• cümə, 26 Aprel, 14:44
  • Baku Bakı 23°C

Kitaba köçən bizim Ustad

14.01.17 12:30 1611
Kitaba köçən bizim Ustad
"Hər kəsi öz donunda görənləri min yaşasın”. Bu misralar xalq artisti, xanəndə Əlibaba Məmmədovun böyük şövq və məhəbbətlə oxuduğu məşhur mahnının nəqəratıdır. Min bir mətləbdən, məna və diləkdən xəbər verən bu mahnının ahəngindəki duaların sədası çox düşündürücüdür: Hər dəfə bu mahnını dinlədikcə xəyalımdan nələr keçmir? Süni parıltıların, münasibətlərin qırmancı kimi bu mahnı ürəyimi titrədir. Mətləbdən uzaq düşdüm, deyəsən. Azərbaycan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətlərilə seçilən, sənətin çətin və şərəfli yolunu dəyanətlə keçməyi bacaran, böyük sənət təcrübəsini yorulmadan xələflərinə öyrədən, həm xalq, həm də dövlətimiz tərəfindən dəyərləndirilən Əlibaba Məmmədov həqiqətən ustad adının halal sahiblərindən biridir. Dəfələrlə onun ifaçılıq məharətindən, sənət uğurlarından rəğbətlə yazmışam.
Məni valeh edən, bu yazını yazdıran isa başqa səbəbdir. Musiqişünas Səadət Təhmirazqızının milli musiqimizin təbliğindəki tədqiqatlarından həmişə zövq almışam. Ana televiziyamızdakı fəaliyyəti, hazırladığı verilişlər, ssenarisi əsasında çəkilən sənədli filmlər həmişə diqqətimi çəkib. Müxtəlif bəstəkar və xanəndələr haqqında yazdığı kitabları da oxumuşam. Onun bu yaxınlarda ölkə başçısı İlham Əliyev tərəfindən əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməsi də bir həmkar kimi məni sevindirdi. Səadət xanımın Əlibaba Məmmədovun həyat və yaradıcılığından bəhs edən "Bizim ustad” adlı kitabı mahir muğam bilicisinin bu sahədəki xidmətlərinə bir söz ərməğanıdır. Nəfis tərtib olunmuş yeni nəşr unudulmaz Heydər Əliyevin Əlibaba Məmmədovun 70 illik yubileyi ilə əlaqədar 2000-ci ildə ona ünvanladığı təbrik məktubu ilə açılır: " Muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı kimi sizin əlli illik yaradıcılıq yolunuz milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsidir. Klassik musiqimizin bir çox incilərinə yeni nəfəs, yeni həyat verməklə fitri istedadınızı, novatorluq bacarığınızı və böyük işgüzarlığınızı əyani şəkildə nümayiş etdirmisiniz. Yüksək səhnə mədəniyyəti, məlahətli səs və bənzərsiz ifa tərzi ilə səciyyələnən sənətiniz xalqımızın böyük rəğbət və məhəbbətini qazanmışdır”. Qeyd edək ki, həmin il ulu öndər xalq artistimizi "Şöhrət” ordeni ilə təltif etmişdi.
Müəllif ön sözdə oxuculara maraqlı faktlar təqdim edib: "Əlibaba Məmmədov 65 il xanəndəlik, 40 il müəllimlik, 30 il "Hümayun” ansamblının rəhbəri olmaqla 85 illik ömürdə öz yaradıcılığı ilə 135 ilin yükünü daşıyıb. Bir insan üçün bu adi hal deyil. Bu bir daha sübut edir ki, Əlibaba müəllim Tanrının sevib-seçdiyi bəndələrdəndir. O, qeyri-adi ömür yaşamaqla, qeyri-adi də istedada malikdir.”
Kitab on bölmədən ibarətdir. Müəllif çalışıb ki, bu bölmələrdə sənətkarın həyat və yaradıcılığının bütün tərəfləri geniş təfsilatı ilə öz təcəssümünü tapsın. Bunun üçün də maraqlı formalardan istifadə edib. Müəllifin münasibətləri, təhkiyəsi qəhrəmanın öz söhbətləri, müxtəlif müsahibələr, xatirələr, düşüncələr, əhvalatlar, tarixi sənədlər, şəkillər Əlibaba Məmmədovun mənəvi və sənət dünyasını mükəmməl şəkildə oxucuya təqdim edir. Biz ustadımızın kamil portretini görə bilirik. Müəllifin həm musiqişünas, həm də qələm sahibi olması kitabın oxunaqlı, maraqlı yazılmasını şərtləndirib. Monoqrafiyanın hər bir bölməsi mükəmməl və özünəməxsus üslubdadır. Kitabın sonunda haqqında söhbət açılan muğamların şöbə və guşələrinin adlarından ibarət izahlı şərhlərin də verilməsi təqdirəlayiqdir. Deyim ki, burada mənim üçün də çox maraqlı məqamlar var. Məsələn, "Zəmin-xara”- farscadan tərcümədə mənası qayalıq yer, tikanlı torpaq deməkdir. Yaxud da, "Bayatı-Əcəm”- "Əcəm” ərəb olmayan adama deyilir. Eləcə də, "Dilkəş”- farscadan mənası-cazibəli, valeh edici deməkdir. Müəllif ənənələrin uğurla davam etdiyini də məhz sənədlərin, faktların köməyi ilə oxuculara çatdırıb.
Sənətkarın 80 illik yubileyində möhtərəm Prezidentimiz İlham Əliyev ustadı "İstiqlal” ordeni ilə təltif edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xalq artistinə göndərdiyi məktubunda oxuyuruq: " Məlahətli, bənzərsiz səsiniz, sənətinizə xas olan həssaslıq, səmimilik, yüksək zövq, mənəvi dəyərlərimizə, muğam ənənələrimizə dərin ehtiram və vurğunluq onu minlərlə qəlblərə hakim edib. Sevə-sevə oxuduğunuz muğamlar Sizin ifanızda yeni həyat almış, özünüzün bəstələdiyiniz və ilk dəfə ifa etdiyiniz bir çox təsniflər və mahnılar sonralar dillər əzbəri olmuşdur”. O qədər dəqiq və səlis qiymətdir ki, əlavə şərhə ehtiyac yoxdur. Həqiqətən, bizdə sənət də var, sənətə, sənətkara hörmət də, qiymət də...Sonda Səadət Təhmirazqızını bu yeni kitabı münasibətilə ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram. Elə yazımı da Əlibaba Məmmədovun ifasında sevdiyim misralarla tamamlayıram:
Könül gülər beşiyində,
Öz evində, eşiyində,
Həqiqətin keşiyində
Duranları min yaşasın.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər