AZE | RUS | ENG |

Jurnalist təhsili və beynəlxalq təcrübə

Jurnalist təhsili və beynəlxalq təcrübə
Dünya standartlarına yüksəlmək üçün hansı addımlara ehtiyac var?

Son illərdə beynəlxalq miqyasda həyata keçirilən bir sıra tədbirlər informasiya cəmiyyətinə gedən yolda jurnalistikanın fəaliyyətinin gücləndirilməsinə böyük təkan vermişdir. Jurnalistika peşəsi xüsusi vərdişlər və biliklər tələb etdiyinə görə, inkişaf etmiş ölkələrdə jurnalist kadrlarının hazırlanmasının müəyyən sistemi mövcuddur. Xarici ölkələrin bəzi tədris müəssisələrində jurnalist təhsili almaq üçün əvvəlcə hansısa digər ixtisasa  yiyələnmək tələb olunur. Ayrı-ayrı ölkələrdə jurnalist təhsilinə yiyələnmək üçün yaş da müəyyənləşdirilmişdir: 21 yaşdan yuxarı. Bu o deməkdir ki, orta məktəbi bitirdikdən dərhal sonra jurnalist peşəsinə yiyələnmək olmaz. Bu isə həyat təcrübəsinin və əmək fəaliyyəti stajının vacibliyi ilə izah edilir. Qeyd etmək lazımdır ki, jurnalistika fakültələrində, şöbələrində və kurslarında tədris planlarının və proqramlarının məzmunu müxtəlif olsa da, gələcək jurnalistlərin kütləvi informasiya vasitələrində təcrübə keçmələri məcburidir.

                Bir zamanlar İngiltərədə belə hesab edirdilər ki, jurnalist olmaq üçün əmək fəaliyyətinə qəzetdə kuryer vəzifəsindən başlamaq lazımdır və tədricən baş redaktor vəzifəsinə yüksəlmək olar. Əlbəttə, həmin yol bu günün özündə də aktualdır, bununla belə, müasir şəraitdə jurnalist kadrlarının hazırlanmasının daha mürəkkəb və daha keyfiyyətli yolu ən yaxşı təhsil mərkəzlərindən - Oksford və Kolumbiya universitetlərindən, Fransada Siyasi Elmlər Məktəbindən və digər buna bənzər jurnalistika məktəblərindən keçir. 
         
        Məlum olduğu kimi, jurnalistika müxtəlif istiqamətlidir. Qəzet, televiziya jurnalistləri, elmi, hərbi jurnalistlər və s. Məhz buna görə də, jurnalist olmaq istəyən hər bir şəxs ali məktəbi seçərkən ixtisasını dəqiq müəyyənləşdirməlidir. Amerikanın ən nüfuzlu ali məktəblərindən biri –Kolumbiya Universiteti yanında jurnalistika məktəbi əslində bütün istiqamətlər üzrə mütəxəssislər hazırlayır. Jurnalist kadrların hazırlanmasında Nyu-York Universitetinin jurnalistika şöbəsi çox mühüm rol oynayır. Burada 1975-ci ildən etibarən həm  bakalavr, həm də magistratura pillələri fəaliyyət göstərir. Bu ali məktəbdə Amerika jurnalistlərinin bir neçə nəsli hazırlanmışdır. ABŞ-ın "New York Times” , "Washington Post” kimi aparıcı qəzetlərinin, habelə ən iri televiziya  kanallarının və informasiya agentliklərinin bir çox müxbirləri məhz həmin ali məktəblərin məzunlarıdır. Nyu-York Universiteti jurnalistika şöbəsinin müəllim kollektivi cəmi-cümlətani 20 nəfərdən ibarətdir. Onların hər birinin aparıcı mətbuat orqanlarında və ölkənin ən iri televiziya kanallarında iş təcrübəsi vardır. Bu müəllimlərdən üç nəfəri bilavasitə "New York Times” qəzetindən gəlmişdir. Nyu-York Universitetində Amerika jurnalistika məktəblərinin ən yaxşı ənənələri qorunub saxlanır, gələcək jurnalistlərin təkcə  nəzəri hazırlığına deyil, həm də praktiki hazırlığına   böyük əhəmiyyət verilir.

Nyu-York Universitetində jurnalistika üzrə magistr proqramı da yalnız 9 kursu nəzərdə tutur. Bunların böyük əksəriyyəti praktik xarakter daşıyır. Bu kurslar öz dərinliyinə və qarşıya qoyulan tələblərinə görə, bakalvar kurslarından daha yüksək səviyyədə olsa da, Nyu-York Universiteti jurnalistika üzrə bakalavr dərəcəsi almış tələbələrinə həmin ixtisas üzrə magistraturaya daxil olmağı tövsiyə etmir. Belə hesab edilir ki, digər sahə üzrə ikinci elmi dərəcə almaq tələbələrin gələcək fəaliyyəti üçün daha  sərfəli olar.

        Bəzən ixtisasın adında "jurnalistika” sözü ümumən göstərilmir. Məsələn, Avstraliya Western Sidney Univeristeti seçilmiş istiqamətdən asılı olmayaraq, məzunlara aşağıdakı ixtisaslar üzrə diplom verir: işgüzar jurnalistika, elmi jurnalistika, idman jurnalistikası, yaxud siyasi jurnalistika. Yeni Zelandiya Texnologiyalar İnstitutunda Bachelour of Media arts (İncəsənət mediası üzrə bakalavr) ixtisası vardır. Burada jurnalistlərdən əlavə, dizaynerlər, fotoqraflar və musiqiçilər hazırlayırlar. Çox vaxt "jurnalist” sözü "KİV” sözü ilə əvəz edilir.

        İki ixtisas üzrə təhsil aparan ali məktəblər də vardır. Bu ixtisaslardan biri jurnalistikadır, ikincisi  isə hər hansı digər sahəyə meyldir. Bonn-Reyn-Ziq Texniki İnstitutu Almaniyanın tanınmış ali məktəblərindən biridir və  "texniki jurnalistika” ixtisasını təklif edir. Burada tələbələr humanitar fənlərlə yanaşı, informatikanı, fizikanı, riyaziyyatı, avtomat idarəetmə texnikasını və s.  öyrənir, yəni əlavə texniki təhsil alırlar.

        Fransada jurnalist təhsili sahəsində zəngin təcrübə toplanmışdır. Hələ 1935-ci ildə Fransada jurnalist peşəsini müəyyənləşdirən fundamental qanun qəbul edilmişdir. Həmin qanuna uyğun olaraq, jurnalist dövri mətbuat orqanlarında və agentliklərdə müntəzəm işləyən və əməyinə görə haqq alan peşə sahibidir. 1974-cü ildə bu tərif bir qədər dəyişdirilmiş, peşəkar jurnalistlər kateqoriyasına daxil edilmişdir. Bundan əlavə, jurnalist işinin xarakteri anlayışı dəqiqləşdirilmişdir. Jurnalist aktual hadisələrlə bağlı olan intellektual fəaliyyəti həyata keçirməlidir. 1982-ci ildə audiovizual KİV haqqında qanun qəbul edildikdən sonra ixtisasın tərkibinə  radio-televiziya  jurnalistləri də daxil edilmişlər. Xüsusi komissiya hər il jurnalistin peşə kartını təqdim edir. Bu komissiyanın çoxillik fəaliyyəti ilə bağlı məlumatlar yarım əsr ərzində peşənin inkişafını təsəvvür etməyə və bəzi nəticələr çıxarmağa imkan verir. 1955-ci ildə 6.836 jurnalistin kartı vardısa, 1995-ci ildə həmin rəqəm  28.471-ə çatmışdı.

        Dünyanın inkişaf etmiş ölkələrindən sayılan Fransada jurnalistikaya, əsasən, humanitar elm sahələrinin diplomları ilə gəlirlər. Ölkədə KİV-də çalışanların 20 faizi filoloq, 16 faizi tarixçi, 17.4 faizi hüquq və siyasi elmlər sahəsinin adamlarıdır. Ötən əsrin 60-cı illərinin birinci yarısında KİV-də çalışan jurnalistlərin yalnız 6 faizi ali jurnalistika təhsilinə malik idi  və ya Parisdəki jurnalistika mərkəzinin diplomları ilə işləyirdilər. Hazırda Fransada jurnalist təhsili fəaliyyəti ilə həm dövlət ali məktəbləri, həm də özəl məktəblər məşğul olurlar. Bir sıra ali məktəblərdə jurnalistika şöbələri də fəaliyyət göstərir. 

