• cümə, 29 Mart, 02:25
  • Baku Bakı 7°C

İlk tənqidçim və təbliğçim

23.02.17 12:30 1171
İlk tənqidçim və təbliğçim
Belə bir deyim var: "Yaxşı müəllim tapmaq çətindir...” Amma xoşbəxtlikdən orta məktəbdə də, ali məktəbdə də yaxşı müəllim sarıdan bəxtim gətirib. Müəllimlik təcrübəsinə çoxlarının həsəd apardığı İbrahim və Emin müəllim, xanım-xatınlığı, ədəb-ərkanı ilə bir tərbiyə mücəssəməsi olan Güleyfə müəllimə qəlbimdə əbədiyaşar bir zirvəni fəth etdilər. Onlar mənə yazmağı-oxumağı öyrətdilərsə, ali məktəb müəllimlərim elmin sirləri ilə yanaşı, həyat dərsi də keçdilər. Nəsir İmanquliyevdən insanlıq, Şamil Qurbanovdan çalışqanlıq, Nəriman Zeynalovdan tədqiqatçlıq, Nəsir Əhmədlidən qayğıgeşlik, Qulu Xəlilovdan əyilməzlik, Tofiq Rüstəmovdan gözütoxluq, Cahangir Məmmədlidən prinsipiallıq, Sima Rəhimovadan ədəb-ərkan, Əliş Nəbilidən düzlük, Akif Rüstəmlidən və Mahmud Mahmudovdan sadəlik dərsi aldım. Bu gün həyatda, elmdə qazandığım uğurlarım üçün valideynlərimə və onlara borcluyam. Bu borcu qismən də olsa qaytarmaq üçün hərdən cəsarət edib onlar haqqında söz demək fikrinə düşürəm. Bunun nə qədər uğurlu və ya uğursuz alındığını oxucum bilir. Amma qəlbimdə bir hiss bunu etməyə məni vadar edir...
... Cahangir Məmmədli. Bu imzaya mətbuatda ilk dəfə nə vaxt rast gəldiyimi yaxşı xatırlamıram. Amma özü ilə ilk dəfə 1984-cü ilin sentyabr ayının 1-də Fəxri Xiyabanda, Həsən bəy Zərdabinin qəbri üstündə tanış oldum. Dekan Tofiq Rüstəmov çıxışını yekunlaşdırıb, bir-bir fakültənin müəllimlərini (hərəsini bir tərzdə ) bizə təqdim etdi: "Bu da tələbələri ilə daha çox dost olan Cahangir müəllim”.
... 32 il bundan əvvəl olan ilk tanışlıq sonradan müəllim-tələbə, həmkar-yazar münasibətlərinə çevrildi. Yazı-pozumun ilk tənqidçisi və təbliğçisi də Cahangir müəllim oldu. 1988-ci il. Ölkəmizin başı üzərində qara buludların tüğyan etdiyi, millətimizin, xalqımızın taleyinin açılmaz düyünlərə salındığı bir zaman... "Elmi kommunizim” dərsində arxa oturacaqda oturub "Düyün” adlı bir yazı yazdım. Tənəffüsdə bir az tərəddüdlə, bir az da qürurla yazını Cahangir müəllimə verərək fikir bildirməsini xahiş etdim. "Nənə” (Cahangir müəllimin müraciət forması) evdə baxım, sabah fikrimi deyərəm” dedi.
İndiki kimi yadımdadır, sabah qədər olan vaxt mənə çox uzun gəldi. Bütün günü fikirləşirdim ki, görəsən yazım Cahangir müəllimin xoşuna gələcək, ya yox. Çünki, Cahangir müəllim zəif, ortabab yazıya heç vaxt yaxşı deməzdi, əsl tənqidçi münasibəti ilə yanaşardı. Amma məsləhət verməkdən, köməklik etməkdən də çəkinməzdi.
Səhəri gün mən universitetə gələndə dərsin başlamasına bir saat var idi. "Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının qarşısında Cahangir müəllimi gözlədim. Dərsə on-on beş dəqiqə qalmış Cahangir müəllim gəldi. "Nənə, sabahın xeyir, nə tez gəlmisən” deyərək, üzümə baxdı. Çaşqınlıqdan, salamsız-kəlamsız "müəllim yazımı oxudunuzmu, xoşunuza gəldimi” soruşdum. "Nənə, narahat olma, bir həftədən sonra bilərsən” dedi. Cahangir müəllim çox sakit və məmnun tərzdə otağa girdi.
Hər gün nigarançılığım bir az da artırdı. Bir həftənin tamamını gözləyirdim. Hətta bəzən ürəyimdə Cahangir müəllimi "asıb-kəsirdim” də. Bir vərəq yazı nədir ki, onun cavabını bir həftə gözləməliyəm... Beləliklə, bir həftə keçdi. Səhər birinci dərsimiz "Partiya-sovet mətbuatı” idi. Həmişəki kimi, Nəsir müəllim (İmanquliyev) həlim səsi, xoş rəftarı ilə sanki auditoriyanı ovsunlamışdı. Hamının diqqəti onda idi. Bu zaman qapı döyüldü, Cahangir müəllim izin alaraq əlində bir necə "Jurnalist” qəzeti auditoriyaya daxil oldu. O, qəzetləri müəllimin yazı masasının üzərinə qoyaraq, otağı tərk etdi. Tənəffüsdə aydın oldu ki, qəzetdə mənim "Düyün”üm (Bax: "Jurnalist” qəzeti, 17 fevral 1988-ci il) çap edilmiş və Cahangir müəllim yazı haqqında öz fikirlərini bildirərək, "Düyün”ü çox uğurlu bir etüd” adlandırmışdır.
O qayğını, xeyirxahlığı Cahangir müəllim bu gün də nəinki tələbələrindən, heç üzünü görmədiyi səsini eşitmədiyi istedadlı gənclərdən əsirgəmir. Bir-iki ilin söhbətidir. Kafedrada qəzetləri gözdən keçirirdim. Cahangir müəllim otağa daxil olaraq çox böyük sevinc hissi ilə "Bugünkü "525-ci qəzet”də "Sonuncu çiçək dükanı” adlı hekayə çap edilib. Çox gözəl, məzmunlu, təsirli hekayədir. Nənə, onu mütləq oxu!” dedi.
Cahangir müəllim qəzetdə o hekayəni oxuyan kimi səhər-səhər fakültəyə bir səs-küy saldı ki... Tanımadığı bu imzanın hekayəsi onu heyran etmişdi. Cəmi iki gündən sonra Cahangir müəllim bu istedadlı yazar haqqında "Zərdüşt Şəfizadənin çiçək dükanında düşüncələr” adlı məqalə ilə "525-ci qəzet” də böyük bir yazı ilə çıxış etdi.
Hörmətli Cahangir müəllim! Bu gün Sizin haqqınızda bir tələbəniz kimi olanları və qəlbimdən keçənləri dedim. Əslində Sizin yaradıcılığınız haqqında söz deməyə nə qələmim qadirdir, nə də sözümün qüdrəti catar. Akademik İsa Həbibbəylidən, böyük yazar Elçindən, tədqiqatçı alim Abid Tahirlidən və istedadlı publisist Flora Xəlilzadədən sonra söz demək məsuliyyət tələb edir. Türk yazıçısı Muhəmməd Bozdağ gözəl deyib: "Böyük olmaq istəyirsinizsə, dağları belinizdə daşımağa hazır olmalısınız”.
Hörmətlə: TələbənizQərənfil Dünyaminqızı
banner

Oxşar Xəbərlər