Hər şey ölümsüzlüyün arxa fonudur

Hər şey ölümsüzlüyün arxa fonudur

04 Aprel 2016, 10:09 812
Devid Iqnatau dərs dediyi York kollecinin yaxınlığında, “Queens”də dördotaqlı və divarları bomboş bir dairədə yaşayır. Qonaq otağının pəncərəsi 1700-cü illəri xatırladan mənzərəyə açılır. Otağın boşluğu və mebel seyrəkliyi əsla kasıblıqdan yox, estetik baxımdan zəngin bir həyatdan xəbər verir. Sadə kitabxanası, 2-3 qovluğu, yazı maşını hər şey yataq otağındadır. 60 yaşların əvvəllərində olan şair son bir neçə ildə gümüşü-ağ rəngə çalan saqqal uzadıb.

-Özünüzü çox tez inciyən hesab edirsiniz?
-İnciyən, lənət olsun, bəli, eləyəm. Amma incidilə biləcəyim qorxusu ilə də həmişə özümü o mühitin içinə çəkirəm, bu müharibə meydanında olmaq kimidir. Döyüşə atıldıqca insan qorxunu hiss etməyə başlayır, ancaq düşmənlə üz-üzə gəldikdə o artıq sənin dostuna çevirir, çünki döyüşmək qorxunu və həyəcanını o azaldır.

-Qəzəbiniz duyulan şeirlərinizdə müdafiəsiz olmanığınızı hiss edirsinizmi?
-Bəzi şeylərə münasibətsiz, qayğısız yanaşa bilmirəm. Əgər bu şeyi hiss eləyirəmsə, deməli, onu mütləq yazmalıyam. Bu həyatdır. Mən də belə yaşayıram.

-Poeziyanız haqqında deyilən “daxili dünya” təsvirini dəqiq hesab edirsiniz?
-Hə, çox. Mənim poeziyam bağırsağı verdiyi reaksiya kimidir. Uzun illər bağırsaq kimi həyat yaşadım və məncə, hələ də belədir. Bağırsağı mən bədii mənada misal göstərdim. Çox sıx-sıx kirayə pulunu bu dəfə hardan alacağımı düşündüyüm olub. Zibilə qalsın, həmişə həyatın ucunda, ən son halqa kimi yaşamışam.

-Sizin üçün başınıza gələ biləcək ən pis hadisə nədir?
-Belə... işimi itirmək, pulsuz qalmaq. Eşq-məhəbbət, insan münasibətləri kimi problemlər mənim üçün ikinci plandadır. Emosional şeylərdən qaynaqlanan problemlərin öz-özünə həll olunması da mümkündür.

-“Gündəliklər”də (“The notebooks”) yazırsınız ki, ağrı sizin sevimli mövzunuzdur. Hələ də belə olduğuna inanırsınız?
-Ola bilər ki, mən həyatın həmin mərhələsindən, nöqtəsindən keçmişəm. Çox şey dəyişib. Bu gün heç də ağrılı bir həyat yaşamaq və ya onu baş tacı etmək niyyətim yoxdur. Son üç ildə çox əylənməyi sınaqdan keçirirəm. Bu əyləncələr məni fantastik dərəcədə xoşbəxt edir. Uzun illər həyatımda əskik olan şeydir bu.

-Bir müddət yaradıcılığınız tamamilə epik şeirin hökmdarlığı altında imiş kimi görünürdü. İndiki əsərlərinizdəki bu vizual dəyişiklik həyat tərzinizin dəyişməsi ilə bağlana bilərmi? Özünüzə qarşı daha səbirli, yoxsa daha səbirsiz olmusunuz?
-Lirikanın özünəməxsus məhdudiyyətləri var. Lirik forma ilə məşğul olduğum zamanlarda özümü çox səbirsiz, dözümsüz kimi hiss edirdim. Məhz buna görə özümü və həyat tərzimi kökündən dəyişdirdim, indiki lirik forma ənənəvi formaya meydan oxudu.

-Yazmağa nə zaman başladınız? Bu yolda əsas kimin təsiri olub?
-İlk başlarda Hart Kreyni özümə rol-model (nümunəvi şəxs) seçdiyim üçün çox məmnun idim. Lakin bir müddət sonra şüurlu şəkildə anladım ki, mən Kreynin temperamentində deyiləm. Yaradıcılığı ilə tanış olduqca Uitmanın düzümünə özümü daha yaxın hiss etdim, beləliklə, özümü onun dəsti-xətti üzərində formalaşdırmağa meylləndim. Müəyyən müddət belə davam etdikdən sonra gördüm ki, onun yaradıcılığını saf-çürük etməyə başlamışam, çünki ondan hər şeyi götürə bilmirdim. Uitman mənə görə eyforik təxəyyülə malik müəllif idi. Beləcə, onunla yollarımı ayırdım və Uilyamsın üslubuna yaxınlaşmağa başladım. Əvvəlcə Uilyams məndən imtina edirmiş kimi göründü. Mənə uzaq görünürdü çünki... Həddindən ziyadə bədii idi, nəsr, təhkiyə bədiiliyi var idi. Burada poeziya hardadır? Bu sual üzərində düşünməyə başladım. Lakin ətrafımda onu oxuyanlar məni o qədər tənqid etdi ki, yenidən onu öyrənməli oldum. Onun ilk qələm təcrübələri ilə tanış oldum. Özüm yazmağa başlayanda hiss etdim ki, Uilyamsın üslubunda yazıram. Amma sonradan həyat tərzim məni ondan tamamilə uzaqlaşdırdı. Çünki o fizik idi və mənim həyatım onun yaşadıqlarından çox fərqli istiqamətdə irəliləyirdi. Beləliklə, öz həyat tərzimə uyğun üsullar yaratmağa, üslubumu yenidən formalaşdırmağa başladım.

-Bəs, başqa kimlərin təsiri olub?
-Sürrealist “metod”u Russel Edsondan (amerikalı şair-illustrator 1935-2014- red.E.S.) öyrəndim. Onu oxumamışdan əvvəl bir neçə dəfə sürrealist poeziyanın künclərini dürtülmüşdüm, ona görə də üsulları çox tezliklə mənimsədim. Çünki həyatım o qədər qarışmışdı ki, onunla birbaşa mübarizə apara bilmək üçün əvvəlcə problemləri sadələşdirmək lazım idi. Sonra Vallejo (amerikalı metafizik şair-rəssam – 1941 – red.E.S.) mənim üçün vacib ədiblərdəndir. Həmçinin Neruda...

-Amma sizi nədənsə tez-tez Uitman və Uilyamsın oğlu kimi təqdim edirlər.
-Bilirəm, amma inanmıram ki, ikisini də özündə birləşdirmək mümkün olsun.

-Meksikalı yazar Xose Qaos (ispan filosof-yazar – 1900-1969 – red. E.S.) nobel mükafatçısı Oktavia Pasın kitabı haqqında belə bir sitat gətirib: “Əgər insan həyata daxil ola bilibsə, deməli, ölmək üçün kifayət qədər yaşı var”.
-Bu yaxşıdır. Bu həqiqəti dərk edəndə, insan daha canlı bir ömür sürmək istəyir, çünki başa düşür ki, etdiyi hər şey ölümsüzlüyün fonudur. Ölümün sonsuzluğunun fonu.

-İlk dəfə yazmağa başlayanda neçə yaşınız var idi?
-Nəsə hədiyyə bənzər bir şeyə sahib olduğum duyğusu yarananda hardasa 16 yaşım var idi.

-“Gündəliklər”də yazırsınız: “Şair olmaq poeziyanın var olmadığını anlamaqdır”. Bununla nəyi nəzərdə tuturdunuz?
-Bəzi məqamlarda belə düşünürəm. İnsan poeziya üçün var olduğunu düşünməlidir. Amma əgər sevgini və ya belə deyək maddi təhlükəsizliyi həyatınıza çıxarmaq olmaz, onda insan başa düşür ki, bunlarsız poeziya insan həyatında çox kiçik rol oynayır. Bu təxminən qurtuluş dövrüdür. Əgər həyat bu qədər qorxunc, müasir cəmiyyət stabil olsaydı, bəlkə onda poeziya daha əhəmiyyətli rola malik olardı.

-Kimsə sizi imitasiya edəndə necə hiss edirsiniz?
-Bu elə də asan deyil.

-Nə zamansa özünüzü yalnız hiss etmisinizmi?
-Oh, əlbəttə. Ömrün böyük hissəsində mən yalnızam. Hər zaman yığıncaqlara sonradan qoşuluram. Nəsə yazanda anidən özümü özümlə kompanion (əməkdaş, şərik, həmkar) kimi aparan yerdə tuturam. Yazırsansa, özün özünün qonağı olursan.

-Meredit (amerikalı şair – 1869-1939 – red.E.S.), Uilyam Cey Smits (amerikalı şair – 1918-2015 – red.E.S.), Jarrel (amerikalı şair, ədəbi tənqidçi – red. 1915-1965 – red. E.S.), Eberhart (amerikalı şair – 1905-2005 – red.E.S.) kimi müasirləriniz sizin yaradıcılığınızdan xəbərdardırlar?
-Jarrel şeirlərimdən biri ilə bağlı olduqca qısa və sevimli bir şərh yazısı yazmışdı. Məni küçə Sofoklu adlandırmışdı, ya da nəsə buna oxşar bir şey. Çünki mən “Hamlet” və “Oedipus”un (qədim yunan folklorundan kral Oedipusun əfsanəsi) süjetlərini oğurlayıb, onu qonaq otağımın dilində yenidən işləyib, gündəlik məişət üslubuna salırmışam və bunun özü də bir bacarıq imiş. Başqa sözlə, məni heç yerinə qoymuşdu.

-Şöhrət qazanmaq, tanınmış insan olmaq marağınızı çəkibmi heç?
-Xeyr, mən sadəcə əlçatan və işəyarayan olmaq istəmişəm. Mənim nəzərimdə şöhrət kiməsə kömək edə bilmək üçün vasitədir. Cəmiyyətə kömək ola biləcək nə isə görməkdir.

-Sizcə, çağdaşlarınız arasında müasir poeziyanın ən önəmli isimləri kimlərdir?
-Louel (amerikalı şair – 1917-1977 – red.E.S.), Jarrel (amerikalı şair, ədəbi tənqidçi – red. 1915-1965 – red. E.S.), və Berriman (amerikalı şair – 1914-1972- red.E.S.). Mən isə özlüyümdə hamının da iddia etdiyi kimi onların hamısından fərqlənirəm. Mənim bədii üslubum da, həyat tərzim də bütünlükdə onlarınkından hər şeyi ilə fərqlənir.

-Niyə Uilyam sizin üçün bu qədər böyük önəm kəsb edir?
-Çünki o böyük xalq kütlələrinin nüfuz və etimadını qazanmış yeganə insandır ki, “Nyu-York Taymz”da kitabım haqqında rəy yazısı yazmış və onu potensial milli best-seller adlandırmışdı. Qəribə də olsa, sanki bu mənə kifayət etmişdi. Özümü şair kimi təsdiqlənmiş hiss etdim. Sanki quraqlıq keçən bir mövsüm sonrası suya doymuş səhra kimi idim, sanki uzun illər sonra mənə kimsə yemək vermişdi, uzun müddət çəkən yalnızlığıma kimsə işıq yandırmışdı.

-Pul haqqında nə düşünürsünüz?
-Deməli, belə... Mən Budda deyiləm ki, min illərlə bir ağacın altında otura biləm. Kim bacarar ki? Hər şey bir yana iqlim buna imkan verməz. Odur ki, hamımızın pula ehtiyacı var. Ev üçün, rahatlıq üçün, dincələ bilmək üçün pula ehtiyac var.

-Qaralamalar üzərində işləyirsiniz?
-Əlbəttə. İdeyanın ilk formasını mümkün olduğu qədər tez əldə etməyə və işləməyə çalışıram. Bəzən, belə hallar çox olur, hər şey uğurlu alınır, sadəcə bir-iki yerdə xırda düzəlişlərə ehtiyac olur. Amma onu da deməliyəm ki, bəzən də yazdıqlarımın arxasınca səfehcəsinə baş sındırmalı oluram. İstəyirəm ki, ideya tez inkişaf etsin, ona görə də ən başa qayıdır və onun tənqidçisinə çevrilirəm.

-Şeiri birdəfəlik əvvəlindən sonuna kimi yazırsınız, yoxsa əvvəlcə hissələr şəklində yazıb sonra onları bir yerə gətirirsiniz?
-Deməli... Əgər qısa şeirdirsə, birdəfəlik yazıb, tamamlayıram. Məsələn, qırx-əlli sətri bir dəfə yazıram, sonra başa qayıdır və harada nə istifadə edə biləcəyimə baxıram. Amma bəzən də elə şeirlər olur ki, məsələn, “Ənənə” (“The ritual”) kimi, onları səhnələrlə, hissə-hissə, addım-addım işləmək lazımdır. Bəzən bu tip şeirləri tamamlamaq həftələrlə vaxt alır, yenidən başa qayıdır, yenidən ideyalar üzərində düşünür, dəyişir, yenidən yazıram.

-İşgüzar vərdişləriniz şeirin təbiətinə görə dəyişirmi?
-Əlbəttə. Bəzən gündəlik bir işlə məşğul olurmuş kimi şeir yazıram, özümü aludə edirəm və 12-14 misra yazıb, bir küncdə dincə qoyuram. Bəzən isə hiss edirəm ki, buna davam etməliyəm, irəli getməliyəm. Özümü susuz qalmış kimi hiss edirəm. Ola bilər ki, 30-40 sətri keçmiş olsun, yenə də dayanmıram, bilirəm ki, hələ yazmalıyam.

-Bir şeiri tamamlamaq sizdən orta hesabla nə qədər vaxt tələb edir?
-Hardasa on dəqiqədən on saata kimi dəyişə bilir.

-Şeirin artıq tamamlandığını necə anlayırsınız, nə zaman dayanmaq lazım olduğunu necə müəyyənləşdirirsiniz?
-Hiss edirəm ki, beynimdə artıq şəkil, metafor canlanmır, deyilməli olan şeylər sıralanmır və yaxud da artıq nəsə əlavə etməkdən çox, redaktə etməyə başlamışam, onda başa düşürəm ki, dayanmaq vaxtıdır.

-Nə zamansa istifadə etmək məqsədilə qeydlər aparırsınızmı?
-Əvvəllər edirdim, artıq qeyd aparmağa ehtiyacım yoxdur.

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı