• cümə, 29 Mart, 11:06
  • Baku Bakı 5°C

GÜLRÜXSAR SƏFİYEVA yaradıcılığı

14.01.16 11:53 1812
GÜLRÜXSAR SƏFİYEVA yaradıcılığı
Tacik xalq şairi, Tacikistan Yazıçılar Birliyinin katibi Gülrüxsar Səfiyeva 17 dekabr 1947-ci ildə Tacikistan SSR-da, Rəşt vadisinin Yəxç kəndində dünyaya gəlmiş, 1968-ci ildə Tacikistan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. İlk şeirləri “Sovet Qaratəkini” adlı rayon qəzetində işıq üzü görmüşdür. “Bənövşə” (1970), “Ata evi” (1973), “Dağ əfsanəsi” (1975), “Könül dünyası” (1977), “İxlas” (1980), “Soqd atəşi” (1981), “Gün aynası” (1984), “Dərdin doğum günü” (1995), “Qadın və hərb” (2000, 2004, 2013), “Divan” (2004), “Röyalardakı cənnət” (2004), “Yüz yarpaq qəzəl” (2007), “Əbədi” (2009), “Daşdakı qığılcım” (2011), “Vətən nəğməsi” (2011) və s. kitab və şeir məcmuələrinin müəllifi olan Gülrüxsar eyni zamanda bədii tərcümə ilə də məşğul olmuşdur. Hal-hazırda yaradıcılığının müdrik çağlarını yaşayan şairə həm də xəyyamşünasdır.
SUYA SÖYLƏDİM
Məni güclü etdi sənin bu eşqin,
Səbr öyrətdi mənə sən verdiyin qəm.
Səni başqasıyla gördüm, ölmədim,
Yüz bəla da gəlsə, daha ölmərəm.
Başımı dik tutub ötdüm yanından,
Sən öz sevgilinlə, mən isə tənha.
Yanından ötərkən olsam da sakit,
O anda başıma yıxıldı dünya.
Sevgilin yanında şad görünürdü,
Ümidim kədərə dönürdü o dəm.
Könlüm də evimtək boşalmaqdaydı,
Ömrümün Günəşi sönürdü o dəm.
Soruşmadım ilqarından, vəfandan,
Arxanca düşmədim fəryad edərək.
Niyə fəryad edim, daha bu qadın
Nəyinə gərəkdir, nəyinə gərək?
Kənddəki bulağın başına gedib,
Otların üstündə yumdum gözümü.
Bulağın suyundan vurub üzümə,
Mən suya söylədim ürək sözümü.
DEYİL BƏRABƏR
Mən sənin, sən isə mənimdin, indi
Sən özgəyə yarsan, mən yada dilbər.
Eşqdə, aşiqlikdə sultan yox, qul yox,
Bəs niyə eşqimiz deyil bərabər?!
Sən əsla görmürsən, bağışlamırsan
Məndəki xətanı, günahı, qəmi.
Ağlamam, ağlamam, qoy qayğısızlar,
Qəmsizlər görməsin gözümdə nəmi.
İnsanlar istəyən hər bir nemətdən
Mənimçün doludur, doludur cahan.
Susuz qalan balıq ölər onsuz da,
Nə xeyri, hovuzu olsa qızıldan?
O qəlbin gərəkdir, o gözlərinin
İsti baxışları gərəkdir mənə.
Çoxdan sığallanmır bu yetim başım,
Əlinin tumarı gərəkdir mənə.
Sən öz taleyindən razısanmı heç,
Niyə soruşmursan halımı bir dəm.
Tək sənin gözünlə, sənin qəlbinlə –
Tək sənlə yox olar könlümdəki qəm.
Mən oğurlamaram səni özgədən,
Hər kəsə öz bəxti şirindir, şirin.
Bil ki, xəyalınla tənha bir ruham,
Məni görsən əgər küçədə qəmgin.
Bəhanə edərək qaçırsan, guya
Şairəm, hər yana salmışam soraq.
Üzüm gülüş dolu, qəm-kədərim yox,
Köhnə dostlarımdan uzağam, uzaq.
Mən sənin, sən isə mənimdin, indi
Sən özgəyə yarsan, mən yada dilbər.
Eşqdə, aşiqlikdə sultan yox, qul yox,
Bəs niyə eşqimiz deyil bərabər?!
GİZLİ YARA
Qoy mənim gül üzüm xəzana dönsün,
Sən isə xəzansız ömrü vur başa.
Qoy mən külə dönüm, sən amanda qal,
Mən ölüm, sən isə əbədi yaşa.
Qoy hər an caynağı nakamlıqların
Mənim bu çöhrəmə qırışlar salsın.
Gizli bir yaratək qoy sənin eşqin
Hər gün ürəyimə yüz azar salsın.
Mən sənə verərəm bütün gücümü,
Yorulsan, düşərəm əldən-ayaqdan.
Nəbadə olasan düşmənimə yar,
Nəbadə yadlara əziz olasan.
MƏNİ SEVSƏYDİN ƏGƏR
Məni sevsəydin əgər,
Ölüm məndən qaçardı.
Tutqun yağışda bu eşq
Güntək işıq saçardı.
Məni sevsəydin əgər,
Bülbülün eşq qasidi –
Qönçə ləbində gülüş
Yazda buza dönməzdi.
Məni sevsəydin əgər,
Parlaq sübhün ardından
Canların bəlasıtək
Gecə çökməzdi, inan.
Məni sevsəydin əgər,
Hüsn bağım solmazdı.
Üzüm gülərdi daim,
Bağçam xəzan olmazdı.
Məni sevsəydin əgər,
Bəxtim hürkməzdi məndən.
Mənim novruz sevincim
Yas olmazdı qəflətən.
Məni sevsəydin əgər,
Bizim idi gələcək.
Kimsə olmazdı xoşbəxt
İki dünyada biztək.
Məni sevsəydin əgər...
SİLSİLƏ
Atam da getdi
atasının gedər-gəlməz yolundan.
Atam da əliboş səfər etdi,
oğlunun çiynində
atasının məzarına getdi.
Atam da qalmadı.
Bir bulaq qurudu, ölümün susuzluğu
keçmədi, əfsus.
Atamın ölümündən sonra
bu tez gedilən və dönüşü olmayan səhrada
ağıldır mənim atam.
GÖRÜŞ
“Məni görənədək sən bu dünyadan
Heç kam almışdınmı?” – soruşursan sən.
Bu andan hesabla təvəllüdümü,
Ki, sənin eşqinlə doğulmuşam mən.
Göylər də şahiddir, sən gələnədək
Sanki bu aləmdə mən heç yox idim.
Sən yoxdun, baxaraq gül qönçəsinə
Sənin gəlişinçün nəğmə deyirdim.
De, niyə soyuqdur sənin baxışın?
Könlümün oduna su səpmirsən sən.
Yalnız paklar bilər eşqin dilini,
Sorma nə millətdən, nə dindənəm mən.
Ərşdən də yüksəkdir eşqin məqamı,
Eşqin nə sərhəddi, nə dövləti var.
Bizimçün ən yüksək məqamdır sevgi,
Eşqin nə dini var, nə milləti var.
ƏGƏR AŞİQ DEYİLƏMSƏ
Əgər aşiq deyiləmsə,
Dünya bütün qəmxanədir.
Yadların eşqi, ümidi
Mənim üçün əfsanədir.
Əgər aşiq deyiləmsə,
Zülmətə qərq olar otaq.
Özgələrə yaxınlaşıb,
Dostlardan düşərəm uzaq.
Üzü gülməz bir adamın,
Çiçəklər ətirsiz qalar.
Qəlbimdə sənin yerinə
Var-dövlət sevgisi dolar.
Kim ki sevmir, yox imanı,
Yox istəyi, yox arzusu.
Kim ki sevmir, çay daşıdır,
Kim ki sevmir, yox duyğusu.
Əgər aşiq deyiləmsə,
Mən kiməm bəs, mən nəyəm bəs?
Əgər aşiq deyiləmsə,
Heç kəsəm, heç kəsəm, heç kəs.
ŞƏRQ VƏ QƏRB
Yaralı ov kimi titrəyəndə Şərq
azadlıq kaftarının pəncəsində,
Azadlıq həsrətindən doğan fəryad
deşəndə Şərqin boğazını,
Şərqin arteriya damarından
yüksələndə məzlum qanın naləsi,
Ucalanda çağırış səsi
azadlığın qanında, canında,
İtini gəzdirər Qərb
Azadlıq meydanında...

Tacik dilindən tərcümə edən: Məhəmməd Nuri
banner

Oxşar Xəbərlər