        Almaniyanın Dortmund Universitetində isə jurnalistlər və elmi jurnalistlər hazırlanır. Burada ixtisas fənləri ilə yanaşı, bəzi təbiət elmləri və texniki fənlər öyrədilir, elmi problematika üzrə məqalələr yazılması vərdişləri aşılanır. Münhendəki alman jurnalistika məktəbində də jurnalist kadrları hazırlanması sahəsində zəngin təcrübə qazanılmışdır. 

Almaniyada jurnalist təhsilinə necə böyük diqqət yetirildiyini nəzərə çatdırmaq üçün 2006-cı ildə Almaniyanın ən məşhur jurnalistika məktəblərindən biri olan Hamburq şəhərindəki Henri Nannen adına məktəbə qəbul imtahanının bir hissəsi olan suallara diqqət yetirək: "Əgər bir kiloqram buzu (0 dərəcə) 1 litr qaynanmış su ilə qarışdırsaq, buz əridikdən sonra qarışıq hansı  temperaturda olar?”; "Yaşlı adamın sümüklərinin sayı nə qədərdir?”; "İşıq ili astronomiyada nəyə uyğun gəlir?” Yəqin ki, bu suallar ən məşhur redaktorları belə çaş-baş salır. İş burasındadır ki, haqqında söhbət gedən məktəbə qəbul olunmaq son dərəcə çətindir. Buranın tələbəsi olmaq istəyən hər bir gənc istədiyi yerə qəbul olunmaq  üçün bir çox bilik sahələrindən, o cümlədən siyasətdən, tarixdən, coğrafiyadan, təbabətdən, astrofizikadan yaxşı baş çıxarmalıdır. Yalnız bundan sora o, ali məktəbin tələbəsi adını qazanar  və burada yüksək elita təhsilinə yiyələnə bilər. Bu elə bir təhsildir ki, onun  sahibi təkcə jurnalist  kimi deyil, həm də digər sahələrdə uğurla fəaliyyət göstərə bilər.

        Maraqlıdır ki, həmin məktəbə qəbul olunmaq üçün heç bir ilkin təhsil tələb edilmir. Yeganə məhdudiyyət yaş məsələsindədir. 19 yaşından 28 yaşına qədər olan və alman dilində şifahi və yazılı nitq qabiliyyətinə malik olan şəxs buraya ərizə verə bilər. Ərizə verənlər internetdə qeydiyyatdan keçməli və təklif olunmuş 5 mövzudan birində şərh və reportaj yazmalıdır. Altmış  ən yaxşı iddiaçını sonrakı imtahanlara dəvət edirlər. Qalibləri burada ciddi seçimin birinci mərhələsi gözləyir.  Onlar biliklərinin yoxlanması ilə yanaşı, müəyyən müddətə reportaj yazmalıdırlar. Reportaj yazmaq üçün üç saat informasiya axtarışına və üç saat da yazmağa vaxt ayrılır. Bundan sonra 12 nəfərdən ibarət münsiflər heyəti onları əsaslı surətdə yoxlayır. 1.500 iddiaçıdan yalnız 20 nəfər ən yaxşı iddiaçı  məktəbə qəbul oluna bilir. Təhsil pulsuzdur, tələbələrin hər biri hətta ayda 761 avro məbləğində müavinət  alır. 

