Koroğluşünaslıqda yeni addım
"Koroğlu” eposunun Azərbaycan folklorunda özünəməxsus yeri var. Bu epos qəhrəmanlığın,
igidliyin, mərdliyin rəmzi kimi istər oxucular, istərsə də tədqiqatçılar üçün hər
zaman maraqlı, cəlbedici olmuşdur. Demək olar ki, türk xalqlarının
böyük bir hissəsinin (türk, özbək, qaraqalpaq, qazax, türkmən, tatar, başqırd,
Azərbaycan türkləri və b.) folklorunda mövcud olan "Koroğlu” dastanı Tunadan
Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi məkanda yayılmışdır."Koroğlu” dastanının variant və
versiyalarının sayı təxminən beş yüzdən çoxdur. Elə buna görə də, Azərbaycan
koroğluşünaslığı mövzusunda da xeyli sayda elmi araşdırmalar aparılmış, müxtəlif
vaxtlarda məqalələr, monoqrafiyalar nəşr edilmişdir.
Ermənilərin "Koroğlu” "sevdası”
Azərbaycan koroğluşünaslığı mövzusunda
aparılan maraqlı araşdırmalardan birinin də müəllifi AMEA Folklor İnstitutunun
folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Aynur İbrahimovadır.
Onun araşdırmalarının nəticəsi olaraq, 2014-cü ildə "Azərbaycan
koroğluşünaslığı: tarixi və inkişaf mərhələləri” adlı monoqrafiyası nəşr
olunmuşdur. Aynur
İbrahimova monoqrafiyanın giriş hissəsində "Koroğlu” eposunun tədqiqat
əsəri kimi hər zaman diqqət mərkəzində dayandığını, dünyanın bir çox şöhrətli və
tanınmış alimləri-Aleksandr Xodzko-Boreyko, German Vamberi, Qyula Mesaroş,
İqnats Kunoş, Zəki Vəlidi Toğan, Jorj Dümezil, Pertev Naili Boratav, İvan
Braginski, Lor Melikova-Səyyar, Baymühəmməd Qarıyev, Vladimir Jirmunski,
Amangül Qarrıyeva, Rza Molov, Rəhimi Rəisniya, Metin Ekinci və başqalarının da
koroğluşünaslığın bir elm kimi formalaşması və inkişafında əvəzsiz xidmət göstərdiyini
qeyd edərək, monoqrafiyanın əhəmiyyətindən söz açmışdır.Onun fikrincə, Azərbaycan koroğluşünaslığı
dünya eposşünaslığının təcrübəsindən istifadə edərək və özü də bu eposşünaslığa
layiqli töhfələrini verərək, daim inkişaf etmiş və təkmilləşmişdir. Tədqiqatçı
monoqrafiyanın I fəslində "Koroğlu” eposunun Azərbaycan variantlarının
toplanılması və nəşri tarixi (XVIII_XX əsrin I yarısı), II fəsildə Sovet dönəmində
(1920-1980-ci illər) "Koroğlu” eposunun tədqiq istiqamətləri və araşdırılma
metodları, III fəsildə isə müstəqillik dövründə Azərbaycan koroğluşünaslığını tədqiq
edib. Monoqrafiyada Azərbaycan, rus, ingilis və fransız dili də olmaqla, 244 ədəbiyyatdan
istifadə edən tədqiqatçı özündən əvvəlki
tədqiqatçıların da əsərlərini araşdırmış, həmçinin həmin tədqiqat
əsərlərindən yeri gəldikcə nümunələr gətirmişdir.
Monoqrafiyada hər zaman Azərbaycan xalqının zəngin mənəvi
irsini mənimsəmək fürsəti güdən ermənilərin "Koroğlu” dastanını mənimsəmək cəhdlərindən
də bəhs edilir. Aynur xanım qeyd edir ki, ermənilər bu işi üç mərhələdə həyata
keçirmişlər. Birinci mərhələdə tam Azərbaycan folklor mətnini (Azərbaycan-türk
dilində) erməni əlifbasında qeydə alaraq nəşr etmiş, sonrakı mərhələdə həmin mətnləri
ermənicəyə tərcümə etmiş, sonuncu mərhələdə isə həm dastanın, həm də dastandakı
obrazların adını təhrif edərək, tamamilə "erməniləşdirmiş” və süni əlavələr edərək
nəşr etdirmişlər (məsələn, guya Koroğlu "Xorxoriyan” erməni nəslinin adıdır).
Materinadaranda saxlanılan, erməni əlifbasında, lakin Azərbaycan türkcəsində
qeydə alınan XIX əsrə aid "Koroğlu nağılı” başlıqlı əlyazmanın mövcudluğu bu
işin sistemli və ardıcıl xarakterini göstərir.
Ağır siyasi təzyiqlər dönəmində "Koroğlu” dastanının xilası
Monoqrafiyada qeyd
edilir ki, XX əsrin I yarısında Azərbaycanda Koroğlu eposunun toplanması, tədqiqi
və nəşri məsələləri daha çox Vəli Xuluflu, Abbas Rəcəbli, Əli Heydər Tahirov və
Hümmət Əlizadənin adı ilə bağlıdır. Bu həm də ona görədir ki, həmin
folklorşünasların əsas fəaliyyəti toplayıcılıq və tərtibat (nəşr) olsa da,
onlar ilk dəfə "Koroğlu”ya elmi prinsiplərdən yanaşmış və Azərbaycan
koroğluşünaslığının əsasının qoyulması üçün ilk addımı atmışlar. Sonrakı yarımfəsillərdə
həmin dörd folklorşünasın "Koroğlu”nun toplanma, nəşr və öyrənilməsi işindəki
rollarından geniş bəhs edilmiş, onların mülahizələri, qeydləri və dastan
haqqındakı fikirləri geniş şəkildə oxucuya çatdırılmışdır. Həmçinin Aynur xanım,
H.Əlizadənin tərtib etdiyi mətni bütün "Koroğlu” dastanı nəşrləri içərisində
elmi prinsiplərə cavab verən, kamil və geniş nəşr hesab edir və həmin mətnin Azərbaycan
və dünya koroğluşünaslığı üçün əvəzolunmaz mənbə olduğunu da qeyd edir. Müəllif
Sovet dönəmində (1920-1980-ci illər) "Koroğlu” eposunun tədqiqi ilə məşğul olan
Salman Mümtaz, Hüseyn Şərifov, Mikayıl Rəfilinin də mülahizələrini və fikirlərini
araşdırmaya cəlb etmişdir. 1950-ci illərdə və ondan sonrakı dövrdə Azərbaycan
folklorşünaslığında "Koroğlu” eposuna elmi marağın daha da artdığını qeyd edən
tədqiqatçı, Həmid Araslı, Paşa Əfəndiyev və Fərhad Fərhadovun koroğluşünaslıq fəaliyyətini
də dəyərləndirmişdir. Müəllif Həmid Araslının 1956-cı ildə çapdan çıxmış
"XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” monoqrafiyasında "Koroğlu”ya xüsusi
yer ayırdığını, 1960-cı illərdə nəşr edilmiş "Aşıq yaradıcılığı” kitabında
"Koroğlu” ilə bağlı mülahizələr yürütdüyünü, 1956-cı ildə M.H.Təhmasibin çapa
hazırladığı "Koroğlu” dastanının redaktoru olduğunu və bununla da ağır siyasi təzyiqlər
dönəmində "Koroğlu” dastanının xilası işindəki böyük rolunu diqqətə
çatdırmışdır. Həmçinin Paşa Əfəndiyevin 1955-ci ildə "Koroğlu” dastanının tədqiqatı
ilə bağlı ilk namizədlik dissertasiyalarından birini müdafiə etdiyini və mətbuat
orqanlarında "Koroğlu eposunun çap olunmamış qoşmaları”, "Koroğlu dastanı”, "Azərbaycan
xalqının qəhrəmanlıq dastanı”, "Qəhrəmanlıq dastanı (eposun rusca nəşriyyatının
100 illiyi)”, "Koroğlu rus mətbuatında” və s kimi məqalələrinin nəşr olunduğunu
da müəllif qeyd edir.
Koroğluşünaslığın
inkişafında Məmmədhüseyn Təhmasibin rolunu da araşdıran müəllif yazır ki, M.H.Təhmasib
Azərbaycanda "Koroğlu” eposunu doktorluq səviyyəsində (1968) tədqiqata cəlb
etmiş, dastanın 1949 və 1956-cı illər nəşrlərini çapa hazırlamış, eposun
populyarlaşmasında müstəsna xidmətlər göstərmişdir. Aynur xanım qeyd edir ki,
M.H.Təhmasibin hazırladığı "Koroğlu” nəşri "Koroğlu”nun ən mükəmməl, ən geniş və
bütöv tərtibatlarından biridir və bu nəşr 17 qoldan ibarətdir.
