• şənbə, 23 Noyabr, 21:09
  • Baku Bakı 14°C

Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar

30.03.19 10:45 2232
Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar
Təcavüzkar erməni-daşnak qüvvələri iki yüz ildən artıq bir müddətdir ki, şovinist havadarlarının dəstəyi ilə Qafqazda müxtəlif miqyaslı qırğınlar və talanlar törədirlər. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı müharibə nəticəsində Şimali Azərbaycan Rusiya imperiyasının əsarəti altına keçdikdən sonra çar hakimiyyəti İran və Türkiyədən on minlərlə erməni ailələrini azərbaycanlıların yaşadıqları ərazilərə köçürərək bu torpaqlarda məskunlaşdırdı. Rusiya ilə İran arasında bağlanılmış Gülüstan (12 oktyabr 1805-ci il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi tarixi sənədlər, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisyanovun imzaladıqları Kürəkçay müqaviləsi təsdiq edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə olmamışdır.
XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir çox tarixi mənbələrdə, o cümlədən S.N.Qlinka, N.İ.Şavrov, A.S.Qriboyedov, V.L.Veliçko, S.P.Zelinski və başqalarının əsərlərində əks olunmuşdur. XIX əsrin 90-cı illərinin ortalarından etibarən erməni məsələsinin Türkiyədən Zaqafqaziyaya köçürülməsi, ”Daşnaksütyun” partiyasının burada fəaliyyətinin gücləndirilməsi Qafqazda milli düşmənçilik və ədavət toxumlarını səpdi. Daşnaklar bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törədərək özlərinin həqiqi simalarını göstərməyə başladılar.
Çar hakimiyyətinin yürütdüyü mürtəce siyasətə cavab olaraq Azərbaycanın tanınmış ziyalıları və görkəmli ictimai-siyasi xadimləri millətin taleyi ilə bağlı məsələlərin həll edilməsi uğrunda fəal mübarizəyə qoşuldular. M.Ə.Rəsulzadənin"Stalinlə ixtilal xatirələri” kitabında qeyd edildiyi kimi: "Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi vasitələrlə xidmət etmək istəyirdi”.


İmperiya ərazisində vəziyyətin kəskinləşdiyini görən II Nikolay vaxt qazanmaq məqsədilə 1905-ci il oktyabrın 17-də Manifest imzaladı. O vaxtlar Rusiyada həmin Manifestə "Azadlıqlar Manifesti» də deyilirdi. Həmin Manifest siyasi və ictimai təşkilatların yaradılması prosesinə güclü təkan verdi. 1905-ci il 17 oktyabr tarixli Manifestdən sonra bütün Rusiyada açıq şəkildə fəaliyyət göstərən yüzlərlə cəmiyyət, təşkilat və hətta siyasi partiyalar yaradıldı. Azərbaycanın milli burjuaziyası və ziyalıları 1905-1906-cı illərdə yaradılmış "Müsəlman Xeyriyyə Cəmiyyəti”, "Nəşri-maarif”, "Nicat”, "Səadət”, "Səfa” mədəni-maarif cəmiyyətləri xalqın maarifləndirilməsinə və onun mədəni inkişafına çalışırdılar. Lakin mütləqiyyət imperiyanı bürüyən həmin proseslərə lazımı diqqət yetirmir, milli məsələdə isə bir addım da olsun güzəştə getmir və əksinə olaraq, birinci Rusiya inqilabı illərində millətlərin əsarətdə saxlanmasının köhnə idarəetmə formalarına qayıtdı. Mütləqiyyət Qafqazın 1844-1881-ci illər ərzində idarə olunması təcrübəsindən istifadə olunmasına qərar vermiş və ilk növbədə, 1905-ci il fevralın 26-da Qafqazda geniş mülki və hərbi səlahiyyətlərə malik canişinliyi bərpa etmişdi. Canişin Vorontsov-Daşkova verilmiş çar reskriptində qeyd edilirdi ki, bu orqanın birinci vəzifəsi Qafqazda yubanmadan dinclik yaratmaqdır. 1905-ci il fevralın 18-də II Nikolayın fərmanı ilə Bakıda və Bakı quberniyasında, 1905-ci ilin sentyabrında isə Yelizavetpol quberniyasında hərbi vəziyyət rejimi tətbiq edildi. 1905-1907-ci illərin I rus inqilabı dövründə çarizm öz hökmranlığını saxlamaqdan ötrü bir sıra süni tədbirlər həyata keçirdi. Belə süni tədbirlərdən biri də müxtəlif millətlər arasında ədavət yaratmaq idi. M.Ə.Rəsulzadə çarizmin siyasətini tənqid edərək yazırdı: "Rusiya məmləkətində hökm sürən istibdadın ən qədim və köhnə üsullarından biri budur ki, istibdad özünə tabe olan millətləri bir-biri ilə yağılaşdırıb, beləcə, müxtəlif millətlər arasında ziddiyyət və düşmənçilik salırdı”.
1905-ci il fevralın 6-da Bakının mərkəzində, erməni kilsəsinin yaxınlığındakı "Parapet” meydanında Bakı qəzasının Sabunçu kənd sakini, varlı müsəlman Ağarza Babayevin ermənilər tərəfindən öldürülməsi azərbaycanlılarla ermənilər arasında qanlı qarşıdurmanın başlanmasına təkan verdi Bakı qəza rəisinin Bakı qubernatoruna göndərdiyi 7 sentyabr 1905-ci il tarixli 3233 №-li raportunda qeyd edilirdi: "...iğtişaşlar başlayan vaxtdan mənim diqqətim həm yanğının baş verdiyi, həm də tatarlarla ermənilər arasında qırğının baş verə biləcəyi daha təhlükəli bölgə olan Bibi-Heybətə yönəlmişdi. Bibi-Heybət polis bölməsinin məlumatlarında iğtişaşların ermənilər tərəfindən törədildiyi qeyd edilirdi. Onlar Bakı şəhərində qərar tutmuş yeganə hərbi hissə olan 2-ci kazak alayının 2-ci sotnyasının düşərgəsini atəşə tutmağa başlamışdılar. Lakin vaxtında görülmüş tədbirlər nəticəsində cinayətkarlar saxlanılmış, onların atəş açdıqları yerlər axtarılaraq möhürlənmişdir...”

1905-ci il fevralın 6-da Bakıda başlamış qanlı qarşıdurmalar qısa müddətdə Azərbaycanın başqa qəzalarına, o cümlədən Naxçıvan, Ordubad, Cavanşır, Şuşa, Qazax, İrəvan, Eçmiədzin, Zəngəzur, Dərələyəz, Göyçə,Vedi və digər bölgələrə də yayılmışdır.
Erməni-müsəlman toqquşmaları 1906-cı ildə yenidən Bakı, Yelizavetpol və İrəvan quberniyalarında təşkil olundu. 1905-ci ildə erməni-azərbaycanlı ziddiyyətlərinin kəskinləşməsi milli siyasi partiyanın yaradılmasını zərurətə çevirdi. İrticaçı partiya olan "Daşnaksütyun”-a və onun silahlı qüvvələrinə qarşı siyasi partiyanın və döyüş drujinalarının yaradılması həyati zərurətdən irəli gəldi.
1906-cı ilin avqustunda Şuşada Ə.b.Ağayevin başçılığı altında "Difai” partiyası yaradıldı. Mərkəzi Komitəsi Bakıda yerləşən partiya əsasən Qarabağda fəaliyyət göstərirdi. Partiyanın yaranmasının əsas səbəbi erməni daşnakların azərbaycanlılara qarşı törətdiyi qırğınların qarşısını almaq idi. Döyüşkən partiya kimi yaranmasına və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra qəti tədbirlər keçirməsinə baxmayaraq, "Difai” partiyası yalnız hərbi məqsədlər güdmürdü. Partiya Azərbaycan xalqını erməni qırğınlarından xilas etməyi, həm də müsəlmanların maariflənməsi uğrunda mübarizə aparmağı özünün başlıca məqsədi elan etmişdi. Partiyanın ən fəal şöbələrindən biri Şuşada fəaliyyət göstərirdi və Qarabağ Məclis Birliyi adlanırdı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanan "Polis departamentinin xüsusi şöbəsi” adlı fondun materiallarında Mikayıl İsrafilov adlı bir nəfərin şahidlik ifadəsi mövcuddur. Həmin sənəddə "Difai” partiyasının Bakıda yaşayan "İrşad” qəzetinin redaktoru Əhməd bəy Ağayevin təşəbbüsü və rəhbərliyi ilə meydana gəldiyi və onun partiyanın başçısı və Mərkəzi Komitəsinin sədri olduğu qeyd edilir. Bildiirilir ki, Əhməd bəy Ağayev 1906-cı il avqustun əvvəllərində son qırğın zamanı Şuşaya gələrək nüfuzlu və fəxri tatarların (azərbaycanlıların-R.S.) yığıncağını keçirir. Ağayev, doktor Mehmandarov və b. çıxışlarında bildirirlər ki, müsəlmanlar indiyə qədər rus hökumətinə sadiq qaldığı halda, əvəzində general Qoloşapov erməni xumbaları ilə birləşərək imkanlı tatarların evlərini, saray və məscidlərini dağıtdılar, minlərlə müsəlmanları aclığa düçar qoydular. Həmin yığıncaqda canişindən general Qoloşapovun geri çağırılmasının xahiş edilməsi və müraciətnamənin buraxılması haqqında qərar qəbul edildi. Buraxılmış müraciətlərin birində partiyanın yaradılmasının məqsədi və qarşıya qoyulan vəzifələr haqqındakı geniş şərh verilirdi.

Şuşada azərbaycanlı əhalinin vəhşicəsinə qırılması və qovulmasında hərbi yardım göstərən general Qoloşapov 1906-cı il noyabrın 8-də Tiflisdə partiyanın tapşırığı ilə Hüsü Əli, Kleşşinski isə 1907-ci il aprelin 25-də Seyid Miriş tərəfindən qətlə yetirilmişdir. Hər iki sui-qəsdin məsuliyyətini öz üzərinə götürən partiyanın buraxdlğı intibahnamədə qeyd edilirdi: "Müsəlmanlar! General Qoloşapov aldığı iki güllə yarasından bizim üçün nifrətamiz həyatına biabırcasına son qoydu. O, Qarabağda törətdiyi pisliklərə görə "Difai” partiyası tərəfindən ölümə məhkum edilərək layiq olduğu piyaləni içdi. Bu, "Difai” partiyasının Qafqaz müsəlmanlarının qeyrət və ləyaqətinin müdafiəsi yolunda ilk çıxışı və xalqın qaynamaqda olan hiddətinin intiqam aktıdır... İndi "bu müsəlmanların daha çox qanını tökün” deyən Qoloşapovun yüzlərlə qurbanının qəlbi sakitləşər. İndi minlərlə köməksiz ana və bacıların göz yaşları quruyar. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş sərgərdan əhalisi, heç olmasa, bir balaca dincələr”. Müraciətnamə "Yaşasın "Difai!”, "Məhv olsun xalqın cəlladları və xəyanətkarlar” sözləri ilə bitirdi.
"Daşnaksütyun”-un saysız-hesabsız erməni terrorları ilə müqayisədə "Difai” partiyasının sui-qəsd aktları o qədər də nəzərə çarpacaq dərəcədə olmasa da, çar üsul-idarəsi, habelə ermənilər azərbaycanlıların daha əvvəlki kimi sakit oturub hökumətə itaət edərək erməni xumbalarının qarşısından qaçması hallarına son qoyulduğunun, ciddi və inadla müqavimət göstərdiyinin şahidi oldular. Bununla əlaqədar olaraq partiyanın müraciətnaməsində deyilirdi: "Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda yeni silahlarla, hətta toplarla təchiz edilmiş daşnak partiyası bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edərək ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra torpaqlarını işğal etməkdir. Bu məqsədlərinə nail olduqdan sonra ermənilərin fikirləri Qafqazda ermənilər üçün milli müstəqil bir idarə yaratmaqdır. Əgər daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətinin həqiqi proqramını aşkar söyləyərlərsə və bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlığı və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərlərsə, bizdən layiqli cavabını alar və Qafqaz başdan-başa sonsuz qanlı səhnə halına düşər”.

Tanınmış ictimai-siyasi xadim Əhməd bəy Ağayev tərəfindən "Difai” partiyasının yaradılması Azərbaycanın müsəlman-türk əhalisinin erməni təcavüzündən və repressiyalarından qorunmasında misilsiz rol oynadı. "Difai” ərəbcə müdafiə deməkdir. Adından da göründüyü kimi, bu partiya özünümüdafiə, antiterror təşkilat kimi fəaliyyət göstərmişdir. Əgər "Daşnaksütyun” partiyası elə ilk vaxtdan etibarən yeni ərazilər iddiasında olan və öz etnosunun müstəsnalığını bəyan edən bir terror təşkilatı kimi yaranmışdırsa, "Difai” partiyası erməni terrorçularının bu hərəkətlərinə cavab olaraq, antiterror təşkilat kimi fəaliyyət göstərmişdir. ”Difai” partiyasının yaradılmasının başlıca səbəbi 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişəsi olmuşdur. ”Difai” partiyasına öz dövrünün yüksək təhsilli, Avropanın nüfuzlu universitetlərində təhsil almış azərbaycanlı ziyalılar rəhbərlik edirdi. "Difai” partiyasının meydana gəlməsini Azərbaycanda milli mənlik şüurunun formalaşmasının parlaq ifadəsi kimi qəbul etmək mümkündür. "Difai” partiyası nümayiş etdirdi ki, Azərbaycan xalqı özü öz taleyini həll etmək, lazım olduqda güc strukturlarını yaradaraq özünü müdafiə etmək iqtidarındadır.
Tarixin ibrət dərslərindən ermənilər düzgün nəticə çıxarmalı və Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməlidirlər. Gec də olsa, millətçi erməni-daşnak qüvvələri Qarabağda törətdikləri özbaşınalıqlara son qoymalı və bilməlidirlər ki, vaxt gələcək törətdikləri haqsızlıqlara, günahsız insanların tökülən qanlarına görə cavab verməli olacaqlar. Təcavüzkar erməni-daşnak qüvvələri bunu birdəfəlik dərk etməlidirlər ki, əzəli və əbədi türk torpağı olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan xalqı heç vaxt imkan verməyəcək. Separatçı erməni-daşnak qüvvələrinin Qafqazdakı təcavüzkar fəaliyyətinə son qoyulmalıdır və bu, Azərbaycan xalqının və zamanın tələbidir.
Dünyanın mütərəqqi ictimaiyyəti Qarabağda, xüsusilə Xocalıda nümayiş etdirilmiş erməni faşizminin inkişaf etməsinə yol verməməli, bəşəriyyətin birgə səyləri ilə dirçəlməkdə olan erməni faşizminin qarşısı alınmalıdır.


Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri və istifadəsişöbəsinin
Baş məsləhətçisi


banner

Oxşar Xəbərlər