• cümə, 26 Aprel, 07:42
  • Baku Bakı 12°C

Əttarın ətri

05.06.18 11:30 1523
Əttarın ətri
"Söz hicabdır” – çox doğru deyiblər. Səs sözdən bir az irəlidədir. Fikir onlardan geridədir. Çünki, buradakı məqsəd və məna elə nöqtələrə hədəflənmişdir ki, hər fikrin bu məqama yetişməyə nəfəsi çatmaz.
Beləliklə, söz və səs. Daha doğrusu, söz, yoxsa səs? Səsin sözdən irəli olduğunu dedik. Ancaq, bəsit və beləliklə də yanlış anlaşılmasın (ya da necə anlaşılır, anlaşılsın. Anlayanları düşünsəydik, çoxdan qələmi də səsi də fikri də buraxmışdıq). Səsdən söz yaranır deyə, bu fikri ortaya atmadıq (əlbəttə, söhbət səsli sözdən gedir, fikirdən və ya qələmdən yox). Bizim dediyimiz səs sözün bir üst halıdır, sözün çox zaman yaratdığı hicabı yırtıb atandır. "Çox zaman” ifadəsini işlətsək də, hədəfdəki məqama gedən yolda söz hər zaman hicabdır.
Ancaq sözün elə bir halı da var ki, hicaba səbəb olmur. Əksinə, hicabı qaldıraraq, cəmali-mütləqi gözlər önünə sərir. Bu, nəzmdir. Həmin nəzm ki, bizim fikrimizcə, söz yox, səsdir. Nəzmin səs olduğu başqa bir halla da dəstəklənir. Bu hal isə, musiqidir. Nəzmlə musiqi elə bir səs yaradır ki, onu sözlə ifadə etmək acizlikdən başqa bir şey deyil. Beləliklə də səsdən ayrılan söz mərifətin, eşqin, sirrin yox, elmin, təzahüratın, türrəhatın tərəfinə keçir. Nəzm və musiqi sözü küsdürür. Ona öz yetərsizliyini sübut edir. Söz isə, acığa düşərək, qala çevrilir və halın qarşısında dayanır. Nəzmlə musiqi heç bir zaman dünyəvi olmamışdır. Ancaq hansı nəzmdən, hansı sözdən bəhs etdiyimizi incələyəcək qədər alçaqlara enməyə ehtiyac duymuram. Ümumiyyətlə isə səsin hansı tərəfdə dayandığını söz müəyyən edir. Səsin, yəni halın tərəfi olmaz ki,..
Məsələ burasındadır ki, hər sözün, sözdən yaranan hər səsin, səsdən təşəkkül tapan hər nəzmin, nəzmi məqami-vəhdətə qaldıran hər musiqinin arxasında məna və hədəf dayanır. Mənalara, hədəflərə istinadən hər mənzərənin öz rəssamı, hər rəssamın da öz tamaşaçısı vardır.
Qoca Əttar da rəssam idi. Onun şeirini əzbər bilənlər, həyatını oxuyanlar, onu tarixi şəxsiyyət olaraq tanıyanlar xoşbəxt insanlardır. Lakin eyni zamanda da bədbəxt insanlardır. Çünki, bu dediyimiz şeylər Əttara bir hicabdır. Bəli, hətta onun əsərləri də ona bir hicabdır – ta ki, onun özünü diri, canlı, həqiqi və rasional şəkildə Həzrəti Xızr kimi görənə qədər. Xızr əfsanədir, Əttar gerçəkdir. Xızr dindir, Əttar ürfandır. Xızr uzaqdır, Əttar yaxındır.
Mən belə həqiqi Xızrları çox görmüşəm. Ancaq heç birisini Əttar kimi aydın və şəffaf görməmişəm. Biçarə alimlər, ədəbiyyatşünaslar, elə bilirlər "Məntiqüt-teyri”, "Təzkirətül-övliya”nı oxuyub əzbərləməklə, Əttarın ətrini ala biləcəklər. Özləri də yaxşı bilirlər ki, elmlə, mütaliəylə, türəhat və qalla Əttar gəlməz. Gəlsəydi, onlar bir daha nəinki Əttardan sonrakıları oxuyar, hətta ümumiyyətlə oxumağı, yəni sözü, elmi, türrəhatı tərk edərdilər. Hətta və hətta Əttardan sonra dünya həyatı onlar üçün bitərdi. Dediyim kimi, onlar özləri bunu yaxşı bilirlər. Yaxşı bilirlər ki, dəf çalıb, zikr edən savadsız bir Kirmanşah dərvişinin yanında onlar gərək Əttarın, Şəmsin, Mövlananın, Hafizin adını çəkməsinlər. Ancaq nə etmək olar, söz sözdür və nə etmək olar ki, elm Tanrıdan möhlət istəyib.
Alimlərlə pirlərin fərqi ondadır ki, alimləri insanlar özləri axtarıb tapır. Ancaq pirlər özləri insanları axtarıb tapırlar. Əksər zamanlarda isə, onların varlığından bixəbər olanlar onların toruna düşür. Zatən, xəbəri olsaydı, düşməzdi bu tora. Çünki, elm ovdur, eşq isə ovçu. Ovlanmaq istəyənlərdən başqa heç kim öz ayağı ilə, bilə-bilə gəlib o tələyə düşməz. Ovçu isə, qafil ovu sevər. Tələdə hazır gözləyəni heç kim ovlamaq istəməz. Zira, bu iş ağıl-məntiq işi deyil. Mövlananın Şəmsdən xəbəri olsaydı, Şəmsin toruna düşə bilməzdi. Mövlana Şəmsə hazır olsaydı, o zaman Şəms gəlməzdi, çünki, ona ehtiyac qalmazdı.
Əttar da mahir ovçudur. Onun fitnəli gözlərindəki əbədi sirrin cazibəsinə heç bir aşiq dayana bilməz. Ancaq bir şey var ki, Əttarın ovlağı elə-belə güllü-çiçəkli çəmənlər, düzlər, asfaltın üstü-filan deyil. Əttar Qaf dağında ov edir. Deməli, həmin aşiqin, yəni həmin ovun bu dağa qalxması gərəkdir ki, Əttarın toruna düşsün. O tora isə, ancaq qartallar düşər, bülbüllərin Qafın zirvəsində nə işi var? Çünki qartala ancaq Simurğun gücü çatar. Ovlanan ovun özü həmin ovçunun bir cüzvünə çevrilir. Ona görə ki, bütün quşların cəmi Simurğdur. Yəni, otuz quş. Qiyamət gününə qədər bu ov davam edəcək. Elə ki, həmin otuz quş bir yerə cəm oldu, o zaman Simurğ özünü bəyan edəcək. Qiyamət isə oyanmaq olduğu üçün Simurqun sədası oyanışın, qiyamətin əlaməti olacaq.
Əttarın dükanı heç bağlanmadı. Digər dərvişlər zahirdə tərki-dünya oldular, Əttar isə batində. Yenə ətir satmağa davam etdi. Ancaq oradakı "t” hərfini "s” hərfi ilə əvəz etsək, məna yerinə oturacaq. Əttar ətir satmır, ətir saçır. Ancaq saçdığı ətirlərin də bir bədəli var. Can vermək gərəkdir ki, o ətirdən sənə də sıçrasın. Bu mənada Əttar həm də dükan açıb, ətir satır. O elə bir ətirdir ki, qoxusu əbədiyyətə qədər uzanacaq, heç bitməyəcək. Çünki bu ətir Tanrının ətridir. İllər öncə bir qəzəl yazmışdım. Onu burada təqdim etməyn tam yeridir:
Can içində can verən hər canə canan ətridir,
Vəsli-canan canə canandan gələn can ətridir.
Canımı cananə verdi ətri-Rəhmanir-Rəhim,
Kim ki, arifdir, bilər bu ətr Rəhman ətridir.
Bir sabah bağın içində durdu canan qəsdimə,
Əsdi bir badi-səba, zənn eylədim qan ətridir.
Dinimi, imanımı məstur edib zülfi-nigar,
Küfr zülfündən gələn ol ətr iman ətridir.
Mübtəlayi-hicri-yarəm, rişteyi-canımdakı,
Ruzi-əvvəldən qalan bir baği-Rizvan ətridir.
Kakili-yarın gəlir ətri nəmazımdan mənim,
Zikri-Mövladən gələn zülfi-pərişan ətridir.
Eşq dövran eylədi bir fanidən bir faniyə,
Məst edən dünyadə hər mehmanı mehman ətridir.
Haqqı, ey insan olan, axtarma insandan kənar,
Haqqa gəl, Allahın ətri çünki insan ətridir.
Arif ol Salim, ki, on səkkiz min aləmdən gələn,
Zati-Sübhan, nuri-Yəzdan, Şahi-Mərdan ətridir.
İndi deyəcəklər ki, Əttardan yazıb, öz qəzəlini necə təqdim edir? Məsələ burasındadır ki, mən Əttardan yazmıram. Çünki onun haqqında çox yazıblar. Mən də elə bütün yazanlar kimi özümdən yox, özümü yazıram.
Yazılanlar, deyilənlər bütünlüklə həqiqətin təsviridir. Ancaq necə təsviri? Bəlkə, həqiqət hər kəsin öz ölçüsündədir? Yəqin ki, belədir. Belə olmasaydı, hər kəs özünü haqlı sanmazdı. İnsanın haqlı və ya haqsız olduğunu necə sübut eləmək olar? Ən əsası da kimə sübut eləmək olar? Dünyada insanı haqlı olduğu fikrindən döndərəcək elə bir güc qaynağı varmı? Ona görə də bizim yazdıqlarımız da, bizim əleyhimizə yazılanlar da haqdır, həqiqətdir. Həqiqətin mütləq olduğu fikrini iddia edənlər həqiqətdən bixəbər adamlardır. Onun nisbi olduğunu düşünənlər də qafillərdir. Həqiqət nisbiliklə, mütləqliklə ölçülən bir anlayış deyil. O, varoluşdur. Varlığı isə, inkar etmək mümkün deyil, təsdiq etmək isə lazım deyil. Elə buna görə də sözün başında dedik ki, bunlar bizim yaşadıqlarımızdır. Onları zorla kimsəyə yaşatmaq fikrimiz yoxdur. Əgər Əttar Qaf dağına ova çıxırsa, onun ovunun da məkanı həmin zirvədir. O zirvəyə qalxmayana, ümumiyyətlə, Qafın varlığından bixəbər olana Əttarın oxu neylər, ətri neylər?
Mövlana deyirdi:
Həft şəhr eşq ra Əttar gəşt,
Ma hənuz andər xəmi yek kuçeyim.
"Eşqin yeddi şəhərini Əttar gəzdi, bitirdi. Biz hələ onun əyri bir dalanında qalmışıq”. Təsəvvür etmək çətindir ki, o boyda Mövlana bu həqiqəti necə dilinə gətirir. Çünki, bu sözlər gerçəkdən də mübaliğə, təvazö-filan deyil, məhz həqiqətdir. Eşq aləmində təvazö olmaz və buna ehtiyac da yoxdur. Çünki, Mövlananı da Əttarın ətri vurmuşdu. Elə onu Şəmsin ayağına gətirən də bu ətir oldu. Bu qoxunun izini sürərək, Həzrəti Mövlana Həzrəti Şəmsin tələsinə düşdü. İntəhası, Şəmsin ovlağı Qaf dağı yox, dərin dəryalar, sonsuz ümmanlar idi. Mövlana isə, dürrü mirvari axtaran qəvvas idi. Hər aşiqin ovlandığı məkan ayrı olsa da, ovçusu birdir. Birdir, yəni pirdir! Pirlər eşq məqamının gözətçiləri, eşq karvanının sarbanlarıdır. Onlar Haqqın da pirləridir. Bəlkə bir gün Haqqın sirri açılacaq, ancaq pirlər hər zaman sirr olaraq qalacaqlar. Pirlik məqamının özülü də bunun üzərindədir. Sirrin özü pirin özüdür. Pir sirr deməkdir. Sirri açılan pir olmaz. Pir sirlə yaşar, sirr pirlə.
Allahın dərgahı pirin qapısıdır. Bu qapı açılan zaman dərgah öz aşiqini qəbul edər. Yoxsa, Allah da əfsanədir, onun dərgahı da. Ancaq pirlərin qapısı olmaz, nəfəsi olar, ətri olar. Pirlər vasitə və ya vasitəçi deyil. Pirlik eşq məqamı olduğu üçün, eşqin ikiliyi, ayrılığı, qovuşması-filanı olmaz. Vəhdət yalnız kəsrətdən qurtulan zaman mümkün olur. Bu qurtuluş isə yalnız və yalnız eşqlə gerçəkləşə bilər. Başqa cür olan şeylərin heç birisi eşq deyil – birisi ibadətdir, o birisi cənnətdir, digəri rəhmətdir, bir başqası isə, ticarətdir. Ancaq bunların hamısı kəsrətdir. Deməli, bunlara sahib olanların heç birisi aşiq deyil. Aşiq olmayan isə özünə əziyyət verib Qaf dağına qalxmaz. Qəribədir ki, Qurani-Kərimin məhz "Qaf” adlı surəsində "Mən sizə şah damarınızdan yaxınam” deyir. Sanki adam özünü Qafın zirvəsində, yəni vəhdətə ən yaxın yerdə hiss edir. "Qaf” həm də bir hərfdir. Yazılışı da qəribədir, sanki başı qarlı zirvəyə bənzəyir. Əlbəttə, bunların elmi və qrammatik əsası-filanı yoxdur. Bunlar eşqin və ürfanın təxəyyülüdür. Belə xəyallar gerçəklərin, reallıqların çox-çox üzərindədir. Bunlar şairanəlik-filan da deyil. Aşiqər romantiklər deyil, eşq özü ümumiyyətlə romantika deyil. Ürfan bunların, yəni elmin söykəndiyi rasionallığın, dinin söykəndiyi irrsionallığın xaricində bir şeydir. Eşq və ürfan yaşantıdır, özdür, qəlbin içidir, ağılın və məntiqin təslim olduğu bir məqamdır.
Əvvəldə dediyimiz kimi, sözün səsə çevrilməsi, səsin məqama – musiqiyə çevrilməsi də məhz elə bu ehtiyacdan baş verir. Keçmiş zamanda yox, indi, bu an baş verir. Baş verənlər gerçəkdir, dəmdir, haldır və mütləq şəkildə bir nöqtəyə, bir dərgaha, bir pirə bağlıdır.
Müqəddəs Əttarın pak və rindanə ruhlardan heç çəkilməyən ətri insanlığın həmin səviyyədə olan qisminin qurtuluşu deməkdir. Həmin səviyyə isə, elə Əttarın bəhs etdiyi Simurq olma yolundakı qələbədir. Simurq yoxdur. Nə üçün? Çünki, vəhdət görünməz. Görünən kəsrət və onun qırıntılarıdır. Bütöv isə, gözə görünməz, yəni gözlə görünməz. Daha doğrusu, gözə görünməmək üçün bütövləşər. Daha da doğrusu, onu görməyə bir göz və bu gözə ehtiyac yoxdur. Sadəcə, eşq var, aşiqlər var, Qaf dağı var və ovçular var. Elə ki, ov səhnəsi mükəmməl oldu, o zaman Qaf da yox olur, eşq də, aşiqlər də, Haqqın özü də. Təkcə qalan pirlər olur. Çünki, pirlər sirr sahibidir və bu sirr heç zaman açılmayacaq.
"Əgər özünü bilsən və içindəki məluna sahib olsan, bütün bütləri yandırıb, sındırarsan”
"Bülbülün sirrini güldən başqa kim bilər, kim anlar?”
"Həyatında çətin şərtlərə, möhnətə, bəlaya düşməyin, zəlil və həqir olduğun üçün deyil, qiymətli olduğun üçündür”
"Sevgili yoxdursa, can nəyə yarar?”
"İnsanlarda bir vəfa görmədim. Ona görə də Allahın vəfasını seçdim”
Dırnaq içində verilən bu kəlamlar isə, böyük pirə, şahlar şahına, vəlilər sultanı Fəridəddin Əttar Nişaburiyə məxsusdur. Əlbəttə, elə onu demək istəyirdim ki, bu sözlər də hicabdır. Bəli, onun öz sözləri belə onun özünə, onun üzünə, onun ətrinə hicabdır. Piri oxumazlar, onu görərlər. Piri oxumaq ona aşiq olmaqdır. Eşq olmasa, pirlər bağlı kitabdır, çaşdırıcı və zəif kəlamdır, heç kimdən seçilməyən, hətta baxıldığında belə görülməyən sıradan insanlardır.
Eşqi heç kimə tövsiyə etmirik. İnsanlığın bu halı onun özünə gözəldir. Eşq insanın halını qatar, mövcudiyyətini əlindən alar, onun sevimli və əziz dünyasını, çox istədiyi həyat adlı oyuncağını param-parça edər.
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər