• cümə axşamı, 18 aprel, 16:30
  • Baku Bakı 22°C

İstiqlal bəyannaməsini imzalayan Həsən bəy - Cümhuriyyət - 100

07.02.18 12:30 3302
İstiqlal bəyannaməsini imzalayan Həsən bəy - Cümhuriyyət - 100
Həsən bəy Ağayev: "Tanımaqdan əvvəl tanınmaq lazımdır. Bu yolda azəri türkləri çox zəhmət çəkmişlərdi. Biz özümüzütanımasaydıq təbii bizi tanımazdılar və bugünkü günə qovuşa bilməzdik. Avropa indi gördü ki, azəri türklərinin digər mədəni millətlər kimi yaşamağa haqqı var”
"O şəxslər ki, millətin mayasını təşkil edir, onları yaşatmaq millət üçün vacibdir”. Və belə tarixi şəxsiyyətlərin qiymətini zaman verir. İllər sonra zamanın qiymətləndirdiyi, millət yükünü öhdəsinə götürən, qətiyyətli, cəsarətli, böyük təşkilatçılıq bacarığı olan, Azərbaycanın azadlığı və istiqlalı uğrunda canını fəda edən tarixi şəxsiyyətlərdən biri də Həsən bəy Ağayev idi. Uzun illər sovet tədqiqatçıları onun adını kitablardan silsələr də, tarixdən, qədirbilən xalqın yaddaşından silə bilmədilər.
Kim idi Həsən bəy Ağayev? Azərbaycan Xalq Cümhuriyyətinin ən öncül liderlərindən biri, istedadlı publisist, bacarıqlı həkim, savadlı müəllim, tərcüməçi və ən əsası bütün varlığı ilə millətinə, torpağına bağlı olan, onu sevən, adı elimizin qeyrət və hünər tarixində ədəbi yaşayan bir ziyalı.
Həsən bəy 1875-ci ildə Gəncədə Məşədi Hüseynqulu bəyin ailəsində dünyaya gəlib. Dövrünün uşaqları kimi, o da ilk olaraq mədrəsə təhsili almış, sonra Gəncədəki klassik gimnaziyada davam etdirmişdir. Gimnaziya təhsili Həsəni qane etmir, o, daha mükəmməl təhsil almağa can atır və xoşbəxtlikdən buna nail də olur. Həsənin arzusunu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev reallaşdırır. Onun maddi köməkliyi ilə Həsən Moskva Universitetinin tibb fakültəsinə daxil olur və 1901-ci ildə universiteti müvəffəqiyyətlə bitirib Bakıya qayıdır. Bakıda Hacının qız məktəbində həkim işləyən Həsən bəy, elə Hacının köməkliyi ilə 1905-ci ildə Xədicə xanımla ailə qurur. O zaman Xədicə xanım da Hacının qız məktəbində müəllimə işləyirdi.
1905-1907-ci ildə ölkədə baş verən siyasi-ictimai hadisələr ziyalıların diqqətini daha çox cəlb edir. Xüsusən də 1905-1906-cı illərdə yaşanan milli (erməni-müsəlman) münaqişələri. Həmin illərdə ermənilərin Bakıda, Gəncədə, Şamaxıda, Qarabağda, Qubada və başqa yerlərdə müsəlmanlara qarşı törətdikləri vəhşiliklər, amansızlıqlar Azərbaycan ziyalılarını həm sözü, həm əməli ilə mübarizəyə qaldırır. 1906-cı ildə Əhməd bəy Ağaoğlunun yaratdığı "Difai” partiyasının bölgələrdə şöbələri yaradılır. Həsən bəy də Gəncədə "Difai”nin şöbəsini yaradır və bütün Gəncə vətənpərvərlərini ətrafına toplayır. 1905-1907-ci illər inqilabları xalqı azadlığı, müstəqilliyi uğrunda mübarizəyə sövq etdi. Bu zaman Həsən bəy inqilabçılarla birlikdə xalq arasında təbliğat işi aparmağa başlayır və elə jurnalistikaya da 1905-ci ildə "Həyat” qəzetində çap olunan "Şəhri-müqəddəs” adlı ilk məqaləsi ilə gəlir. "Silk-sinif-firqə” adlı siyasi məzmunlu kitabçanı azərbaycan dilinə çevirərək, 1906-cı ildə Tiflisdə "Qeyrət” mətbəəsində çap etdirir. Kitabça sürətlə yayılır. Onun nəşrinə və yayımına görə təqiblərə məruz qalan Həsən bəy bir müddət ailəsi ilə birlikdə İrana mühacirət etməyə məcbur qalır. İranda Allahabadd şəhərində məskunlaşan Həsən bəy, Bakı ilə əlaqələrini kəsmir. Burada baş verən hadisələri izləyir, onlara münasibət bildirir. Ona görə də bir müddət sonra yenidən vətənə qayıdır. Amma bu dəfə Gəncədə məskunlaşır. Gəncədə həkimliklə yanaşı, jurnalistlik fəaliyyətini də davam etdirir. "Molla Nəsrəddin”, "Zənbur” satirik jurnallarına və "Kaspi”, "Baku” qəzetlərinə siyasi, sosial, tibbi məzmunda məqalələr göndərərək, əməkdaşlıq edir.
1911-1912-ci illərdə Həsən bəy Gəncədə P.Fyodorov və M.Qrivsovla bərabər "Yujni Kavkaz” adlı gündəlik siyasi, ictimai, ədəbi qəzetə redaktorluq edir. O, bu qəzetdə "X.A.” imzası ilə publisistik məqalələr yazıb. Müəllif sonralar "Ağayev”, "Aqaxas”, "Təbib” və "Aqayev Xasan” imzaları ilə oxucularının görüşünə gəlir. Xalqın maariflənməsi, sağlamlığı Həsən bəyi daha çox düşündürürdü. O, 1914-cü ildə Gəncədə Xudad bəy Rəfibəyli ilə birlikdə ilk dəfə olaraq "Vilayət tibb cəmiyyəti”ni yaradır və əhali arasında təbabətə dair söhbətlər aparırdı (Sonralar bu cəmiyyət "Gəncə tibb cəmiyyəti” adlandırılır). Hər an tibbi biliklərini artırmaq üçün mütaliə edən, tanınmış tibbi mütəxəssislərlə məktublaşan, məsləhətlər alan Həsən bəy, Polyak alimi L.Zomenhofla məktublaşaraq hipnotizm məsələlərini tədqiq etməyə başlayır. "Tibbi müsahibələr-Xolera” adlı əsərini də bu münasibətlə yazır.
Lakin 1917-ci ildə Rusiyada baş verən hadisələr əksər ziyalılar kimi, Həsən bəyi daha çox siyasi hadisələrə yönədir. Bu zaman Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə "Türk Ədəmi-Mərkəziyyət Partiyası”nı yaradırlar. 1917-ci ilin aprelində Bakıda, mayda isə Moskvada Qafqaz müsəlmanlarının qurultayı çağırılır və Həsən bəy hər iki qurultayda çıxış edərək Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsi məsələsini irəli sürür. 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda "Müsavat”ın birinci qurultayı keçirilir. Qurultayda Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırında isə Ümumrusiya Müəssislər məclisinə nümayəndə seçilir. Rusiyada oktyabr çevrilişi baş verdiyinə görə, Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilmirlər. Onlar 1918-ci ilin 10 fevralında Tiflisdə toplaşaraq Cənubi Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya seymini yaradaraq, aprelin 22-də Cənubi Qafqazın suverenliyini elan edir, Zaqafqaziya Demokratik Federativ Respublikası Hökumətini yaradırlar. Zaqafqaziya Seymində müsəlman fraksiyasının üzvü olan Həsən bəy, bütün bu tədbirlərdə yaxından iştirak edərək, öz fikir və mülahizələrini bildirmişdir.
Zaqafqaziya Seymi və hökuməti bu ərazidə yaşayan millətlərin milli maraqlarına cavab vermədiyindən, həmin il mayın 25-də buraxılır. Mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edir və rəyasət heyətini seçir. Bu vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan M.Ə.Rəsulzadə Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilmişdir. Elə İstiqlal bəyannaməsini də ilk olaraq Həsən bəy imzalamışdır. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında sədrin birinci müavini seçilir. Amma Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından, ona rəhbərliyi 1920-ci ilin 2 fevralına kimi Həsən bəy etmişdir. Bu dövrdə onun rəhbərliyi və təşəbbüsü ilə Parlament bir necə mühüm qanunvericilik aktları qəbul edilmişdir O, vəzifəsindən istefa verərkən, mühüm xidmətləri nəzərə alınaraq, bütün parlament üzvlərinin imzası ilə ona təşəkkür elan edilmişdir.
Təbiətən sadə, səmimi, mehriban olan Həsən bəy, aprel işğalından sonra çox əsəbi, qaradinməz olmuşdu. Bakıda yaşayan ruslar və ermənilər yerli bolşeviklərlə birləşərək ölkə ərazisində dəhşətli qırğınlar törədərək, Azərbaycanda siyasi və iqtisadi vəziyyəti ağır duruma gətirirlər. Baş verən hadisələr Həsən bəyi Tiflisə mühacirət etməyə məcbur edir. Tiflisdə 13 iyun 1920-ci ildə böyük ümid və həyəcanla Qafqaz İslam Ordusunun komandanı Ənvər paşaya məktub yazan Həsən bəy, sonda "rus ordusunun Azərbaycandan çıxarılmasına yalvarıram” qeyd edərək, bütün varlığı ilə imdad diləyir, fəryad qoparırdı...
Parlamentin iclaslarından birində "Biz Azərbaycanın bütün vətəndaşlarını azad və tam hüquqlu təsəvvür edirik. Bizdə ögey-doğmalıq yoxdur...” söyləyən Həsən bəy, Azərbaycanda hakimiyyəti silah gücünə zəbt etmiş bolşeviklərin ögey münasibətinə məruz qalaraq, 1920-ci il iyulun 19-da Tiflisdə muzdlu erməni tərəfindən vəhşicəsinə qətlə yetirilir. Eyni yolla iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli Xan Xoyski Tiflisdə Aram Erkanyan və Misaq Qriqoryan tərəfindən xaincəsinə öldürülmüşdü. Bir ay sonra isə eyni yerdə, eyni üsulla Həsən bəy öldürülür. Bu haqda Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də böyük təəssüf hissi ilə yazırdı: "Kommunistlər onu erməni qatillərinin əli ilə məhv ediblər”.
Çox təəssüflər ki, kommunistlər yalnız Həsən bəyi öldürməklə kifayətlənmirlər. Onun başsız qalan gənc həyat yoldaşına və üç qızına sovetlər cəhənnəm əzabı yaşadır. Hətta qızları ailə qurduqdan sonra da bu təqiblər davam edir. Görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov yazırdı: "Əllinci illərdə Həsən bəyin qızı, professor Nəzakət xanımın ailəsində oldum. Mən Nəzakət xanımın və onun ömür yoldaşı, görkəmli dilçi alim, akademiyanın müxbir üzvü Əliheydər Orucovun uzun illər rəsmi təqiblərdən böyük əziyyət çəkdiklərinin şahidlərindənəm” (Ailənin 1920-50-ci illər arası necə böyük əzablara düçar olduğu haqqında "Sovetlər Xədicə xanıma cəhənnəm əzabı yaşatdı” adlı məqaləmdə geniş bəhs etmişəm).
Bu il əsrlər boyu milli müstəqilliyimiz uğrunda mübarizə aparmış, yüzlərlə millət fədaisinin canını qurban verdiyi Cümhuriyyətimizin 100 yaşı tamam olur! Müstəqilliyimizin əbədi olması üçün hər birimiz bu qeyrət və hünər tarixini şərəflə davam etdirməliyik. O zaman Həsən bəy və onun məslək yoldaşlarının ruhu rahatlıq tapar!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər