Keçmişin öyrənilməsinə etibarlı dəstək
Məlumdur ki,
son elmi yeniliklər, adətən, öyrənilmə predmeti eyni və ya müxtəlif olan elmlərin
qovuşuğunda, təmasında baş verir. Yer və texniki elmlər, humanitar və tibb elmlərinə
və ya əksinə, nüfuz edərək biri-birilərini zənginləşdirir və bu zaman yeni elm
sahələri meydana çıxır, nəticədə insanlar özləri və ətraf mühit haqqında daha
dolğun informasiya əldə etmiş olurlar. Bu baxımdan arxeoloji tədqiqatların
aparılmasında təbiət elmləri, onların metod və yanaşmaları kifayət qədər əhəmiyyətli
rol oynayır.
Bu gün müasir
arxeologiyanı geoarxeoloji tədqiqatlar aparmadan təsəvvür etmək mümkün deyil. Məşhur
rus geoarxeoloqu V.Kuzminin dediyi kimi: arxeologiyada "qazdım - sənədləşdirdim
- dərc elədim” prinsipi ilə işləmək artıq çoxdan köhnəlmişdir.
Geoarxeologiya
– yer elmlərinə məxsus tədqiqat üsullarından istifadə etməklə, arxeoloji məsələlərin
öyrənilməsidir. Bunu, yer elmlərinin arxeologiyaya dəstəyi və ya qədim keçmişə
fərqli bucaq altından baxışı kimi də başa düşmək olar. Yer elmləri deyəndə isə
ilk növbədə geologiya, coğrafiya, geomorfologiya, torpaqşünaslıq və s. elmlər nəzərdə
tutulur.
Geoarxeoloji
tədqiqatlar - elmi araşdırmalarda son vaxtlar AMEA rəhbərliyi tərəfindən də
tez-tez xatırlanan, dəstəklənən və təşviq edilən multidissiplinar yanaşmanın
bariz nümunəsidir. Təəssüf ki, respublikamızda bu sahə ilə sistemli şəkildə məşğul
olan nə bir laboratoriya var, nə də bir mütəxəssis. Düzdür, ölkəmizdə ötən əsrin
axırlarında geoloqlardan akademik Mirəli Qaşqay, akademik Ələşrəf Məmmədov,
kimyaçı-arxeoloq, professor İsa Səlimxanov, son zamanlar isə AMEA-nın Təbiət-Tarixi
Muzeyinin və Arxeologiya və Etnoqrafiya
İnstitutunun bəzi əməkdaşları bu istiqamətdə ara-sıra tədqiqatlar aparsalar da,
bu, sistemli deyil, epizodik xarakter daşıyır. Halbuki, Avropa ölkələrində, hətta
Rusiyada, Qazaxıstanda və digər keçmiş sovet respublikalarının bəzilərində
artıq bu məsələlərlə ciddi şəkildə məşğul olan institutlar, laboratoriyalar, mərkəzlər
və s. mövcuddur. Hətta Rusiyada gəncləri bu sahəyə yönəltmək və yeni mütəxəssislər
nəsli yetişdirmək üçün 2014-cü ildən başlayaraq, hər il Miass şəhərində Rusiya
Elmlər Akademiyası Ural bölməsinin Mineralogiya İnstitutunda "Geoarxeologiya və
arxeoloji mineralogiya” adlı gənclərin elmi məktəbi təşkil edilir və orada nəinki
Rusiya, həm də digər ölkələrdən mütəxəssislər və məktəblilər iştirak edirlər.
Geoarxeologiya
elmi bir istiqamət kimi XIX əsrin ortalarından formalaşmağa başlamış və XX əsrin
ortalarında artıq Şərqi Avropada və Şimali Amerikada xeyli inkişaf etmişdir.
İngilis geoloqu Çarlz Layyelin "İnsanın keçmişi” (1863) və rus alimi
A.A.İnostrantsevin "Ladoqa gölü ətrafının daş dövrü insanı” (1882) kitabları qədim
insan və ətraf mühit haqqında ilk fundamental əsərlərdir.
Xarici alimlərdən
U.F.Libbi, Luis S.B.Liki, Meri D.Liki, K.Renfrü, P.Ban, K.Battser, R.Teylor,
M.Aytken və digərləri, eləcə də rus alimlərindən Q.F.Mirçinik, V.İ.Qromov,
B.A.Kolçin, qazax alimi Alan Medoev və başqaları geoarxeologiyanın inkişafında əvəzsiz
xidmətlər göstərmişlər. "Geoarxeologiya” termin olaraq ilk dəfə 1973-cü ildə
K.Battser tərəfindən təklif edilmişdir. Son zamanlar Rusiyada S.M.Tseytlin,
L.D.Sulerjitski və A.A.Veliçko kimi tanınmış alimlər bu sahəni xeyli irəli
aparmışlar. Hazırda bu istiqamətdə Y.V.Kuzmin, M.B.Şunkov, V.V.Zaykov, A.P.
Derevyanko, Renato Sala, Q.T.Bekseitov və digərləri aktiv fəaliyyət göstərirlər.
Onların əməkləri sayəsində Sibirin və Qazaxıstan çöllərinin ilk insan məskənləri
kompleks tədqiq edilmiş, daş dövrü insanlarının əraziyə gəlişinin dəqiq tarixi,
istifadə etdikləri daş alətlərin mənbəyi, yaşadıqları ərazinin
paleoekologiyası, iqlimi, bitki örtüyü və
s. öyrənilmişdir.
Təbiət elmləri mütəxəssislərinin bilavasitə
iştirakı ilə bu gün dünyada məşhur olan neçə-neçə tarixi abidənin
"bioqrafiyası” mükəmməl şəkildə öyrənilmiş, yaşı və istifadə olunan
materialların mənbəyi dəqiq müəyyənləşdirilmişdir. Məsələn, eramızın əvvəllərində,
79-cu ildə indiki İtaliya ərazisində Vezuvi vulkanının dəhşətli püskürməsi nəticəsində
yaxınlıqdakı qədim Pompey və daha bir neçə şəhər əhalisi ilə birlikdə vulkan
külləri və daşlarının altında qalaraq məhv oldu. Dünya neçə yüz illər onlardan
xəbərsiz yaşadı və nəhayət, arxeoloqlar o şəhəri qazıb tapdılar və geoloqlarla,
seysmoloqlarla, vulkanoloqlarla, bioloqlarla, kimyaçılarla və digər təbiət mütəxəssisləri
ilə birlikdə tədqiq edib, turistlərin ixtiyarına verdilər. Başqa bir misal: neçə
yüz illər idi ki, İngiltərənin cənubunda Uoltşir qraflığı ərazisində təxminən
4500 il əvvəl inşa edilmiş məşhur Stounhenc meqalit kompleksinin nəhəng
daşlarının haradan gətirildiyi arxeoloqlar üçün bir sirr olaraq qalırdı. Axı, ətraf
Solsberi çöllərində yumşaq təbaşir tərkibli süxurlardan başqa bərk heç nə gözə
dəymir. Nəhayət, 19-cu əsrin axırlarında geoloqlar
tərəfindən müəyyən edildi ki, hər birinin uzunluğu 2-2,5 m, çəkisi təqribən 4 ton
olan və riolit, dolerit tərkibli vulkanik süxurlardan ibarət "mavi daşlar” adlanan
bu sal daşlar 220 km
uzaqdan – Uelsin Prezeli təpələri kimi tanınan dağlarından gətirilmişdir. Necə,
hansı yolla – quru, yoxsa dənizləmi, bax, bu sualın cavabı hələ də müzakirə və
mübahisə predmeti olaraq qalmaqdadır. Bəs, hər birinin çəkisi təxminən 35 ton,
uzunluğu 10 m
olan bərk qumdaşı tərkibli "sarsenlər”
haradan gətirilib? - Məlum oldu ki, onlar da 30 km şimalda yerləşən
Malboro təpələrindən gətirilmişdir. Bax beləcə, arxeoloq və geoloqların birgə tədqiqatlarının
nəticəsində tarixin, üstü qalın sirr təbəqəsi ilə örtülmüş daha bir səhifəsi
oxunmuş oldu.
Digər
bir misal: dünyaca məşhur Misir ehramlarının (piramidalarının) tikintisində
istifadə olunmuş sal daşların mənbəyinin harada olması və hətta onların təbii
daş olmaları alimlər arasında sonsuz mübahisələrə səbəb olurdu. Hətta Josef
Davitovitsa adlı bir fransız kimyaçısı sal daşların süni şəkildə alındığı, yəni
beton kimi yerində töküldüyü barədə fikir irəli sürmüşdü. Lakin geoloqlar həmin
daşları petroqrafik, kimyəvi və paleontoloji cəhətdən tədqiq edərək, tərkiblərinin
təbii yolla əmələ gəlmiş əhəngdaşı, qumdaşı, qranodiorit və dioritdən ibarət
olduğunu müəyyən etmişlər. Digər geoloq alim, ABŞ-ın Tolido Universitetinin
(Ohayo ştatı) professoru Ceyms Xarrell isə uzun illər apardığı gərgin tədqiqat
işlərinin nəticəsində Nil çayı vadisində 128 qədim daş karxanasının olduğunu
aşkarladı və onlardan 89-nun əhəngdaşı, 36-nın qumdaşı və digər 3-nün isə gips,
anhidrid yatağı olduğunu müəyyən etdi. Bununla da möhtəşəm Misir
piramidalarının tikintisində işlənmiş xammal mənbələrinə dair mübahisələrə son
qoyuldu.
