İstiqlal şəfəqinin boyaları

Günəşin qürubunun işıltısı üzərinə düşdükcə,
sonsuz üfüqlərdə parlayan nədir görən? Gecələrin keşikçisi hilalmı, yoxsa hilala həmdəm
olub sayrışan ulduzlarmı? Xeyr.
O, bir millətin keçmişini andıran, gələcəyinə şəfəq salan istiqlalının
boyalarıdır. Bu bayraq işıqlı sabahlara yetmək üçün böyük bir zülmətdən keçib. Dalğalandıqca zülmətlərdən keçərək aydınlığa qovuşan tarixini gələcək nəsillərə hayqırır:Qara torpağın
köksündə bahar çiçəyi açmışdı. Bu çiçək əsrlərdir açan bahar çiçəyindən fərqli idi. Çünki bu bahar da
bir başqa idi. Bu çiçək dirçələn
torpağın müjdəçisi idi-əsrlərin əsarət zəncirini qıran dirçəlişin müjdəçisi. 28 may 1918-ci
il... Nəhayət baharın müjdəçisinin sədası eşidildi. İstiqlaliyyətini bəyan edən
bir millət üçün bundan gözəl bahar ola bilərdimi?!
Bu mücadilənin zəfərini
özündə təcəssüm etdirən rəmzlərin
yaradılması istiqlalı əbədiləşdirdi. İstiqlalın ən böyük təcəssümü-millətinin
azadlığı uğrunda canlarını fəda edən vətən övladlarının qanından yoğurulan al bayraq yarandı.
Parlayan günəşin isti şəfəqləri üzərində
əks olunduqca, həzin payız mehi əsdikcə, dalğalandı. 9 noyabr 1918-ci il - həmin xəzanlı gündə, o, al
duvaqlı, yaşıl gözlü türk gözəlinə
çevrildi. Şaxtalı qışın sərt rüzgarı belə
onu əymədi - ucaldığı zirvədən endirə bilmədi. Lakin ömrünün
üçüncü baharı sərt qışa çevrildi. Yenicə pöhrələnən fidanın başının
üstünü qara buludlar aldı. İncə, zərif yarpaqları onu
qorumaq üçün fidanı sardı. O, məhv olmadı. Yenidən ətrafına ətir saçacağı günəşli
günlərinin yolunu gözlədi. Azad yaşamaq üçün çarpışdı. O bilirdi ki , onun
yolunu nurlandıran hilal və ulduz yenidən parlayacaq. Bu zülmətin işıqlı bir sabahı olacaq...
Al duvaqlı,
yaşıl gözlü türk gözəli öz yurdundan
uzaqda idi. 1952-ci il Almaniya... O, vətənə geri dönmək üçün uzun bir səfərə
çıxır. Bütün çətinliklərə rəğmən vətənə qayıdır. Vətəninə bağlı bir vətənpərvərin
ocağında dalğalanır.
1988-ci il 17
noyabr... Zəfər meydanlarının bayrağı yenidən meydanda dalğalanır. Ona yenidən həyat verən isə bir türk gözəli olur. Əllərinin şəfqəti, ürəyinin sevgisi ilə ona yeni can verən gül təki
bir qadın - Gültəkin ana...
1991-ci il 18
oktyabr... Fidanın üzərini sarmış yarpaqlar açılır. Payız yağışının damlaları
onun kədərini yuyub aparır. Günəşin ilıq şəfəqləri həmin zərrələrə yanaşdıqca,
zərrələrdə üç boya əks olunur - istiqlal
şəfəqinin boyaları...
Tarixin
sınağından zəfərlə çıxan bu bayraq bu gün vətənin müstəqillik mayakıdır. Onun gələcək
günlərinə işıq salan mayak... Onun hər bir boyası bir tarixdir. Onun göy üzü
kimi mavi boyası türklüyün tarixidir. Onun
lalələr təki al qırmızı boyası mədəniyyətin, müstəqilliyin tarixidir. Onun çəmənlər
təki yaşıl boyası islamın tarixdir. O, böyük bir millətin tarixidir...
2009-cu il 9
noyabr...Bir zamanlar azadlıq uğrunda meydanlarda dalğalanan bayrağın artıq öz
azadlığının meydanı var. Vətən övladlarının qalibiyyəti bütün dünyanı onun
meydanı edir. Lakin yarpaqları yenidən yaşıllaşan fidanın üzərində olan şehin
bir zərrəsi yox ola bilmir. Nə qədər günəş paralasa da, yox ola bilmir. Görəsən
niyə? Çünki o şeh deyil, fidanın göz yaşıdır. Axı o fidan bütöv bir vətəndə dirçəlmişdi. Axı o,
başının tacı olan anasını necə unutsun?! Axı o xarı bülbülü necə unutsun? Amma
onun ümidi var. Onun ümidi var ki, üzərini sarmış qara buludlar yox olan kimi
bu ayrılıq da yox olacaq. Onun yolunun nur keşikçisi olan hilallı-ulduzlu istiqlal boyaları öz şəfəqini
Bütöv Vətənə saçacaq. Xarı bülbül qayıdacaq...
Günel
Natiqqızı,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi
