İstedad və zəhmətin işığı
Əlinə qələm aldığı gündən-daha doğrusu,
peşəkar tədqiqatla məşğul olandan qaranlıq talelərə işıq tutub. Sovet dövründə
alı təhsil aldı, elmi iş yazdı, dövrü mətbuatda maraqlı yazıları diqqət çəkdi.
Amma bütün bunlarla yanaşı, əsərləri arxivlərdə, özləri qürbətdə olan
soydaşlarımızı aramaq, axtarmaq istəyindən heç vaxt geri çəkilmədi. Qələm
dostumuz Aslan Kənan həmişə o şəxsiyyətləri aradı ki, bütün varlıqları ilə
millətə, Vətənə, işıqlı sabahlarımıza bağlı oldular, amma öz həyatları repressiyaya,
işgəncəyə, gedər-gəlməzə tuş oldu.
Əlbəttə, bu cür yaradıcılığın da öz çətinlikləri və əzabı var. Amma
Aslan qələmini məhz bu istiqamətə yönəltdi.
Bu gün onun əsərlərini gördükcə, əməyinin boşa getmədiyi aydınlaşır və
qəlbimizdə Aslan Kənana bir minnətdarlıq duyğusu keçiririk.
Rana
təxəllüslü müəllif kimdir?
O,
1993-cü ildə Türkiyədə nəşr olunmuş "Onlar türklərdi” əsərini dilimizə
çevirərək, oxuculara çatdırdı. Burada iki önəmli məsələdən mütləq danışmaq
lazımdır. Birinci, bu kitabda Böyük
Vətən müharibəsindən və cəbhədə döyüşən,
sonradan taleyi qaranlığa tuş gələn, Sibirin buzlu çöllərində çürüyən
soydaşlarımızdan bəhs edilir. Üç hissədən ibarət olan əsərin bizə yalnız II
hissəsi gəlib çatıb. Aslan Kənan kitaba yazdığı ön sözdə bildirir ki, bu əsər
Stalin düşərgələrində 300 milyon türkün yalnız 30 nəfərinin başına gələn
faciələrdən söhbət açır. İkinci mühüm məsələ isə kitabın müəllifi ilə bağlıdır.
Rana! Bu təxəllüslə müxtəlif əsərlər yazan yazıçı əslində kimdir? Aparılan
araşdırmalar nəticəsində məlum olub ki, Rana təxəllüslü müəllif də elə bizim öz soydaşımızdır.
Yadımdadır ki, bir neçə il öncə "Ruhumuzun ünvanı Şuşa” kitabını hazırlayarkən
qürbətdə ömür sürmüş Şuşanın qərib övladlarını
araşdırmalı oldum. Cəmil İbrahim oğlu Ağayevin izinə düşdüm.
Çox təzadlı
ömür yolu keçmiş bu vətən oğlu ikinci dünya müharibəsində faşistlərə əsir
düşüb. O zaman Türkiyə Azərbaycan
oğullarını həbs düşərgələrindən, ölüm caynaqlarından xilas edirdi. Belə
qurtuluş tapanlardan biri də şuşalı balası olub. Uzun müddət siyasi mühacir
kimi vətənin qapıları onun üzünə bağlı idi. Geriyə dönə bilməzdi. Burada onu ya
zindan, ya da Sibirin buzlu çölləri gözləyirdi. Bəlkə də heç belə olmayacaqdı?!
O, Türkiyənin ayrı-ayrı bölgələrində müəllim kimi çalışmaqla yanaşı, həm siyasi
fəaliyyətlə, həm də yaradıcılıqla məşğul olub. Adətən bədii yazılarını Abay
Dağlı, siyasi yönümdəki məqalə və əsərlərini Rana təxəllüsü ilə qələmə alardı.
Çox az ömür sürüb. Ömrünün 24-cü baharında doğma vətənini, 58 yaşında isə dünyasını əbədi tərk edən Abay
Dağlı ən çox Şuşadan yazıb:
Şuşanın əyri yolu,
Gül-çiçəklə dolu.
Orda cüt gəzirlər
Mən burda həsrət
dolu.
Bu
kitabı vərəqlədikcə...
Aslan Kənan Üzeyir bəy Hacıbəylinin 1918-1920-ci illərdə
"Azərbaycan” qəzetində ərəb əlifbası ilə dərc olunmuş məqalə və felyetonlarını
ilk dəfə latın qrafikasına çevirərək, oxucuların istifadəsinə vermişdir. Eləcə
də xalq yazıçısı Mirzə İbrahimovun 1930-1960-cı illərdə bir çox sənət dostları,
mədəniyyət xadimləri, həmkarları və həyat yoldaşı Sara xanımla məktublaşması
Aslan Kənan tərəfindən latın qrafikasına çevrilmişdir. Müəllif "XX əsrdə repressiyaya
məruz qalanlar”, "30-cu illərin günahsız qurbanları " adlı əsərlərində isə işgəncələrə tuş gəlmiş, qətlə yetirilmiş
ədəbiyyat və incəsənət xadimlərinin, sadə insanların həyat yollarını arxiv
sənədlər əsasında qələmə alaraq, o qanlı hadisələri işıqlandırmağa müvəffəq olmuşdur. Qaranlıq taleləri araşdırmağı, illərlə
gizlədilmiş həqiqətləti üzə çıxarmağı vətəndaşlıq və qələmdaşlıq borcu kimi yerinə yetirən Aslan Kənan onlarla
məqalənin, ssenarilərin və müxtəlif kitabların müəllifidir. Hazırladığı,
tərtibçisi, redaktoru olduğu kitablar da çoxdur. Onlardan biri də yaxın illərdə
çap edilmiş "Azərbaycanın musiqi xəzinəsi” adlı kitabdır. Bu nəşrin müəllifi
Firudin Şuşinskidir. Amma buradakı əsərləri toplayan, tərtib edən, nəşrə
hazırlayan və ön sözün müəllifi məhz Aslan Kənandır.
Doğrudur, Firudin Şuşinskinin öz sağlığında eyni adlı kitabı işıq
üzü görüb. Amma yeni nəşr əvvəlki nəşrdən fərqlidir. Burada elə xalq musiqisi
və onun tanınmış nümayəndələri var ki,
haqqında ilk dəfə ətraflı məlumat verilir. Müəllif ön sözdə bildirir: "Bu
kitabı vərəqlədikcə, oxucu Azərbaycanın nadir sənətkarlarından, xanəndə və
musiqiçilərindən bəhs edən yeni hadisələrlə qarşılaşır, hər şeydən əvvəl,
nəhəng musiqi bahadırları yetişdirmiş misilsiz xəzinəni andıran Qarabağ, onun
zümrüd tacı Şuşa canlanır. Müəllif bu sənətkarların hansı musiqi mənbələrindən
bəhrələndiklərini və onların yetişməsinə səbəb olan amilləri göstərir. Şuşada
Xarrat Qulunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud ağanın, Bakıda Məşədi
Məlik Mənsurovun, Gəncədə Cəmil Əmirovun və digər görkəmli musiqişünasların
məclislərinin bütünlüklə Azərbaycanda yetişən musiqi nümayəndələri və
xanəndələri üçün klassik məktəb rolunu oynaması bu kitabda öz əksini tapıb.”
O, heç vaxt
ağlına gətirə bilməzdi ki...
Aslan
Kənanın qürbətdə ömrünü başa vurmuş soydaşlarımızın ədəbi irsini araşdırması, onların
vətən üçün necə çırpınmasını, xiffət
içində yaşamasını, mübarizə aparmasını qələmə alması çox mətləbdən xəbər
verir. Onlar həqiqətən də Azərbaycanın
işıqlı gələcəyi yolunda həyatlarını oda atdılar, vətəndən uzaqda vətən üçün
çalışdılar. Vətən yolunda həyatını qürbət eldə solduran Ceyhun Hacıbəyli kimi.
Əslində Ceyhun bəy Fransada yaşasa da,
çox şeyi var idi. Gözəl ailəsi, cəmiyyətdə mövqeyi, nüfuzu, yaxşı dostları
həmrəy olduğu insanlar, Avropanın bütün ölkələrinə açılan qapısı… Müstəqil
yaşayırdı, azad düşüncə sahibi idi. Amma vətən həsrəti içini ac qurd kimi yeyirdi. Bu səbəbdən də Qarabağla bağlı
yaddaşında olanları yadigar qalsın deyə, kağızlara köçürürdü. O, heç vaxt
ağlına gətirə bilməzdi ki, həsrətini soyutmaq üçün bildiklərinin hamısını
qələmə alması gələcəkdə həmvətənlərinə də çatacaq, onun nisgili ürəklərdə
alışıb yanacaq. Məsələn, "Qarabağın dialekti və folkloru” 1934-cü ildə Parisdə
"Asiya” jurnalında çap edilib. Qarabağın etnoqrafiyasını öyrənmək istəyən
avropalılar üçün bu əsər olduqca zəngin məxəzdir. Aslan Kənanın da Ceyhun
Hacıbəyli ilə bağlı təqdirəlayiq işlərindən biri də bu yaxın günlərdə çapdan çıxıb - "Qürbətdən gələn səslər”.
