İstiqlal bəyannaməsini imzalayan Həsən bəy - Cümhuriyyət - 100
Həsən bəy Ağayev: "Tanımaqdan
əvvəl tanınmaq lazımdır. Bu yolda azəri türkləri çox zəhmət çəkmişlərdi. Biz
özümüzütanımasaydıq təbii bizi tanımazdılar və bugünkü günə qovuşa
bilməzdik. Avropa indi gördü ki, azəri türklərinin digər mədəni millətlər kimi
yaşamağa haqqı var”
"O şəxslər ki, millətin
mayasını təşkil edir, onları yaşatmaq millət üçün vacibdir”. Və belə tarixi
şəxsiyyətlərin qiymətini zaman verir. İllər sonra zamanın qiymətləndirdiyi,
millət yükünü öhdəsinə götürən, qətiyyətli, cəsarətli, böyük təşkilatçılıq
bacarığı olan, Azərbaycanın azadlığı və istiqlalı uğrunda canını fəda edən
tarixi şəxsiyyətlərdən biri də Həsən bəy Ağayev idi. Uzun illər sovet
tədqiqatçıları onun adını kitablardan silsələr də, tarixdən, qədirbilən xalqın
yaddaşından silə bilmədilər.
Kim idi Həsən bəy Ağayev? Azərbaycan Xalq Cümhuriyyətinin ən öncül liderlərindən
biri, istedadlı publisist, bacarıqlı həkim, savadlı müəllim, tərcüməçi və ən əsası bütün varlığı
ilə millətinə, torpağına bağlı olan, onu sevən, adı elimizin qeyrət və hünər
tarixində ədəbi yaşayan bir ziyalı.
Həsən bəy 1875-ci ildə Gəncədə Məşədi Hüseynqulu bəyin ailəsində
dünyaya gəlib. Dövrünün uşaqları kimi, o da ilk olaraq mədrəsə təhsili almış,
sonra Gəncədəki klassik gimnaziyada davam etdirmişdir. Gimnaziya təhsili Həsəni
qane etmir, o, daha mükəmməl təhsil almağa can atır və xoşbəxtlikdən buna nail
də olur. Həsənin arzusunu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev reallaşdırır.
Onun maddi köməkliyi ilə Həsən Moskva Universitetinin tibb fakültəsinə daxil
olur və 1901-ci ildə universiteti müvəffəqiyyətlə bitirib Bakıya qayıdır.
Bakıda Hacının qız məktəbində həkim işləyən Həsən bəy, elə Hacının köməkliyi
ilə 1905-ci ildə Xədicə xanımla ailə qurur. O zaman Xədicə xanım da Hacının qız
məktəbində müəllimə işləyirdi.
1905-1907-ci ildə ölkədə baş verən siyasi-ictimai hadisələr
ziyalıların diqqətini daha çox cəlb edir. Xüsusən də 1905-1906-cı illərdə yaşanan
milli (erməni-müsəlman) münaqişələri. Həmin illərdə ermənilərin Bakıda,
Gəncədə, Şamaxıda, Qarabağda, Qubada və başqa yerlərdə müsəlmanlara qarşı
törətdikləri vəhşiliklər, amansızlıqlar Azərbaycan ziyalılarını həm sözü, həm
əməli ilə mübarizəyə qaldırır. 1906-cı ildə Əhməd bəy Ağaoğlunun yaratdığı
"Difai” partiyasının bölgələrdə şöbələri yaradılır. Həsən bəy də Gəncədə
"Difai”nin şöbəsini yaradır və bütün Gəncə vətənpərvərlərini ətrafına toplayır.
1905-1907-ci illər inqilabları xalqı azadlığı, müstəqilliyi uğrunda mübarizəyə sövq etdi. Bu zaman Həsən bəy
inqilabçılarla birlikdə xalq arasında təbliğat işi aparmağa başlayır və elə
jurnalistikaya da 1905-ci ildə "Həyat” qəzetində çap olunan "Şəhri-müqəddəs”
adlı ilk məqaləsi ilə gəlir. "Silk-sinif-firqə” adlı siyasi məzmunlu kitabçanı
azərbaycan dilinə çevirərək, 1906-cı ildə Tiflisdə "Qeyrət” mətbəəsində çap
etdirir. Kitabça sürətlə yayılır. Onun nəşrinə və yayımına görə təqiblərə məruz
qalan Həsən bəy bir müddət ailəsi ilə birlikdə İrana mühacirət etməyə məcbur
qalır. İranda Allahabadd şəhərində məskunlaşan Həsən bəy, Bakı ilə əlaqələrini
kəsmir. Burada baş verən hadisələri izləyir, onlara münasibət bildirir. Ona
görə də bir müddət sonra yenidən vətənə qayıdır. Amma bu dəfə Gəncədə məskunlaşır.
