İKİ ÖMÜR YOLU, BİR DƏMİR YOLU...
Tamaşa boyu dahi Məmməd
Arazın bu misraları beynimi döyəcləyirdi:
İki ömür yolu, bir dəmir yolu,
Bizimçün qurulub bu dayanacaq,
Nə sənin mənim tək duyanın olub,
Nə məni sənin tək duyan olacaq...
Qatar
həmişə hər kəsdə daha çox nostalji hissləri yaradan bir nəqliyyat vasitəsidir.
Məsələn, mən qatar görən kimi tələbəlik illərimi xatırlayıram. Hər tətildə
sevinclə Dəmir yol vağzalında əyləşdiyim qatarın ard-arda düzülmüş yaşıl rəngli
vaqonlarını çəkib aparacaq paravozun hərəkət anını gözləyirdim. Sonra başqa bir
yolçuluq kefi başlayırdı...Bir neçə saatın içində tanış olduğun adamlar,
onların hekayətləri, söhbətləri, şişman bələdçilərin "biletlərinizi
göstərin!" əmri ilə biletsiz sərnişinlərin ani təlaşı, bir azdan əriyən
narazılıq buzlarından sonra qulplu altıqlı iri stəkanlarda iki-üç tikəlik tezəriyən
qəndlə verilən çay dəsgahı...Nahar və axşam yeməyi vaxtı hər kəsin səxavətlə
ortaya açılan süfrəyə qoyduğu nemətlərə kupe qonşularının da əl uzatmasından doğan
məmnunluq hissi. Bir də bütün bu şirin xatirələrin yekunu olaraq daxilində hər
kəsdən gizlin guşədə rahatlıq tapmayan bir sızıltın: bizim hər birimizin ömrü
elə bu qatardakı vaqonlarının hücrələri-kupeləri kimidir. Yaşadığımız sürəcə bu
qatara minən yüzlərlə sərnişin arasında bizimlə son dayanacağa qədər gedənlər
də var, yol boyu hansısa stansiyada enənlər də...Görəsən qalanların arasında neçə
nəfər ürək dostumuz, könül sirdaşımız var? Bu sərnişinlərin hansının gülüşü,
hərəkəti, sözü, vədi, münasibəti, sevgisi, nifrəti həqiqətdir? Məncə, bu
dünyada 100 il ömrün olsa belə, dağ bilib arxalandığın, inanıb sirrini-sözünü
etibar etdiyin adam belə günlərin bir günündə insanlıqdan çıxıb sənə xəyanət
edə, səni qəpik-quruşa sata bilər! Bu həyatın, insanlığın amansız və yazılmamış
qanunudur ki....məşhur qırğız yazıçısı Mar Bayciyev onu çox sərrastlıqla və
incə nüanslarla oxucularına, tamaşaçılarına təqdim edib.
Ümumiyyətlə, Mar Bayciyevin yaradıcılığı ilə tanış olanlar onun
istedadının müxtəlif çalarlarından xəbərdardırlar, insan psixologiyasını,
münasibətlərdəki təzadlı və umacaqlı nüansları dəqiq və mükəmməl ifadə etməsi
dramaturqun bütün əsərlərindən qırmızı xətt kimi keçir. Elə buna görə 16 ilə
yaxın İrəvan Azərbaycan Dövlət Teatrının direktoru işləmiş yazıçı dramaturq Hidayət
də Mar Bayciyevin yaradıcılığının incilərindən biri sayılan "Sonuncu reys" əsərini dilimizə
çevirib və teatra baş rejissor təyin olunmuş əməkdar artist Sərvər Əliyev bu
sənət ocağındakı fəaliyyətinin 100-cü gününü məhz bu tamaşa ilə qeyd edib.
Sərvərin "Ömür
qatarı" adı ilə quruluşunu verdiyi tamaşa
bayaqdan bəri anlatdığım o qatardır. Bizim hər birimizsə o qatardakı 8
nəfərlik sərnişinin prototipi sayıla bilərik. Bəlkə elə buna görə Mar
Bayciyev bu əsərdə personajların heç birinə konkret ad verməyib ki, hər bir
tamaşaçı, oxucu öz içinə, daxili dünyasına boylana bilsin! Bu tamaşada sadəcə
Bələdçi qadın (Səmayə İsmayilova), Sərxoş, (Əməkdar artist Vaqif Kərimov), Qadın (Əməkdar
artist Esmiralda Şahbazova), Kişi (Tural Xəlilzadə), Qız (Şəbnəm Cəbrayılova),
Leytenant (Elçin Hacıyev), Bələdçinin əri (Nicat Mirzəzadə), Bufetçi (Rövşən
Cəfərov) var. Şəkildən-şəklə dəyişən, vaxt ötdükcə öz daxili
mənini - xislətini ortaya qoyan bu insanlar əslində elə bizim aynadakı
əksimizdir; səmimiyyətimizlə, ikiüzlülüyümüz, paxıllığımız, rəzilliyimiz,
sevgimiz, xəyanətiniz, özümüzü təsdiqə çalışdıqca özgələrinin haqqını tapdayıb
keçməklə nələrəsə can atmaq cəhdimiz, inadkarlığımız...
1988-ci ildə on minlərlə
soydaşımız kimi C.Cabbarlı adına İrəvan
Azərbaycan Dövlət Dram Teatrının da qaçqınlıq həyatı başladı. Amma zaman
keçdikcə, oradan gələnlərin demək olar ki, hamısı, yaxşı-pis, ev-eşik, yurd-yuva
sahibi oldu. Lakin 136 yaşlı bu ixtiyar teatr hələ də onun-bunun qoltuğundadır,
münasib binası, şəraiti olmadığından hazırladığı tamaşaları yad səhnələrdə
oynamağa məhkumdur. Belə vəziyyətdə isə istənilən, arzu olunan səhnə tərtibatı,
yaradıcılıq fantaziyası, ifaçılıq imkanları nümayiş etdirmək olmur, sadəcə təklif
edilənlə kifayətlənməkdən başqa bir seçim qalmır. Əminəm ki, tamaşanın uğurunu
təmin edən əsas amillərdən biri də doğma divarlardır ki, yaradıcı heyət aylarla
sürən məşq prosesində səhnənin həm ab-havasına alışır, həm də texniki
imkanlarını mənimsəyir, kulislərdə hərəkət etmək daha asan olur. Lakin neyləməli,
bu da bir tale, qismətdir.
Düşünürəm ki, bu tamaşada
bütün obrazlar elə baş rol qədər
önəmlidir. Çünki həyatda olduğu kimi yer üzündəki "Ömür qatarlarında"
da Tanrının yaratdığı varlıqların heç biri ikinci dərəcəli insanlar deyil, hər
kəs bu dünyada öz rolunu oynayıb gedir, bəzən kimlərsə niyə yaşadığını, nə üçün
yaşadığının fərqinə varmasa belə!
Əməkdar artist Vaqif
Kərimovun ifa etdiyi sərxoş kişi bəlkə də bu dünyanın ən məsum insanıdır,
istedadlı, qabiliyyətli işçisi, qayğıkeş həyat yoldaşı, övladlarını canından da
çox sevən ata kimi əvəzsizdir. Ancaq adi bir səhv, doğmalarının, yaxınlarının,
dostlarının, ünsiyyətdə olduğu hər kəsin etinasızlığı, biganəliyi onu bu
qatarın qəribə həyat hekayəsi olan sərnişinləri arasına gətirib. Vaqif Kərimov
bu teatrın qədim-qayım sütunlarından biridir, yaratdığı müxtəlif xarakterli
obrazların hər birində onun öz şəxsi münasibətindən irəli gələn tapıntılar,
fərqli cizgilər var ki, bu da ietedadlı aktyorun geniş yaradıcılıq
imkanlarından xəbər verir. Onun oynadığı obrazın səmimiyyətinə də, yaşamağa
məhkum olduğu həyatdan,əslində isə özündən intiqam almaq cəhdinə də inanır
tamaşaçı və onun hər bir hərəkətində, jestində, mimikasında, səsinin tonunda
belə bədbəxt bir insanın yaşantılarını, çırpıntılarını, əlacsızlığını görür,
hiss edir.
Teatra əbədi və tükənməz
sevgisi ilə həyata tutunan istedadlı aktrisa Səmayə İsmayılova Bələdçi qadın
obrazını o qədər səmimi, o qədər təsirli və təbii təqdim edir ki, adamın lap o
qatara hansısa dayanacaqda minməyi gəlir! Lap "boş yer" olmasa belə! İnanırsan
ki, "illərini bu dəmir ayaqlar üstündə keçirən, hər səfərində də müxtəlif
taleli insanlarla rastlaşan və onlarla ünsiyyətdə ola-ola "yolların
fəlsəfəsini” öyrənən bu qadın hər şeyə qadirdir, bircə kimsə onun "qazanc
bostanı”na daş atmasın, düzənini pozmasın, qurduğu "dünyasını” dağıtmasın.
Bələdçi qadın üzü-üzlər görmüş bu darısqal kupelərdə nələrin şahidi olmayıb,
hansı imtahanlara, sınaqlara tab gətirməyib, nələrdən qup-quru çıxmayıb? Amma
bu səfərdə ona yoldaşlıq edən həyat yoldaşı bunların heç birini anlamır, çünki o "bu dünyanın adamı deyil, yolların
nizamından xəbərsizdir”.
Əməkdar artisti Esmiralda Şahbazovanın yaratdığı Qadınsa öz daxili
təlatümünü, içindəki tənhalıq qorxusunu, üzüntüsünü mülayimliyi, zərifliyi, bir az da ürkəkliyi
ilə ört-basdır etməyə çalışsa da, hiss
olunur ki, illərdən bəri bu qatarın son dayanacağında üzləşəcəyi gerçəkliyin
acısını daşıyacaq qüvvədə, o yükü qaldıracaq iqtidarda deyil. Bəlkə də bu üzdən
özgə birisinin qismətinə əl qoymaqdan heç narahatlıq duymur. Nə yazıq ki,
çağdaş dünyamızın yaşam fəlsəfəsi bəlli: xoşbəxt olmaq istəyirsənsə, mübariz və
bir az da fürsətcil olmalısan!
Bəlkə də
illər əvvəl yazılan və dünyanın yüzdən çox teatrında tamaşaya qoyulan bu əsərin
müasirliyi, aktuallığı, əhəmiyyəti bir də ondadır ki, 21-ci yüzillikdə, insani
münasibətlərin getdikcə daha çox qıtlaşdığı, ailələrin çox sürətlə bir-birindən
qopduğu, sosial münasibətlərin daha böyük önəm daşıdığı bir dövrdə tamaşaçını
hansısa sirlərdən agah edir, onu ayıq-sayıq olmağa səsləyir.
Şəbnəm
Cəbrayılovanın gənc qəhrəmanı da bu gerçək ağrılardan silkinib özünü qatardan,
o darısqal və xəyanət havalı vaqon kupesindən gecənin, sonsuzluğun, nəhayətsizliyin
və məchulluğun qoynuna atan andan tamaşanın ab-havası dəyişir. Gənc qızın
yaşantılarını çox dolğun və inandırıcı oynayan aktrisa həmyaşıdının üzləşdiyi
yalanın və xəyanətin iç dünyasına enir. Şəbnəmin qəhrəmanı saf, hələ korşalmamış
ülvi hislərlə sevdiyi adamın hər sözünə inanır. O insan adlı bəndələrin nələrə
qadir olduğundan hələ xəbərsiz sevdalı bir tələbə qızdır. Aktrisa obrazının
yaşantılarını elə inandırıcı verir ki, tamaşaçı onun özündənqaçış qərarına -
tək-tənha çölə pənah aparma istəyinə haqq qazandırır!
Tələbə qız öz sevgilisini
(Leytenantı) ailəsi ilə tanış etməyə aparır, onun ilk məhəbbətin şirinliyi ilə
çırpınan ürəyində hələ ki, xəyanətə, riyakarlığa, yalana yer yoxdur. Rejissor
bu məsum və təcrübəsiz qızın həyat hekayəsini daha təsirli və inandırıcı vermək üçün onu böyük bir sınaq girdabına
itələyən müəllifin düşüncələrini bir az da qüvvətləndir: qızı gecə ilə bom-boş
səhraya qaçmağa məcbur qoyan xəyanət acısı ilə imtahana çəkir, orada ona
insanlıq və etiraf dərsini öyrənmək imkanı verir.
Tamaşa boyu bir qatar kupesində və qaranlıq səhrada baş verənlər əslində
bu dünyanın gecə və gündüzü kimi təzadlıdır. Bu reallıq içərisində insanı ən
çox qorxudan, qəfil qatar fiti kimi diksindirən bir xof var; əcaba, məhəbbət və
inamdan, özünəgüvəndən və sədaqətdən danışmaq üçünmü bu adamlar bir araya
toplaşıblar? Dəqiqələr ötdükcə bu təlaş bir az da güclənir, özünə, andına inamı
itən insanların ümidinin tükəndiyi məqam yetişir. Və səhnədə yaşam mücadiləsi
verən, qaranlıq gecənin qoynunda zərrə boyda bir işığa, ümidə möhtac olan, xilas
yolu arayan gənc qızla yaşlı kişi qalır.
Tamaşanın kulminasiya zirvəsi də məhz bu
üzləşmə anıdır. İki ömür yolunun bir dəmir yolunda qarşılaşıb, etiraf
fırtınasının girdabında çırpınan iki insanın baş-başa qaldığı anlar... Dünyanın
gərdişindən, həyatın sınaqlarından bezib hansı dayanacaqda düşəcəyinin belə,
fərqində olmayan, qatarlarda sərxoşluq edib gün keçirən, içki tapmayacağı təqdirdə
özünü asacağını bəyan edən Kişi ilə sevgilisinin onu aldatdığından şübhələnib
özündən, öz güvənc dünyasından qaçan məsum Qız! O yol ayrıcında həqiqətləri
bütün çılpaqlığı ilə bir-birinə etiraf edən bu iki nəfər vicdanlarının səsini
dinləyir, Tanrı qarşısında hesabat verirmişlər kimi dərdlərini gecəyə, ara-sıra
onları görmədən sürətlə son mənzilə doğru şığıyan qatar təkərlərinin yeknəsək taqqıltısına danışırlar.
Bu mükalimənin bir qanadı bəlkə hələ də
hansısa dayanacaqda boş vaqonların hamısındakı yerləri "bron edən turistləri”
gözləyən qatarda qalan sərnişinlərdir. Bir neçə saatlıq, uzaqbaşı bir günlük
yol yoldaşı olduğu sərnişin xanımı ovutmağa çalışdığı məqamda sevgilisinin
etibar və güvənini alt-üst edən Leytenant, bir anlıq duyğularına təslim olub
yad bir kişinin təsəllisinə qucaq açarkən hadisələrin növbəti inkişafına təkan
verən Qadın, bu qısqanclıq ocağını körükləyən və son məqamadək dərdi-səri
ərinin bir şilləsi müqabilində tanımadığı sərnişinlərdən onu məhkəməyə vermək
üçün şahidlik izahatı toplamağa can atan Bələdçi qadın və problemlər içində
çırpınan digərləri. Hər birinin də öz həyat hekayəsi, öz umacağı...
Gənc qız atası, bəlkə də babası yaşında
olan Kişinin həyat dərsindən nəticə çıxaracaqmı, bilmirik. Tamaşaçının ümid
etdiyi və inandığı bir həqiqət var: bu səhradan keçən sürət qatarlardan
hansınınsa maşinisti bir gecə bu adsız dayanacaqdakı iki sərnişini mütləq
görəcək! Bu qatarın gələcəyi saat və dəqiq vaxtı bəlli deyil! Amma gedəcəkləri ünvana çatmamış
"Ömür qatarı"ndan enməyə məcbur qalan o iki sərnişinin ümidi, nicatı,
həyata dönüş bağı olacaq o işığın ziyası
qaranlıq salona da bir əminlik vəd edir. Baş rejissor Sərvər Əliyevin İrəvan
Azərbaycan Dövlət Dram teatrındakı bu ilk işinin başlanğcında yanan bir etimad
və inam mesajı da saymaq olar o işığı!
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram
Teatrının səhnəsində cəmi bir neçə günlük məşqdən sonra tamaşaçı qarşısına
çıxmaq cəsarətində olan və bütövlükdə uğurlu ifası dönə-dönə alqışlanan
kollektivin oyunda hər hansı bir uğursuzluq, mizan çaşqınlığı görmək istəmədim.
Sadəcə, cani-dildən və çox böyük yaradıcılıq eşqi ilə qəhrəmanlarının sevinc və
kədərini, iztirab və məmnunluğunu ifadə etməyə nail olan bu sənət fədailərini,
rejissor Sərvər Əliyevi, tərtibatçı rəssam Vahid Mürsəliyevi, tamaşanın
uğurunda əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm, İrəvanı - qədim yurd
yerlərimizin nəfəsini yaşadan teatra uzun ömürlük yaradıcılıq fəaliyyətində yeni
nailiyyətlər arzulayır və bu qeydlərimi yenə Məmməd Arazın şah misraları ilə
möhürləmək istəyirəm:
Bəlkə bu doğrunu yalana büküm,
Bu hissə inanan çox az olacaq,
Bir də ömrümüzə qayıtmaz bu gün,
Bir də yolumuza çıxmaz bu qatar...
Yolunuza çıxan hər qatara minməyin, bəzən
bu qatarın bütün vaqonları boş olsa belə, sizə yer tapılmayacaq... Sizi mənzil
başına çatdıracaq "ÖMÜR QATARI”-nı gözləyin, o nə vaxsa mütləq sizin dayandığınız
vağzaldan da keçəcək.
Telli PƏNAHQIZI