AZE | RUS | ENG |


Əsas “tamaşa”dan kənarda qalan qəhrəman - Fotolar

Əsas “tamaşa”dan kənarda qalan qəhrəman - Fotolar
“Güləş məndən ömrümü alıb”

Güləş Azərbaycana beynəlxalq yarışlarda ən çox medal qazandıran idman növüdür. Ölkəmiz yay olimpiya oyunlarında ilk medalını, ilk "qızıl”ını məhz milli idman növü olan güləşdə qazanıb. Elə hazırda da olimpiya oyunları zamanı idman həvəskarları medal ümidi ilə əsasən, güləş yarışlarına köklənir. Fərqi yoxdur, istər Yunan-Roma, istərsə də sərbəst güləş yarışları olsun.

İdman həvəskarları medal qazanmaq üçün döşək üzərində əlindən gələni edən, qalib gəldikdən sonra isə fəxrlə himni oxuyan və yüksələn bayrağa tamaşa edən qəhrəmanları həmişə yadında saxlayır. Ancaq bu, sadəcə, aysberqin görünən tərəfidir. Bu uğurda çox böyük payı olan, ancaq bir qayda olaraq əsas "tamaşa”dan kənarda qalan qəhrəmanlar var. Güləş yarışlarında həmişə qışqıraraq həyəcanla göstərişlər, fasilədə yetirməsinə ürək-dirək verən, yeri gələndə hakimlərə etiraz edən, bəzən isə yetirməsinin qələbələrini ekran qarşısında izləyən məşqçilərin də bu uğurlarda payı heç də idmançılardan az deyil.  
 
Azərbaycanda ömrünü güləşə həsr etmiş mütəxəssislər yetərincədir. Hazırda Sumqayıt "Zenit” İdman Cəmiyyətində çalışan Qərib Əliyev də bütün ömrünü bu idman növünə həsr etmiş, ölkəmizə onlarla güləşçi bəxş etmiş mütəxəssislərdəndi. Onun yetirmələrindən bir çoxu beynəlxalq səviyyəli yarışlarda Azərbaycana müxtəlif əyarlı medallar qazandırıblar.
 
 

Ötən il 84 kq çəkidə gənclərin dünya çempionatında qızıl medal qazanan, qızıl qran-prinin qalibi olan, hərbçilərin dünya çempionatında ikinci olan İslam Abbasov məhz Qərib Əliyevin yetirməsidir. Qərib Əliyev 1957-ci il yanvarın 22-də Sumqayıtda dünyaya gəlib. 1978-ci ildən məşqçi kimi çalışan Əliyev, 1980-ci ildə SSRİ idman ustası adını alıb. O, elə həmin ildən Sumqayıt şəhərinin baş məşqçisi təyin edilib. 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş Əliyev, həm də, hakimliklə də məşğuldur. O, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyır. Əliyev 2011-13-cü illər aralığında Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olub. 1996-cı ildə əməkdar məşqçi adı almış Qərib bəy, 2012-ci ildə fəxri bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb. Qərib Əliyev ötən il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Bir neçə gün öncə təcrübəli mütəxəssisin 60 yaşı tamam oldu. İllərini güləşə həsr etmiş yubilyarla söhbətləşmək qərarına gəldik. Maraqlı həmsöhbət olan Qərib bəy müsahibə zamanı güləşlə və karyerası ilə bağlı məqamlara toxundu.  
 
- Qərib müəllim, necə oldu ki, güləşlə məşğul olmaq qərarına gəldiniz?
- Hələ uşaq vaxtı güləşə marağım var idi. Ancaq güləşə bir qədər gec başlamışam. İlk məşqçim əməkdar məşqçi Vaqif Əliyev olub. Daha sonra məşqçi kimi çalışmağa başladım. Məşqçiliyə bir qədər erkən, cəmi 21 yaşımda başladım. 
 
 
 
- Məşqçiliyə belə erkən yaşda başlamağınıza səbəb nə idi?
- Zədələrlə əlaqədar güləşlə çox məşğul ola bilmədim. Ancaq güləşə çox marağım var idi. Əsgərlikdən qayıtdıqdan sonra məni "Neftçi” İdman Cəmiyyətinə Yunan-Roma güləşi üzrə məşqçi götürdülər. O vaxtdan indiyə kimi də məşqçi-müəllim kimi çalışıram.
 
- İlk yetirmələriniz hansı yaş qrupundan idi? 
- Yetirmələrim böyüklər idi. Yaşca məndən böyük olanlar da kifayət qədər idi. Düzü, heç bir çətinliyim olmadı. Məndə güləşə o qədər həvəs var idi ki, heç bir çətinlik hiss etmədim. Həmin güləşçilərin hamısı məni tanıyırdı. Bəziləri ilə bir yerdə güləşmişdik. Biz evdə 8 qardaş olmuşuq. Özümdən kiçik qardaşlarıma güləş öyrədirdim. Bir dəfə kiçik qardaşımı yarışa apardım. Vaqif müəllim mənə dedi ki, gəl kömək elə. Həmin yarışda məşq keçdiyim qardaşım Tahir Sumqayıt çempionu oldu. Onda məşqçim mənə dedi ki, sən məndən yaxşı işləyirsən ki, öyrətdiyin güləşçi yetirmələrimi məğlub etdi. Bundan sonra məndə əlavə həvəs yarandı. Sonra elə oldu ki, Vaqif müəllim başqa yerə yollandı, mən isə onu əvəz etdim. Məşqçi kimi yetişməyimdə hazırda həyatda olmayan Vaqif müəllimin də çox böyük rolu olub.

- Məşqçi işləməyə başladıqdan cəmi iki il sonra idman ustası oldunuz...
- Bəli, məşqçi işlədiyim zaman paralel olaraq güləş yarışlarına da qatılırdım. 1980-ci ildə böyüklərin yarışlarındakı nəticələrimə görə, idman ustası adını aldım.
 
 

- Bəs güləşlə nə vaxt vidalaşdınız?
- Güləşlə elə həmin ildə vidalaşdım. Bundan sonra məni Sumqayıt şəhəri üzrə baş məşqçi təyin etdilər. 1983-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdim. Daha sonra yarışlarda hakim kimi də çıxış etməyə başladım. 1994-cü ildə beynəlxalq dərəcəli hakim oldum. 

- Sizcə, məşqçi kimi qələbə qazanmaq daha şirindir, yoxsa güləşçi?
- Hər ikisi əzizdir. Ancaq məncə, məşqçi kimi qələbə qazanmaq daha şirindir. Düzdür, məşqçi olduğunuz zaman hər şey sizdən asılı olmur, ancaq yetirmənizə düzgün göstərişlər verərək, qarşılaşmanın gedişinə təsir edə bilərsiniz. 

- Bu günə kimi bir çox yetirməniz olub. Sizə ən çox hansı əzizdir?
- Məşqçiyə bütün yetirmələri əzizdir. Ancaq yetirmələrim arasında ən yaxşı nəticə verən İslam Abbasov olub. İki dəfə yeniyetmələrin dünya çempionu olub. Ötən il qızıl qran-pri yarışının, gənclər arasında dünya çempionatının qalibi oldu. İslamın atası Əzim Abbasov da güləşçi olub. O, mənim gənclik dostumdur. 
 
 
 

- 40 ilə yaxındı məşqçi kimi çalışırsınız. Güləşə yeni gələn uşaqlarda ilk baxışdan perspektiv olub-olmadığını bilmək mümkündür?
- Güləş elə idman növüdür ki, ilk baxışdan bilmək olmur yeni gələn uşaqdan güclü güləşçi çıxar, ya yox. Düzdür, bəzi göstəricilər var ki, bunlara baxanda uşaqda perspektiv olub-olmadığını bilmək olur. Məsələn, fiziki güc kimi. Ancaq bu, bəzən aldadıcı ola bilir. Elə uşaqlar var ki, aşağı yaşlarında fiziki cəhətdən zəif olurlar, ancaq vaxt keçdikcə artırırlar. Bu da çoxlu məşqlər sayəsində mümkün olur. Bir qrupda 15-20 uşaq olur, onlara müəyyən fəndləri göstərib, kənardan bunu necə yerinə yetirdiklərini müşahidə edirsən. Elə uşaqlar olur ki, ilk dəfədən mənimsəyir, ancaq eləsi də var ki, 5 dəfə, 10 dəfə göstərirsən xeyri olmur. Eləsi də olur ki, görürsən istedadı var, ancaq qavraması bir az gec olur. Belə olduğu halda,  qalır onu "cilalamaq”. Bunun üçün də uşağın özündə də zəhmətsevərlik olmalıdır. İslam bunun bariz nümunəsidir. Məsələn, uşaqlara tapşırıq veririk ki, filan hərəkəti yerinə yetirin. Belə vəziyyətdə İslam kimi güləşçilərdə xüsusi nəzarətə ehtiyac yoxdur. Üzünü çevir get, o, həmin tapşırığı yerinə yetirəcək. Bax, bu cür uşaqlar güləşdə həmişə uğur qazanacaqlar. Ancaq elə güləşçilər də olur ki, məşqçi üzünü çevirən kimi məşqi dayandırır. 

- Uşaqların güləşə yazılması üçün sizcə, ideal yaş həddi neçədir?
- Güləşə əsasən, 10 yaşından götürürlər. Ancaq istisna hallar da var. Məsələn, bizdə bəzən olur, 9 yaşından da götürürük. Elə uşaqlar var ki, daha gec yaşda güləşə başlayır ancaq uğur qazanır. 20 yaşında güləşə başlayıb, olimpiya çempionu olan güləşçilər də var. Ancaq fiziki cəhətdən daha hazırlıqlı olması üçün erkən gəlməsi daha yaxşıdır. Belə olan halda, yaşıdlarından geri qalmır. Elə uşaqlar var ki, gec gəlir, yeni-yeni forma yığmağa başlayanda əsgərliyə gedir, qayıdıb gələndən sonra həvəs olmur. Düzdür, eləsi var ki, əsgərliyə gedənədək nəticəsi olmur. Ancaq əsgərlikdən qayıtdıqdan sonra yaxşı nəticə qazanır. Buna misal olaraq Emin Əhmədovu göstərə bilərəm. Ancaq bu cür hallar az-az olur.
 
 

- Güləş Azərbaycanda ən çox medal gətirən idman növlərindən biridir. Bu sahədə məşqçi kimi çalışmaq sizə əlavə məsuliyyət verir?
- Tam razıyam, əlavə məsuliyyətdir. Məsələn, bəzi idman növlərində orta səviyyəli bir idmançı yetişdirəndə əsas yığmaya düşür və yarışlara qatılır. Ancaq bir baxın, güləşdə nə qədər rəqabət var. Bu cəhətdən güləşdə çox çətindir. Bizdə Yunan-Roma güləşində demək olar, legioner yoxdur. Çünki bizim yerli güləşçilər heç kimdən geri qalmır. Yunan-Roma güləşi bizdə çox inkişaf edib.

- 40 ildən çoxdur məşqçi kimi çalışırsınız. Güləş sizə nə verib və sizdən nə alıb?
- Güləş mənə çox şey verib. Həyatda nə qazanmışam, hamısı güləş sayəsində olub. İdman ustası, əməkdar məşqçi, beynəlxalq hakim olmuşam, prezident tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmuşam, hamısı da güləş sayəsində. Heç vaxt güləşi seçdiyimə görə peşman olmamışam. Bu sahəni seçməklə düz yolla getmişəm. O ki qaldı güləşin məndən nə almasına, ömrümü alıb (gülür). Güləşə görə o qədər əsəb keçirmişəm ki... O qədər olub ki, yarışlar zamanı qışqırmaqdan səsim batıb. Elə olur ki, qışqırmaqdan səsim batır, güləşçiyə göstəriş verə bilmirəm. Göstərişlərimi çatdırmaq üçün köməkçimi çağırıram. Yetirmən güləşən zaman keçirdiyim hissləri sözlə demək çətindir, gərək o hissləri yaşayasan. Ancaq qələbədən sonra hər şey yaddan çıxır. Lakin uduzanda bu stress ikiqat artır.
 
 

- Sizcə, azərbaycanlı gənclərin digər idman növləri ilə  müqayisədə güləşə daha çox maraq göstərməsinin səbəbi nədi?
- Güləş bizim dədə-baba idman növümüzdür. Bu, xalqın qanında olan idmandır. Hələ mən uşaq olandan yadımdadır ki, qara zurnanın müşayiəti ilə güləş yarışları keçirilirdi. Hamı güləşirdi. O vaxtlar, Azərbaycanda 3 əsas idman növü var idi - futbol, güləş, boks. 

- Güləşə yeni gələn gənclərə uğur üçün nə məsləhət verərdiniz?
- Məsləhətim odur ki, güləşə gələndə sonadək davam etsinlər. Bəzən olur, uşaq gəlir, görürsən ki, perspektivi var, ancaq bir müddət sonra məşqlərə gəlmir. Son vaxtlar Azərbaycanda güləşə yaradılmış gözəl şərait valideynlərin fikrini nisbətən dəyişib. Artıq valideynlər uşaqlarında perspektiv olduğunu görəndə, güləşdən çıxarmırlar. Çünki bilirlər ki, bu sahədə perspektiv var. Bunda dövlətin idmana qayğısının da xüsusi rolu var.  

Elnur Həmidov   
 
 
 
 
                  
   
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008