• çərşənbə axşamı, 03 dekabr, 21:35
  • Baku Bakı 10°C

Kitablar işığım olacaq

23.04.19 09:45 1976
Kitablar işığım olacaq
Babam tez-tez məni muzeylərə, sərgilərə və özünün lazım bildiyi görüşlərə aparır. Həmin yerlərdə gördüklərim və eşitdiklərimdən əlavə, o, özünün oxuduqlarını, bildiklərini də danışır. Başa düşürəm ki, babam bunları tariximizi, mədəniyyətimizi yaxşı öyrənməyim üçün edir. Amma hər dəfə də tapşırır ki, boş vaxtlarında kitab oxu.
Bu yaxınlarda "Libraff" kitab mağazasında məktəblilərin yazdıqları kitablarla bağlı "Uğurun işığında" adlı tədbir keçirildi. Tədbirin təşkilatçısı F.Köçərli adına Respublika Uşaq Kitabxanası idi.
Mənim bacım Ayla və Sahib Fətiyev Moskvada keçirilən beynəlxalq yazı müsabiqəsində birinci yeri tutublar. Onların yazılarını Moskvada "Nagillarla səyahət” adı kitabda rus dilində çap ediblər. Biz ailəliklə "Libraff"a getmıdik. Həmin tədbirdə altı nəfər məktəblinin birgə yazdığı "Qorxulu mesə” və Elgün Eyyubovun detektiv janrda yazdığı "Gizli şahid” kitabları da təqdim edildi. Orada mən dərs kitablarımızda şeir və hekayələri olan yazıçı Zahid Xəlil, Qəşəm İsabəyli və yazıçı Elxan Elatli ilə tanış oldum. Zahid müəllim kitabını mənə bağışladı. Mən çox sevindim. Mənə elə gəlir ki, "Uğurun işığı"na gələn bütün yaşıdlarım, mənim kimi, oradan sevinclə ayrıldılar.
23 Aprel - Milli Müstəqillik və Uşaq Bayramı Günü ilə bağlı R. Behbudov adına Mahnı Teatrında maraqlı proqram oldu. Tədbirə çoxlu məktəbli və uşaq yazıçıları, valideynlər qonaq gəlmişdilər. "Kitabın işığın olsun” adlı tədbir Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TIKA) Bakı nümayəndəliyinin birgə layihəsi idi.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirildi.
Sonra Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım Qəmbərova hər kəsi salamladı və kitabın təbliği ilə bağlı son aylarda keçirdikləri tədbirlərdən, gördükləri digər işlərdən danışdı.
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Mahmut Agirman kitabla bağlı uşaqlara tövsiyələrini çatdırdı.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim isə çıxışında bildirdi ki, qloballaşmanın çox sürətlə getdiyi bir zamanda kitab oxumaq çox önəmlidir, çünki kitab oxuyan, özünü oxuyur, özünü oxuyan isə dünyanı oxuyur.
Türkiyədən gələn uşaq yazıçıları da ürək sözlərini söylədilər və şeirlərini oxudular.
İstedadlı məktəbli dostlarımız da borclu qalmadılar. Tədbir çərçivəsində 7 saylı musiqi məktəbinin, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbi şagirdlərinin və Əməkdar artist Elnur Hüseynovun ifasında Azərbaycanla Türkiyənin dostluğuna, qardaşlığına həsr edilmiş gözəl şeirlər söyləndi, mahnılar oxundu, milli oyunlarım oynanıldı, kompozisiyalar göstərildi.
Mən bu tədbirdə Türkiyənin uşaq yazıçıları Bestami Yazqan və Vural Kaya ilə tanış oldum, onlarla şəkil çəkdirdim. İndi başa düşürəm ki, kitab insanlara təkcə bilik vermir, həm də çoxlu dost qazandırır.
Tədbirdə uşaqlara türk uşaq yazarlarının və Azərbaycan yazıçısı Əziz Sultanovun müəllifləri olduqları 10 adda kitab hədiyyə edildi.
Həmin kitabları boş vaxtlarımda diqqətlə oxuyacağam. İnanıram ki, o kitablar mənim gələcək həyat yolumda bir işıq olacaq.
Tədbiri təşkil edənlərə yaşıdlarım adından təşəkkür edirəm.
Həmid Məlikov,
Bakı şəhərindəki 20 saylı
məktəb-liseyin şagirdi
banner

Oxşar Xəbərlər