        Şimali Avropa ölkələrində jurnalistikanın inkişaf etdirilməsi və onun cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində böyük nailiyyətlər  qazanılmışdır. Jurnalist təhsilinin təkmilləşdirilməsi də bu işdə mühüm  rol oynamışdır. Əlbəttə, bir qəzet və jurnal məqaləsində bu ölkələrdə jurnalist təhsilinin uğurları, tələbələrin praktik həyata hazırlanması üçün görülən işlərin hamısı haqqında danışmaq qeyri-mümkündür. Yalnız Finlandiyanın təcrübəsi barəsində söhbət açmaq kifayətdir. Qeyd etmək lazımdır ki, Finlandiya Şimali Avropada jurnalistikanı ali təhsil səviyyəsində tədris etməyə başlayan ilk ölkədir. 1925-ci ildə Helsinkidə ictimai kollecin əsası qoyulmuş və burada ilk jurnalistlərin hazırlanmasına başlanmışdır. İkinci Dünya müharibəsinin axırlarına qədər həmin proqramla 50 nəfər jurnalist hazırlanmış,  1945-1960-cı illərdə isə daha 50 nəfər məzun jurnalist təhsili almışdı. 1930-cu ildə kollec Ali İctimai Elmlər Məktəbinə çevrilmiş, 1947-ci ildə isə bu məktəbdə ilk professor fəaliyyətə başlamışdı. Tezliklə jurnalistika magistratura səviyyəsində öyrənilmiş və bütün məzunlar jurnalist ixtisası üzrə diplom almışlar. 1964-cü ildə bu məktəb Tamperə köçürüldükdən sonra ümumtəhsil proqramı əsaslı surətdə genişləndirilmiş və iki istiqamətə bölünmüşdür. 1969-cu ildə Elektron KİV kafedrası yaradılmışdır. Bu gün həmin struktur Tamper Universitetindəki İctimai elmlər fakültəsində jurnalistika və kütləvi kommunikasiyalar şöbəsi adlanır. Hazırda jurnalistika, həmçinin media bölümündə iş üçün ixtisaslar,  o cümlədən ictimaiyyətlə əlaqələr, reklam, səsləndirmə kimi sahələrdə işləyə biləcək mütəxəssislər Finlandiyada ən populyar ixtisaslar hesab edilir.  İnkişafın ardıcıl surətdə davam etdiyini göstərmək üçün aşağıdakı faktlara diqqət yetirək: 1998-ci ildən sonra  ölkədə jurnalistika təhsili verən məktəblərin miqdarı iki dəfə  artmışdır. 40 mahalda fəaliyyət göstərən 70-dən çox məktəbdə jurnalistika tədris olunur. Maraqlıdır ki, jurnalistika ilə əlaqəsi olmayan bir sıra ali məktəblərdə də həmin ixtisas öyrədilir. 

        Ali məktəblərdə jurnalistika şöbəsinə qəbul olunmaq üçün yaradıcılıq məhsulu - esse yazılmasına baxmayaraq, çox ciddi müsabiqə keçirilir və ali məktəbə keçid balı yüksək olur. 

        Finlandiyanın jurnalistika və kütləvi kommunikasiyalar şöbələrinin, bir qayda olaraq,  radio və televiziya  studiyaları vardır. Universitetlər ümummilli və regional media şirkətləri ilə əməkdaşlıq edirlər. Finlandiyanın media şirkətlərinin özlərinin də jurnalistika məktəbləri mövcuddur. 

        Qloballaşma dövründə jurnalistikanın özündə də ciddi dəyişikliklər baş verir. Bu gün jurnalist eyni vaxtda həm qəzet, həm radio, həm televiziya, həm internet, həm mobil jurnalistika üçün işləməyə imkan verən rəqəmsal  texnologiyalara  malikdir. Jurnalist kadrlarının hazırlanması sahəsində beynəlxalq təcrübədən istifadə etməklə ölkəmizdə də müəyyən işlər görülməkdədir.  Bu gün inkişaf etməkdə olan Azərbaycanda aşağıdakıları həyata keçirmək mümkündür:

         -BDU-nun jurnalistika fakültəsini  Azərbaycanda jurnalistikanın mərkəzinə çevirmək;

         - ölkədə nəşr olunan qəzet və jurnal, televiziya və informasiya agentlikləri əməkdaşlarının  təkmilləşdirilməsi üçün jurnalistika kursları təşkil etmək;

         - yaxın gələcəkdə digər ixtisaslar üzrə bakalavr pilləsini bitirənlərin ikinci ixtisasa - jurnalistika ixtisasına yiyələnmələri üçün BDU-nun jurnalistika fakültəsində şöbə açmaq;

        - jurnalistika fakültəsinin müəllimlərinin ixtisasının artırıb təkmilləşdirilməsi üçün xüsusi kurslar təşkil etmək və ya onların bəzilərinin tanınmış beynəlxalq jurnalistika məktəblərində və ya universitetlərinin jurnalistika fakültələrində staj keçmələrinə şərait yaratmaq.

        Ümumən, xarici ölkələrdə jurnalist təhsilinin təkmilləşdirilməsi sahəsində toplanmış zəngin təcrübədən istifadə etmək, Azərbaycanda jurnalist təhsilinin günün tələbləri səviyyəsinə qaldırılmasında çox böyük əhəmiyyət kəsb edərdi. 
 
Həmid VƏLİYEV,
BDU-nun beynəlxalq jurnalistika kafedrasının müdiri, 
professor         
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6296
GBP 1 İngilis funt sterlinqi 2.2077
TRY 1 Türk lirəsi 0.2957
KWD 1 Küveyt dinarı 5.6039
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9496
CHF 1 İsveçrə frankı 1.7086
USD 1 ABŞ dolları 1.7000