük hissəsindən xərac toplayırdılar, onların hərbi yürüşləri indiki İspaniya ərazisinə qədər gedib çıxırdı.
Tayfaların toplantısı-qurultay

“Qurultay” sözünün əsasən Türk mənşəli müxtəlif versiyaları olsa da altay dillərində “tayfaların toplantısı” deməkdir. Macar köçəriləri də həmişə tayfa toplantıları keçiriblər. Bizans və ərəb mənbələrində bu barədə məlumat var. Bu cür toplantılarda vacib qərarlar qəbul edilir, müxtəlif tayfaların rəhbərləri görüşür, tez-tez hərbi fəaliyyətlər barədə müzakirələr aparılırdı. Tayfaların toplanması macar mədəniyyətinin vacib hissəsini təşkil edir. Klassik macar ədəbiyyatında bu hadisənin təsvirinə rast gəlinir. Məsələn, Mora Yokaynın “Büt qalası” romanında müəllif yazıb: “sekellər Qurultaya oturdular”.
Qurultay-qədim ənənələrin qorunması bayramı, macar və digər çöl köçəri mədəniyyətinin bərpası, qüdrətli əcdadların xatirəsini yad etməkdir. Bu tədbir çərçivəsində ənənələrin qoruyucuları yurtalardan (çadırlardan-F.X.) ibarət böyük köçəri kəndləri qurur, çoxlu atlar gətirirlər. Bu gün Macarıstanda Qurultay ənənələri qoruyan ən böyük macar bayramına çevrilmişdir. Burada macarlar böyük tarixi və mədəni əlaqələr bağladığı Şərqdəki qardaş xalqların nümayəndələrini böyük sevinclə qəbul edirlər.
Qurultay çağırmaq-macar tayfalarını toplamaq ideyası macar antropoloqu və Macar Təbiət Muzeyinin Antropologiya şöbəsinin elmi araşdırmaçısı Andraş Jolt Bironun Qazaxıstanda keçirdiyi elmi ekspedisiyalardan birinin nəticəsində meydana gəlmişdir. 2006-cı ildəki ekspedisiyalarda toplanmış materialların və DNK nümunələrinin araşdırılması zamanı Y xromosomun analizi aparılmışdır. Sübut olunmuşdur ki, qazax madjar tayfası və Karpat hövzəsinin macarları arasındakı bənzərlik təkcə onların adlarında deyil, həm də genetik əlaqələrində mövcuddur. Bu elmi araşdırmaların nəticəsi dünyanın ən nüfuzlu elmi jurnallarından biri “American Journal of Physical Anthropology”ın səhifələrində dərc edilmişdir. Andraş Bironun elmi nəticəsi beynəlxalq aləmdə böyük maraq doğurdu və araşdırma qrupunun üzvlərinə dünya şöhrəti gətirmişdir. 2008-ci ildə isə Andraş Biro Qazaxıstanın mədəniyyət naziri Ermuhamet Ertıbayevdən mükafat almışdır.
Qazaxıstan madyarlarının ən böyük qrupu Turqay rayonunda, Sarıkop gölünün ətrafındakı çöllərdə qazax arqın tayfası ilə tayfa ittifaqı formasında yaşamaqdadır. Lakin bu torpaqlara onlar cənubi və cənub-şərqi ərazilərdən təxminən 320-350 il əvvəl Kartsaq batırın rəhbərliyi altında gəliblər. Bununla yanaşı, Qazaxıstan madjarlarının şimali qrupu da var. Onlar şimali Qasaxıstanda Kokşetau şəhərində, həmçinin rus şəhəri Omskda (qazax dilində Ombi) qıpçaq tayfaları ilə ittifaqda yaşayırlar. Ehtimal olunur ki, macar tayfa ittifaqının ən mühüm hissəsini “majar” tayfası təşkil edir. Onlar Özbəkistanın Kaşkadərya vilayətində ( Karşi və Şəhrisəbz şəhərləri arasında) yaşamaqdadırlar. 2012-2013 cü illərdə Andraş Jolt Bironun rəhbərliyi altında ekspedisiya özbək majar tayfasının yaşadığı bütün məntəqələrdən DNK nümunələri topladı. Araşdırma işində Macar Təbiətşünaslıq Muzeyinin əməkdaşları antopoloq Şandor Evinger və Jolt Bernert də iştirak etdilər. Hal-hazırda qeyd olunan ekspediya zamanı toplanmış nümunələrin elmi analizi aparılmaqdadır.
Azərbaycanın da böyük bir nümayəndə heyyətilə ilk dəfə qatıldığı (əvvəllər ancaq musiqiçilər iştirak ediblər-F.X.) V Turan Hun qurultayı öz əzəmət və möhtəşəmliyilə yaddaşımıza dərin iz saldı. 29 ölkədən rəsmi olaraq 3 min nümayəndə dəvət edilmişdi. Bu birlik və dostluq bayramına 250 mindən çox insanın könüllü surətdə qatılması onun əhəmiyyətini təsdiqləyirdi. Tədbirə təkcə Macarıstandan deyil, macarların yaşadığı sərhəd ölkələrin ərazilərindən qədim macar ənənələrini sevən və yaşadan insanlar gəlmişdilər.
Qurultaydan öncə Macarıstan Rarlamentində nümayəndələrlə görüş keçirildi. Macar Parlamentinin vitse-spikeri Sandora Lejak qonaqları salamlayaraq maraqlı nitq söylədi: “ Biz babalarımızın, atalarımızın Şərqdən gətirdikləri motivləri, ornamentləri bu gün də yaşadırıq. Bizi siyasi baxımdan müxtəlif yerlərə çəkmək istədilər. Amma biz babalarımızın gətirdıklərini, onlarla bir yerdə gələnləri heç vaxt unutmadıq, öz içimizdə yaşatdıq. Bax budur, biz bu gün öz qardaşlarımızla, əqrabalarımızla möhtəşəm tariximizi yenidın yad edirik”.
Parlametdə çıxış edən dövlət müşaviri Keşkey Erno Macarıstan hökümətinin türk xalqları ilə əməkdaşlıqda nə qədər qətiyyətli olduğunu xüsusi olaraq vurğuladı: “ Eyni soykökdən olmağımız əqrabalığımıza yeni anlam, yeni məzmun gətirir. Dörd il öncə Macarıstan höküməti “ Şərq Açılımı” siyasətinə başladı. Bu, çox önəmli qərardır. Şərqdə qohum olan xalqlara, eyni soykökə malik insanlarla bir yerdə olmağımızı bilirik, onlarla əlaqələrimizi genişləndirmək istəyirik. Buna görə də Macarıstan höküməti Turan qurultayını həm mənəvi, həm də maddi cəhətdən dəstəkləyir”.
Qurultayın əsas təşkilatçısı-Macar Turan Fondunun sədri Andraş Jolt Bironun çıxışı daha təsirli oldu: “ Biz böyük bir ailəyik-Hun-Türk kökənlilərin böyük bir ailəsi. Birlikdə olmağımız sadəcə tariximizi xatırlamaq deyil, gələcəyimizi yenidın və birlikdə qurmaq deməkdir. Bu gün Hun-Türk kökənlilər öz torpaqlarında problemlər yaşayırlar. Uyğurlar, Kıpr türkləri, İraq, Suriya türkmanları… Azərbaycanın işğal altında olan Qarabağ bölgəsini unutmamalıyıq. Biz əlbəttə, nifrət deyil, sevgi göstərmək itəyirik…Biz Avropanın göbəyində yaşasaq da, öz soykökümüzü, öz mədəniyyətimizi əsla unutmadıq. Biz eyni taleyi, eyni qədəri paylaşan qardaş xalqlarıq. Bizim aramızda işbirliyi çox önəmlidir, lakin sadəcə işbirliyi deyil, eyni qanı daşıyan əqrabaların işbirliyidir. İşbirliyində tərəfdaşlar dəyişə bilər, qohumluq bağları isə dəyişməz”.
...Keçirdiyim hissləri ifadə edə bilmirəm. Muhsin Kadıoğlunun şeri iliklərimə işləyirdi:
Macaristan: Batı Türkiye,
Türkiye: Doğu Macaristan.
Himnimizi haykıra-haykıra
Gəl gedəlim Tanrı Dağlarına.
Atilladır babamız...
“Ortaq tarix”, “otraq kök” vurğusunun nidaları ruhumu uzaqlara aparmışdı. Sanki mən uzaq Macarıstanda- qürbətdə deyil, əcdadlarımın yanındaydım. Ədəbi aləmə “Turan” adlı şeirilə gələn, “Turan” sözünü təxəllüs kimi işlədən, turançılıq ideyasını da ilk dəfə irəli sürən və bütün ömrünü də onun həyata keçməsinə həsr edən Əli bəy Hüseynzadənin haykırtısını eşidirdim:
Çağlar bizi öğütüyor
və biz iz bırakmadan kayboluyoruz
Turan! Turan!
Sahte bir neşenin şölenində
ama boğucu bir ümitsizlik içindeyiz
Turan! Turan!
Geç ve ya erken gelen
Talihsiz haberlerlə kederleniyoruz
Turan! Turan!
Səs ahəngində sakitliyi sevən mən içimdəki fərəhi həqiqətən çox ucadan demək istəyirdim. Ruhun şad olsun, nəhayət arzuların çiçək açır, ey böyük Turançı! İtib-batmaq, izsiz yox olmaq üçün yaranmamışıq. Vaxtı ilə yazdığın misralar indi dillərdə söylənilir:
Sizlersiniz ey kavm-i Macar bizlere ihvan,
Ecdadımızın müştereken menşeyi Turan!
TURANÇI KİMDİR?

Əslində bu sualin bir neçə bəndən ibarət cavabı da ola bilər və yəqin ki, var da. İstanbulda yaşayan araşdırmaçı Muhsin Kadıoğlu “Turan yolunda” kitabında bu məsələnin təhlilini elə dürüst aparıb ki... Təbii ki, ilk növbədə Turan millətlərini və Turan coğrafiyasını bilmək əsas şərtdir. “Hizmette Turan millətlərini esas alan, ama hizmette başqa milletlərə haqsızlıq etmeyendir” söyləyən türkiyəli həmkarımız haqlıdır. Ətrafındakılara Turançılıq sevgisini aşılamağın özü də elə Turançılıqdır. Bu yerdə Ziya Göyalpın məşhur misralarını xatırladım:
Vatan ne Türkiyedir Türklere, ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: Turan!..
Atatürk Turan ideayasının gerçəkləşməsi üçün mədəni, iqtisadi və siyasi əməkdaşlığın yaradılmasını arzulayardı: “ Türk ve Macar halkları, tarix boyunca bir kere akrabalıqlarının farkına varsaydı; yan-yana gelib yaslanaraq güclerini birleştirib geliştirmiş olsalardı, Doğu Avrupa tarihi çok farklı olurdu. Yüz yıllarca dini nedenlerle başlayan savaşlar sona ermişdir. O halde, iki kardeş halkın her alanda işbirliyi gelişmelidir. Halklarımızın birbirleriyle olan ilişkisini geliştirdiyimiz zaman ilerememiz gereken yön güclerimizin birleştirilmesi olsun”.
İndiki zamanda duyğu və düşüncələrimizdə məhz bir fikir hakim olmalıdır: “Turan xalqından bir nəfər harada yaşayırsa, ora Turan torpağıdır!” Bax elə Macarıstanda keçirilən V Turan Hun qurultayı Macarlar arasında çox güclü bir Turançılıq damarının olduğunu qürurla bəyan etdi. “Hepimiz Atillanın torunlarıyız” hayqırtısı sərhədlərin bağrına qorxu salırdı... Unudulmaz Heydər Əliyevin müdrikliklə xatırlatdığı və yaddaşlara əbədi iz salan “ Azərbaycan Türkiyə-iki millət bir dövlət” kəlamının üfüqlərində indi məhz Turan görünür...
BUĞACDAKI TƏNTƏNƏ

Qurultay Budapeştin 160 km-də yerləşən gözəl bölgələrin birində- Buğac yaxınlığındakı Baç- Kişkun vilayətində keçirildi. Yolboyu diqqətimizi çəkən mənzərələr hər kəsə xoş təsir bağışlayırdı. Ölkənin özü sanki nəhəng bir meşənin içində yerləşir. Hər tərəf yaşıldır. Məhz bu yerlərin təbiətinə uyğun ağaclar boy-boya verib. Hərdən elə bilirdim ki, çinar ancaq bizim ölkəyə məxsus təbiət abidəsidir. Macarıstandakı çinarların nəhəngliyi məni heyrətə gətirdi. Heç harda palmaya, daha doğrusu , əzəldən bu torpaqda bitməyən yaşıl qəriblərə rast gəlmədik. Sözümün canı var. Afrikada palmaları görəndən Bakıdakı palmalara ürəyim ağrıyır. Təkcə insan qürbət ağrısı çəkmir ki... Hələ ağ qovaqların gözəlliyi başqa aləm idi. Bir-birini əvəz edən günəbaxan, qarğıdalı, meyvə-tərəvəz plantasiyaları , üzümlüklər, gül-çiçəkli həyətlər... Macarıstan özü boyda bir gözəllik sərgisidir. Klassika ilə müasirlik elə təbii və məharətlə ünsiyyət qurub kı, doyumsuzluq yaranıb. Hiss etdim ki, macarlar gül- çiçəyi həddən çox sevir və onu məhəbbətlə qoruyur, qayğısına qalırlar. Təkcə parklarda, xiyabanlarda, yolboyu yaşıllıqların arasında deyil, bütün evlərin eyvanlarından, pəncərə və baxçalarından təbiətin bu nazlı gözəlləri minbir rəngdə bolanırlar. Elə bil ki, macarlar ev-ev gül bəsləmək yarışına qatılıblar.
Nəhayət qurultay...Həyatımda ilk dəfəydi ki, bu qədər atlı ordu, süvari görürdüm. Əslində soylar toplantısı adlanan bu tədbirdə- açıq səma altında köçəri sivilizisiyasının dünyada ən böyük sərgisi təqdim olundu. Hərbi turnirlər, oxçular və atlıların çıxışları qeyri adi bir tamaşa yaratdı. Avropa ölkələri arasında yalnız Macarıstanda ənənəvi strateji atlı komanda oyunu olan “kokpar” saxlanılmaqdadır. Hər qurultayda bu oyun üzrə böyük turnirlər və ənəvi atüstü mübarizə müsabiqələri təşkil olunur. Mənə elə gəldi ki , bu oyun dahi Nizaminin əsərlərində adı çəkilən çövkən oyunu idi. Qədim döyüş silahlarının, hərbi, milli və tarixi geyimlərin nümayişi də maraqlı təşkil edilmişdi. Köçərilik dövründə madjarların istifadə etdiyi bürünc və metal işləmə texnikası , zireh və silahların rekonstuksiyası da nümayiş olundu. Süvarilərin paradı ağlagəlməz bir möhtəşəmlik yaratdı. Atlıların meydana gətirdiyi bayraqlar arasında üç rəngli bayrağımızın dalğalanması ürəyimizdə qəribə duyğular oyatdı. Qürur, iftixar, sevinc öz yerində- bu əzəmətli və yenilməz təsir bağışlayan ordunun düşmən üstünə yeriməsi keçdi ürəyimizdən. Belə bir qurultayın Azərbaycanda- məhz Cıdır düzündə baş tutması uca Tanrıdan təvəqqəmiz oldu. O günün uzaqda olmamasına da inanırıq. Əgər dünyanın dörd bir yanından minlərlə insan Avropanın ortasına- Buğaca yığışaraq “ biz bir soydanıq” deyirsə,elə bu güclə də mənfur düşmənə yerini göstərməyi bacararıq.
Qutultay çərçivəsində ənənəvi sənətkarlıq və əl işləri ilə məşğul olan Karpat hövzəsinin sənətkarları yüksək səviyyəli yarmarka təşkil etdilər. Burada hədiyyələr almaqla yanaşı dəmirçi, səbət toxuyanların, bürünc düzəldən və digər ustaların iş prosesi ilə tanış olmaq imkanı var idi.
Buğacda iki yerdə səhnə qurulmuşdu. Qurultaya qatılan rəsmi dəvətlilər öz musiqi mədəniyyətini də nümayiş etdirirdilər. Azərbaycandan bu missiyanı Munis Şərifovun rəhbərliyilə Qədim Musiqi Alətləri Dövlət Ansmblı şövqlə yerinə yetirdi. Müğənni Nuriyyə Hüseynovanın məlahətli səsi, yanıqlı avazı Buğacı fəth etdi. Azərbaycanlı ifaçının bir neçə gün verdiyi konsertlər böyük rəğbət və alqışlarla qarşılanırdı, hətta yerdən “Qarabağ”, “Azərbaycan” hayqıranlar da var idi. Orta Asiyadan gələn nümayəndələr bizə yaxınlaşaraq Zeynəb Xanlarovanı soruşur, onun mahnılarından Nuriyyə xanımın oxumasımnı xahiş edirdilər.
Qurultay çərçivəsində müxtəlif müzeylərdə olduq, tarixi abidələri ziyarət etdik, Macarıstanın dilbər guşələrindən sayilan Balatona səfər etdik. Macarlar çox mehriban, gülərüz və həssas insanlardı. Hər bir vəchlə çalışırlar ki, qonaqları razı salsınlar. Həqiqətən də biz Atillanın nəvələriyik! Türkiyəli həmkarımın sözləridir ki, nə mutlu bizlərə... Hüseyn Cavidin məşhur misralarını xatırladım:
Turana qılncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Bakı-Budapeşt-Bakı.

banner

Oxşar Xəbərlər