“Kaspi” qəzeti üçün

“Kaspi” qəzeti üçün

25 Yanvar 2016, 10:51 716
Azər Hacıbəyli, 1971-cidə anadan olmuşdur, BDU-nun mə-zunu, filoloqdur. Elmi-pedaqoji, publisistik fəaliyyətlə və bədii ya-radıcılıqla məşğuldur. “Qarda çi-çəklər” şeirlər kitabının, hərbi-və-tənpərvərlik mövzusunda yazılmış “Doxsan dördün payızı”, “Vətən daşı” və “Addım at!” poemala-rının müəllifidir.
Xalq şairi Məmməd Arazın poeziyasından bir nümunə olan “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyimini xatırlamayan tapılmaz. Şair-publisist Azər Hacıbəyli vətənpərvərlik mövzusunda yazdığı, Sədərək şəhidlərinin əziz xatirəsinə ithaf etdiyi, hətta deyərdim ki, ürəkdən və uğurla qələmə aldığı poemasını hər bir vətənsevər azərbaycanlının dilində əzbər olan bu kəlmələrin bir hissəsi ilə “Vətən daşı” adlandırmışdır.


20 Yanvar 1990-cı il. 26 il bundan öncə hər bir azərbaycanlının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvə nöqtəsi kimi həkk olunmuş həmin tarixi gündə Azərbaycanın yüzlərlə qəhrəman övladları azadlıq və müstəqillik uğrunda şəhid oldular. Qanlı 20 Yanvar gecəsində silahlı Sovet ordusunun qarşısına əliyalın çıxan soydaşlarımızın ürəklərindəki Vətənin müstəqillik və azadlıq arzusu bu gün reallığa çevrilmişdir.
20 yanvar şəhidləri Vətən uğrunda candan keçmək məktəbinin əsasını qoydular. Zamanla yüzlərlə azərbaycanlı şəhidlərimizin getdiyi şərəfli yolla təkrar-təkrar addımladılar. Bir vaxtlar yalnız 20 Yanvar şəhidlərinin əbədiyyətə qovuşduğu, müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanında müstəqilliyimizin ilk illərində torpaqlarımızın qarı düşməndən müdafiəsi uğrunda şəhid olmuş yüzlərlə igid oğul və qızlarımız da uyuyur. Şəhidlərimizin qanı ilə suvarılmış müqəddəs Vətən torpağının bir hissəsi hələ də düşmən tapdağı altındadır.
Biz əminik ki, Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə güclənən Azərbaycan və Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan mütləq azad edəcəkdir.
Hər bir azərbaycanlı çalışmalıdır ki, öz fəaliyyəti ilə torpaqlarımızın işğaldan azad olunacağı, şəhidlərin qanının alınacağı günü yaxınlaşdırsın. O zaman şəhidlərimizin narahat ruhları rahatlıq tapacaqdır.
Haqqında söhbət açacağımız Azər Hacıbəylinin “Vətən daşı” adlı poeması Azərbaycanın şəhidlik məktəbinin davamçılarının xatirəsinə ucaldılmış ədəbi abidə, şair-vətəndaş mövqeyinin təcəssümüdür. İndi dəyərli oxucularımızın diqqətinə Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Sücəddin Abdullayevin poemanın müəllifi ilə söhbətini olduğu kimi təqdim edirik.
Elə adı ilə ilk növbədə diqqəti çəkən, cazibəli üz qabığı ilə oxucunu onu vərəqləməyə sövq edən “Vətən daşı” poemasını bir neçə dəfə diqqətlə oxuduqdan sonra müəlliflə söhbət etdim.
Sücəddin Abdullayev: Azər müəllim, ilk növbədə Sizə bütün vətənsevərlərin adından belə gözəl, məzmunlu, günümüzlə səsləşən əsər yaratdığınıza görə təşəkkür edirəm. İcazənizlə birbaşa mətləbə keçmək istərdim. İlk sualım poemanın adı ilə bağlıdır. Düzü əsəri oxuyanda gözümüzün önünə görkəmli yazıçı Ənvər Məmmədxanlının hamımıza yaxşı tanış olan “Buz heykəl” hekayəsi gəlir. II Dünya Müharibəsindən bəhs edən bu əsər bir qəhrəmanın üzərində qurulub. Əsəri oxuduqca buzlaşmış ana heykəli gözlərimiz önündə canlanır. “Vətən daşı”nda isə bir azərbaycanlı zabitin gildən, torpaqdan heykəli. Siz əsərin adını “Daş heykəl”, “Gil heykəl”, “Bir Heykəl, bir Zabit – böyük Vətəndaş” (müəllif poemada belə bir ifadə işlətmişdir) və s. kimi adlandıra bilərdiniz. Poemanın “Vətən daşı” adlandırmağınızın bizə məlum olmayan tərəfləri haqqında nə deyə bilərsiniz.
Azər Hacıbəyli: Gəlin, mən poemanın özünün ərsəyə gəlməsi barədə danışım, Sizin sualınızın da cavabını elə bu əsnada verim. Etiraf edim ki, əsəri oxuyanlar onun səmimi duyğularla yaradıldığını hiss etdiklərini mənə müraciətlərində bildirirlər. Əsərin yazılması ideyası, fikri məndə haradan yaranmışdır. Son illərdə qarı düşmənin təxribatlarının qarşısının alınması istiqamətində ordumuzun uğurlu fəaliyyəti bütün soydaşlarımız, hamı kimi məni də ruhlandırmışdır. Xüsusilə də, bir dönüş nöqtəsi sayılacaq məqamı – 2014-cü ildə düşmən helikopterinin bizim ərazilər üzərində uçuş keçirərkən vurulmasını vurğulamaq istərdim, bunu “Azərbaycan ordusu” şeirində əks etdirmişəm və poemanın sonunda təqdim olunur. O zaman qərara gəldim ki, xalqımızın müasir dövr qəhrəmanlıq tarixini əks etdirən hərbi-vətənpərvərlik mövzusunda əsərlər yazmağa başlayım. Beləliklə, “Azərbaycan ordusu”, “Gənclərə” şeirlərini yazdım, sonra “Doxsan dördün payızı” (dekabr 2014-cü il – fevral 2015-ci il) poemasını qələmə aldım. Həmin silsilə əsərlərin davamı olaraq 2015-ci ilin may ayında “Vətən daşı” yarandı. Əsərin ərsəyə gəldiyi tarix də bəzi məqamlardan xəbər verir. 1-10 may 2015-ci il. Poemanı Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev dühasından ilham alaraq, Vətən sevgisi ilə, Naxçıvanın Sədərək rayonu uğrunda erməni qəsbkarları ilə ölüm-dirim savaşında şəhid olmuş igid oğullarımızın əziz xatirəsinə böyük ehtiramla qələmə almışam.
Əsərdə Ulu Öndərin adı bir neçə yerdə anılır. Birini xatırladım. Əsərin qəhrəmanı döyüşdən əvvəl Ulu Öndəri, onun qətiyyətli çıxışını xatırlayır, mənəvi dəstək alır, igidin ürəyinə sonsuz təpər və qüvvət, qollarına güc gəlir.
Qeyd edim ki, mən gənclərlə çox təmasda oluram, onlarla ünsiyyət prosesində vətənpərvərlik mövzusunda söhbətlərə yer ayırıram. Çünki, doğma torpaqlarımızın işğaldan azad olunması məsələsi məni daim düşündürür. Elə bu düşüncələrlə yaşayanda, görünür ki, fikirlər də, yaradılan əsərlər də bu mövzularda olur. Bu da təbiidir. Gənclərlə söhbətlərimdə tez-tez belə fikirlər işlədirəm: “Torpağı Siz çox sevsəniz, hər Vətən daşı dayağınız olar”; “Vətəni çox sevsəniz, onda Vətən torpağı da Sizə güc, qüvvət verər” (bu fikirlər mənə məxsusdur), tez-tez böyük ustadlarımız Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”,
Zəlimxan Yaqubun

“Torpağı yad əldə qalan şairin
Silaha mərmiyə dönməsə şeiri,
Hər sözü olsa da bal kimi şirin
Xalqa nə xeyri var, yurda nə xeyri.”


kimi fikirlərinə müraciət edirəm. Gənc dostlarımdan biri ilə əsərin yazlması ərəfəsində tez-tez 1990-93-cü illərdə Naxçıvanın erməni təcavüzkarlarının hücumuna məruz qalması, Sədərək döyüşləri haqqında söhbətlərimiz olurdu. Bundan başqa, poemanı yazmaq ərəfəsində elə bil ki, daxilimdəki bir səsin diqtəsi ilə Vətən aşiqi Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” fikirlərini biixtiyar, ardıcıl və dodaqaltı təkrarlayırdım. Elə-beləcə qəlbimin səsinə qulaq asa-asa, bu misraları ürəyimdə deyə-deyə çalışdım, qısa müddətdə poema yazıldı. Yaradıcı adamlar məni yaxşı anlayar. El arasında bir deyim var: “Elə bil nə isə çiyinlərimə bir yük qoyulmuşdu”. Poema yazılıb qurtardı, yüngülləşdim, rahatlıq tapdım. Əsərin adı da elə özü ilə birlikdə paralel və təbii şəkildə yarandı.
Sücəddin Abdullayev: “Vətən daşı” deyərkən, yəni “Düşmən qarşısını Qaya olub kəsmiş, Dağa, “Vətən daşı”na dönmüş Qəhrəman nəzərdə tutulur, yoxsa dil açıb insanla danışan, “igidə yol göstərən”, düşmənə keçmişdə və indi ağır zərbələr vurmuş, “bir vaxt babaların silahı olmuş”, “Ata yadigarı”na çevrilmiş “Vətən daşı”.
Azər Hacıbəyli: Hər ikisi. Bununla da təbii şəkildə maraqlı bir ikilik formalaşmışdır. Bu həm də oxucunun ixtiyarına verilir, özü qərar versin. Əgər Siz fikir versəniz, poemadan öncə Məmməd Arazın fikirlərini təqdim etmişəm:

Siz ey qədim əfsanələr,
Şeirimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq –
Bu daşların, qayaların
keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq.


Poemanın sonunda isə bu fikirlərin açılışını, həllini vermişəm:

Qədim, əski əfsanələr söz idi,
Bir gün gəldi, sözdən həyata keçdi.
Dilə gəldi, daş insantək danışdı,
İgid ərlər zəfər yolunu seçdi.
Baxın,qədim elimizdə daşların
Dilin bilən mərd oğul da tapıldı,
Dəyanəti, rəşadəti önündə
Qarı düşmən ətalətə qapıldı.
Obamızda qayalar da, dağlar da
Minilliyin yuxusundan oyandı.
Bu torpağın sehrindəndi, heç şəksiz,
Keçmişimiz bu günlərə həyandı.


Sonra isə yenə ustad şairin aşağıdakı fikirlərini vermişəm:

Bu basılmaz nərlər – ərlər,
Bu qaya sərkərdələr
Onda məni – bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı


Bu fikirlərin də həllini belə təqdim etmişəm:

Vətən oğlu kəsdi düşmən önünü,
Qaya oldu, döndü Vətən daşına.
Alqış torpağımın igid oğluna –
Vətən daşı olan Vətəndaşına!...


Bununla mən ustad Məmməd Arazın arzularının çin olmasını göstərmişəm. Bir daha təqdiqləmişəm ki, xalq şairimiz “Vətən daşı” olan vətəndaşlarımızdandır, şairlərimizdəndir. “Vətən daşı” kim ola bilər? Cəbhədə düşmənlə üz-üzə döyüşən qəhrəman oğullarımız da, əli qələm tutan, millətinin, xalqının yoluna işıq salan ziyalılarımız da. Məmməd Araz elə şairdir ki, onun hər şeirinin şərhinə bir kitab həsr etmək olar.
Sücəddin Abdullayev: Gördyümüz kimi poemada Ulu Öndər Heydər Əliyevin tərənnüm edilməsinə yer ayırmısınız. Onun haqqında Siz yuxarıda vurğuladınız, istərdim ki, Ulu Öndər Heydər Əliyev ilə bağlı məqamlar barədə daha ətraflı danışasınız.
Azər Hacıbəyli: XX əsrdə Azərbaycan dövlətçiliyinin xilaskarı, bütün həyatını xalqına və doğma Vətəninə xidmətə həsr etmiş, Böyük Azərbaycanlı, xalqımızın Ümum¬milli Lideri Heydər Əliyevi daim ehtiramla yad edirəm. İctimai həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin xidməti olmasın. Azərbaycanımızın, Bakımızın elə bir nöqtəsi yoxdur ki, o bizə Ulu Öndəri xatırlatmasın. Bu günkü tərəqqi, inkişaf və uğurlarımızın kökündə Heydər Əliyev fenomeni durur. Bütün bunlar içərisində Ulu Öndərimizin ordumuza qayğısı, onun Silahlı Qüvvələrimizin qurulması prosesinə rəhbərliyi xüsusilə vurğulanmalıdır. Bu gün isə Heydər Əliyev məktəbinin layiqli davamçısı, hamımızın sevimlisi, Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev cənablarının ordu quruculuğu sahəsində həyata keçirdiyi işlər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun gördüyü işlər hər birimizin ürəyindəndir. Bu müsbətləri təbliğ etmək, bədiiləşdirməklə xalqımızın nümayəndələrinə çatdırmaq isə qələm sahiblərinin borcudur. Mən təkcə olanları müşahidə edib qürurlanmağımla kifayətlənmirəm və ürəyimdən bu fikirlər keçir: “Mən bu məsələlərdə öz töhvəmi necə verə bilərəm? Bu prosesdə öz əməli işimlə necə iştirak edə bilərəm?” Daim bu barədə düşünürəm.
Yuxarıda göstərdiyim kimi hər bir vətənsevər azərbaycanlı daim milli hisslərlə yaşamalıdır, həmişə xalqımızın taleyüklü məsələlərinin həllində öz imkanları daxilində nə isə etmək haqqında düşünməlidir. Azərbaycan, Vətən, vətənpərvərlik mövzularından danışanda gözlərimiz önündə Ulu Öndərin işıqlı siması canlanır. Vətəni sevməyin də, Vətənə xidmət etməyin də ən gözəl, bariz nümunəsini biz Heydər Əliyevin şəxsiyyətində, timsalında görmüşük. Bu dahi şəxsiyyət haqqında nə qədər danışsaq, nə qədər yazsaq da, o böyüklük qarşısında kiçikliyimizi dərk edəcəyik. Bunu və Ulu Öndər barəsində söz deməyin məsuliyyətini anlayaraq, mənəvi babamıza olan sonsuz ehtiramımı poemada göstərmişəm. Əsərdə Sədərək döyüşlərindən danışılır. Zəfər tariximiz olan Sədərək döyüşlərini yad etmək lazımdır. Çünki, bir vaxt Sədərək uğrunda döyüşlərdə həm düşmənlə üz-üzə hərbi əməliyyatlarda, həm də psixoloji və informasiya savaşında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında qalib çıxmış Azərbaycan mütləq işğal altında olan əzəli torpaqlarımızı azad edəcəkdir. Bunu söyləməyə əsas verən çox məqamlar vardır. Bunlardan ikisini xatırlatmaq istərdim. Bütün dünyaya məlumdur ki, Azərbaycan qədim dövlətçilik və qəhrəmanlıq ənənələrinə malikdir. “Vətən daşı”nda əks olunduğu kimi, dövlətçiliyimizi etibarlı əllərdə qoruyub saxlayan, Silahlı Qüvvələrimizi gündən-günə qüdrətləndirən, Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq dövlət rəhbərimiz, Prezidentimiz İlham Əliyev və qəhrəmanların yolunu davam etdirmək iqtidarında olan igid oğullarımız var.
Yeri gəlmişkən qeyd edim ki, hələ 2014-cü ilin dekabr – 2015-ci ilin fevral aylarında dahi Heydər Əliyevin həyatının bir gününü tərənnüm edən “Doxsan dördün payızı” adlı poemanı qələmə almışam.
Sücəddin Abdullayev: Növbəti söhbətlərimizdən birini “Doxsan dördün payızı”na həsr edərik.
“Vətən daşı”nda Siz süjet xəttini bir qəhrəman üzərində qurub, bədii şəkildə onun iç dünyasını açmağa çalışmısınız. Xüsusilə, Qəhrəmanın şəhidlik zirvəsinə getdiyi yol bədii löhvələrlə çox gözəl təsvir edilibdir. Buna necə nail olmusunuz. Elə bil ki, özünüz o prosesi yaşamısınız.
Azər Hacıbəyli: Çox doğru qeyd etdiniz ki, mən qəhrəmanın iç dünyasını açmağa çalışmışam. Bu sual barədə qeyd etmək istərdim ki, bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş “Addım at!” adlı poema geniş oxucu kütləsinə təqdim ediləcəkdir. Qabağa qaçmaq istəməzdim. Amma deyim ki, bu sualın cavabını orada poetik şəkildə vermişəm. Orada qeyd etmişəm ki, mən ruhən qəhrəmanlara yaxınam, sanki qəhrəmanlarla onların yaşadıqlarını birgə yaşamışam, hiss etmişəm.
Bir məsələni də əlavə edim. Mən işimi bədii yaradıcılıqla, bunları yazmaqla bitmiş hesab etmirəm. Müdrik və qətiyyətli Prezidentimiz hər şeyin zamanını gözəl və düzgün bilir. Xalqımızın taleyüklü məsələsi – torpaqlarımızın düşmən işğalından azad edilməsinin danışıqlar və sülh yolu ilə həlli resurslarının tükənəcəyi təqdirdə bir azərbaycanlı kimi mən də Ali Baş Komandanın əmrilə düşmənlərimizin üzərinə getməyə, qələmi süngü ilə əvəz etməyə hazıram.
Sücəddin Abdullayev: Bu halda böyük səbirsizliklə “Addım at!”ın əlimizə çatacağı vaxtı gözləyək. O zaman növbəti söhbətlərimizdən birində bu mövzuya mütləq qayıdarıq. Növbəti söhbətimiz Azər Hacıbəylinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yazdığı “Addım at!” poemasına həsr ediləcəkdir.
Azər Hacıbəyli: Mən də söhbətimizdən məmnun oldum. Poema ətrafında fikir mübadiləsi çox faydalı oldu. Gələcək yaradıcılığımda nəzərə alacağım bəzi məqamları özüm üçün müəyyənləşdirdim. Təşəkkür edirəm Sizə.
Sücəddin Abdullayev: Əsər nikbin çalarlarla – qələbə və zəfər notları ilə yekunlaşır. Necə deyərlər, “Ot kökü üstə bitər”. Vətən torpağı igidlərin qanı ilə suvarılıb və bu hədərə getməyib. Qəhrəmanlıq ənənəsi davam edir. Gənc nəsil ata-babaların qəhrəmanlığını təkrar etməyə hazırdır. İşğal altında olan torpaqlarımızı qarı düşmən xoşluqla azad etməzsə, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları əmr edən anda gənclər doğma Qarabağa zəfər yürüşündə ön cərgələrdə addım atacaqdır.
Poemada diqqətimizi cəlb edən motivlərdən biri də Şəfanın timsalında sədaqətli, vəfalı, igidlərimizə əbədi həmdəm olan döyüşkən ruhlu Azərbaycan qadını obrazının yaradılmasıdır. Müəllifin bu barədə fikirlərini eşitmək istərdik.
Azər Hacıbəyli: İlk növbədə mən bunu vurğulamaq istərdim ki, Dədə Qorqud igidlərini, Koroğlunu, Qaçaq Nəbini və yüzlərlə digər qəhrəman oğullarımızı onların özləri kimi ləyaqətli, cəsur, vəfalı Azərbaycan qadınları olmadan təsəvvür edə bilmərik. Bizim əsərin qəhrəmanının xanımı Şəfa da, igid anasının obrazı da bu məsələni tamamlayır:
Çox-çox məmləkətdən fərqlənirik biz.
Ataraq bəzəyi, altunları da
Daim oğullarla birgə döyüşüb
Vətənin qeyrətli xatunları da.
Görərək Öndərin cəsarətini,
Gənclər, qocalar da qalxır ayağa.
Hələ bu nədir ki, sınaq günündə
Aslan xanımlar da gəlir qabağa.


Bu gün respublikamızın ictimai-siyasi həyatında qadınların rolu yüksəkdir. Bu məsələdə hətta ən qabaqcıl Avropa ölkəsi ilə rəqabət edə bilərik. Bizim bütün sahələrdəki uğurlarımızda Azərbaycan qadınının iştirakı vardır. Yuxarıda dediyimiz kimi tarixən belə olub, belə də olacaq. Biz qeyrətli Azərbaycan qadınları ilə fəxr edirik.
Kitabın girişində poemadan öncə redaktor filologiya elmləri doktoru, professor Sənan Əlincənin və filologiya elmləri doktoru Paşa Kərimovun əsərin bəzi məziyyətləri haqqında fikirləri əksini tapmışdır, bunların əsasında bir sıra məqamları da oxucularımıza təqdim edirik.
Poemada həmin çətin dövrdə Türkiyə-Azərbaycan həmrəyliyinə də münasibət bildirilmiş və o ağır döyüşlər zamanı Türkiyənin Azərbaycanın yanında olduğu oxucuların diqqətinə çatdırılmışdır:

Ən başda Türkiyə yardıma gəlir,
Böyükdən kiçiyə hamı dillənir.
Anılır tarixi müqavilələr,
Düşmənin suları bundan lillənir.


Döyüş meydanında düşmənə ağır zərbələr vuraraq heykələ dönmüş, daşlaşmış və yağı qarşısını sanki bir Dağ, Qaya kimi kəsmiş Qəhrəmanın obrazı əsərin sonuna yaxın çox təsirli şəkildə belə təqdim olunur:

Qürurun heykəli indi ayaqda.
Onun sağ əlində, ovcunda bir daş.
Sıxılmış barmaqlar qılınc tutmuş tək.
Bir Heykəl, bir Zabit – böyük Vətəndaş.


Təkrar olaraq bir daha xatırladım ki, əsərə nikbin bir ruh hakimdir, müəllif bunu əsərin sonunda özü belə vurğulayır:

Nikbin yaşamağa vardır haqqımız,
Olsun nəsibimiz nurlu səhərlər!
Qələbə marşını biz yazacağıq,
Hələ qarşıdadır böyük zəfərlər!


Nikbinliyi gücləndirən digər məqam isə qəhrəman valideynlərin yolunu davam etdirmək əzmində olan gənc nəslin yetişməsidir. Belə ki, Qəhrəmanın oğlu –

Bilir hərb işini atası kimi,
Məqsədi Vətənə xidmət etməkdir.
Əgər lazım olsa, canından keçib
İgid ərənlər tək bir yol getməkdir.
Düşmən xoşluq ilə azad etməzsə,
Ali Baş Komandan əmr edən anda
O, addım atacaq ön cərgələrdə –
Doğma Qarabağa yürüş olanda.


A.Hacıbəyli əsəri yaratmaqda əsas məqsədlərindən biri barədə belə bildirir:

Xalqa tanıtmaqçün qəhrəmanları,
Borcumuz bunları nəzmə çəkməkdir!
Gənclərin qəlbində, könül bağında
Vətən sevgisindən ağac əkməkdir!


Sədərəyin hazırkı durumu da özünəməxsus tərzdə şərh olunur:

İndi yenilənib hər bir nöqtəsi,
Çətin günlərimiz qalıb arxada.
Bircə dəyişməyib Vətən sevgisi,
Cəsur ürəklər də həmin qaydada.


Müəllifin qeyd etdiyi kimi, 1992-ci ilin may ayında 5 gün davam edən Sədərək döyüşləri ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin xalqa tarixi müraciəti böyükdən-kiçiyə hamını düşmən üzərinə səfərbər etmiş, ermənilərin sayca qat-qat çox olduğu döyüşlərdə azərbaycanlılar mətanətlə vuruşmuşlar. Ulu Öndərin siyasi və diplomatik fəaliyyəti nəticəsində bir çox böyük dövlətlər tərəfindən Ermənistanın hərbi hücumu və təcavüzü pislənmiş, düşmən geri çəkilməyə məcbur edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi, diqqəti və qayğısı nəticəsində bir zaman döyüşlərin getdiyi yerlərin hazırkı abad durumu belə təsvir olunur:

Bir vaxt döyüşlərin getdiyi yerlər,
Təmiz, səfalıdır, həm də abaddır –
Yaşadır Öndərin yüksək adını,
İndi and yerimiz Heydərabaddır.


Dövlətimizin başçısının ordu quruculuğu sahəsində gördüyü işlər poemanın sonunda poetik dillə belə vurğulanır:

Bu gün Qəhrəmanım əbədiyyətdə...
Düşmən ordumuzdan quş tək tük salır.
İgid əsgərlərin şücaətilə
Hamı arxayınca bir nəfəs alır.


Müəllif poemanın yekununda qeyd edir:

Saysız vəsf etməli igidlərimiz,
Daim qəlblərdədir, anılır hər an.
Mən yalnız birindən danışdım Sizə,
Başqa igidlərdən yazılar dastan.


Hər bir azərbaycanlı öz imkanları daxilində gərək bu müqəddəs amal uğrunda çalışsın, dövlətimizin yanında olsun, hamı bir nöqtəyə vursun. Xüsusilə də ziyalılar gərək bu məsələdə aktivlik göstərsinlər. Dahi Hüseyn Cavidin bir deyimini xatırlatmaq yerinə düşər: “Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir”.
Bu arada qeyd edim ki, “Vətən daşı”nın dili axıcıdır, oxunaqlıdır, sadədir. Hiss olunur ki, müəllif yabançı kəlmələr, anlaşılmaz ifadələrdən istifadədən maksimum çəkunmuşdir. Poema oxucuya nikbin əhval-ruhiyyə verir, döyüşkən ruh və qətiyyət təlqin edir, əsgər marşı kimi münəzzəmdir.
Hər bir azərbaycanlı, xüsusən də gənc nəsil üçün böyük töhfə olan “Vətən daşı” poeması inanırıq ki, qəlblərinizdə layiqli yerini tutacaqdır. Azər Hacıbəyli bu istiqamətdə işi davam etdirmək, xalqımızın qəhrəmanlıq səhifələrini əks etdirən silsilə əsərlər yaratmaq istəyir. Buna görə “Vətən daşı” haqqında fikirlərinizi, rəylərinizi bölüşməyinizi, müxtəlif bölgələrimizdən olan, xalq tərəfindən sevilən, torpaqlarımızın azadlığı uğrunda, qarı düşmənlər ilə mübarizədə şücaət göstərmiş, Vətənin ləyaqətli oğulları haqqında bilgilərinizi ona çatdırmağınızı oxuculardan xahiş edirik. Müəllif çalışacaq ki, imkanları daxilində gələcək yaradıcılığında bunları nəzərə alsın. Müəlliflə əlaqə saxlamaq üçün müraciət edə bilərsiniz: www.hacibeyliler@mail.ru.
Bu nəcib işində Azər Hacıbəyliyə yeni yaradıcılıq uğurları arzulayırıq.
Dəyərli oxucularımıza isə “Vətən daşı”nı tezliklə əldə edib oxumağı tövsiyə edirik.

Sücəddin Abdullayev