İsmayıl Bəy Qaspiralı yaradıcılığında qadın problemi
XIX
əsrin sonu, XX əsrin əvvəllərində Krım-tatar ədəbiyyatının görkəmli
nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi,
xalq maarifi islahatçısı, "üsuli-cədid” hərəkatının və tatar mətbuatının
banisi, " türkçülük hərəkatının mərkəzi
siması” (Yusif Akçura) kimi şöhrət tapmış
İsmayıl Qaspiralının bütün ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti bir
konsepsiya olaraq millətinin taleyi ilə bağlanmış, mənsub olduğu millətin
gələcəyi ilə bağlı "nə etməli” sualına cavab tapmaqda əhəmiyyətli rol
oynamışdır. 63 illik mənalı ömrünün 33 ilini türk-islam dünyasının vacib
problemlərinin həllinə həsr edən, "dildə, fikirdə, işdə birlik” ideyasının
reallaşmasına var gücü ilə çalışan İsmayıl Qaspiralının bədii-publisistik
yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği
və tətbiqi dayanır.
İsmayıl Qaspiralı yaradıcılığının şah əsəri olan "Tərcüman” mənsub
olduğu türk xalqının ictimai-siyasi və mədəni həyatında dirçəliş rolunu
oynamaqla yanaşı, görkəmli şəxsiyyətin irəli sürdüyü "dildə, fikirdə, işdə
birlik” ideyalarının reallaşmasında güclü təsir vasitəsinə çevrilmişdir. Böyük
ideyalar carçısı olan İ.Qaspiralı mütərəqqi fikirlərin həyata keçməsində, heç
şübhəsiz, bədii ədəbiyyat və publisistikanı daha əhəmiyyətli hesab edirdi.
İ.Qaspiralıya görə, hər bir milləti millət kimi tanıtmaqda din və ədəbiyyatın
rolu əvəzolunmazdır. Bu mənada, İ.Qaspiralının ədəbiyyatsız xalqları "vəhşi
tayfa” adlandırması təsadüfi görünmür. O, maarifçi ideyaların təbliğini
ədəbiyyat üçün vacib şərt sayırdı. Çünki müəllifə görə, nə qədər ki, müsəlman
mühiti maarif və məktəbdən uzaqdır, insanlar bir o qədər də cəhalət qaranlığında
həyata kor baxacaq, tərəqqidən uzaq olacaqlar. İ.Qaspiralı maarif və məktəbi
cəhalətə, nadanlığa son qoya biləcək yeganə varlıq hesab edir. Bu səbəbdən o,
hər bir insanın, hər bir millətin gələcək inkişafının mümkünlüyünü yüksək
maariflənmədə görürdü.
İsmayıl Qaspiralı türk
dünyasının böyük şəxsiyyəti, ideoloqu olmaqla yanaşı, ilk növbədə yazıçı və
publisist kimi məşhurdur. O, böyük şəxsiyyət , böyük milli ideoloq və qüdrətli
yazıçı, publisist, jurnalist olaraq
bütün fəaliyyətində millətin bu
günü və gələcəyi üçün vacib problemlərə daha çox diqqət ayırırdı.
Bu problemlər sırasında da qadın mövzusu xüsusi və əhəmiyyətli yerlərdən
birini tutur. İ.Qaspiralı "...Alemi-insaniyətin yarısı kadınlar olduğu halda
maişet, rahat, seadet ve mesudiyeti insaniye nazarından kadınların ne kadar
ehemiyetli oldukları anlaşılıyor” deməklə problemin aktuallığına diqqəti
yönəldə bilir. O, 1903-cü ildə "Tərcüman” qəzetində çap etdirdiyi "Qadınlar”
başlıqlı yazısında qadınların vəzifələri, şərq və qərb qadınlarının müqayisəsi,
qadınların hüquqları və s. ilə bağlı fikirlər söyləmiş, ən vacib məsələlərinin
təhlilinə yer ayırmışdır. Qaspiralı belə hesab edir ki, əgər qadın dünyaya uşaq
gətirirsə, onu qucağında böyüdürsə, döşündən süd verirsə, bu insanlar onun
vasitəsilə dil öyrənib ədəb-kamala çatırsa, nəyə görə onun hüquqları
tapdanmalı, cəmiyyətdəki hüquqları aşağı olmalıdır. Buna görə də 14 milyonluq
Rusiya müsəlmanları və ümumən dünya müsəlmanları içərisində yaşayan qadınların
hünər və mərifətlərinin yüksək olmasına baxmayaraq, onların ictimai
fəaliyyətlərinin və sosial hüquqlarının mövcud vəziyyəti İ.Qaspiralını narahat
etməyə bilməzdi. "Hər evə bir qadın necə lazımsa, hər qadına da elm o cür
lazımdır” deyən dahi şəxsiyyət qadınların ilk növbədə təhsilli olmasının vacibliyini
qeyd edir, cəmiyyətin formalaşmasında, nicatında və tərbiyəsində savadlı
qadının rolunu yüksək qiymətləndirirdi. Çünki İ.Qaspiralının nəzərincə təhsili
və tərbiyəsi olmayan qadın onun üçün vacib olan üç vəzifəni - qadınlıq, analıq
və rəfiqəlik şərtlərini yerinə yetirə bilməz, nəticədə tərbiyə verəcəkləri
bisavad qalar, dünya və insan ömrü fəna olar.
Maraqlı odur ki, İ.Qaspiralı qadının üç vəzifəsindən danışarkən
kişilərin də üç vəzifəsi olduğunu qeyd edir (kocalık, babalık, refiklik). O
belə hesab edir ki, həm atanın, həm ananın vəzifələri eynidirsə, demək, onların
cəmiyyətdəki hüquqları da eyni olmalıdır. Ona görə də "kadınlığa girmiş, yaki
ana olmuş bir kadın kocasının yoldaşıdır, refikasıdır. Dünyada beraber çalışıp,
beraber yaşayacaklar. Beraber evlat yetiştirecekler. Bu halde kadın-koca bir
vücut haline girer, ikisi bir insan, ikisi bir bina, bir hane olmuş olup,
ikisinin fayda ve zararı, kıvancı və kaygısı birleşir. Çalışmak, yemek, yaşamak
hep beraberdir” deyirdi.
Əgər İsmayıl Qaspiralının roman və hekayələrində qadın problemi bədii
yanaşmada həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-fəlsəfi və
ictimai-siyasi münasibət bildirilir. Ancaq hər iki halda böyük şəxsiyyətin
narahatçılıqları ifadə olunur, ruhuna hakim kəsilən milli duyğuların təzahürü
özünəməxsus tərzdə diqqəti cəlb edir.
"Dünyada ne kadar er kişi var ise o kadar da kadın-kız vardır” deyən
İ.Qaspiralı qadın problemi kontekstində daha vacib və əhəmiyyətli cəhətləri
diqqətə çatdırır. Əlbəttə, İ.Qaspiralının bu tezisi bir neçə baxımdan əhəmiyyət
daşıyır. Əvvəla, biz burada təxmini olaraq XIX əsr qadın və kişi say nisbətinin
dünya mənzərəsi ilə tanış oluruq. Lakin görkəmli ədibin dünyada qadın və
kişilərin bərabər sayda olmasını təqdim etməkdə məqsədi başqa olmuşdur. O, say baxımından
qadınla kişilərin bərabərliyinə rəğmən, cəmiyyətin formalaşmasında qadının
kişilərdən üstün mövqedə olmasını diqqətə çatdırır. İ.Qaspiralı bu cür
yanaşması ilə insanların tərbiyə və formalaşmasında qadın rolunun səviyyəsini
müəyyənləşdirir və belə bir qənaətlə çıxış edir ki, bir şəhər və vilayətin
qadınları cahildirsə, ümumiyyətlə, həmin şəhər və vilayətin əhalisinin yarısı
cahil olar. Ona görə də ədibin "bir qızın tərbiyəsi iki oğlan tərbiyəsindən
əfsəldir” qənaəti tərbiyə və təhsil məsələsində qadının rolunun əhəmiyyət
dərəcəsini müəyyənləşdirən göstəriciyə çevrilir. Ədibin qadınla əlaqədar
düşüncə və görüşləri ictimai-siyasi həyatımızda xüsusi bir mərhələ kimi diqqəti
cəlb edir. Bu gediş əslində İ.Qaspiralının Şərqdə qadın hüquqsuzluğuna qarşı etirazı
kimi qiymətləndirilməlidir. Yəni o, demək istəyir ki, əgər qadınla kişilərin
sayı bərabərdirsə, lakin qadınlar cəmiyyətin formalaşmasında kişilərdən öndə
dayana bilirsə, ictimai yükün böyük bir hissəsi onların çiyinlərindədirsə, onda
nəyə görə qadın köləliyi, qadın hüquqsuzluğu hökm sürsün?
Maraqlıdır ki, İ.Qaspiralı qadın azadlığını onların hüququ kimi
təsəvvür edir. Lakin bununla yanaşı o, azad yaşamağı onların hüquqları kimi
təqdim etsə də, bu hüquq uğrunda mübarizə aparmağı isə onların borcu hesab
edir.
İ.Qaspiralı qadına adi insan deyil, insanlığa böyük şöhrət və hörmət
gətirmiş tərbiyəçi insan kimi baxır. Bu ideya onun əksər bədii əsərlərində
hakim mövqe tutur. O, "Firəngistan məktubları”, "Darürrahat müsəlmanları”,
"Sudan məktubları”, "Qadınlar ölkəsi”, "Arslan qız” romanlarında, "İvan və
Süleyman”, "Hacının fərasəti”, "İki imam” və s. hekayələrində bir sıra
cəhətlərlə yanaşı, müsəlman mühiti fonunda qadın probleminə də toxunmuşdur. İlk
növbədə onu qeyd etməliyik ki, adları çəkilən əsərlərdə qadına münasibət,
cəmiyyətdə qadının rolu və s. məsələlər İ.Qaspiralını daim düşündürən problem
kimi əksini tapmışdır. Müəllif
Jozefinin, Marqaritanın ("Firəngistan məktubları”) və ("Darürrahat
müsəlmanları”), Malikənin ("Qadınlar ölkəsi”), Gülcamalın ("Arslan qız”),
Süleymanın anasının ("İvan və Süleyman”), "Hacının fərasəti”, "İki imam”
əsərlərindəki qadın obrazlarının simasında şərq qadınının mövcud şəraitini
təhlil etmiş, onların dünyagörüşünün, hadisələrə baxışını səciyyələndirə
bilmiş, millətin tərəqqi etmək yollarının nədən ibarət olduğunu açıqlamışdır.
Bildiyimiz kimi "Firəngistan məktubları” əsərinin baş qəhrəmanı daşkəndli
Molla Abbasdır. Onun vətənindən Fransaya gəlməsi, oradan İspaniyaya getməsi,
başına gələn əhvalatları nəql etməsi əsərin məzmununu təşkil edir.
Müəllif bu obrazın simasında öz ideyalarına ifadə edir, onu müxtəlif
insanlarla görüşdürməklə, müxtəlif ölkələrə aparmaqla türk-islam cəmiyyəti üçün
xarakterik olan cəhətləri ya birbaşa, ya da Qərblə müqayisədə nəzərə çatdırır.
Əsərdə Molla Abbasın firəng qızı Jozefin və Marqarita ilə əlaqələri, onlarla
həmsöhbət olması digər məsələlərlə yanaşı, qadın problemlərinin ortaya
qoyulmasında və həllində əhəmiyyətli rol
oynayır. Molla Abbasın ilkin olaraq Odessada Jozefinlə tanışlığı, Avropanı görmədən
onda Avropa təəssüratlarının genişlənməsinə xidmət göstərir. Yazıçı bu yol ilə
məqsədli olaraq baş qəhrəmanın Şərq-Qərb müqayisə təəssüratlarını
genişləndirir. Təbii ki, bu proseslərdə diqqəti cəlb edən məsələlərdən biri də
qadın problemidir. Maraqlıdır ki, yazıçı, Molla Abbasın diqqətini qərb
qadınının iki cəhətinə yönəldir. Bu sırada birinci olaraq qərb qadınının
cəmiyyətdə özünü sərbəst aparmasıdırsa, ikincisi isə qərb qadının savadlı
olmasıdır. Jozefin və Marqarita Molla Abbasın nəzərində şərq qadınının
alternativi yox, tam əksidir. Hər iki qadının dünyagörüşü, bu və ya digər
məsələlərə aktiv münasibəti Molla Abbasın nəzərində Şərqdən fərqli olaraq yeni
bir qadın tipinin yaranmasına səbəb olur. Elmi, savadı günəş işığı hesab edən
İ.Qaspiralı məhz qərb qadınının fərqli görüntüsünü onun savadlı olması ilə
əlaqələndirir. Müəllif əsər boyu qadınla bağlı bir çox məsələlərə ictimai həyat
problemləri kontekstində aydınlıq gətirsə də, qadının ailə-məişət müstəvisində
də nüfuzunu diqqətdən kənarda saxlamır. Məsələn "Firəngistan məktubları”
romanında Molla Abbasın Jozefinlə ailə qurduqdan sonra adi çay süfrəsi
arxasında ər-arvad qarşılıqlı münasibətində "bərabər tərəfdaşlığın” təsviri
şərq qadını ilə müqayisədə qərb qadınının azad, rahat, xoş, zövq-səfa həyatı
əks olunur: "İki yahşi adam hüzurunda şart ve söz edip birbirimizi alacak
olduk. Dua okuduk. Huda hayırlı eyleye idi. Duadan son şahitleri suyladık
(ağırladık). Jozefin çay ve tatlılar koydu, ben alıp verdim. Frenk adetince
erler kadınlara hayli sırada yardım ve hizmet etmek nezaketden imiş.
N’işlemeli, Frenk kızı alğac (alınca) bazi ziyansız adetlerine katlanmak gerek”.
Müəllif "Darürrahat müsəlmanları” romanında Marqaritanın simasında
qadın üçün örnək ola biləcək bir çox mətləblərdən söz açır. Əsasən bu obrazın
elmə, təhsilə olan marağı, cəmiyyətdəki mövqeyini elmi əsaslara uyğun
tənzimləmə səriştəsi İ.Qaspiralının maarifçi görüşlərinin təbliği kimi
xarakterizə oluna bilər. Böyük ədib dünyanı gəzdikcə, millətlərin halı ilə
tanış olduqca, belə bir qəti fikrə gəlir ki, türk-müsəlman insanlarının, eyni
zamanda qadınının gələcək səadət yolu təhsil və elmdədir. Yəni, o, Jozefin,
Marqarita obrazlarının timsalında yaxşı olan cəhətləri şərq – müsəlman
dünyasına transfer etməklə, şərq qadının cəmiyyətdə hansı mövqe tutmasını, öz
hüquqlarının nədən ibarət olmasını, cəmiyyətin isə öz növbəsində qadın
qarşısında hansı vəzifələri yerinə yetirəcəyini ifadə etməklə insanların gözünü
açır. Bu tərzin bədii ifadəsi "Sudan məktubları” romanında da yer alır. Əsərdə
XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa imperializminin Şərq istilası,
Şərqdə milli-azadlıq hərəkatının güclənməsi, xalqların öz müqəddəratlarını həll
etmək uğrunda mübarizəsi və digər məsələlər əksini tapır. Lakin İ.Qaspiralı
maarif və tərbiyəni bütün məsələlərin mərkəzində saxladığı üçün "Sudan
məktubları”nda öz idealına uyğun olaraq yeri gəldikcə tərbiyə və mədəniyyət
məsələlərinə də toxunur və Molla Abbasın baxışları timsalında fikirlərini
ortaya qoyur. Heç şübhəsiz, qadına münasibət və cəmiyyətdə qadının rolu
İ.Qaspiralını daim düşündürdüyündən o, qadının bütün fəaliyyət dairəsini,
ruzigarını təkcə yaşadığı mənzil divarları arasında deyil, geniş ictimai həyat
dairəsində təhlilə cəlb edir, çıxış yolunun nədən ibarət olduğunu diqqətə
çatdırırdı. Çünki yaşadığı müsəlman mühiti, üzvü olduğu cəmiyyət qadına İslam
ehkamları münasibətləri daxilində baxmağı tələb edirdi. İ.Qaspiralı "Sudan
məktubları” əsərində İslam ölkələrinin qadınları ilə Avropa qadınlarını
müqayisə etməklə fərqləri sadalayır və
müsəlman qadınını cəmiyyətin aparıcı insanı kimi görmək istəyir.
