«Hər nə varsa» şeirdədir...

«Hər nə varsa» şeirdədir...

20 Aprel 2015, 06:21 1051
Başlamaq əsasdır. Gözəl bir bir başlanğıc isə daha da önəmlidir. İnsan duruşunu, dirənişini, sözə verdiyi dəyəri başlanğıcda ip ucu ilə qarşısındakı insanlara çatdırmaq istəyir. Həmin ip ucunun oxucuya çatdırılması şairin dünyaya baxışının, yaradıcılığının püxtələşməsi baxımından olduqca önəmli bir addımdır.
Musa Urudun «Hər nə varsa...» kitabı «Söz mənim taleyimdir» - cümləsi ilə başlayır. Sözlərin ən gözəlini Eşqə göndərmək, sözlərin ən gözəli ilə Yaradana yönəlmək gözəlliklərin ən gözəlidir. Musa Urud əslində «Söz mənim taleyimdir» - cümləsindən yola çıxıb haqqında danışmaq isədiyi «hər nəyin» nə olduğunu da beləliklə oxuculara çatdırır. Sözün taleyini şeir yazmağa başladığı ilk anlardan etibarən gülə, çiçəyə, həyata, ölümə, insanalara dair yazdığı yüzlərlə şeirə bağlayan şair Musa Urud:

Azıma dəymədin,
Çoxumu apardın özünlə.
Gözümə dəymədin,
Yuxumu apardın özünlə.


- deyə başlayan şeir dünyasını şeirin gəlişinə qurban kəsir, gedişinə isə «içir»...

Söz, söz sahibini anlatmaq üçün olanda daha da gözəlləşir, ən gözəl hala gəlir. Musa Urudun şeirləri də bundan öz bərəkətini alır. Bu bərəkətdən nəsibini alan şair ciddi - cəhdlə şeirlərini inşa edir. Hesabını verə biləcəyi sözlərin arxasınca düşüb ən gözəl həvəsini gerçəkləşdirir. Bilir ki, söz eşqə çevrilirsə və gözəlliklərlə iç-içə olursa, əsl mənasına bürünür:

Dönüb qayıtmağa el tapmayanda
Adam adamlıqdan çıxır, İlahi.
Dərd başdan tökülür, kürəkdən axır,
Qabıq tək ayaqdan çıxır, İlahi!


Az sözlə çox mənanı ehtiva etməyi bacarmaq şeirin ən qiymətli şüarındandır. Şair, sözdən nə qədər təmkinli istifadə edirsə, şeirində bir o qədər həssas məqamlara işarə edir. Musa Urud şeirində nəql etdiyi geniş coğrafiyaya, ucsuz-bucaqsız dünyaya baxmayaraq, sözdən çox təmkinlə istifadə etməyi bacaran bir şairdir. Sözü uzatmadan, şeiri dadında – tamında saxlayıb oxuculara öz məramını açıqlayır.
Birdən baxırıq çöldəyik, səhradayıq, şoran torpaqlarda çiçəklər bitir. Qəfil hər şey dəyişir, şair bizləri uşaqlığının qutsal dövrünə aparır. Sonra qədim Naxçıvana səfər edirik, ordan da Türkiyəyə salam verib, kökümüzün torpağa bağlı olduğunu bir daha xatırlayırıq. Amma bütün hallarda Vətəni unutmuruq:

Torpağın adı həyat,
Ocağın odu həyat.
Balığa sudu həyat,
Bizə Vətəndi, qardaş!


Şair həyatın içindən bir şeirin formasını yenə həyatda özünəməxsus misallarla verir. Şeir həyatın özüdürsə, o zaman yaşadığımız hər bir məqam da şeirin içində yerini almalıdır. Musa Urudun şeirinə baxdığımız zaman bunu açıq bir şəkildə görürük. Quş caynağındakı yolların, yönü bəri baxan dağların, quruyan çayların nəğmələrinin hər birisi özünə yer tapır şeirdə. Şair bunları dilə gətirəndə danışıq dilinin rahatlığını da səmimi bir üslubdan istifadə edir:

Mən bir tənha ağacam
Yarğanın qırağında.
Gün altında, yel qabağında
Payızın çiskinində,
Qışın sazağında.


“Şeir şairin aynasıdır"” sözünə Musa Urudun şeiri çox gözəl bir misaldır. Dərin düşüncələrin şeirinin qapılarını oxucularının üzünə sonuna kimi açan şair bəzən lirik obrazının dili ilə:

Neçə çay, neçə dəniz,
Neçə dağ var arada.
Bir dualı sevgiyə
Yüz yasaq var arada


- deyə ürək çırpıntılarını dilə gətirərkən, bəzən də ən gur səda ilə:

Desəm ki, dünyada sevgi var – inan!
Vüsala çatmaq var – desəm, inanma!
Nə tamam xoşbəxt kəs yoxdu, dünyada,
Nə tamam bədbəxt var – desəm, inanma!


- deyib yer üzünə heybətli mesajlarını da göndərir.
Dünyaya baxış ən dərin forması, kəlmələrlə qarşısındakını sarsıtma və dünyəvi olandan eşqin dərinliyinə kimi ucsuz – bucaqsız bir yolculuk «Hər nə varsa» da tez – tez qarşımıza çıxır.
Musa Urudun sağlam oturuşmuş şeirləri hər şairin yazmaq istədiyi şeirlərdir. Onun şeirindəki əsas məqam həyatın elə özüdür. Hər nə varsa, elə bu həyatın içində var...

***

Musa Urud, özünəməxsus formalarla, qurduğu şeir dünyası ilə qarşımıza hər an yepyeni bir surprizlə çıxa biləcək, əngin könül mülkünə sahib bir şairdir. Daha da önəmlisi isə ifadələrdən o qədər dəqiq istifadə edir ki, insan heyrətlə təbəssüm etmək arasında ilişib qalır və elə «Hər nə varsa»nın və bütövlükdə Musa Urud yaradıcılığının içinə daxil olur.

Gəl məni bir quşa döndər, İlahi!
Bir böcəyə döndər, bu qurda döndər,
İlahi, sən məni o yurda döndər,
İlahi, sən məni Uruda döndər!


Uşaqlardan, bənövşəli küçələrdən, yalqız çəmənlərdən, yel ağzındakı suların tozundan və bütün bu saydıqlarının gözəlliklərindən bəhs edərkən şair incə, uzun bir yolu ruhuna eşq sayıb düşür bir quşa qardaş olmaq eşqinə:

O yellərə qoşulmadım,
O yerlərə baş olmadım.
Bir quşa qardaş olmadım,
Təkləndim, yenə təkləndim.


Təklənən şair yolları cəngi–cidalına dözür, dən kimi qovrulur, amma yolun yağış yumuş üzündə dayana bilməyəndə bir ağız üzü Yaradana şeir pıçıldayır:

Qırar belini döngələr,
Üzü dizinə söykənər.
Siz tərəfi gün döyəndə,
Üşüdər bizi kölgələr,
İlahi, nə yoldu bu yol?


Şeirlər arasındakı daxili əlaqə, bağlantı “bir parça Vətən torpağı"” ifadəsində pərvəriş tapır. “bir parça Vətən torpağı"” Musa Urud yaradıcılığında “lirik mən"in qarşılığıdır. Şair “mən" – demir, “bir parça Vətən torpağı"” - deyir. Bu məqam, Musa Urud şeirinin açarıdır. Vətənə, yurda bağlılıq, dağlara, Tanrının dərgahına yaxın olan dağlara gedə bilməməyin acısı şairin ruhuna işləyir.

Çiskini örpəkdi, dumanı şaldı,
Çiçəyi məlhəmdi, bulağı baldı,
Təmizdi, durudu, safdı, halaldı,
Gəl gedək dağlara, dağlar gözəldir!


Şairin düşüncəsinə görə hər şeyin qarşılığı, yaradılışı, meydana gəlməsi, mənaya minməsi, ifadə edilməsi “bir parça Vətən torpağı"”nın daxilində yaşatdığı enerjidə gizlənib.
Hər şey “bir parça Vətən torpağı"” ilə nəfəs alır.
İnsan “bir parça Vətən torpağı"” ilə düşünür və qərarlarını da ona uyğun verir başqa cür ifadə edəsi olsaq.
“Bir parça Vətən torpağı" eşqi ilə düşünmək insanı həddindən artıq duyğusallaşmasına mane olur. “Bir parça Vətən torpağı" – deyib yola çıxması onun Vətən eşqini göstərir. Göstərir ki, şair hər şeyi unuda bilər, bircə “bir parça Vətən torpağı"”ndan başqa... bu “bir parça Vətən torpağı"” isə əslində olduqca geniş bir qavramdır. Yəni, həmin ifadə böyük, müstəqil, qüdrətlənən Azərbaycana işarədir həm də.

Oktay Hacımusalı