• çərşənbə axşamı, 23 aprel, 23:30
  • Baku Bakı 20°C

“Həmişə aşiq könlü büryan olar”

15.12.14 11:55 3160
“Həmişə aşiq könlü büryan olar”
Görkəmli şair və dövlət xadimi Qazi Bürhanəddin... Oğuzların Salur boyundan idi. Dünyaya Qeysəriyyə şəhərində göz açmışdı. Sivasın naibi olmuş, qəzəllərdən, tuyuğlardan və rübailərdən ibarət türkcə divan bağlamışdı. Bir çox elmi əsərlərlə bərabər ərəb, fars dillərində yazdığı şeirlər də məlumdur. Qara Yoluq Osman bəylə döyüşdə həyatını qeyb etmişdir. Doğum və vəfat tarixi 1344-1398-ci illər arası çevrələnib. Cəmi 54 il... Ancaq bu 54 ilin kvadrata, kuba, sonsuzluğa qədər yüksəldilən gerçəklikləri, əbədiyyətə qovuşan həqiqəti lap ilkdən, əzəldən məlumdur. Necə deyərlər, bir məşhur deyimdə səsləndiyi kimi, gedən cismi idi; qəzəllərinə, tuyuqlarına və rübailərinə bətlənib-bələnərək günümüzəcən yetən, həmişə türk insanı ilə olan ruhu, mənəvi varlığı isə çağdaşımız, müasirimizdir.
O, qısa ömründə gəlimli-gedimli dünyanın çox üzünə bələd olmuşdu. Qüdrətin qüdrətinə baş endirmək sürüşkənliyinə hesablanan insanlığın reallıqları bu qısa ömrünün başı üstündən acı rüzgarlar kimi az ötüb-keçməmişdi. Elə bu səbəbdən də gəldiyi qənaətləri ulu, qos-qoca bir dünyagörmüşlüklə şerin, sözün vəfalı yaddaşına köçürürdü. Yazırdı ki:
Yaxşı anladım, cahanda vayə yox,
Yardan özgə bu xumardı, ayə, yox.
İki aləmdə ümid sərvər dürür,
Andan ayru daxı hiç ərmayə yox.

Həyatın, qismətin çoxuna yox, azına, halallıqla verilənin şükrançısı idi. Böyük Yaradanının və könül həmdəminin tək bircə təbəssümlü baxış anını, isti nəzərini taleyin xoş töhfəsi hesab edənlərdən idi:
Görmədim sən tək lətif, nazük cəvan,
Taruna olsun fəda canü cəhan.
Qətrəcə lütfün bizə itər olsa,
Qətrə tək ola qatumda bir ümman.
Gözlərin dərdlərin dərmanudur,
Canu dil ol ikinin qurbandur.
Canuma sevmək səni irağ üşdürür,
Netsə olur, ol çələb fərmanudur.

Dünyanı ərənlərin meydanı olaraq bilənlərdən idi Qazi Bürhanəddin. Hər zamanın bir igidin meydanı olması reallığının içinin içini bilirdi. Ən qızğln, sürəkli cəngi, savaş anlarında, ən uğurlu, sücaətli qələbə günlərində belə qədərin dəyişkən, dönəmli aqibətinə etinalı idi. Təmənna, şöhrət azarının boğazlara saldığı çatının, ipin son ucundakı tikəyə uçunmaların kədərli aqibəti onun böyük dünyagörmüşlüyünün əzəməti önündə heçə-puça dönüb də əriməkdəydi:
Necə ki, gögdə günəş seyranıdur,
Bu cahan ərənlərin meynadıdur.
Yevü nedürgil, alu bağıqlaqıl,
Hər zaman bir yigidin dövranıdur.
Canı göz ovutmağa xumar imiş,
Qatı könül yıxmağa memar imiş.
Dilədim halım ki, gözünə deyim;
Terfə budur, gözləri bimar imiş.
Könlüm tək görmədim bir çin könül,
Qamu könül könlümə purçin könül.
Dolaşıb zülfünə itirmiş özün
Ey könül, qara könül, misgin könül.

Ən qanlı savaşların, qılınc, nizə təhdidlərinin altında belə öz ürək həmdəminin zülfünə dolaşıb özünü itirən könlünün pərişanlığından yana səksəkəli olan Qazi Bürhanəddin yenilməz bir sərkərdə, zərif söz ustası kimi gələcəyin böyük dövlət qurucusu və ədəbi məktəbi olan Şah İsmayıl Xətainin mənəvi təməl daşını qoymaqdaydı. O, qəhrəmanlıq və şairlik dühasını bir araya gətirə bilməyin ilkin toxumlarını əbədiyyətin yaddaşına ilkin səpənlərdən idi. Və ondan Şah İsmayılacan hələ 143 illik bir zaman məsafəsi var idi. Ancaq ruh, düşüncə diriliyi, baxış özünəməxsusluğu eyni dəyərlərdən qaynaqlanırdı. Qazi Bürhanəddin kişilik, ərənlik əyarlarını şeirin, sözün ilahi diqtəsiylə ünvanlayırdı Şah İsmayıl Xətai gələcəyinə:
Ərənlər öz yolunda ər tək gərək,
Meydanda erkək kişi nər tək gərək.
Yaxşı, yaman, qatı, yumşaq olsa xoş,
Sərvərəm deyən kişi erkək gərək.
Haqq əzəldən nə yazmış isə, bolur,
Göz nə ki, görcək ilə görür.
İki aləmdə həqqə sığınmışıq,
Toxtamış nə ola, ya axsaq Teymur...

Eyni cəngavərlik, canfədalıq düşüncəliyi şah İsmayıl Xətai yazacaqdı ki:
Mənim yolumda yektalər gərəkdir,
Dini-imanı yəğmalər gərəkdir.
Nə bilsin məni hər başı gözli,
Könül gözündə binalər gərəkdir.
Mənəm sultan Xətai Heydər oğlu,
Mənim yolumda qovğalar gərəkdir.

Doyumsuz bir gözəllik sevdalısı olan Qazi Birhanəddinin öz könül həmdəminə olan istəyi, bənzərsiz duyğuları bu biçimdəydi:
Nazlısan, nazəninsən,
bilməzəm cananəsən.
Canımızsan, canımızsan,
bilirəm cananəsən.
Sərvi boyundur,
qiyamət qorxuram bundan qopa,
Fanidir xüftə gözün,
üşənürəm oyanasan...

Şah İsmayıl Xətai də eyni məftunluq və aşiqanəliklə könül dostunu həm də əqidə, silahdaş, yoldaş və arkadaş qismində görməyin istəklisiydi:
Ey könül, sidq ilə hər kim
şah ilə yoldaş ola –
Yüz gərək döndərməyə,
hər necə kim, yol daş ola.
Yolu gər daş ola,
gər yay ola, gər oxu qılınc –

Mürşidindən dönənin
məni də ismi daş ola.
Qazi Bürhanəddin könül dostuna aşiqliyi, sönməz sədaqəti öz ömür yolunun mənası, məramı kimi qəbul edirdi və opnun hərb meydanlarındakı qalib savaşlarının gücü-qüvvəsi də əslində bu sədaqət hissinin gerçək ifadələri idi. Onun savaşlarının bətnində əslində xilaskarlıq, qorumaq, fəda olmaq reallığı dayanırdı. Sevdiyi uğrunda tarana getməyin gerçək üzü, həqiqəti Qazi Birhanəddinin şeirlərindən xüsusi bəxtiyarlıqla özünü nişan verməkdədi:
Ol göz ki, üzün görməyə -
göz demə ona.
Ol üz ki, tozun silməyə -
üz demə ona...
Ol söz ki, içində, sənəma,
vəsfin yox –
Sən badi-hava tut onu,
söz demə ona...

Onun poeziyası və həyat anlayışı Əhməd Yəsəvi, Mevlana Cəlaləddin Rumi dünyagörüşündən süzülüb gəlirdi. Dünyaya baxışını Mevlananın “Tanrıysa muradın, düşünüb durma dərin – Dünyanı unut, maddini unut, mənayi burax” düşüncəsi Qazi Bürhanəddin bütün yaşam tərzini qansayırdı. Və eyni əxlaq, dünyagörmüşlüklə bəyan edirdi ki:
Həmişə aşiq könlü büryan olar,
Hər nəfəs qərib gözü giryan olar.
Sufilərin diləyi mehrab, namaz,
Ər kişinin arzusu meydan olar.

Tam yetkin, görüb-götürmüş bir Oğuz əxlaqı, Oğuz düşüncəsidi. Bu düşüncəylə dünyaya gəldi, söz və hərb meydanlarında ölümsüzlüyünü qazandı. “Qutadqu bilik”də ifadə olunan gerçəklərin həqiqətini yaşadı:
Fikirləş, ey sübhün huşyar adamı;
Dünya bir kişiyə vəfa qıldımı?

Gülayə
banner

Oxşar Xəbərlər