Ümumiyyətlə, Şərq və Qərb kontekstində qadına müqayisəli yanaşma
İ.Qaspiralı görüşlərində mühüm yer tutur. Qeyd edək ki, o, 1903-cü ildə yazdığı
"Qadınlar "adlı məqaləsində bu cür müqayisəyə geniş yer vermiş və dəyərli
təhlilləri ilə mahiyyəti üzə çıxara bilmişdir. Bir cəhəti vurğulamaq lazımdır
ki, İ.Qaspiralının bir şərqli olaraq dünyanın gündoğan tayına məhəbbəti sonsuz
olmuşdur. O, Şərqin dünyanın ən qədim yurd yerləri və mədəniyyət mərkəzləri
olmasını xüsusi olaraq qeyd edir və bununla öyünürdü: "Çin, Hint, Babil, eski
İran dünyanın ən əski cəmiyyət və heyeti medeniyyeleridir. Avrupa cemiyyeti ve
devletleri bunlara göre pek genc ve yenidir. Avrupanın en eski hükumeti bin
senelik ise Çin dört bir senelik bir heyeti medeniyyedir”.
Lakin bütün bunlara baxmayaraq, onun Şərq-Qərb müqayisəsi ilə bağlı
digər mülahizələrində Qərbə üstünlük
verməsi Qərbin təbliğinə xidmət göstərmirdi. Belə ki, böyük ədib Şərq
cəmiyyətinin Qərbdən geri qalması müqayisəsində məqsədli olaraq yalnız öz
narahatçılığını izhar etmiş, geriliyin səbəblərini və vəziyyətdən çıxış
yollarını göstərmək istəmişdir. İ.Qaspiralı Qərbin qadına münasibətdə Şərqi
üstələməsini, Avropanın dövlət və mədəniyyət tarixinin gənc olmasına baxmayaraq,
qadınlara yanaşmada Şərqdən daha irəli getməsini, daha mütərəqqi mövqe
tutmasını xüsusi olaraq qeyd edirdi. "Çin, Hindistan ve eski İran medeniyetleri
ve adetleri kadınları pek aşağı derecede bırakıp, hemen-hemen insanlıkdan
çıkarmışlar. Erlere verilmiş hak ve müsadenin onda biri kadınlara
verilmemiştir”- deye İ.Qaspiralı konkret irad və etirazlarını gizlətməmiş, çarə
yolu kimi cəmiyyətin qadına baxışının dəyişməsini, təhsilin
genişləndirilməsini, savadlı olmağın vacibliyini ön plana çəkmişdir.
Şərq qadınının geriliyindən hədsiz dərəcədə narahatçılıq yaşayan
İ.Qaspiralı bu geriliyin səbəbini dinlə bağlayanlara etiraz edir. O, belə hesab
edir ki, şərq qadınının Avropa qadınından geri qalmasının dinlə
əlaqələndirilməsi əsassızdır. Hərçənd ki, Qərbin nəzərində bu görüntü
bilavasitə İslam və müsəlmanlıqla əlaqələndirilsə də, İ.Qaspiralı Şərq və Qərb
qadını arasında fərqin səbəbini haqlı olaraq başqa amillərə bağlayır: "Avropada
şark kadınlarınıın ifrat derecede meşrute hükuk ve huriyyetlerin bibehre, ulum
ve terbiyeden mahrum kaldıklarını İslamiyyete isnat ederler. Avrupalılar büyük
hata ediyorlar. Çünkü "Müslime” ile Azya kadını arasında dağlar kadar tefavüt
vardır. Eski zamanda Garpda, yani Avrupada kadınların hali bir derceye kadar
Azya, yani Çin, Hint ve İran kadınları haline oşayar idi... Lakin bir kaç
asırlardan beri Avrupa kitasında maarif ve medeniyyet her yerden ziyade
ilerilemekde bulunduğundan insaniyyet dahi şu nispette revaç bulup kadınların
hal ve hukukları genişlenmiştir. Şöyle ki, kadına hürmet ve rağbat artmıştır”.
Sitatdan göründüyü kimi İ.Qaspiralı haqlı olaraq, Şərq qadınının geriliyinin və
hüquqsuzluğunun İslamla heç bir əlaqəsi olmadığını irəli sürür, Qərb qadınının
tərəqqisini isə onun maariflənməsi ilə bağlayır. Müəllif Şərq qadınını iki
qrupa bölərək hüquqsuz, cahil "Asiya qadınını” "müsəlman qadınla” müqayisə
edir, aralarındakı dağlar qədər fərqin olduğunu xüsusi vurğulayır. Bildirir ki,
islamiyyətdən əvvəl qadınlar kişilərin malı və "zövq aləti” olsalar da, İslamın
qəbulundan sonra "dini-mübin qadınların kişilər kimi Cənabı Haqqın qulları
olduğunu bəyan və elan edib, insanlıqca bu cür hüquqlarını təyin və mühafizə
etdi”. Bu mənada İ.Qaspiralı İslam dininin bərabərçilik xəttini nəinki müdafiə
edir, həm də təşviq edirdi. O, Şərq müsəlman qadınının kişilərlə bərabər ibadət
etmək, Həccə getmək hüquqlarından tutmuş, təhsil almaq, ailə qurmaq, zorla
başqasına verilməmək, mal-mülk sahibi olmaq və s. hüquqlarının olmasını islami
qanunların tətbiqi kimi dəyərləndirir.
Vaxtilə qızların anadan olarkən diri-diri basdırılmasına İslamın
qadağa qoymasını diqqətə çəkən İ.Qaspiralı hazırda qadına cismani və mənəvi
əzab verən insanların şəriət və dövlət qanunlarına görə cəzalandırılmasını da
dinin təsiri kimi səciyyələndirir. İ.Qaspiralı qadınla bağlı maraqlı bir məqama
toxunur. Halına, vəziyyətinə görə qadınla bağlı verilən imtiyazları yüksək
qiymətləndirən ədib, hamilə qadınların bir sıra cəzalardan, o cümlədən, qətl
edilməkdən azad olmasını təqdir edir və bunu dini imtiyaz kimi dəyərləndirir.
İ.Qaspiralı qadının cəmiyyətdəki rolundan danışarkən qadının
tərbiyəçi rolunu daha çox təqdir edir, millətin tərəqqisində onun rolunun
əvəzedilməzliyini ön plana çəkirdi. Görkəmli ədibin roman və publisistik
yaradıcılığında bu cəhətin təhlilində biz qeyd etmişdik ki, İ.Qaspiralıya görə
bir şəhər və vilayətin qadınları cahil olsa, orada cahillik səviyyəsi yüksək
olar. İ.Qaspiralının hekayə yaradıcılığında da bu tezis diqqət mərkəzində
saxlanılır. "İvan və Süleyman” hekayəsində müəllif Süleymanın acınacaqlı hala düşməsini, ağır
həyat tərzi yaşamasının səbəbini onun anası Həlimə xanımın rəftar və baxışları
ilə bağlayır. Müəllif belə hesab edir ki, əgər Həlimə xanım savadlı olsaydı,
oğlunun oxumasına mane olmaz, Süleyman da təhsilini davam etdirib bir savadlı
gənc kimi həyatda mövqe tutardı. İ.Qaspiralı Süleymanın əksi olaraq onunla
həmyaş olan İvanı misal gətirər və İvanın bütün uğurlarının səbəbini anası
Mariyanın oğlunu təhsil almağa yönəltməsində görür. Müəllif haqlı olaraq maarif
və məktəbi cəhalətə, nadanlığa son qoya biləcək yeganə varlıq hesab edir. O,
hər bir insanın, hər bir millətin gələcəyini yüksək maariflənmədə görür və bu
işdə qadının rolunu yüksək qiymətləndirirdi. "Hacının fərasəti” və "İki imam”
hekayəsində qoyulan problem məhz yuxarıda səslənən fikirlərlə birbaşa bağlanır.
"Hacının fərasəti” hekayəsində üç qardaşın hekayəsi verilsə də, bu fonda
tərbiyə məsələlərinin təbliği əsas yer tutur. Cəlal, Sabit və Cəmil adlı üç
qardaş ataları Müslümün ölümündən sonra onlara qalmış var-dövlətin mübahisəsiz
sahibi olaraq həyatlarını davam etdirirlər. Böyük qardaş Cəlal Həcc ziyarətinə
gedir və səkkiz illik səyahətdən sonra geri qayıdır. O, doğma qardaşlarının
yanına gələrkən qardaşların ailə həyatı qurduğunu və birinin 6, digərinin 5
yaşında oğlunun olduğunu gördükdə, olmazın dərəcədə sevinir, uşaqları dizi üstə
oturdaraq onlara nəvaziş göstərir. Uşaqların geyimlərinin səliqəli, əl-üzünün
təmiz, dırnaqlarının kəsilmiş və s. olduğuna diqqət kəsilib, gəlin xanımları
görməsə də, onlar haqqında heç kəsdən məlumat almasa da, həmin gəlinlərin əxlaq
və mədəniyyət baxımından yüksək, xüsusilə yaxşı ana olduqlarını qeyd edir.
Qaspiralıya görə, ana qayğısı və tərbiyəsi insanın formalaşmasında əsas
təməldir. Bu təməl təkcə ayrılıqda bir fərd üçün deyil, həm də cəmiyyət üçün
əhəmiyyət kəsb edir. "İki imam” əsərində qoyulan problem məhz cəmiyyət
müstəvisində həllini tapır. Müəllif əsərdə Çin ölkəsində Qansu və Sinanko adlı
müsəlman vilayətlərinin mövcudluğundan söhbət açır. Daha sonra hər iki
vilayətin imamı haqqında haşiyə çıxır. Bu haşiyə eyni dinə qulluq edən iki
imamın fərqli cəhətlərini özündə əks etdirmək baxımından xarakterikdir: "Qansu
imamı müslüm və müslümələrin bacardıqca təhsil və elmdən məhrum qalmamalarını
nəsihət və təşviq etdiyindən, Qansuda kişi və qadınlar təhsil görüb başqa elmlərdən
xəbərdar olmasalar da, dini elmlərə aşina ola bilmişdilər.
Sinanko imamı, bəzi zəif məsələlərə istinadən, qadın-qızın təhsilinə
maraq göstərməyib qadınların cahil qalmasına səbəb olmuş idi”. Göründüyü kimi,
müəllif iki şəxsin fəaliyyət, maraqları dairəsində onların dünyagörüşü və
baxışlarındakı əsaslı fərqləri üzə çıxarır, bu fərqlər müstəvisində ideyanı
açıqlaya bilir. Əsərin məzmunundan aydın olur ki, çinli çoban donuz sürüsünü
apararkən donuzlardan biri ayrılıb caminin həyətinə girir. Cami gözətçisi
donuzu həyətdən çıxarmaq üçün bir daş atır və daş donuzun qulağına dəyir, donuz
bərkdən özünəməxsus səs çıxarmağa başlayır. Çinli çoban bunu gördükdən sonra
gözətçiyə hücum edir. Səs-küyə müsəlman və çinlilər yığışır. Dava düşür,
müsəlmanlar çinliləri döyür və öz hökumətlərini qururlar. Bunu eşidən Çin
hökmdarı qoşun çəkərək hər iki müsəlman vilayətinin kişilərini qılıncdan
keçirir, qadın və uşaqları əsir etdirir. Əsir düşmüş müsəlmanlar uzun müddət
çinlilərin təsiri altında yaşamağa məcbur olurlar. Qadınları savadsız olan
Sinanko əhalisi yad təsirlərə tab gətirməyib dinlərini itirirlər. Əksinə, Qansu
əhalisinin qadınları dünyaya gəlmiş yeni nəslin təlim-tərbiyəsi ilə məşğul
olmaqda davam edərək onların milli-mənəvi, dini aşınmaya düçar olmasına imkan vermirlər.
Bu məntiq qadının cəmiyyətdəki rolunun yüksəkliyini bir daha təsdiq edir və
əsərdəki son cümlə sənətkarın təsdiqlədiyi həqiqətin özünəməxsus ifadəsinə
çevrilir: "Analara elm, bilik və hünərin lazım olmadığını kim söyləyə bilər?”
İ.Qaspiralı qadına əsas olaraq tərbiyəçi kimi baxsa da, onun
ictimai-siyasi həyatdakı rolunu heç də əhəmiyyətsizləşdirmir, əksinə cəmiyyətin
inkişafında, idarə olunmasında qadınlara həmişə ehtiyac olduğunu qeyd edir.
Yazıçı-publisist "Böyük qadınlar” adlı yazısında "fakat böyle ise de
tarihi-siyasiyede, ilmiye ve edebiyede namlarını kaldırmış kadınlar yok
degildir” deyərək, qadın-hökmdar, qadın-ədib, qadın-alim və s. cəhətlərə diqqət
yönəldir. Bu sırada tarixi ekskursiya edərək Babil padşahı Semiramidanın, Misir
hökmdarı Kleopatranın, İngiltərə kraliçası Yelizavetanın, Viktoriyanın,
Avstriya imperatriçası Maria Terezanın, Rusiya imperatriçaları Yelizaveta və
Yekaterinanın, İslam dinini ilk qəbul edən xanım Xədicənin və s. adlarını
çəkir, onları tarixdə gördüyü işlərə və
şəxsiyyətlərinə uyğun dəyərləndirir. Məsələn, İ.Qaspiralı Babil hökmdarı
Semiramidanı bütün İranı, Sırdəryanı, Türküstanı, Əfqanıstanı və s. fəth edərək
böyük dövlət yaradan qadın hökmdar, Misir hökmdarı Kleopatranı ölkəsini işğal
edən romalıların canlı əsiri olmamaq üçün intihar edən namus və həya nümunəsi,
Rusiya imperatriçası II Yekaterinanı rus dövlət sərhədlərini genişləndirən,
ölkəni tərəqqi etdirən cəsarətli dövlət başçısı və s. kimi qiymətləndirir,
onları səriştə etibarı ilə kişilərə bərabər tutur. İ.Qaspiralı qadınların
hökmdarlıq, sərkərdəlik və s. qabiliyyətindən danışarkən bəzi hallarda onları
kişilərdən də üstün tutur. Biz bu halın bariz nümunəsini yazıçının "Arslan qız”
romanının baş qəhrəmanı Gülcamalın simasında daha aydın görürük. Qəhrəmanlıq və
vətənpərvərlik mövzusunda yazılmış bu əsərdə yazıçı Gülcamalın timsalında
qəhrəman türk qadın tipini təqdim edir və onun şərəfini yüksəltmiş olur.
Ümumiyyətlə, Qaspiralı zərif cinsin nümayəndələri adlandırdığımız
qadınları həm böyük qüvvə, həm də bəşər cəmiyyətinin əsası hesab edərək,
onların tərəqqi etmələrini arzulamış, bəşəriyyətin nicatını qadınların
savadlanmasında axtarmış, onların cəmiyyətdə mövqe tutmasını vacib, eyni
zamanda faydalı hesab etmişdir. Bir sözlə, İsmayıl Qaspiralı qadını məhdud çərçivədən
çıxararaq, onu geniş ictimai-siyasi, milli-mənəvi dairədə təqdim etmiş,
qadınların cəmiyyət üçün əhəmiyyətli olduğunu diqqət mərkəzində saxlamışdır.
Elman Quliyev,
professor