• şənbə, 20 Aprel, 03:34
  • Baku Bakı 15°C

Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır

11.12.19 15:45 643
Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
Bu günlər Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anım gününü, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edir. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində bu gün Azərbaycan xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmışdır.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır.
"Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səylərini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı: "Hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etmək”. Dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmə hüquqlarının var olması idi. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ölkəmizin xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tutur. Bu məsələdə ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırıb. Bütün beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır”,-deyə Milli Məclisin deputatı söyləyib.
S.Fətəliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.
"Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olan ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və əldə olunan nəticələr deyilənləri təsdiq edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası fonunda aparılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də bu gün Azərbaycan beynəlxalq müstəvidə sivil, demokratik dövlət kimi qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir. Beləliklə, əminliklə söyləmək olar ki, ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Bu amilin əsasında da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev ideyaları daim yaşayacaq və ölkəmizin inkişafının fövqündə dayanacaq”, - deyə, S.Fətəliyeva bildirib.
banner

Oxşar Xəbərlər