Azərbaycan koroğluşünaslığının əsas simalarından biri
Daha sonra müəllif, Xalıq Koroğlu və Azad Nəbiyevin tədqiqatlarında
yer alan "Koroğlu” mövzusunu ətraflı araşdıraraq, onların eposla bağlı
yazılarında Orta Asiya və Azərbaycan xalqlarının folklor əlaqələri məsələsinə
xüsusi diqqət verildiyini vurğulayır. O, qeyd edir ki, Azad Nəbiyev 1971-ci ildə
"Koroğlu dastanında Koroğlu surəti” (Azərbaycan-özbək materialları əsasında)
mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və həmin monoqrafiyada ilk dəfə
Koroğlu obrazı geniş şəkildə türk epik ənənəsi daxilində xarakterizə
edilmişdir. Daha sonra Azad Nəbiyevin "Qəhrəmanlıq səhifələri” adlı
monoqrafiyasının da nəşr olunduğunu diqqətə çatdıran müəllif, onun
koroğluşünaslıq fəaliyyətinin böyük bir qisminin müstəqillik dönəmini əhatə
etdiyini və bugünkü Azərbaycan koroğluşünaslığının əsas simalarından biri
olduğunu da qeyd edir.
Aynur xanım Vaqif Vəliyev,
Mürsəl Həkimov, Rüstəm Rüstəmzadə, Dilarə Əliyeva və Mirəli Seyidovun da
koroğluşünaslıq fəaliyyətini tədqiq edərək, onların toplayıcılıq, tərtibçilik fəaliyyətlərini,
mülahizələrini, fikirlərini, məqalələrini geniş şəkildə araşdırmış və maraqlı nəticələr
çıxarmışdır. Müəllif, M.Həkimovun dastanın bir neçə qolunu ("Zərnişan xanımın Çənlibelə
gətirilməsi”, "Bolu bəy və Qoç Koroğlu”, "Mahru xanımın Çənlibelə gətirilməsi”,
"Telli xanımın Çənlibelə gətirilməsi”) aşıqlardan topladığını və özünün "Azərbaycan
xalqının deyimləri və duyumları” kitabında çap etdirdiyini də xüsusi qeyd edir.
Monoqrafiyada "Müstəqillik
dövrü Azərbaycan koroğluşünaslığı”na da geniş yer verən müəllif xalqımızın dövlət müstəqilliyi əldə etməsindən
sonra milli-mənəvi dəyərlərə və qeyri-maddi irsə marağının daha da artdığını və
bunun folklorşünaslıqda daha qabarıq nəzərə çarpdığını qeyd edir. Müəllif "Müstəqillik
dövrü Azərbaycan koroğluşünaslığı”nı "1990-2000-ci illər Aərbaycan
koroğluşünaslığında mifoloji istiqamətin yeni meylləri”, "Müasir Azərbaycan
koroğluşünaslığında tarixi istiqamət”, "Kulturoloji istiqamət”, "İsrafil
Abbaslının koroğluşünaslıq fəaliyyəti”, "Yeni "Koroğlu” mətnləri və müasir Azərbaycan
koroğluşünaslığında metod axtarışları”, "Ədəbi əlaqələr, dilçilik və sənətşünaslıqla
bağlı tədqiqatlarda "Koroğlu” mövzusu” başlıqları altında araşdırır, tədqiq
edir. O, qeyd edir ki, Azərbaycan koroğluşünaslığında "Koroğlu” dastanının mif
kontekstində tədqiqi istiqamətində mühüm və orijinal elmi nəticələr əldə
edilmiş, kulturoloji araşdırmalar "Koroğlu” dastanının öyrənilməsində yeni
perspektivlər açmış və bununla da dastanın az öyrənilmiş və ya tədqiqatçıların
diqqətindən qaçmış məsələlərinin öyrənilməsi üçün şərait yaranmışdır.
Aynur İbrahimovanın "Azərbaycan koroğluşünaslığı: tarixi və inkişaf mərhələləri”
adlı monoqrafiyası Azərbaycan koroğluşünaslığının öyrənilməsində lazım olan bir tədqiqat əsəridir və gələcəkdə
Azərbaycan koroğluşünaslığının öyrənilməsində əhəmiyyətli elmi baza olaraq
istifadə ediləcəkdir.
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev