HAYKU POEZİYASINDA İDEALLIQ - MASAOKANIN HAYKU NƏZƏRİYYƏSİ

HAYKU POEZİYASINDA İDEALLIQ - MASAOKANIN HAYKU NƏZƏRİYYƏSİ

20 İyun 2016, 10:35 1853

Masaoka Siki bir anlayışından iki estetik kateqoriya çıxarmışdı: "ideal” (riso:teki) və "empirik” (dzikkenteki). O deyirdi ki, bu cür bölgü haykunun təbiətinə tam uyğundur. "İdeal” şeirlərdə indiki dövr adamları üçün keçmiş zaman hadisələri və ya görünməyən yerlərin adət və mənzərələri, və ya heç kimə məlum olmayan cəmiyyətlərin həyatı çəkilir. Masaoka Siki haykuda təxəyyül oyununu, "empirik” növlə, yəni insan təcrübəsi ilə əldə edilə bilənlə qarşı-qarşıya qoymuşdu.

"Empirik gözəllik” ifadəsini şair təbiət dünyası kimi başa düşür. Poeziyada həm ideal, həm də empirik olanların özünəməxsus ifadə və təsvir metodları var: empiriklər "naturadan çəkməklə”, daha doğrusu poeziyaya rəssamlıq metodlarının daxil edilməsi üsulu ilə yaranır. Rəssamlıq, təbiətin müxtəlif lövhələrinin təsviri hayku yaranması metodlarını ənənəvi yapon rəssamlığı ilə yaxınlaşdırır. Mənzərə iki cür anlaşılır: həm konkret canlı şəkil kimi, həm janr səhnəciyi kimi, digər tərəfdənsə ilin fəsillərinə yazılmış təbiətin əbədi həyat mənzərəsi kimi. Basyo hesab edirdi ki, hayku şair və təbiətin ən yüksək birlik anında yaranır: "şam ağacının nə olduğunu şam ağacından öyrən, bambukun nə olduğunu bambuk ağacından öyrən. Özün özündən uzaqlaş. Özün öz ardınca addımlasan, heç vaxt bu elmə yiyələnə bilməzsən. "Öyrən” o deməkdir ki, şeir yarananda nəsnənin daxilinə girə bil, onun mahiyyətini aç, onu hiss et... əgər mən və nəsnə ayrı-ayrıyıqsa, əsl, həqiqi poeziyaya nail ola bilməyəcəyik... Mənzərəyə baxanda, keçirdiyin hisslər səni əyləndirir. Və sən şeir yaza bilmirsən. Nəsnəni görəndə onu xatirində canlı saxlamaq, proza kimi yazmaq, daha sonra ondan şeirə çevirmək lazımdır”.

Basyo hayku şeirinin yaranma vaxtı haqqında yazırdı: "Şeirin yaradılması ani olaraq baş verməlidir. Necə ki, odunçu nəhəng ağacı bir anda yerə sərir, ya da döyüşçü təhlükəli düşməninin üstünə atılır. Eyniylə qarpızı iti bıçaqla kəsdiyimiz kimi, armuddan böyük bir tikə dişlədiyimiz kimi ani olmalıdır.”

Masaoka Siki hesab edir ki, haykuda adi oxucu üçün əlçatmaz olan nəsə dərin, məxfi, simvolik bir məna axtarmaq lazım deyil. Haykuda simvolika yoxdur. Lakin bir çox həm yapon, həm də qərb şair və tənqidçiləri "sadə” şeirləri bu cür izah etməyə meyilliydilər. Masaoka Siki, Basyonun "Köhnə göl” şeiri haqqında yazırdı: "Şeirin mənası ancaq onda deyiləndir; onda nəsə başqa, xüsusi bir məna yoxdur”. Yaponiya boyu uzun müddətli səyahətləri zamanı və ya dağlarda daxmalarda yaşayan zaman, sürəkli təbiətlə təmasda, ünsiyyətdə olan Basyo, poeziyadakı bütün iddia və tələbləri rədd edərək, "sadə" (kantanteki) emperik şeirlər yazırdı. Ranqa janrında yazanda "bütün dünyanı əhatə etsə də", haykuda adi təbiət hadisə və nəsnənələrini təsvir etməklə məhdudlaşırdı.

Masaoka Sikinin fikrincə, Basyodan fərqli olaraq Buson iki cür gözəlliyi yaradırdı - ideal və emperik. O, şeirlərində həm "əsl mənzərələri", həm də fantastik mənzərələri yarada bilirdi. Həmin fantastik mənzərələr şeirdə həqiqilik xarakteri alırdı. Masaoka Siki "ideal" anlayışına nağıl qəhrəmanı personajlarını əhatə edən "uydurma nəsnələr" (omosiko mono) kateqoriyasını da daxil etdi. Məsələn: su qəhrəmanları, qulyabanılar, iblislər və s. Buson şagirdi Syoxaya ideal təbiət haqqında, ideal şeirlərdə xüsusi fantastik hissləri yaratmaq üsulu haqqında məsləhətlər vermişdi. Onun fikrincə, bu üsul konsentrasiya haykusunun yaranmasına, təsvir etdiyi düşüncələrinə şairin diqqəti və fikrini cəmləməsinə təkan verir. Buson başqa hayku şairləri ilə görüşlərdən yazırdı: "... Kikakunu ziyarət edərək, Ransetsuya baş çəkməklə, Sodoyla yol yoldaşı olmaqla, Onnitsura ilə gəzişərək... Bu dörd qocaman insanla şöhrət və dövlət şəhərinin yaxınlığında görüşüb, meşələrdə əylənib, dağlarda, çaylarda fərəhlənərək sake (düyünün qıcqırdılması üsulu ilə əldə edilən ənənəvi yapon spirtli içkisi. Adətən isti halda içilir.) içirik, söhbət edirik, şeir deyirik, hər şeyi dəyərləndirməyə çalışırıq. Bu cür ömür sürürdüm. Bir dəfə həmin dörd qocayla yenə rastlaşdım. Və mən əvvəlki kimi çətinliklə şeir yazmaq üçün gözlərimi yumub, şeirimi anlamaq üçün gözlərimi açanda yenə də sevindim; dörd qoca dərhal gözdən itir: onların ruh kimi hara yoxa çıxdıqlarını bilmirəm. Bütün bunları başa düşmək üçün orada tək dayanmışam. Güllərin ətri küləyin mehinə sarmaşıb. Ay suyun üzərində dalğalanır. Bu, mənim haykularımdır”. Buson ideal şeirin yaranmasını bu cür təsvir edir. Masooka Sikinin fikrincə Buson gələcək hayku poeziyasının sələfidir. Tənqidçi məhz onun fantastik, pozitiv şeirlərində janrın gələcəyini, yenilənmək üçün imkanlar yaradan "tərəddütlərini” görə bilir. Masaoka Siki "ideal” sözünü (riso) daha bir ifadədə qeyd edir: şair-tənqidçi üçün ideal - şeirdə iştirak etməyən, lakin onun məzmununu təyin edən elemetlərdir. İdeal rəssamın şüurunda, düşüncəsində yaranan bir şeydir. "Dəyərli saruoqase şirəsi” traktatında şair yazır: "Naturadan çəkilən rəsm yüksək ideallar üzərində qurulmasa, müvəffəqiyyət qazanmaq çətindir. Basyonun "Köhnə göl” şeirini misal göstərək:

Köhnə göl.

Qurbağa suya tullandı.

Səssizliyə sıçradı.

 

Masaoka Siki şeirdə poetik idealın necə dəqiq ifadə olunmasını qeyd edir. Bu, dünyanın faniliyindən, boşluğundan qurtuluş ideyalıdır. Çox sadə vasitələrlə əldə edilən dünya və hüzur ideyalıdır.

Şeirdə "həqiqi mənzərə” yaranmalıdır. Təbiət, insanlar, əşyalar bir-birini əvəz edən fəsillərin fonunda qalmalıdır. Şair dünya təbiətindəki nəsnələrə "yaxınlaşmaqdan” ötrü daxilində ali bir ideal daşıyaraq, mürəkkəb yol keçməlidir.

 

 

Rus dilindən tərcümə etdi: Xanım AYDIN