AZE | RUS | ENG |

Gizli işıqlar

Gizli işıqlar
Görünmədiyi üçün gizli deyil, görülmədiyi üçün gizlidir

Ünvansız məsuliyyətlər mövcuddur bu həyatda. Kimin, hansı şəxsiyyətin kimlər, nələr qarşısında məsuliyyət daşıdığını kimsə bilməz. Bu gizlilik, bu sirr gizli, qaranlıq təşkilatlara üzv olanların məsuliyyətinə bənzəmir. Bizim bəhs etmək istədiyimiz məsuliyyət də gizlidir, ancaq qaranlıq deyil. Necə deyərlər, onlar gizli işıqlardır. Ümumiyyətlə isə hər şey işıqdır. İlkin yaranan, ancaq onun mövcud olmadığı zamanlar qaranlığın çökdüyü bir işıqdan söhbət açırıq. Maraqlıdır ki, adının "qaranlıq” olmasına baxmayaraq, qaranlıqlar gizli deyil, aşkardır. Nə qədər paradoksal səslənsə də, qaranlıqlar aydındır, işıqlar gizli. Çünki, qaranlığın içində gizlədəcək heç nəyi yoxdur. Nə vardırsa, işığın içində vardır. Varlıq isə gerçəyin bir üzü olduğu üçün yoxluqdan, yəni qaranlıqdan gizlənir. Yoxluğun isə adı üstündədir; yoxdur. Olmayan bir şey heç bir dualizmə səbəb olmaz. Yəni yoxluq varlığın və ya qaranlıq işığın rəqibi deyil. Daha böyük pəncərələrdən baxdıqda isə kainatda rəqabət mövcud deyil. Sadəcə hərəkət var. Hərəkətin var olması üçün isə rəqabətə ehtiyac yoxdur. Rəqib kimi görünən heç bir şey bir-birini əvəz etmir, biri digərindən doğur. Eynilə, yanıb, sonra öz küllərindən təkrar doğulan Simurq quşu kimi. Rəqabətdə ölüm var, doğuluşda həyat. Rəqabət olmadığı üçün, deməli, ölüm də yoxdur. Ölüm kimi görünən, ölüm zənn edilən hər şey, əslində həyatın başqa bir üzüdür. Ölüm, varlığı doğacaq olan yoxluqdur. Bəlkə elə buna görə, ana bətni qaranlıqdır. Çünki, qaranlıq məhz yoxluğun münasibidir. Yoxluq öz içində varlıq gəzdirdiyi kimi, qaranlıq da öz içində işığı gəzdirir. Ancaq içdə olan bir şey mütləq bir gün aydınılığa çıxacaq. Bu mənada həyat ölümə səbəb olmur, ölüm həyata səbəb olur. Ölümün sonu həyatdır, həyatın sonu isə sonsuzluqdur. Həyat bitmir. Ona görə ki, bütün kainat birlikdə yaşayır. Bir insanın ömrü bir kainatın ömrü qədərdir. Hətta bir gün kainat ölsə belə, insan yaşayacaq! Yəni kainatın varlığı onu düşünmək deməkdir. Düşüncə isə heç bir zaman ölmür. Düşüncə həm əvvəldir, həm axır, həm zahirdir, həm batin! Tanrı düşüncə demək deyil, düşüncə Tanrı deməkdir. Çünki, Tanrı düşüncəni yaratmadı, düşüncə Tanrını yaratdı.
Gerçəyin işığı hər zaman gizlidir. Ona görə yox ki, gözlərə görünmək istəmir. Ona görə ki, gözlər onu görmək istəmir. Görünmədiyi üçün gizli deyil, görülmədiyi üçün gizlidir. Görünən var, görən yoxdur. İşıq zəhmətdir, bəşər tənbəllik. Yəqin elə buna görə, bəşər qaranlığa meyllidir. Gecənin bitməsini Günəşin ilk doğuşu ilə deyil, gözlərinin işığı ilə açanlar İlahi zəhmətə məzhər olanlardır. Yuxarıda da dediyimiz kimi, kainat bütöv bir bədəndir. Bu bədənin heç zaman durmayan hərəkətinə uymayanlar, ölü üzvlərdir. Onlar sadəcə, kainata yükdürlər.
Hak bir gönül vermiş bana,
"Ha” demeden hayran olur,
Bir dem gelir şadan olur,
Bir dem gelir giryan olur...
 
Bir dem gelir İsa gibi
Ölmüşleri diri kılar,
Bir dem girer kibr evine,
Firon ile Hamman olur...
 
Bir dem döner Cebraile,
Rahmet saçar her mahfile,
Bir dem gelir gümrah olur,
Miskin Yunus hayran olur!
Dədə Yunus bu misralarda əslində olmayan dualizmdən bəhs edir. Axırda da özünün öz halına heyranlığını, təəccübünü, heyrətini dilə gətirir. Çünki könül sifətləri batini mənada Allahın sifətləridir. Gecəli-gündüzlü, ağlı-qaralı, pisli-yaxşılı, ölümlü-olumlu kainatın bir tək vücuddan ibarət olduğunu Yunus Əmrə çox gözəl və aydın şəkildə izah edir. Ən birinci misrada "bu könlü mənə haqq verdi” deyir. Haqq Tanrıdır. Tanrı özündən qeyri heç nə verməz. Verdiyi hər şey Onun özündəndir, daha doğrusu, Onun özüdür. İsa da Odur, Firon da Odur, rəhmət saçan da Odur, yoldan çıxan ("gümrah”) da Odur, ağlayan da Odur, gülən də Odur! Hər şey bir bütündür. "Vahid” adının mənası da məhz burada açılır. Çünki, "Vahid” isimdirsə, ondan törəyən "vəhdət” ismi-feildir. Vəhdət hərəkətdir, hərəkətin birliyidir. Onda bəs Vahid olan kimlə vəhdətdədir? Əlbəttə ki, bütün varlıqla! O varlıqdan ayrı deyil, varlıq Ondan ayrı deyil. O varlıqdır, varlıq Odur. Əgər hər şey Odursa və O da varlıqdırsa, deməli, yoxluq deyə bir şey yoxdur. Əgər O işıqdırsa, deməli qaranlıq deyə bir şey yoxdur. Çünki O, hər şeydir və hər şey Odur! Deməli, hər şey işıqdır. Qaranlıq isə yalnızca düşüncədə baş verən bir şeydir. Onun düşünülmədiyi bir yer, yəni işığın olmadığı bir yer qaranlıqdır. Diqqət etsək, görərik ki, burada "bir yer” ifadəsi xüsusi vurğulanır. "Bir yer” həm də "bir zaman”dır. Yəni bir yer qaranlıqdır, hər yer qaranlıq deyil. Bir zaman qaranlıqdır, hər zaman qaranlıq deyil. Bu "bir”lik isə o birliyə ziddir. Onun bir parçası olsa da, ona ziddir. Çünki bu birlik saydır, yəni ayrılıqdır, qopmadır. O birlik isə say deyil, çünki vəhdətdir. Bu "bir” olmaq vəhdətin, o "bir” olmaq isə kəsrətin əlamətidir. Saylar sonsuzluğa yetişdiyi zaman təbii şəkildə vəhdət yaranır. Sayların bir yerdə bitdiyi an isə qopmalar, çökmələr baş verir. Buna görə də kainatdakı bütün bitişlər, bütün qırılmalar, bütün durmalar sünidir, təbii deyil. Yəni yaradılışın xassəsinə uyğun deyil. Sabah gecənin, gecə isə sabahın bitişi deyil, davamıdır. "Davamiyyət”lə "daimilik” sözləri də bir-birinə düz mütənasibdir. Əbədiliyin riyazi adı sonsuzluqdur.
Sözümüzün əvvəlində ünvansız məsuliyyətlərdən bəhs etdik. Məsələ burasındadır ki, o məsuliyyəti daşıyanların kimliyi bəllidir, ancaq kimin, nəyin qarşısında məsuliyyət daşıdıqları bəlli deyil. Gizlilik də elə buradadır. Bu, nə mənəvi, nə maddi, nə dünyəvi, nə də üxrəvi məsuliyyətdir. Bu məsuliyyət İlahi məsuliyyətdir. Tanrı özü işığın mənbəyidir. Ancaq bu işığı daşıyan şüşələr mövcuddur ki, məsuliyyət daşıyıcıları məhz o şüşələrdəki canları qoruyurlar. Onların qarşısında məsuliyyət daşıyırlar. Çünki, işığın sönməsi, Tanrının yoxluğuna bərabərdir. Əgər Onun işığı yoxdursa, Onun özü var olsa nə olacaq?! Elə buna görə də, kainatı qaranlığa bürümək istəyənlər məhz o işıqların mənbəyini axtarırlar. Onlar yaxşı bilirlər ki, Yunusun, Nəsiminin, Şəmsin işığı vəhdətin işığıdır. Onlar Həllac Mənsuru ona görə edam etmədilər ki, Mənsur kafir idi. Ona görə onu öldürdülər ki, Haqqın işığını söndürsünlər. Ancaq bilmədilər ki, vəhdətdə ölüm yoxdur. Yəni vəhdətin işığı sönməz! Həllac Mənsur bütün kainatla bərabər hərəkət edir. Kainatı necə durdurmaq olar?! Haqqa düşmən olmaq mümkün deyil. Çünki, düşmənçilik təktərəfli bir şey deyil. Zira onlar haqqa düşməndirlər, Haqq onlara yox! "Allahın düşmənləri” ifadəsi kökündən yanlışdır. Düşmənlər bərabər gücdə olanlardır. Haqqa bərabər güc sahibi varmı bu kainatda?! Ancaq onlar söz veriblər, möhlət alıblar ki, sonsuza qədər Tanrının son və mütləq işığı olan insanla mücadilə etsinlər. Bunun üçün onlar hətta Tanrı qılığına belə girdilər. Tanrının işığını Tanrının öz adı ilə söndürməyə çalışdılar. Necə deyərlər, Tanrını Tanrı ilə vurmaq istədilər! Vurdular, ancaq zərbə özlərinə dəydi. Dar ağacı, Mənsurun boyunu daha da ucaltdı. Onlar hər zamankı kimi Haqqın ayaqları altında qaldılar!
Həllac Mənsurun daşıdığı İlahi məsuliyyətin nə demək olduğunu bir neçə yöndən anlamaq mümkündür. Birincisi, bu məsuliyyət Tanrı öhdəliyidir. Onu edam edənlər kimi, o da Allah qarşısında bir söz vermiş, bir öhdəlik götürmüşdü. Onlar işığı, o isə qaranlığı öldürmək vəzifəsini daşımalı idi. İkincisi, bu məsuliyyətin konkret məkanı və zamanı vardı. O məkan, adına son kitabda rast gəlinən sirli "Ələst” aləmi idi. Onun zamanı isə varlığın, yəni materiyanın yaranmasından öncəki dövrə təsadüf edir. Mənsur məhz həmin dövrün, həmin zamanın məsuliyyətini daşımaqla mükəlləf idi. Bütün bunlar realist düşüncə ilə tərs gələ bilər, material düşüncəyə sahib olanlar bunları bir nağıl hesab edə bilərlər. Ancaq məsələ elə materiyanın başındadır. Onların "nağıl” dedikləri isə antimateriyadır ki, bu nəticəyə qlobal dünya elmi indi-indi gəlməkdədir.
Əslin davamı, nəslin davamından daha mühüm və daimidir. Söhbət insan nəslindən və insanın əslindən gedir. İnsan nəsli materiyadır. Ancaq onun əsli antimateriyadır. İnsanın əsli onun mahiyyətidir, yaranma səbəbidir. Nəslinin davamını qoruyanlar, yəni dünyəvi həyatının qayğısına qalanlar, əslini, yəni öz İlahi mahiyyətini çox zaman unudur. Nəsil şəcərəsi tamamilə maddidir, dünyəvidir və nəticədə fanidir. Əsil ºəcərəsi isə mənəvidir, ilahidir və əbədidir. Bəs nədir əsil şəcərəsi? Belə cavab vermək məqbuldursa, nəsil atadandır, əsil mürşiddən. Yəni cismani davamiyyət nəslin, ruhani davamiyyət əslin sifətidir. Nəsli olanın əsli olmaya bilər. Eləcə də əksinə, əsli olanın nəsli olmaya bilər. Məsələn, ulu Şah Xətai Təbriz taxtına oturduqdan xeyli sonra qonşu dövlətlərin rəhbərlərindən təhqiramiz məktublar alırdı. Onu, nəslinin dərviş olmasında, dolayısı ilə, şəcərəsinin müşərrəf olmamasında günahlandırırdılar. Halbuki, Şah Xətai nəsildən yox, əsildən gəlmişdi. Onun mürşidləri onun babaları olmaya da bilərdi. Çünki onun babaları ona dünyəvi hakimiyyət, maddi sərvət qoyub getməmişdi. Onlar ona ilahi hakimiyyət və mənəvi sərvət əmanət etmişdilər. Bunun üçün isə ata olmaq, baba olmaq vacib deyildi. Zatən Şah Xətaini bir ömür boyu atası, babası olmayan gizli təkyələrin böyük pirləri yönəldirdi. Çünki Xətai də o işıqların məsuliyyətini daşıyırdı. O da həqiqətin müridi idi. O da iradəsini, daha doğrusu, başını Haqq yolunda qurban vermişlərdən idi. Bəli, həmin işıqlar gizli işıqlar idi. Ancaq onların haqqında keçmiş zamanda danışmaq naşılıq olardı. Çünki dediyimiz kimi, həqiqətin işığı qarşısıalınmaz bir davamiyyətdir ki, bu gün də bütün aləm həmin işıqların nuru ilə, onların batini elm ziyası ilə münəvvər olur. Ancaq adını çəkdiyimiz dünyəvi müşərrəflər o ilahi münəvvərlikdən məhrum idilər. Nəslinin şərəfi ilə öyünənlər, əslinin nə qədər şərəfsiz olduğunu da yaxşı bilirdi. Ona görə ki, zahiri şərəf batini nura ziddir. Batini nur isə həm batini, həm də zahiri müşərrəflikdir. Elə bu səbəbdən də dünyəvi taxt sultanlarının məmləkətləri, öyündükləri sərhədləri, saray və kəşanələri bu gün yoxdur, ancaq batini nur sahibləri hələ də yaşayır və onların ömrü o nurun mənbəyi olan Tanrının ömrü qədərdir. Əvvəldə də dediyimiz kimi, onların ölümü də Tanrının ölümü deməkdir.
Bu aləm külli məhv olur,
Həmən baqi qalır Allah – ilahisində də deyildiyi kimi, məhv olan aləmdir, yəni materiyadır. Baqi, yəni əbədi qalan isə Allah və Ona dönmüşlərdir. Allaha dönüş, yəni kitabullahda deyilən "İleyhi raciun” kəlməsi zahiri mənada Allaha qayıdış deməkdir. Ancaq batini, yəni əsl mənada Allaha dönüş, Allaha dönüşmək, daha dəqiqi, Allah olmaq anlamını daşıyır. Bu mənada nəsil insandadır və dönüş də insanadır. Əsil isə Allahdandır və dönüş də Onadır. İnsandan gələn insan, Allahdan gələn Allah olacaq! Əslində isə hər kəs Ondan gəlir. Ancaq hər kəs bunun fərqində deyil. Məşhur bir ifadədə deyildiyi kimi, cahillik üzündən bunu dərk eləmir. Dərk edənlər, necə deyərlər, Tanrı olduğunu bilənlər elə həmin andan etibarən, nəslindən qopub, əslinə dönür. Və həmin andan etibarən öz məsuliyyətini anlamağa başlayır. Anlayır ki, ona ata malı, ev-eşik, ailə, övlad yox, Haqq və Onun həqiqəti əmanət edilib. Bu əmanətə sahib çıxanların isə bəzən dünyası əlindən gedir. Güclü insanlar hər ikisinin yükünü eyni anda daşıya bilir. Ancaq onlar bir istisnadır. Çünki arada çox böyük bir uçurum açılır ki, onu doldura bilmək hər baba igidin karı deyil.
Tir mənəm, kəman mənəm, pir mənəm, cəvan mənəm,
Dövləti-Cavidan mənəm, ayinədanə sığmazam...
Nəsiminin sığmazlığının səbəbi məhz materiyanın antimateriyaya dönüşü ilə bağlı idi. Yəni o əslini bulmuşdu, nəslini isə geridə qoymuşdu. Çünki əsil nəsildən əzəldir. Necə ki, son beytində
Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm,
Məndən uludur ayətim, ayətü şanə sığmazam! – dedi. Özünün, hətta son Peyğəmbərin nəslindən olduğunu biləndən sonra da sığmadı. Sığmadı bu ulu nəslə! Sığa da bilməzdi, çünki o, Nəsimi idi! O, əslinə yetişmişdi - həmin məsuliyyətin məzhəri olan gizli ocaqların müridi idi.
Tarix olan nəsilləri, hər zaman müasir olan əsillər əvəz edir. Çünki, Haqq heç zaman tarix deyil. Onun tarixi nəsillərin yox, əsillərin, babaların yox, ustadların, övladların yox, müridlərin, dünyanın yox, əbədiyyətin tarixidir! Onun zamanı zamansızlıq, məkanı məkansızlıqdır. Onun özü, öz siması, ayəti-kərimədə deyildiyi kimi, "liqaullah”ı ayrıca deyil, kənarda deyil. İnsandır Onun siması, Onun özü! Elə həmin "liqaullah” yəni "Allahın üzü” ayəsi də insana – insani-kamilə işarədir. Nəsiminin vəsf etdiyi "bəşər surətli Rəhman” da elə məhz budur!
 
Fəxrəddin Salim
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946