• cümə axşamı, 02 may, 02:03
  • Baku Bakı 15°C

İngilis ədəbiyyatında türk mənşəli sözlər

18.04.18 11:00 2483
İngilis ədəbiyyatında türk mənşəli sözlər
Məlumdur ki, ingilis dilində təxminən 400-dən 800-ə qədər söz var ki, onların əmələ gəlməsi türk dilləri ilə bağlıdır. Mütəxəssislər hesab edirlər ki, bunlar ingilis dilinə III əsrin sonunda və IV əsrin əvvəlində gəliblər. Bu zaman şimali alman tayfaları və Atilla ordusunun qalıqları bugünki Böyük Britaniyanın ərazisinə gəlmişdilər. Bundan başqa, ikinci min illiyin əvvəlində Osmanlı imperiyası nəinki cənuba, həm də şimal ölkələrinə doğru inkişaf etdikdə (Balkanlara, Ruminyaya, Macarıstana və s.) türk dilini təmsil edənlər əvvəlcə Avropanın şimalına və sonra isə Böyük Britaniyaya gələ bilərdilər.
İngilis dilində türk mənşəli sözlərin üstündə tam təfsilatı ilə dayanmadan, görkəmli ingilis yazıçıları Kristofer Marlo, Uiliyam Şekspir və Redyard Kiplingin bəzi əsərlərində türk mənşəli sözlərdən bəhs edək. Kristofer Marlo "Universitet ağıllıları” cəmiyyətinin üzvü idi, bu cəmiyyətin digər üzvləri D.Lili, T.Lodj, D.Pill, R.Qrin, T.Neş və başqaları ilə birlikdə içtimai teatrlar üçün dram əsərləri yazanlardan olub.
O, 1487-ci ildə "Tamerlan, görkəmli skif çobanı” əsərini yazmışdır. Bu əsərdə o çox inandırıcı bir şəkildə istilaçının işinin faydasızlığını və xalqın qəddar sərkərdə ilə mübarizəsini göstərmişdir. Əsərdə o, nəinki böyük sərkərdənin xarakterini açmışdır, həm də onu elmin, ədəbiyyatın, mədəniyyətin və memarlığın qayğısına qalan bir bir dövlət xadimi kimi təsvir etmişdir.
Teymuru bir insantək göstərəndə, o, Zenokartanın (Misir fironunun qızı) gözəlliyinin Teymurun həyatını işiqlandırmasını, onu rəhmdil və mərhəmətli olmağa çağırmasını qeyd edir. Onu inandırır ki, əsl şərəf yaxşı əməllərin nəticəsi ola bilər və təkcə bu, alicənablığa gətirə bilər. Lakin əsərin sonunda Zenokartanın ölümü Tamerlanın qəlbini zülmətə salır, onun qəlbində zalımlıqdan başqa heç nəyə yer qalmır.
Əmir Teymurun istila siyasəti həm əxlaqi normalardan, həm də dini göstərişlərdən uzaqdır. Onun şəxsiyyətinin faciəsi nəhəng daxili qüvvəsi ilə əməllərinin əxlaq qaydalarına zidd olmağının nəticəsidir. Əsərdə çoxlu surətlər var. Onlar Yunanıstanın, Roma imperiyasının, farsların, Türk İmperiyasının nümayəndələridir.
Türk mənşəli adlara nəzər salaq.
Tamerlan – pyesin əsas surəti. Timur türk dillərində dəmir, lan – türk dillərində ləng sözü (yavaş hərəkət edən), rus dilində "jeleznıy xromeü”.
Texel - fikrimizcə, qədim türk qəbiləsi olan-təkəl qəbiləsinin nümayəndəsi, əsərdə Tamerlanın sərkərdəsi.
Uzumhəsən – həqiqqətdə Uzunhəsən - Azərbaycan tarixində böyük iz qoyan Ağqoyunlu dövlətinin yaradıçısı - əsərdə Tamerlanın sərkərdəsi.
Bəyazid – Türk imperiyasının sultanı. Birinci Bəyazid İldırım Bəyazid – türk dilində Beyaz - aydın, parlaq, ağ.
Zabinə - Sultanın xanımı türk dillərində indi də Zərinə, Səbinə qadın adları geniş yayılmışdır. Qeyd edək ki, əslində Bəyazidin Zabinə adlı xanımı olmayıb.
İndi isə Şekspirin "Otello” əsərinin surətlərinə nəzər salaq. Otello - fikrimizcə, bu ad qədim sərkərdə Atillanın adından götürülüb. Atilla V əsrdə böyük ordunun başında Ural dağlarının ətəklərindən muasir Macarıstana (Şərqi Avropa) gəlib. Onun ölümündən sonra ordusu başsız qaldığından Avropaya yayılıb (Şimali Almaniya, Fransa, İngiltərə). Avropanın çox dövlətlərinin dilində Atilla Etli, Etsel kimi yazılır ("Kiçik və Böyük Edda” şimal dövlətlərin saqaları).
Atilla - türk dilində Atlı sözüdür.
Dezdemona - türk dillərinin çoxunda (Azərbaycan, qazax, tatar və s) düz sözü həqiqət, düzlük, doğruluq deməkdir. Məs. "düzdü” oxuduqda, düzlük, doğruluq başa düşürük. "Düzdür” sözünü azca transformasiya (dəyişmək) etsək, "dezdi” sözünu alarıq, mona sözü isə İtaliyada hörmətli qadına (Azərbaycanda - xanım) deyirlər. Xatırladaq ki, əsərdə hadisələr Venesiyada gedir. Beləliklə, Dezdemona - doğru qadın - bu isə əsərdə həmişə təsdiq olunur.
Yaqo - indi də türk dillərində zalım düşmənə yağı düşmən deyilir, düşmən isə yalançı, zalım, hiyləgərdir. Qeyd edək ki, rus dilində Baba Yaqa mənfi xüsusiyyəti olan bir qarıdır. Otello əsərində Yaqo yalançı, hiyləgər paxıl, başqalarına ziyan verən şəxs kimi verilmişdir.
Kassiy - türk dillərində (başqırd, tatar, Azərbaycan, çuvaş, qazax və s.) "kəs” sözü olaraq işlənir. Türk dillərində hal-hazırda "kasay” sözü var, bu isə bölən, məcazi mənada yaxşını pisdən ayıran, köməyə gələn, həqiqəti axtarıb tapan deməkdir. Doğrudan da əsərdə Kassiy çalışır ki, qəhrəmanlar aralarındaki ziddiyyəti kəssin, münaqişə dayansın. Faciənin axırında isə məhz Kassiy Kiprin başçısı olur.
Emiliya – türk qadın adı - mənası çalışqan, quvvətli, güclü, sağlam. Beləliklə, "Otello” faciəsinin qəhrəmanlarının adları türk mənşəlidir. Bu da aydındır, çünki hadisələr Avropada türk dillinin inkişafı dövrünə təsadüf edir.
Üçüncü əsər - 1907-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Redyard Kipplingin "Cəngəllik Kitabı” və "Cəngəlliyin ikinci Kitabı”. Kitabların çap olunmasından 130 ildən çox vaxt keçib. Bu illər ərzində bir çox tədqiqatçılar kitabın qəhrəmanlarının adlarının mənalarını vermişlər. Bəziləri verilən izahlarla razı olublar, digərləri isə yox. Lakin kitabın qəhrəmanlarının adlarını türk dilinin əsasında verən olmayıb. Beləliklə, biz çalışacağıq ki, kitabın qəhrəmanlarının adlarını türk dilinin əsasında verək.
Mauqli - fikrimizcə, bu ad türk dillərində oğul sözü və "ma” hecasından - bütün dillərdə, o cümlədən türk dillərində olan "mə” – "mama”, "məmə” - döş sözlərindən təşkil olunur.
Şerxan - Azərbaycan dilində şər - yaman, pis iş, bəla, müsibət mənasını daşıyır, xan isə qərbdə kral sözünün ifadəsidir. Beləliklə, Şərxan - Bəla Kralı kitabda Şerxan - bəla gətirən kral.
Balu - kitabda böyük ayı – Mauqlini tərbiyə edən. Fikrimizcə, Balu türk dillərində "bal” sözündəndir. Xatırladaq ki, rus dilində ayıya medved, yəni bal axtaran deyirlər.
Baqira - "pantera”, Mauqlinin dostu, müdafiəçisi və himayəçisi. Türk dillərində "bağır” sözü ciyər, qəlb mənasını verir, indi də Azərbaycan dilində "bağrım çatladı”, "bağrım çatlasın” ifadələri var
Akella - bu söz heç bir dildə ifadə olunmur. Fikrimizcə, "Akella” - türk dilindəki "ağıl, ağıllı” sözündən götürülüb. Doğrudan da kitabda Akella qurd sürüsünün rəhbəri - çox ağıllı və güclü canavardı.
Çil Çalağan - Mauqliyə xəbər qətirən və onun köməkçisi. Çil türk dillərində ala-bula quşa deyilir.
Kitabda sarı-qırmızı itlər, sonralar – tabaki. Türk dillərində Asiyanın sarı itlərinə çaqqal deyirlər (rus dilində şakal).
Kitabda olan bəzi adları isə türk dilinin əsasında izah etmək qeyri-mümkündür. Bunlar:
Banderloqlar - meymunlar
Xatxi – fil
Saxi - oxlu kirpi
Kaa – ilan.
Maraqlıdır ki, Kipplingin özü bu adı ilanın fışıltısına oxşaması ilə izah etmişdir. Beləliklə, "Cəngəlliyin Kitabı”nda əsas qəhrəmanların adları türk mənşəli sözlərdir. Bu, bəlkə də Kipplingin Hindistanın Bombey şəhərində anadan olması və həyatının çox hissəsini orada yaşaması ilə izah oluna bilər, çünki Bombeydə son 300 ildə çoxlu miqdarda fars, türk dillərini bilən insanlar yaşamışdır.
Yekunlaşdıraraq demək olar ki, hər bir ingilis yazıçısının bəzi kitab qəhrəmanlarının adlarının türk mənşəli olması ən azı onu göstərir ki, onlar türk dillərini bilənlərlə tanış olmuşlar və onlarla maraqlanmışlar. Adları türk mənşəli olan qəhrəmanlar əsərin əsas məqsədini oxucuya çatdırmaq üçün verilmişdir.
Sərhəd Bağırov
banner

Oxşar Xəbərlər