• çərşənbə axşamı, 16 aprel, 23:32
  • Baku Bakı 18°C

İlHAMIN QÜDRƏTİ, QƏLBİN HƏSRƏTİ

14.03.16 09:56 2728
İlHAMIN QÜDRƏTİ, QƏLBİN HƏSRƏTİ
2006-cı ildə Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 100 illiyi ilə bağlı ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, dövlət səviyyəsində müxtəlif tədbirlər hazırlanıb həyata keçirildi. Mən də mətbuatda çıxış etmişdim. Bu il isə artiq unudulmaz şairin 110 illiyi tamam olur. Yenidən onun barəsində yazmaq istədim. Süleyman Rüstəm elə bir ümmandır ki, hansı tərəfdən yanaşsan ilhamının qüdrətini, qəlbinin həsrətini duymaq çətin deyil ki…

Ədəbiyyatımizin solmayan çiçəkləri

Süleyman Rüstəm ədəbiyyatımızda tərənnüm, vəsf və ithaf şeirlərinin ən məhsuldar yaradıcılarından biri idi. Süleyman Rüstəm nədən və hansı mövzudan yazıbsa, sevərəkdən, inanaraq ilhamının qüdrəti ilə poetik dilə gətirib. 12 mart 1906-cı ildə Bakıda dəmirçi ailəsində anadan olan Süleyman Rüstəm Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindəndir. Ötən əsrdə yaşayıb yaratmış şair bəzi həmkarları ilə müqayisədə, əslində, bəxti gətirmiş qələm sahiblərindən olub. 1937-ci ilin repressiyası millətin say-seçmə oğullarını qara tufanlara saldı. Ağır və amansız dövrün ölüm qoxulu təqiblərinin hədəfindən qurtararaq yaşamaq, yaratmaq hər kəsə nəsib olmurdu. Bu, bir tərəfdən Tanrının yazısı, digər tərəfdən də öz başını qovğalardan salamat çıxarmağı bacarmaq demək idi. Süleyman Rüstəm məhz qara qüvvələrin gözündən məharətlə yayındığından təzyiqlərə, həbslərə tuş gəlmədi. Nə yaxşı ki, belə oldu. Yazıb yaratdıqları ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri məhz Süleyman Rüstəm idi. Süleyman Rüstəm hələ sağlığında tədqiqatçıların daim diqqət mərkəzində olan söz sahiblərindən olub. Onun ədəbi irsi ilə bağlı yetərincə araşdırmalar var, müxtəlif fikir və rəylər formalaşıb. Vaxtilə onu sovet ədəbiyyatının ən ünlü və görkəmli nümayəndəsi hesab ediblər. Tənqidçi Bəkir Nəbiyev 1983-cü ildə şairin altı cildliyinə yazdığı ön sözdə qeyd edirdi: "Süleyman Rüstəmin poeziyasını Azərbaycan Sovet Sosialist Respublikasının müxtəsər, poetik ensiklopediyası adlandırsaq, əsla yanılmarıq". Süleyman Rüstəmin əsərlərini bu günün gözü ilə nəzərdən keçirəndə maraqlı nəticələrə gəlmək olur. Şairin bütün yaradıcılığı sovet həyat tərzinin əks-sədasıdır. Amma həqiqətin gözünə dik baxmaq lazımdır. Hər şeyi öz adı ilə çağırmaq vacibdir. Məhz 1937-ci ilin qurbanlarından savayı elə bir qələm sahibi tapmaq mümkün deyil ki, onlar sovet dövründə yaşaya-yaşaya bu quruluşun diktəsindən kənarda fəaliyyət göstərsin və dövrünü tərənnüm etməsin. Bu mənada, Süleyman Rüstəm də istisna deyildi. Bu məsələyə görə də onu qınamaq olmaz. Çünki sovet dövrü bütün ziddiyyətləri ilə bərabər, həm də Azərbaycana oyanış, intibah gətirdi. Bu dövrdə təhsilin, elmin, mədəniyyətin inkişafı üçün yeni üfüqlər açıldı. Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Məmməd Rahim kimi şairlər dövrün çağlayışından vəcdə gələrək yeni-yeni əsərlər yazıb-yaratdılar. Bu zamandan etibarən Süleyman Rüstəm də yeni epoxanın şairi kimi qələmə sarılıb. Ötən əsrin 20-ci illərindən başlayaraq həm şeirləri, həm də məqalə və çıxışları ilə yeni həyatı tərənnüm edən Süleyman Rüstəmin 1927- ci ildə çapdan çıxmış "Ələmdən nəşəyə" adlı ilk şeirlər kitabı onun bütün yaradıcılığının leytmotivinə çevrildi. Bəzən gənc ədəbi qüvvələr Süleyman Rüstəmi "sovet şairi" kimi səciyyələndirərək onun bütün yaradıcılığının üzərindən qara xətt çəkməyə çalışırlar. Bu, çox yanlış fikir və insafsızlıqdır. Süleyman Rüstəm "bu dəmir çəpərli" rejimin içində poetik məzmunu və mövzusu son dərəcə dəyərli olan əsərlər də yaradıb. "Oxuyun, bir qızıl kitabam" - deyən Süleyman Rüstəm özünü oxucusuna inqilab şairi kimi təqdim etməklə bir daha təsdiqləyib ki, onun poeziyası mübariz, döyüşkən bir ruhla həyatın içinə atılıb. O, əslində, novator şair idi. Bu səbəbdən də yaşadığı həyatın yüksəlişini, yeniləşməsini, yaxşıya doğru irəliləyişini tərənnüm etməkdə, vəcdə gəlməkdə haqlı idi. 70 il içərisində yaşadığımız bir quruluşda həm bu dövrün ab-havasını qələmə gətirmək, həm də millətin, vətənin xeyri üçün mükəmməl, poetik nümunələr yazmaq həqiqətən böyük istedad tələb edirdi. Bu baxımdan Süleyman Rüstəm Tanrı vergili bir şair idi. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən ömürlük qisas,
Torpaq nəfəs alıb dincılsin bir az.
Silinsin ürəkdən, könüldən ağrı,
Bir də tapdanmasın vətənin bağrı.

Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin "Ana və poçtalyon" adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən - oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə almışdır. Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən vətən övladlarının unudulmaz surətləridir. Bu talelərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm Cənubi Azərbaycanda olmuş, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görmüş, cənublu şairlərlə görüşmüşdür. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanmışdır. Ən müqəddəs arzusunu isə belə qələmə almışdır:
Bir arzum da var dünyada,
Bir gün məni salıb yada,
Kitabımı Arazdakı
körpü üstündə assınlar,
Gənc nəsillər unutmasın
bu şairin şərtini,
Tez köçərsəm bu dünyadan
başdaşıma yazsınlar,
İki yerə parçalanmış ürəyimin dərdini.

"Təbrizim" adlı şeiri isə Süleyman Rüstəmin bu mövzuda misralarla dilə gətirdiyi ən təsirli poetik həsrətdir:
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetim tək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

"Könlümə Təbriz düşdü", "Yaralarım", "İşıq", "Şair Səhəndə cavab", "Yenə Araz qırağında", "Görsəm" kimi şeirlərində Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, niskilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Ovqanı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib. Lirik şeirlərinə onlarca musiqi bəstələnmiş Süleyman Rüstəm həm də əsl nəğməkar şair kimi sevilməkdədir. Onun nəğmələrini müğənnilər böyük məmnunluqla ifa edirlər. Bu sahədə xüsusilə xalq artisti Zeynəb Xanlarovanın repertuarı seçilir. Xalq şairi vaxtilə Zeynəb xanımın ifasına məftunluğunu belə qələmə almışdır:
İllərdir tanışam sənin səsinlə,
Sevinc paylayırsan ürək sözünlə,
Vəcdə gətirirsən xoş nəfəsinlə,
Könül rübabımın telini, Zeynəb!

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə qələmə aldığı "Durna" komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışmışdır. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olmuşdur. Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. Sinəsini müxtəlif orden və medallar bəzəyirdi. Dövlət mükafatları laureatı idi. İctimai xadim kimi şöhrət qazanmışdı. Sosialist Əməyi Qəhərmanı idi. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunmuşdur. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:
Ey nazlı vətən, mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa, Süleymanı bağışla!

Cürət və qüdrətlə öz doğma yurduna ilhamlı nəğmələr qoşan şairin bu etirafı çox mətləblərdən xəbər verir. Bu yerdə Süleyman Rüstəmin ana dilimizlə bağlı yazdığı onlarla şeirdən bəzi misraları xatırlamaq yerinə düşər ki, bu vətən oğlunun könlünün dərinliyidəki xiffətdən və bu xiffətin üz tutduğu həqiqətdən xəbər tutaq:
Mən sənin dilinə dəymirəm cəllad,
Gəl sən də bu ana dilimə dəymə,
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
Həsədlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin Vətənimə sən,
Yan deyib, od vurdun bədənimə sən!..

İzaha ehtiyac yoxdur. Şairi, yazıçını, jurnalisti yaxşı tanımaq üçün onu mükəmməl və diqqətlə oxumaq lazımdır. Eləcə də hər bir dövrün ab-havasını nəzərə almamaq gerçəyin üzə çıxmaması deməkdir.

Flora XƏLİLZADƏ
banner

Oxşar Xəbərlər