Gəncədə həkimliklə yanaşı, jurnalistlik
fəaliyyətini də davam etdirir. "Molla Nəsrəddin”, "Zənbur” satirik
jurnallarına və "Kaspi”, "Baku” qəzetlərinə siyasi, sosial, tibbi məzmunda
məqalələr göndərərək, əməkdaşlıq edir.
1911-1912-ci illərdə Həsən
bəy Gəncədə P.Fyodorov və M.Qrivsovla bərabər "Yujni Kavkaz” adlı gündəlik
siyasi, ictimai, ədəbi qəzetə redaktorluq edir. O, bu qəzetdə "X.A.” imzası ilə
publisistik məqalələr yazıb. Müəllif sonralar "Ağayev”, "Aqaxas”, "Təbib” və
"Aqayev Xasan” imzaları ilə oxucularının görüşünə gəlir. Xalqın maariflənməsi,
sağlamlığı Həsən bəyi daha çox düşündürürdü. O, 1914-cü ildə Gəncədə Xudad bəy
Rəfibəyli ilə birlikdə ilk dəfə olaraq "Vilayət tibb cəmiyyəti”ni yaradır və
əhali arasında təbabətə dair söhbətlər aparırdı (Sonralar bu cəmiyyət "Gəncə
tibb cəmiyyəti” adlandırılır). Hər an tibbi biliklərini artırmaq üçün mütaliə
edən, tanınmış tibbi mütəxəssislərlə məktublaşan, məsləhətlər alan Həsən bəy, Polyak
alimi L.Zomenhofla məktublaşaraq hipnotizm məsələlərini tədqiq etməyə başlayır.
"Tibbi müsahibələr-Xolera” adlı əsərini də bu münasibətlə yazır.
Lakin 1917-ci ildə
Rusiyada baş verən hadisələr əksər ziyalılar kimi, Həsən bəyi daha çox siyasi
hadisələrə yönədir. Bu zaman Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə
"Türk Ədəmi-Mərkəziyyət Partiyası”nı yaradırlar. 1917-ci ilin aprelində Bakıda,
mayda isə Moskvada Qafqaz müsəlmanlarının qurultayı çağırılır və Həsən bəy hər
iki qurultayda çıxış edərək Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsi
məsələsini irəli sürür. 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda "Müsavat”ın
birinci qurultayı keçirilir. Qurultayda Həsən bəy partiyanın mərkəzi
komitəsinin üzvü, ilin axırında isə Ümumrusiya Müəssislər məclisinə nümayəndə
seçilir. Rusiyada oktyabr çevrilişi baş verdiyinə görə, Cənubi Qafqazdan
Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə
bilmirlər. Onlar 1918-ci ilin 10 fevralında Tiflisdə toplaşaraq Cənubi Qafqazda
ali hakimiyyət orqanı olan Zaqafqaziya seymini yaradaraq, aprelin 22-də Cənubi
Qafqazın suverenliyini elan edir, Zaqafqaziya Demokratik Federativ Respublikası
Hökumətini yaradırlar. Zaqafqaziya
Seymində müsəlman fraksiyasının üzvü olan Həsən bəy, bütün bu tədbirlərdə
yaxından iştirak edərək, öz fikir və mülahizələrini bildirmişdir.
Zaqafqaziya Seymi və
hökuməti bu ərazidə yaşayan millətlərin milli maraqlarına cavab vermədiyindən,
həmin il mayın 25-də buraxılır. Mayın 27-də Seymin müsəlman fraksiyası özünü
Azərbaycan Milli Şurası elan edir və rəyasət heyətini seçir. Bu vaxt Batumda
Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan M.Ə.Rəsulzadə Şuranın sədri,
Həsən bəy Ağayev isə onun müavini seçilmişdir. Elə İstiqlal bəyannaməsini də
ilk olaraq Həsən bəy imzalamışdır. O,
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında sədrin birinci müavini
seçilir. Amma Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda
olmadığından, ona rəhbərliyi 1920-ci ilin 2 fevralına kimi Həsən bəy etmişdir.
Bu dövrdə onun rəhbərliyi və təşəbbüsü ilə Parlament bir necə mühüm
qanunvericilik aktları qəbul edilmişdir O, vəzifəsindən istefa verərkən, mühüm
xidmətləri nəzərə alınaraq, bütün parlament üzvlərinin imzası ilə ona təşəkkür
elan edilmişdir.
Təbiətən sadə,
səmimi, mehriban olan Həsən bəy, aprel işğalından sonra çox əsəbi, qaradinməz
olmuşdu. Bakıda yaşayan ruslar və ermənilər yerli bolşeviklərlə birləşərək ölkə
ərazisində dəhşətli qırğınlar törədərək, Azərbaycanda siyasi və iqtisadi
vəziyyəti ağır duruma gətirirlər. Baş verən hadisələr Həsən bəyi Tiflisə
mühacirət etməyə məcbur edir. Tiflisdə 13 iyun 1920-ci ildə böyük ümid və həyəcanla
Qafqaz İslam Ordusunun komandanı Ənvər paşaya məktub yazan Həsən bəy, sonda "rus
ordusunun Azərbaycandan çıxarılmasına yalvarıram” qeyd edərək, bütün varlığı
ilə imdad diləyir, fəryad qoparırdı...
Parlamentin
iclaslarından birində "Biz Azərbaycanın bütün vətəndaşlarını azad və tam
hüquqlu təsəvvür edirik. Bizdə ögey-doğmalıq yoxdur...” söyləyən Həsən bəy,
Azərbaycanda hakimiyyəti silah gücünə zəbt etmiş bolşeviklərin ögey
münasibətinə məruz qalaraq, 1920-ci il iyulun 19-da Tiflisdə muzdlu erməni
tərəfindən vəhşicəsinə qətlə yetirilir. Eyni yolla iyunun 19-da Azərbaycan Xalq
Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli Xan Xoyski Tiflisdə Aram Erkanyan və
Misaq Qriqoryan tərəfindən xaincəsinə öldürülmüşdü. Bir ay sonra isə eyni
yerdə, eyni üsulla Həsən bəy öldürülür. Bu haqda Həmidə xanım Cavanşir
(Məmmədquluzadə) "Xatirələrim”də böyük təəssüf hissi ilə yazırdı: "Kommunistlər
onu erməni qatillərinin əli ilə məhv ediblər”.
Çox təəssüflər ki,
kommunistlər yalnız Həsən bəyi öldürməklə kifayətlənmirlər. Onun başsız qalan
gənc həyat yoldaşına və üç qızına sovetlər cəhənnəm əzabı yaşadır. Hətta
qızları ailə qurduqdan sonra da bu təqiblər davam edir. Görkəmli ədəbiyyatşünas
alim Əziz Mirəhmədov yazırdı: "Əllinci illərdə Həsən bəyin qızı, professor
Nəzakət xanımın ailəsində oldum. Mən Nəzakət xanımın və onun ömür yoldaşı,
görkəmli dilçi alim, akademiyanın müxbir üzvü Əliheydər Orucovun uzun illər
rəsmi təqiblərdən böyük əziyyət çəkdiklərinin şahidlərindənəm” (Ailənin 1920-50-ci illər arası necə böyük
əzablara düçar olduğu haqqında "Sovetlər Xədicə xanıma cəhənnəm əzabı yaşatdı”
adlı məqaləmdə geniş bəhs etmişəm).
Bu il əsrlər boyu milli
müstəqilliyimiz uğrunda mübarizə aparmış, yüzlərlə millət fədaisinin canını
qurban verdiyi Cümhuriyyətimizin 100 yaşı tamam olur! Müstəqilliyimizin əbədi
olması üçün hər birimiz bu qeyrət və hünər tarixini şərəflə davam etdirməliyik.
O zaman Həsən bəy və onun məslək yoldaşlarının ruhu rahatlıq tapar!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist