• cümə, 26 Aprel, 08:35
  • Baku Bakı 12°C

Gəncədə yaşadılan uşaq teatrı ənənəsi - Fotolar

19.05.18 11:30 2419
Gəncədə yaşadılan uşaq teatrı ənənəsi - Fotolar
Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən beş Kukla Teatrından biri də Gəncədə fəaliyyət göstərir. Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli qərarı ilə yaradılan Gəncə Dövlət Kukla Teatrı şəhərin ən gözəl memarlıq obyektlərindən birində, XIX əsrin yadigarı olaraq 1885-ci ildə Gəncədə yaşayan almanlar tərəfindən inşa edilən alman lüteran kilsəsində yerləşir. Bu gün mübaliğəsiz olaraq qeyd etmək lazımdır ki, Gəncədə fəaliyyət göstərən Dövlət Kukla Teatrının kollektivi Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına xidmət edir. Yarandığı gündən teatrın repertuarı hər zaman zənginləşdirilib, bir-birindən maraqlı, orijinal 150-yə yaxın səhnə əsəri tamaşaya hazırlanıb. Xalq nağılları əsasında hazırlanan "Qız qalası”, "Məlikməmməd”, "Göyçək Fatma”, "Şəngülüm, Şüngülüm, Məngülüm”, Nizami Gəncəvinin "Gül və zəhər”, "Xeyir və Şər”, Əli Səmədlinin "Artıq tamah baş yarar”, "Meşə çaqqalsız olmaz”, "Əhmədin vəfalı xoruzu”, Cəlil Məmmədquluzadənin "Poçt qutusu”, R. Həsənlinin "Ağca və sarıca”, M. Seyidzadənin "Büllur qəsr”, Rafik Səməndərin "Çətin məsələ”, Rəhman Əlizadənin "Keçəlin toyu”, Məhəmməd Alimin "Noxudu keçəlin nağılı” dünya ədəbiyyatı nümunələrindən N. Kassionun "İki dəcəl şirciyəz”, A. S. Puşkinin "Qızıl balıq” və digər əsərlərinin uğurlu səhnə taleyi məhz yaradıcı kollektivin gərgin zəhmətinin bəhrəsi kimi bu gün də xüsusi əhəmiyyətə malikdir.

Gəncə Dövlət Kukla teatrının direktoru, respublikanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı Fərmail Paşayevlə söhbətimiz zamanı bir daha uşaq teatr ənənələrinin yaradıcı kollektiv tərəfindən bu gün də böyük zəhmət və gərgin axtarışlar baxımından qorunmasının şahidi oluruq: "2017-2018-ci il teatrımız üçün olduqca yaradıcı bir mövsüm kimi yadda qalacaq. Bu mövsümdə yaradıcı kollektiv yenə də dörd yeni tamaşa ilə azyaşlı teatrsevərlərin görüşünə gəlib. Bununla yanaşı həmçinin Tovuz və Şəmkir rayonlarında qastrol səfərlərində olduq. Bu qastrol səfərlərində məktəblilər qarşısında ən maraqlı tamaşalarımızla çıxışlar etdik. Belə ki, dahi Üzeyir bəyin "Məşədi İbad”, Sahib İbrahimlinin "Səlim və sehirbaz” və Aləmzər Əlizadənin "Toya gecikən tülkü” tamaşalarını göstərdik. Göründüyü kimi, bu tamaşalar müxtəlif yaş təbəqələri nəzərə alınmaqla - yəni "Toya gecikən tülkü” 3-5, "Səlim və sehirbaz” 6-10 və "Məşədi İbad” isə 10 yaşdan yuxarı tamaşaçılarımız üçün nəzərdə tutulub. Həmçinin qeyd etməliyəm ki, daha dörd yeni tamaşanın hazırlanmasını planlaşdırırıq. Bu tamaşalardan biri - teatrımıza yeni rejissor kimi gələn Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Şamil Məmmədlinin quruluşunda Əhməd Orucun "Zınqırovlu Pişik” tamaşası demək olar ki, artıq hazırdır. Qeyd etməliyəm ki, bu tamaşa da olduqca maraqlı və baxımlıdır. Tamaşada teatrımızın aparıcı aktyor və aktrisaları iştirak edir. Yeni ərsəyə gələn bu tamaşada rejissor traktofkasında kuklalar və eləcə də canlı aktyor ifasının sintezi həmahənglik təşkil edir. Həmçinin tamaşa boyu rəngarəng dekorasiya da kiçik teatrsevərlərin ürəyincə olacaq. Bunun ardınca Kəmalə Ağayevanın "Tənbəl Əhməd” pyesi üzərində yaradıcılıq işini bitirəcəyik. Artıq bu pyes üzərində də son tamamlama işləri gedir. Bu tamaşanın isə quruluşçu rejissoru, respublikanın əməkdar artisti Xudayət Əsgərovdur. Daha sonra Astrit Linqrindin "Uşaq və Karlson” pyesi üzərində üçüncü rüb ərzində yaradıcılıq işinə başlanacaq. Artıq ilin sonunda isə Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” pyesi üzərində yaradıcılıq işi aparılacaq. Düzdür, bu pyesə teatrımız 25 il bundan əvvəl müraciət edərək ilk dəfə hazırlayıb. Bildiyiniz kimi, artıq dövr və zamanla yeni teatr baxışları mövcuddur. Bu günün müasir tamaşaçısı tam fərqli bir düşüncə ilə tamaşalara baxmaq istəyir. Biz də belə qərara gəldik ki, tamaşanı tam yeni bir formatda hazırlayıb kiçik teatrsevərlərin ixtiyarına verək”.

Danılmaz faktdır ki, Gəncədə kiçik aktyor heyəti ilə körpələrin estetik zövqünün formalaşmasında, onların dünyagörüşünün zənginləşməsində Kukla Teatrının rolu böyükdür. Hər il bir-birindən maraqlı və rəngarəng tamaşaların nümayiş etdirilməsi xüsusi ənənə halına çevrilib. Bu gün Gəncə Dövlət Kukla Teatrının uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri də iştirak etdiyi festivallar, əldə etdiyi nailiyyətləridir. Demək olar ki, teatr rəhbərliyi və kollektiv hər zaman yaradıcılıq axtarışındadır. Elə bunun nəticəsi idi ki, bir-birinin ardınca bir sıra teatr festivallarına dəvətlər alır və maraqlı çıxışları ilə diqqət mərkəzində olmağı hər zaman bacarırlar. 2005-ci ildə Bolqarıstanda keçirilən "Sehrli pərdə” uşaq tamaşaları festivalının və Ukraynada təşkil edilən "Milli klassiklər kukla teatrlarının səhnəsində” teatr tədbirinin fəal iştirakçısı olub, 2008-ci ildə "Keçəlin toyu” tamaşası ilə Ukrayna, 2009-cu ildə isə "Artıq tamah baş yarar” əsəri ilə Bolqarıstanda qastrol səfərlərində uğurla çıxışlar ediblər. Təsadüfi deyil ki, Ukraynada keçirilən festivalda məhz "Milli adət-ənənələrin qorunub saxlanılması” nominasiyasında Gəncə Dövlət Kukla teatrı diploma layiq görülüb. Yaradıcı kollektiv hər zaman bu kimi festivallarda iştirak etməklə, dünya mədəniyyətinə inteqrasiya olmağın yollarını dərindən mənimsəyir, nəzəri, praktiki bilik və bacarıqları Gəncə Dövlət Kukla Teatrında tətbiq edirlər. Xarici ölkə teatrları ilə tanışlıq teatr kollektivinin inkişafına müsbət təsir göstərməklə yanaşı, həm də teatrın yaradıcılıq potensialını artırır. Bu mənada hər zaman təşkil olunan beynəlxalq kukla teatrları festivallarında iştirak etməyə xüsusi əhəmiyyət verilir.

Bu nailiyyətlərdən bəhrələnən teatr hər zaman yeni, gənc nəslin sənət yollarında yetişməsində də fərqlənir. Belə ki, gənc kadr potensialının teatra cəlb edilməsi başlıca vəzifə olaraq həyata keçirilir. Xüsusi olaraq Kukla Teatrı üçün gənc nəslin yetişdirilməsi, onların bu sahəyə cəlb olunması işinin nə qədər ağır və məsuliyyətli olduğunu anlayan teatr rəhbərliyi də, məsələni hər zaman diqqət mərkəzində saxlayır. Elə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan, gənc, istedadlı rejissor Şamil Məmmədlinin də Gəncə Dövlət Kukla Teatrına cəlb olunması bu diqqətdən xəbər verir: "Hal-hazırda Əhməd Orucun "Zınqırovlu Pişik” pyesinin üzərində son tamamlama işlərini aparırıq. Ümumiyyətlə, bu, mənim Gəncə Dövlət Kukla Teatrında ilk debütümdür. Sözsüz ki, bu yaradıcılıq işi zamanı teatr rəhbərliyi və kollektiv tərəfindən göstərilən diqqət məni daha da məsuliyyətli olmağa sövq edir. Daha maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə çalışıram. Teatrımızda çalışan peşəkar aktyor və aktrisa heyəti də bu işdə mənə çox kömək edir. Bu peşəkarların da bilik və bacarıqlarından bəhrələnməklə, inanıram ki, maraqlı bir tamaşa alınacaq. Artıq körpə tamaşaçılarımızın da teatra baxışı müasirləşir. Müasir dövrdə uşaqlar o qədər cizgi filmləri və digər kompüter oyunları ilə zehinlərini yeniləyirlər ki, teatr tamaşasında onları təsirləndirmək, cəlb etmək üçün daha maraqlı detallardan canlı formada istifadə etmək zərurəti yaranır. Bu, istər səhnədə işıq və səs effektlərindən ibarət olur, istərsə də ki, aktyor ifası ilə bağlı həmahənglik təşkil edir. Çalışmışıq ki, bütün bu sadalananları körpə fidanlara təqdim edə bilək. İnanıram ki, bununla da biz yeni tamaşamızla körpə fidanlarımızın qəlbini oxşamağı bacaracağıq”.

Sözsüz ki, bu gün teatrın uğurlu fəaliyyətini şərtləndirən əsas faktorlardan biri, onun tamaşaçı auditoriyasıdır. Bu da öz növbəsində hazırlanan tamaşalardan, repertuar siyasətindən asılıdır. Elə bu səbəbdən də teatrın bədii şurası repertuar siyasətini daim diqqət mərkəzində saxlamağı bacarır. Bu diqqətin nəticəsi olaraq da, hər zaman teatrın repertuar planı əsasən yerli, klassik və xarici ölkə müəlliflərinin əsərlərinə əsaslanır.

Hər bir əsərin səhnədə hazırlanması prosesi zamanı quruluşçu rejissorlar məhz bu kimi amilləri əsas götürərək, uğurlu səhnə həyatı bəxş etdikləri pyeslərin ərsəyə gəlməsində tamaşaçı duyumunun əsas şərt olduğunu deyirlər. Elə söhbətimiz zamanı teatrın aparıcı aktyorlarından biri olan, eləcə də quruluşçu rejissor kimi fəaliyyət göstərən, Azərbaycanın Əməkdar artisti Xudayət Əsgərov da bu şərtlərin əsas amil olduğunu deyir: "Gəncə Dövlət Kukla teatrında 1987-ci ilin yanvar ayından fəaliyyət göstərirəm. Hər zaman olduğu kimi, bu gün də teatrımızda maraqlı, yeni tamaşalar hazırlanır. Çalışırıq ki, öncə körpə tamaşaçılarımızın zövqünə uyğun yeni səhnə əsərlərinə müraciət edək. Bu yaxınlarda mənim quruluşumda Kəmalə Ağayevanın "Tənbəl Əhməd” pyesi maraqla qarşılanan tamaşalarımızdan biri oldu. Bundan əlavə, Yeni il şənlikləri ilə bağlı "Qış nağılı” yeni bir quruluşda maraqla qarşılandı. Eləcə də, Novruz şənlikləri ilə bağlı tamaşalarımız da körpə fidanlarımızın zövqünü oxşadı. Bu quruluşlarda səhnə tərtibatından başlayaraq, musiqi, eləcə də rejissor traktofkası yeni idi. Çalışacağıq ki, gələcəkdə də yeni hazırlanan tamaşalarda körpələrimizin estetik zövqlərini oxşamaq üçün səhnəyə yeniliklər gətirək. Sözsüz ki, yerli müəlliflərin əsərlərinə müraciət etməklə yanaşı, klassik dramaturqların da körpələr üçün nəzərdə tutulan pyeslərini hazırlamağı planlaşdırırıq. Bu kimi pyeslərin hazırlanması ilə körpələrimizin müasirləşən dünyagörüşlərinə uyğun səhnə əsərlərinin hazırlanması başlıca hədəfimizdir. Əsasən isə xalq nağılları əsasında hazırlanan tamaşalarda körpə fidanlarımızı cərəyan edən hadisələrin reallıqlarına inandırmaqla yanaşı, hər zaman xeyirin şər üzərində qələbəsinin aydınlığına çalışırıq. Sözsüz ki, səhnədə canlı aktyor ifası da yaradıcılığımızın əsas şərtlərindəndir. Belə bir sintezin edilməsi körpələrimizi tamaşalarımıza daha çox cəlb edir. Canlı ünsiyyətin tamaşa zamanı estetik zövqü balaca fidanlarımız tərəfindən fərqli qarşılanır. Bu ünsiyyəti duymaq istəyənlər gəlib teatrımızda görsünlər ki, canlı nəfəs nə deməkdir”.

Artıq Gəncə Dövlət Kukla Teatrı özünün 32-ci teatr mövsümünü uğurla başa vurur. Bu zaman kəsiyində yaradıcı kollektiv böyük uğurlara imza atıb. Amma yaradıcılıq axtarışları hələ davam edəcək. Davam etdikcə də, yeni-yeni maraqlı səhnə quruluşları yaranacaq, teatr öz körpə fidanlarının - tamaşaçılarının maraq dairəsini təmin edəcək.
Anar Bürcəliyev
Teatrşünas

banner

Oxşar Xəbərlər