Təbiət elmlərinin
metodları ilə nəinki tarix və arxeologiyada, eləcə də dinşünaslıqda uğurlu elmi
nəticələr əldə edilmişdir. Məsələn, amerikalı professor H.Gouv tərəfindən
aparılmış radiokarbon14 analizlərinin köməyi ilə İsa Məsihə aid edilən məşhur
Turin əbasının yaşının əslində təxminən 14-cü əsrə uyğun gəldiyi müəyyən
edilmişdir. Düzdür, din xadimləri bu faktla razılaşmasalar da, nəticə üç müxtəlif
laboratoriyada yoxlanılaraq öz təsdiqini tapmışdır. Və ya başqa misal: III-IV əsrlərdən
etibarən xristianlar tərəfindən İncildə adı çəkilən Sina dağı ilə bu gün Misrin
Sina yarımadasının mərkəzində yerləşən Sina (Cəbəl Musa, Tur) dağının eyniləşdirilməsini təbiət mütəxəssəsləri
doğru hesab etmirlər. Onlar Musa peyğəmbərin tayfası ilə birlikdə fironun əsirliyindən
qaçarkən yolda Allaha dua etmək üçün çıxdığı dağın Sina yarımadasının şərqində
yerləşən Haşim-əl Tarif dağı olduğu qənaətindədirlər, çünki 80 yaşlı Musa peyğəmbərin
hündürlüyü 2285m olan Sina dağına qalxa bilməsi və Allahın 10 Əmrini (Tövrat)
oradakı bərk qranit tərkibli daş löhvələrə yazması mümkünsüz görünür. Haşim-əl
Tarif dağının nisbətən alçaq (hündürlüyü 874 m) olması, ətrafda yüz minlərlə insanın yerləşməsi
üçün geniş ərazinin mövcudluğu və ən əsası, orada yazmaq üçün yumşaq daşların –
travertinlərin olması bunları deməyə imkan verir. Məşhur yəhudi və xristian din
xadimləri deyilənlərlə razılaşsalar da, oturuşmuş ənənənin pozulmamasının tərəfdarı
olduqlarını bildirirlər.
Məlumdur ki,
insanlıq tarixinin üç böyük dövründən ikisinin adı o dövrlərdə ən çox istifadə
olunan metalla bağlıdır: Tunc və Dəmir dövrləri. O da məlumdur ki, Azərbaycan ərazisində
həmin dövrlər ümumilikdə təxminən 2500 il sürmüşdür. Bu müddət ərzində məişətdə
və əkinçilikdə istifadə olunan külli miqdarda metalı demirəm, ordunun təminatı
üçün nə qədər metal sərf olunduğunu təsəvvür edirsinizmi? Bir döyüşçünün
silah-sursatının (zireh, qılınc, qalxan, nizə və s.) çəkisi ortalama 15-20 kq
olardısa, 100 minlik ordunun silahlanması üçün 2000 ton metal lazım idi. O dövr
üçün çox böyük olan bu qədər metal haradan əldə edilirdi? Hansı mədənlərdən,
hansı üsullarla hasil olunurdu o metallar? Niyə o filiz yataqları bu gün bizlərə
məlum deyil? Mənbələrdə üstündən adətən sükutla keçilən bu suallara aydınlıq gətirmək
üçün ölkəmizdə də geoarxeologiya elmi istiqamətinə diqqət yetirməli, onu
inkişaf etdirməliyik.
Mövzu ilə əlaqədar
daha bir maraqlı tədqiqat haqqında bu yaxınlarda internet səhifələrində oxudum.
Türkiyənin məşhur Marmaris istirahət məkanının yaxınlığında yerləşən Kleopatra
adasında (türklər ona Sedir adası deyirlər) kiçik bir ərazini əhatə edən qızılı
qumların guya, vaxtilə Roma sərkərdəsi Mark Antonio tərəfindən Misir çariçası
Kleopatranın şərəfinə Misirdən gəmilərlə gətirildiyi söylənilir. Amma geoloqlar
tərəfindən aparılmış tədqiqatlar bunun belə olmadığını, yəni qumların yerli şəraitdə
əmələ gəldiyini və tərkibcə Misir qumlarından fərqləndiyini sübut etmişdir və əsrlərdir
formalaşmış əfsanənin reallığa söykənmədiyi məlum olmuşdur.
Geoarxeoloji
tədqiqatlarda üç əsas məqsəd güdülür: birincisi və ən əsası – arxeoloji abidənin
nisbi (stratiqrafik) və mütləq yaşının təyin edilməsi; ikincisi - arxeoloji
abidəni formalaşdıran təbii proseslərin öyrənilməsi; üçüncüsü – qədim insanın
yaşadığı ətraf mühitin (landşaftın) bərpası.
Bəs görəsən,
bu məqsədlərə çatmaq üçün hansı elmi metodlardan istifadə olunur? Məqsəddən
asılı olaraq, hər bir konkret obyektin öyrənilməsində fərqli metodlar tətbiq
edilir. Onları təyinatına görə iki böyük qrupa bölmək olar:
1.
Geoloji-geomorfoloji, bioloji metodlar. Bu qrupa stratiqrafik, litoloji,
petroqrafik, mineraloji, paleontoloji, paleobotaniki (palinoloji, karpoloji),
paleocoğrafi, landşaft-geomorfoloji və s. metodlar daxildir ki, onların köməyilə
obyektin nisbi yaşını və o dövrün paleocoğrafi şəraitini müəyyən etmək
mümkündür.
2.
Fiziki-kimyəvi, geoxronoloji metodlar. Bu
qrupa radiokarbon, radiometrik (uran, kalium-arqon və s.), dozimetrik
(lyumenesent, elektron-paramaqnit rezonans), paleomaqnit və arxeomaqnit, trek,
izotop (karbon, azot, kükürd, oksigen, stronsium, qurğuşun), kimyəvi, geokimyəvi
və s. üsullar daxildir ki, onların köməyilə obyektin mütləq yaşını və maddi tərkibini
öyrənmək mümkündür.
Məsələn: qurğuşun izotopundan istifadə etməklə
filizin, eləcə də obsidianın geokimyəvi analizi ilə ibtidai daş alətin xammal mənbəyini
və ya karbon, azot və kükürdün stabil izotopları ilə paleodietanı, yəni qədim
insanın nə yeyib-içdiyini təyin etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, bu metodların tətbiqi heç də ucuz başa gəlmir
və bahalı avadanlıqlarla bərabər, onu lazımi səviyyədə idarə edə bilən mütəxəssislər
də olmalıdır. İstənilən halda, tariximizin daha mükəmməl öyrənilməsini
arzulayırıqsa, ölkəmizdə geoarxeologiya istiqamətinin inkişafını təmin etməliyik
və ilkin olaraq aşağıdakı addımların atılması məqsədəuyğun olardı:
AMEA-nın
Arxeologiya və Etnoqrafiya, və ya Geologiya və Geofizika və ya Coğrafiya
İnstitutunda geoarxeologiya şöbəsi və ya laboratoriyası yaratmaq;
Şöbəyə
(laboratoriyaya) arxeoloqlarla bərabər, arxeologiyaya həvəs göstərən təbiət
elmləri mütəxəssisləri (geoloq, geomorfoloq, geokimyaçı, bioloq, fizik,
torpaqşünas və s.) cəlb etmək;
Rusiya
və Qazaxıstanın bu sahədə tanınmış elmi müəssisələri və universitetləri ilə əlaqə
yaratmaq və gənc kadrları təcrübə keçmək üçün o yerlərə ezam etmək;
Geoarxeologiya
sahəsində tanınmış mütəxəssisləri məruzələr etmək üçün respublikamıza dəvət etmək;
Geoarxeologiyaya
aid beynəlxalq elmi konfranslarda aktiv iştirak etmək;
Universitetlərdə
geologiya fakültəsinin tələbələrinə ümumi arxeologiyadan, gələcək arxeoloqlara
isə ümumi geologiyadan mühazirələr oxumaq və s.
Göründüyü
kimi, geoarxeologiya qədim, xüsusilə yazıyaqədərki dövr tarixi abidələrinin tədqiqi
üçün çox geniş imkanlara, müxtəlif metodlara malik bir elmi istiqamət olaraq,
keçmişin öyrənilməsinə etibarlı dəstəkdir. Biz də onlardan istifadə etməklə,
ilk növbədə, YUNESKO-nun mədəni irs siyahısında yer almış Qobustan Milli
Tarixi-Bədii Qoruğunu, habelə, qədim insan məskənlərini, mağaralarımızı, o cümlədən
Əshabi-Kəhf ziyarətgahını kompleks şəkildə, geoarxeoloji metodları tətbiq edərək
öyrənməklə daha dolğun və inandırıcı nəticələr əldə edə bilərik.
Rəşid FƏTƏLİYEV
geologiya-mineralogiya
elmləri namizədi,
AMEA-nın
akad. H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun
aparıcı elmi işçisi
Bakı,
10.06.2019-cu il