• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

İstiqlal şəfəqinin boyaları

18.05.18 10:30 1322
İstiqlal şəfəqinin  boyaları
Günəşin qürubunun işıltısı üzərinə düşdükcə, sonsuz üfüqlərdə parlayan nədir görən? Gecələrin keşikçisi hilalmı, yoxsa hilala həmdəm olub sayrışan ulduzlarmı? Xeyr. O, bir millətin keçmişini andıran, gələcəyinə şəfəq salan istiqlalının boyalarıdır. Bu bayraq işıqlı sabahlara yetmək üçün böyük bir zülmətdən keçib. Dalğalandıqca zülmətlərdən keçərək aydınlığa qovuşan tarixini gələcək nəsillərə hayqırır:Qara torpağın köksündə bahar çiçəyi açmışdı. Bu çiçək əsrlərdir açan bahar çiçəyindən fərqli idi. Çünki bu bahar da bir başqa idi. Bu çiçək dirçələn torpağın müjdəçisi idi-əsrlərin əsarət zəncirini qıran dirçəlişin müjdəçisi. 28 may 1918-ci il... Nəhayət baharın müjdəçisinin sədası eşidildi. İstiqlaliyyətini bəyan edən bir millət üçün bundan gözəl bahar ola bilərdimi?!
Bu mücadilənin zəfərini özündə təcəssüm etdirən rəmzlərin yaradılması istiqlalı əbədiləşdirdi. İstiqlalın ən böyük təcəssümü-millətinin azadlığı uğrunda canlarını fəda edən vətən övladlarının qanından yoğurulan al bayraq yarandı. Parlayan günəşin isti şəfəqləri üzərində əks olunduqca, həzin payız mehi əsdikcə, dalğalandı. 9 noyabr 1918-ci il - həmin xəzanlı gündə, o, al duvaqlı, yaşıl gözlü türk gözəlinə çevrildi. Şaxtalı qışın sərt rüzgarı belə onu əymədi - ucaldığı zirvədən endirə bilmədi. Lakin ömrünün üçüncü baharı sərt qışa çevrildi. Yenicə pöhrələnən fidanın başının üstünü qara buludlar aldı. İncə, zərif yarpaqları onu qorumaq üçün fidanı sardı. O, məhv olmadı. Yenidən ətrafına ətir saçacağı günəşli günlərinin yolunu gözlədi. Azad yaşamaq üçün çarpışdı. O bilirdi ki , onun yolunu nurlandıran hilal və ulduz yenidən parlayacaq. Bu zülmətin işıqlı bir sabahı olacaq...
Al duvaqlı, yaşıl gözlü türk gözəli öz yurdundan uzaqda idi. 1952-ci il Almaniya... O, vətənə geri dönmək üçün uzun bir səfərə çıxır. Bütün çətinliklərə rəğmən vətənə qayıdır. Vətəninə bağlı bir vətənpərvərin ocağında dalğalanır.
1988-ci il 17 noyabr... Zəfər meydanlarının bayrağı yenidən meydanda dalğalanır. Ona yenidən həyat verən isə bir türk gözəli olur. Əllərinin şəfqəti, ürəyinin sevgisi ilə ona yeni can verən gül təki bir qadın - Gültəkin ana...
1991-ci il 18 oktyabr... Fidanın üzərini sarmış yarpaqlar açılır. Payız yağışının damlaları onun kədərini yuyub aparır. Günəşin ilıq şəfəqləri həmin zərrələrə yanaşdıqca, zərrələrdə üç boya əks olunur - istiqlal şəfəqinin boyaları...
Tarixin sınağından zəfərlə çıxan bu bayraq bu gün vətənin müstəqillik mayakıdır. Onun gələcək günlərinə işıq salan mayak... Onun hər bir boyası bir tarixdir. Onun göy üzü kimi mavi boyası türklüyün tarixidir. Onun lalələr təki al qırmızı boyası mədəniyyətin, müstəqilliyin tarixidir. Onun çəmənlər təki yaşıl boyası islamın tarixdir. O, böyük bir millətin tarixidir...
2009-cu il 9 noyabr...Bir zamanlar azadlıq uğrunda meydanlarda dalğalanan bayrağın artıq öz azadlığının meydanı var. Vətən övladlarının qalibiyyəti bütün dünyanı onun meydanı edir. Lakin yarpaqları yenidən yaşıllaşan fidanın üzərində olan şehin bir zərrəsi yox ola bilmir. Nə qədər günəş paralasa da, yox ola bilmir. Görəsən niyə? Çünki o şeh deyil, fidanın göz yaşıdır. Axı o fidan bütöv bir vətəndə dirçəlmişdi. Axı o, başının tacı olan anasını necə unutsun?! Axı o xarı bülbülü necə unutsun? Amma onun ümidi var. Onun ümidi var ki, üzərini sarmış qara buludlar yox olan kimi bu ayrılıq da yox olacaq. Onun yolunun nur keşikçisi olan hilallı-ulduzlu istiqlal boyaları öz şəfəqini Bütöv Vətənə saçacaq. Xarı bülbül qayıdacaq...
Günel Natiqqızı,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi
banner

Oxşar Xəbərlər