• şənbə, 27 Aprel, 01:34
  • Baku Bakı 14°C

Eynəli bəy Sultanovun “Publisistika”sına akademik qayğı

03.02.17 12:30 1930
Eynəli bəy Sultanovun “Publisistika”sına akademik qayğı
Bu yaxınlarda "Elm və təhsil” nəşriyyatında Azərbaycanın görkəmli maarifçi-ziyalısı, yazıçı-publisist, eyni zamanda folklorşünas və tərcüməçi Eynəli bəy Sultanovun (1866-1935) publisistik yaradıcılığı küll halında nəşr olundu. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin toplayıb, tərtib etdiyi və nəşrə hazırladığı, Eynəli bəy Sultanovun gənc tədqiqatçısı Elxan Məmmədovun redaktoru olduğu "Eynəli bəy Sultanov: Publisistika” kitabında görkəmli publisistin müxtəlif illərdə qələmə aldığı, dövrünün ayrı-ayrı qəzet və jurnallarında dərc olunan məqalələri toplanıb. Qeyd edək ki, Eynəli bəy Sultanov Azərbaycan, fars, ərəb, yunan, latın və rus dillərini mükəmməl bilirdi. Onun qəzetçilik fəaliyyətinin böyük bir qismini də Tiflisdə və Bakıda nəşr olunan rusdilli mətbuatda çap olunan məqalələri təşkil edirdi. Haqqında danışdığımız kitabda da məhz Eynəli bəy Sultanovun rus dilində nəşr olunan məqalələri toplanıb.
Onun publisistikasında əsas yeri Qafqaz və Şərq xalqlarının həyat tərzi tuturdu
Kitab haqqında danışmazdan əvvəl bildirək ki, E.Sultanov 1887-ci ildən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlıq etmişdir. Çox güclü publisist olan E.Sultanov haqqında aşağıdakı bir fikri xatırlatmaqla onun hansı səviyyəli mətbuat insanı olduğunu təsəvvür edə bilərik. XIX əsrin sonları XX əsrin əvvəllərindəki ədəbi-mədəni mühitin əhatəli tədqiqatçılarından olan A.Feyzullayeva E.Sultanovdan bəhs edərkən qeyd edir: "Şübhəsiz, bu istedadlı jurnalistin fəaliyyətini nəzərə almadan XX əsrin ilk 20 illiyinə qədər demokratik Azərbaycan publisistikasının keçirdiyi inkişaf yolunu təsəvvürə gətirmək çətindir”.
"İlk qələm təcrübələrini gənclik illərində "Tərcüman”da çap etdirən, E.Sultanov sonralar rus dilində nəşr olunan "Новое обозрение”, "Каспий”, "Кавказ”, "Возрождение”, "Закавказье”, "Закавказская речь”, "Грузия”, "Кавказская школа”, "Кавказская коммуна”, "Новости закавказья”, "Кавказская слово”, "Культура и писменности Востока”, "Санкт Петербургские ведемости”, azərbaycan dilində nəşr olunan "Həyat”, "İrşad”, "İqbal”, "Molla Nəsrəddin”, "Yeni fikir” (həmin qəzetin əlavəsi olan "İşıq yol”da), "Dan ulduzu”, Şərqi-rus”, "Yeni yol”, "Qızıl şəfəq” (1932-ci ildən sonra "Yeni qüvvə” adı ilə çıxanda belə), "Qığılcım”, "Kəndli”, "Gələcək” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazılarla çıxış etmişdir. Hətta müxtəlif illərdə "Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, "Zakavkazye” qəzetinin "Müsəlman həyatı şöbəsinin müdiri, "Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), "Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan "İşıq yol” qəzetinin məsul katibi (1924-1926) işləmiş, eyni zamanda "Zakavkazskaya reç” qəzetinin "müsəlman qəzetlərindən tərcümə” sahəsində çalışmışdır.
Yuxarıda adıçəkilən mətbuat orqanlarında E.Sultanov məqalələrini 20-dən çox fərqli imzalarla dərc etdirib. Haqqında bəhs etdiyimiz kitaba akademik İsa Həbibbəyli ön söz yazmışdır. Ön sözdə də E.Sultanovun publisistik yaradıcılığı öz layiqli qiymətini almış, müxtəlif mövzulu və müxtəlif sahələri əhatə edən məqalələrinin ictimai-siyasi, mədəni və maarifləndirici keyfiyyətləri ön plana çəkilərək, təhlil edilmişdir. Ön sözdə tərtibçi qeyd edir: "Eynəli bəy Sultanovun publisistikasında əsas yeri Qafqaz və Şərq xalqlarının həyat tərzi tuturdu. Bu problemə istinadən o, öz xalqının dərd-sərini, problemlərini də qabardırdı. Onun publisistikasında teatr, jurnalistika, folklor, bədii yaradıcılıq, tərcüməçilik, yeni əlifbanın yaranması yer alırdı. Bu, onun əsl milli ziyalı olduğunu ortaya qoyurdu”. Ön sözdə o da vurğulanır ki, Eynəli bəy Sultanovun XX əsr mətbuatında qələmə aldığı məqalələrdə Azərbaycan ideologiyası önə çəkilirdi. Bu istiqamətdə Cəlil Məmmədquluzadə ilə birlikdə hərəkət edən Eynəli bəy Sultanov azərbaycançılıq ideologiyasını Zaqafqaziya mətbuatında mütəmadi olaraq təbliğ edirdi.
Sadəcə, əl içi boyda bir kitabçası nəşr olunmuşdu
Yüksək poliqrafik keyfiyyətlə hazırlanan 470 səhifəlik kitabda görkəmli publisistin 250-yə yaxın məqaləsi bir kitabda toplanaraq, geniş oxucu auditoriyasının istifadəsinə verilib.
Eynəli bəy Sultanov irsindən söhbət edərkən, bir məqama da diqqəti yönəltmək vacibdir. 1866-cı ildə anadan olan ədibin ötən il 150 illiyi qeyd olundu. Eynəli bəy Sultanovun irsinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 15 fevral 2016-cı il tarixdə "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı. Bundan sonra Eynəli bəy Sultanovun tanıdılması istiqamətində böyük masştablı işlər həyata keçirildi. Belə ki, sağlığında - 1904-cü ildə İrəvanda "Tatarka”, 1926-cı ildə isə Tiflisdə "Seyidlər” hekayəsi kitab şəklində dərc olunan ədibin, ölümündən sonra sadəcə, 1966-cı ildə 12 hekayədən ibarət olan əl içi boyda bir kitabçası nəşr olunmuşdu.
Sərəncamdan sonra isə ötən ilin aprel ayında Eynəli bəy Sultanovun tədqiqatçısı, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi” dissertasiyasını Bakıda AMEA-nın Folklor İnstitutunun Dissertasiya şurasında uğurla müdafiə etdi, ədibin 33 hekayəsinin yer aldığı "Eynəli bəy Sultanov: Hekayələr” kitabını nəşr etdirdi. Həmçinin, indiyədək görkəmli ədibin həyat və yaradıcılığı haqqında dissertasiya müdafiə etmiş iki alimin - İzzət Maqsudovun "Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” və İradə Əsədovanın "Eynəli bəy Sultanovun yaradıcılıq yolu” monoqrafiyaları nəşrə hazırlanaraq, çap olundu.
Bunlarla yanaşı, muxtar respublikanın ali təhsil müəssisələri və elm ocaqlarının birgə təşkilatçılığı ilə ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar təşkil olundu, "Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi bütövlükdə maarifçi ziyalıya həsr edildi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya i tərəfindən "Onun həyat amalı” adlı sənədli film çəkildi. Və nəhayət, ötən ilin dekabrında ədibin 150 illik yubileyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd olundu.
Adıçəkilən dövlət sənədinin və görülən işlərin davamı olaraq, görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli tərəfindən toplanan, tərtib edilərək nəşr edilən publisistik məqalələr Eynəli bəy Sultanovun daha əhatəli öyrənilməsi və tanıdılması istiqamətində həyata keçirilən böyük tədqiqatçılıq və vətəndaşlıq nümunəsidir.
Eynəli bəy Sultanovun publisistikasında qabartdığı məsələlər, irəli sürdüyü fikirlər, bir əsrdən çox bir müddəti əhatə edən tarixi dövr haqqındakı yazıları, təkcə Eynəli bəy Sultanovun publisistik fəaliyyətinin öyrənilməsi cəhətindən yox, həm də Azərbaycan mətbuat tarixinin, mədəniyyət tarixinin, bütövlükdə xalqın müəyyən bir dövrü əhatə edən müddətdəki bütün sahələri özündə əks etdirən cəhətlərini öyrənmək baxımından da qiymətlidir. Bu baxımdan belə bir nəşrin ərsəyə gəlməsi böyük əhəmiyyətə malikdir.
Publisist Flora Xəlilzadə hələ bir neçə il bundan əvvəl qələmə aldığı bir məqaləsində qeyd edir: "Yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim, vətənpərvər fədai. Bütün bu məziyyətlərin və keyfiyyətlərin hamısını öz şəxsində birləşdirən Eynəli bəy Sultanovun Azərbaycan mətbuatının inkişafındakı rolu o qədər də geniş araşdırılmayıbdır”.
Bu kitab Eynəli bəy Sultanovun publisistikasının ümumi mənzərəsi haqqında ətraflı fikir sahibi olmaq baxımından da dəyərli mənbə olduğu kimi, görkəmli ziyalının publisistik fəaliyyətinin elmi cəhətdən tədqiqinə də geniş zəmin yaradacaqdır.
Elxan YURDOĞLU
banner

Oxşar Xəbərlər