Ceyhun Hacıbəylinin mühacirət həyatını əks etdirən yeni nəşrdə onun məktubları toplanıb. Oxucuların
diqqətinə çatdıraq ki, 1990-cı illərin əvvəllərində YUNESKO-nun səlahiyyətli
nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan vətənə
gətirməklə əvəzsiz xidmətlər göstərmişdir.
Ceyhun Hacıbəylinin məktublarını
ərəb əlifbasından latın qrafikasına çevirərək, bu kitab vasitəsi ilə bizə
çatdıran Aslan Kənan ön sözdə yazib: " Əlli illik bir dövrü (1912-1962-ci
illər) əks etdirən bu məktublarda umu-küsülər, şikayətlər, haqsızlıqlar, ağır
həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan
yazılar, vətəndə gedən hadisələr öz əksini tapmışdır.” Oxuculara təqdim olunan
bu kitabda Ceyhun Hacıbəylinin Məmməd Əmin Rəsulzadəyə, Əhməd bəy Ağaoğluna,
Məcid bəyə və digərlərinə yazdığı, eləcə də onun özünə əzizləri, müxtəlif
şəxsiyyətlər tərəfindən yazılmış məktublar toplanıb. Üzeyir Hacıbəylinin
qardaşına yazdığı məktublarda o dövrün ab-havası elə incəlik və həssaslıqla
qələmə alınıb ki… 1920-1927- ci ilə kimi yazdığı məktubların əksəriyyətində
Üzeyir bəy qardaşını elə mehriban, isti sözlərlə vətənə çağırır ki… Amma
1932-ci ildə yazdığı məktubdakı bu cümləyə fikir verin: "Ümidvaram ki, axırımız
yaxşı olar və yenə görüşərik, bir az səbir və səbat lazımdır, özünüzü və
uşaqları azarlamadan gözləyib, canınızı sağlamlaşdırınız. Hər şeyin əvvəli
sağlıqdır.” Başqa bir məktubdan isə "Bizə heç nə göndərmə, yolda itir” yazıb.
Ceyhun Hacıbəyliyə vətəndən, eləcə də başqa ölkələrdən göndərilmiş məktubların sarı simi onun doğmalarının yanına qayıtması
üçün yolların axtarılmasıdır. Bu məsələnin başlıca tərəfi. Amma dövrün qadağaları,
quruluşun diktəsi öz işini görməkdə idi.
Bu görüş baş tutmadı… Amma ayrılığın ömrü başa yetdi. Ceyhun
Hacıbəylinin övladı, nəvəsi Azərbaycana gəldi. Təəssüf ki, həyatda nə Üzeyir bəy,
nə də Ceyhun , Zülfüqar, Niyazi var idi, Qarabağ da erməni vandalları
tərəfindən işğal edilmişdi…
"Qürbətdən gələn səslər”də toplanan məktublar
əslində qardaşların, qohumların, dostların bir-birlərinə göndərdikləri adicə
namələr demək deyil. Bu məktublarda həm bir millətin başına gələn faciələrin,
dərdlərin səbəbkarları tanıdılır, həm də qürbətdə dünyalarını dəyişmiş
soydaşlarımızın mühacirətdəki vətən sevgisi və xiffəti duyulur. Bu məktubların
hər bir cümləsində vətən harayı eşidilir, Qarabağ düzü görünür…
Sonda mən bütün yazarlara və həmkarlarıma bir söz
də demək istərdim ki, araşdırma zamanı təftişə yox, tədqiqata fikir verin. Bax,
elə yaradıcılığını təqdir etdiyimiz Aslan Kənan kimi. Kimin kimdənsə xoşu
gəlməyə bilər, amma milli mənafedə, millətə xidmətdə birləşə biliblərsə, bundan
yazmaq və oxuculara çatdırmaq lazımdır. Bu gün arxivlərdə uyuyan talelərə işıq
salmaq həqiqətən çox vacibdir. İşığa doğru addımlayan insanların məram və
məqsədlərini aramaq, yazmaq həm örnəyi çatdırmaqdır, həm özünün bir örnək
olduğunu təsdiqləməkdir.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist