• çərşənbə, 17 Aprel, 00:54
  • Baku Bakı 14°C

Ərəb elatına qarşı hay-daşnak quldurlarının qətlləri

04.06.19 11:00 6131
Ərəb  elatına  qarşı hay-daşnak quldurlarının qətlləri
Azərbaycan dövlətçiliyi tarixində Ərəb xilafəti dövrünün izləri xalqımızın milli, ictimai-siyasi və mədəni irsində yaşamaqda, türk-müsəlman bütövlüyünün tərkib hissəsi kimi artıq minilliklər boyunca qaynayıb-qarışmaqdadır. Bu baxımdan, Ərəb xilafətinin 3-cü xəlifəsi Əbu Xafs Ömər ibn əl-Xəttab əl Ədavinın və ya I Ömərin (581-644) hakimiyyəti illərində (634-644) Azərbaycana yürüş etmiş Qureyşilər sülaləsinin Şirvan-Qobustan bölgəsində məskunlaşmış 300 ailəsinin adı ilə bağlı olan Ərəbqədim kəndinin (indi bu kənddə 160-a qədər ailə və ya 1500 nəfər əhali yaşayır) tərəkəmə elatının tarixi də maraq doğurur.
Əski əsrlərdə Şirvan xanlığının, sonralar Şamaxı qəzasının ərazisi hüdudlarında Pirsaat çayının yuxarı hövzəsində, indiki Xilmilli və Qonaqkənd kəndləri arasındakı "Aybatıran” sahəsindən başlayaraq Xəzər dənizi sahillərinədək Qobustan qış otlaqlarına qədər ("Hacı Abışıx (Əbu Şeyx)”, "Sacaqlar”, "Süleymanlı”, "Güllücə”, "Ərəb Ağdam”, "Rəhim”, "Şahgəldi”, "Ramazan”,”Hisli daş”... ümumiyyətlə 70-dək) olan əraziləri əhatə etmişdir ərəb elatının tərəkəmə həyatı.
Hazırda Ərəbqədim kəndinin tutduğu sahə, bu elatın "Payız dölləyi” (yaylaqdan qışlağa enərkən qısa müddətdə qaldıqları düşərgə) yeri olub. 1820-1830-cu illərdə çar Rusiyasının Tambov quberniyasından köçürülən malakanlar (xristianlığın pravoslav qolunun sektalarından birinə mənsub) "Aybatıran” massivində yerləşdiyindən (Xilmilli, Qızmeydan kəndlərində), tərəkəm ərəb elatı indiki yerdə daimi məskunlaşmağa məcbur edilmişlər. Həmin köçürülmə həyatını kəndin ağsaqqalı Cəzayir İsmayıl oğlu (1820-1941) söhbət etmişdir.
Adından da göründüyü kimi, bu kəndin qədimliyini bildirən bir sıra tarixi-maddi abidələrdən bir neçə qəbiristanlığı ("Hacı Mirzə qəbiristanlığı”, "Qarıq (qərq olunanalar) qəbiristanlığı”, "Sofu Əli qəbiristanlığı”nı, "Sofu Novruz baba qəbiristanlığı”, "Alıbəyli qəbiristanlığı”, "Hacı Şirin qəbiristanlığı”...), "Çoban piri”ni, Gicəki dağındakı (1047 m) "Hacı Zülfüqar kəhrizi”ni, "Həmid kəhrizi”ni, "Günaybulaq”, "Çanaqbulaq”, "Bala quyusu”nu (3-4 m dərinlikdə), "Xəlil quyusu”nu..., kəndin 500 metrliyindəki müalicəvi "İymişli bulağı”nı, VII əsrə şahidlik etmiş "Şəhidlər məzarlığı”nı (kənddən 4 km şimal-şərqdə) göstərmək olar.
Özündə dövlətçiliyimizin tarixi keçmişini və xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxlayan Şamaxı qəzasının Ərəb elatının 1918-1920-ci illərdə də yaşadığı faciəvi olaylar (hadisələr) unudulmayan tarixi səhifələri təşkil etmişdir. Bu səhifələr həm də qanlı-qadalı günləri, ayları özündə yaşadır...
1918-ci ilin mart-aprel aylarında Mərəzə kəndində hərbi qərargahları, silah-sursat cəbbəxanası yerləşən hay-daşnak quldurları (rəhbərlik, S.Şaumyanın tapşırığı ilə A.Mikoyan tərəfindən aparılmışdır) tərəfindən ətraf kəndlərə (Gəmüstü, Dərəkənd, Nabur, Cəyirli, Cəm-cəmli, Damlamaca, Yekəxana...), eləcə də Ərəbqədim kəndinə edilən silahlı basqınlara, qarət və qətllərə malakanlar bələdçilik etmiş, onlara istiqamət vermişlər.
O dövrdə bu kənddə 50-60 ev olub, camaat torpaq qazmalarda (qara binələrdə), zağalarda ("Eyvaz zağası”, "Allahverdi zağası”, "Rəfi zağası”, "Gülmalı zağası”, "Həmid zağası”...) yaşayıb. Qeyd etmək lazımdır ki, bu kənddə evlər 1937-ci ildən sonra tikilmişdir. Hay-daşnak və rus-bolşevik quldurlarının qəfildən edilən hücumundan qurtulmaq üçün tərəkəmə elatı ətrafdakı qış otlaq sahələrində (əsasən Süleymanlıda), zağalarda və 2 km aralıdakı "Gicəki dağı”ndakı meşəlik, kollu-koslu ərazidə sığınmaya məcbur olmuşlar. Bunu görən hay quldurları və malakanlar həmin 200 hektarlıq meşəyə od vurub yandırmışlar (hazırda orada salamat qalan 20 hektara qədər meşə örtüyü var), buradakı bulaq və kəhrizləri uçurub-batırmış, su laylarını dağıdıblar ki, camaat sudan istifadə edə bilməsin.
Belə deyirlər ki, quldurlar kəndə basqın edəndə, birdən ətrafa qatı duman çöküb, camaatın bir hissəsi yaxınlıqdakı "Daşkəsən qayası”ndan aşıb, qiblədə olan "Şirə yeri”nə asanlıqla gedə biliblər...
Həmin hadisələrin şahidləri olmuş Cəzayir İsmayıl oğlu, Həmzə Süleyman oğlu (1873-1937), Ağamalı Xanat oğlu (1875-1937), Gülüstan Cahangir qızı (1915-2009), nardaranlı (bu kənd 2 km aralıdır) Mürşüd Bəkir oğlu (1873-1937), Gülbaba Ağalı oğlu (1896-1944)... və bir çoxlarının dediyinə görə, əvvəllər Ərəbqədim kəndinin mərkəzindən Kicəki dağının kəhriz və bulaqlarının birləşmiş suları axarmış, çay kimi. Hay-daşnak quldurlarının dağıdıcı əməllərindən sonra bu təbii su mənbələri də quruyub məhv olmuşdur.
Hay silahlıları, kənddə 1902-ci ildə Hacı Zülfüqar İlyas oğlunun (1845-1932) rəhbərliyi ilə erməni ustaları tərəfindən tikilmiş (qara işləri isə yerli sakinlər görüb) məscidi yandırmış, əhalinin mal-mülkünü qarət etmiş, davarlarını, at-dəvə sürülərini yağmalayıb aparmışlar.
Kənd sakini Əzizə Xəlil qızının (1925-1999) bildirdiyinə görə, anası Rəbiyyə İbad qızı (1895-1970) o hadisələrin canlı şahidi olub, binələrinin talan edilməsini, məscidin yandırılmasını, mal-heyvanlarının sürülüb aparılmasını gözləri ilə görmüşdür. Anası danışırmış ki, atası İbad Məhəmməd oğlunu (1840-1918) haylar, namaz qılan yerdə süngü ilə amansızlıqla qətlə yetiriblər.
Kəndin "Gürum daş” deyilən yeri də basqın zamanı açıq səngər meydanı olub, buradan da kəndə atəş açılmış, hücum edilmişdi.
Hay quldurları Ərəbqədim kəndindən keçib Nardaran kəndinə (bu kənddə 30-35 ev olub) hücum etmək istədikdə, malakanlar onları bu fikirdən daşındırıb. Onlar bildiriblər ki, bu kəndin cavanları silahları ilə yaxınlıqdakı Gicəki dağının qayalıqlarına sığınıb və quldurlara qarşı təbii səngərdən ustalıqla istifadə edə bilərlər... Ona görə də, Nardaran kəndinin sakinləri qanlı hadisələrdən uzaq qalıb.
Ərəb elatının tərəkəməsi Nurulla Rəsul oğlu (1873-1967, "Ramazan” qışlağında yaşayıb, mahir ovçu olub) 5-ci Qafqaz İslam Ordusunun Bibiheybət-Qobu cəbhə xəttində düşərgə quran dəstələrinin ərzaqla təminatı işində arabası ilə çörək daşıyırmış. Türk heyətinin dəqiqliyini xüsusilə qeyd edən, Nurulla Rəsul oğlu bir olayı xatırlayırmış. Bir neçə gün ac qalıb. Onu n halsızlığını türk zabiti sezib. Səbəbini soruşanda, məcbur olub ki, ac olduğunu bildirsin. Zabit türk çavuşuna elə arabaçının yanındaca necə təpinibsə, verilməyən üç günlük çörək payını birdəfəlik veriblər... Döyüşlər qurtardıqdan sonra isə onu xüsusi payla yola salıblar kəndlərinə. Toxunulmazlığını təmin etmək üçün isə türk zabitinin imzalı, möhürlü xüsusi sənədi də verilib ona.
Bakı şəhərində H.Z.Tağıyevin Əhmədli kəndi yaxınlığındakı Toxuculuq Fabrikində arabaçı işləyən Gülbaba Ağalı oğlu həmin ərəfədəki bir olayı xatırlayırdı. Qısa müddətdə xəstəxanada müalicə olunarkən, otaqda üç nəfər olublar - biri erməni, biri Bakının Nardaran kəndindən olan şəxs, biri də özü. Yaşlı, xəstə erməni otaqda elə hey var-gəl edərək uca səslə deyərmiş:
- Ay Allah, mənə imkan ver bir türk öldürüm...
Axır ki, nardaranlı mənə dedi:
- Baba, mənə kömək elə, bunun cavabını verim.
Köməkləşib hay-daşnak xislətlinin "cavabını” verə bildik, amma mən elə həmin gün Şubanı dağlarını keçib gəlib çatdım "Ramazan” qışlağına...
5-ci Qafqaz İslam Ordusu dəstələrinin köməkliyi ilə Ərəbqədim kəndi və ətraf obalar hay-daşnak quldurlarından azad edildikdən sonra xilaskar əsgər-zabit heyətinin bir qrupunu kənd ağsaqqalları qəbul edib, hörmətlə yola salıblar. Onları qarşılayanlar sırasında kəndin mollası, Təklə kəndindən olan Hacı Zülfüqar, Məhəmməd Əfəndi, Əhməd Əfəndi (Şeyx Eyyub baba nəslindəndir, 1868-1937), Həmzə Süleyman oğlu, Ağamalı Xanat oğlu... da olub. Elə bu hərəkətlərinə görə də, erməniləri törətdiyi növbəti qırğınların – 1937-ci il repressiyasının qurbanı olublar. Faciəvi olay isə Ağamalı Xanat oğlunun güllələndikdən bir gün sonra "bəraət” alması idi...
Qeyd: Yazının hazırlanmasında Ərəbqədim kənd sakinləri Mustafa Gülbaba oğlunun (1934) və Eynulla Əli oğlunun (1969) məlumatlarından istifadə edilmişdir.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər