Əllərin qabarı, ömrün qüruru

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Həyatına, fədakarlıqla dolu ömür yoluna
bələd olduqca xəyalımdan məhz bu fikir keçirdi: əllərinin qabarı onu yüksəldib,
ömrünə-gününə şöhrət, əzizlərinin ürəyinə qürur gətirib. Yadımdadır ki, ötən əsrdə
biz belə qəhrəmanlardan yazanda mütləq quruluşun diqtəsini nəzərə alaraq onun
uşaqlıqdan pambıq tarlasında işləmək arzusunda olduğunu qeyd etməliydik. Amma kənd
təsərrüfatının bu sahəsinə bələd olanlar bilirlər ki, pambıqçılıqla məşğul
olmaq necə çətin bir işdir. Bu ağır işin qulpundan yapışanlar, pambıq tarlasına
üz tutanlar xoşbəxtlikdən, xoş diləklərdən deyil, bir parça çörək qazanmaq üçün
məcbur olurdular. Bu tamam başqa söhbətdir ki, onların fədakarlığı, əməyə
bağlılığı, cəfakeşliyi və nəhayət işgüzarlıqları ünvanlarına şan-şöhrət gətirirdi. Sovet hökuməti
də məhz belə əmək qabaqcıllarını qiymətləndirərək müxtəlif mükafatlarla,
orden-medallarla, fəxri adlarla dəyərləndirirdi ki, başqaları da nümunə
götürsünlər. Əslində, pis metod deyildi. Necə deyərlər, çalan da qazanırdı,
oynayan da. Bəzən də bu fərqlənən insanların arasından elə böyük ürəkli,
bacarıqlı, zəkalı, uzaqgörən, millətini, torpağını ürəkdən sevən şəxsiyyətlər
çıxırdı ki, onların varlığı elinin-obasının qismətinə qənimət kimi yazılırdı.
Elə bizim qəhrəmanımız da belə şəxsiyyətlərdən biridir.
Zeynəb Çərkəz qızı Qənbərova 1916-cı
ilin yayında Ağdaş rayonunun Ərəbocağı kəndində dünyaya göz açıb. Bir tikə vaxtından
əməyə bağlanmış, yaşca özündən böyük qız-gəlinlərə qoşularaq pambıq
tarlalarında işləməyə başlamışdır. Zirəkliyi, yorulmazlığı onu hamıdan fərqləndirirdi.
Repressiyaların dolaşdığı illər, sonradan II Dünya müharibəsinin bəlaları hər yerdə
olduğu kimi bu kəndin sakinlərinin həyat tərzinə, yaşayışına öz təsirini göstərmişdi.
Həm mənəvi, həm də maddi çətinlik insanları sıxırdı... Bu təzadlı zamanda çıxış
yolunu ağ örpəkli zəmilərdə axtaran Zeynəb yanılmamışdı. İnad və məhəbbətlə
ağır zəhmətə qatlaşmağı sayəsində onu əvvəlcə manqa başçısı, sonra isə briqadir
təyin etdilər. Ona göstərilən inam və etibarı doğrultmağı bacaran Zeynəb Qənbərova
doğma kənddəki "Şəfəq” kolxozuna sədr seçiləndə 38 yaşı var idi. Elə o vaxtdan
da Ərəbocağının qara günlərinə son qoyuldu, desəm yanılmaram. Söyləyəcəyim
faktlar özü bu fikri təsdiqləyəcək. Zəhmətə bağlılığı, hünəri, dürüstlüyü, mərdliyi
onu hamıya sevdirmişdi. Xoş sorağı bütün respublikamıza yayılmışdı. Ən gənc
pambıq ustası idi ki, o dövrün ən yüksək təltifinə - Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşdü. Bir məsələni də qeyd edək ki, ötən əsrin 40-50-ci illərində
belə mükafatların düşər-düşməzi olurdu. Bir iblisin rəyi bəs edərdi ki, səni
gedər- gəlməzə göndərsinlər. Yəqin Allahın nəzəri həmişə onun üzərində olub ki,
Bağırov zamanında belə sözü eşidilib, şikayətinə qulaq asılıb, təklifləri nəzərə
alınıb, nəticədə də Ərəbocağının sakinləri əziyyət çəkdikləri kasıbçılıqdan
qurtulublar, bütövlükdə kəndin bəxtinə gün doğub. Hətta başqa rayonlardan repressiyaların
caynağına ilişməmək üçün bura öz tutanlar da ömürlərini sonuna kimi rahat
yaşaya biliblər.
Məhz onun gərgin əməyinin, çalışmasının, müraciətlərinin
sayəsində kəndin siması tamamilə dəyişdi. Kəndarası yollar asfaltlaşdırıldı, fərdi
və sosial məqsədlər üçün yeni evlər, binalar tikildi. Kənd sakinlərinin yaşayış
tərzi yaxşılaşdırıldı. Hər kəs əməyinin bəhrəsini ürək istəyincə dada bildi. Ərəbocağının
mədəni səviyyəsi elə yüksəldi ki, respublikanın hər yerində onun şöhrətindən xəbərdar
oldular.
SSRİ, eləcə də beş çağırış Azərbaycan Ali sovetlərinin deputatı olan
Zeynəb Qənbərova o dövrün ən yüksək mükafatlarına, orden və medallarına layiq
görülmüşdür. Təsəvvür edirsiniz, 3 dəfə "Lenin Ordeni”i ilə təltif edilmişdi.
Moskvada, Bakıda keçirilən müxtəlif qurultaylara nümayəndə seçilmişdi. Böyük
nüfuz və hörmət sahibi olan bu zəhmətkeş xanımı hər yerdə məhəbbətlə
qarşılayır, sözünü eşidirdilər. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist
Partiyasının birinci katibi seçiləndən sonra rayonlara tez-tez gedər, zəhmətkeşlərlə
söhbət edərdi. Belə unudulmaz görüşlərdən biri də məhz Ərəbocağı kəndində -
Zeynəb Qənbərovanın rəhbərlik etdiyi kolxozda oldu. Pambıq tarlalarını gəzərək,
əmək qəhrəmanının iş üslubunu yüksək qiymətləndirən Heydər Əliyev Zeynəb
xanımın arzu və istəkləri ilə maraqlanıb. Bəlkə də ulu öndər onun şəxsi
ehtiyaclarını eşitmək istəyirmiş. Zeynəb xanım yarımçıq qalmış körpünün
tamamlanmasını və kəndə mədəniyyət sarayının tikilməsini arzu etdiyini
bildirib. Ulu öndərin göstərişi ilə bu xahişlər yerinə yetirilib. Ərəbocağında
400 nəfərlik mədəniyyət sarayının açılış mərasimində kolxoz sədrinin istəyi ilə
özünün adaşı - Zenəb Xanlarova iştirak edib. Kəndin yaşlı sakinləri o günləri
indi də məhəbbətlə xatırlayırlar.
Zeynəb Qənbərova 36 il kolxoz sədri kimi
fəaliyyət göstərsə də, ona "analar anası” deyirdilər. Özünün əslində bircə
övladı var idi. Məhəbbət xanım analı günlərini xatırlayanda həmişə kövrəlir: "Uşaq
vaxtı elə bilirdim ki, kəndəki bütün körpələrin anasıdır. Hamı onu çox sevirdi.
Nişanda, toyda, vayda elə ürəklə, fəal iştirak edirdi ki, sanki hamı onun
doğması, əzizi idi. Bir qəlbdə nə qədər sevgi ola bilərdi ki, hamıya eyni dərəcədə
göstərə biləsən. Evimizi həmişə qonaqlı-qaralı görmüşəm. Əslində anam zabitəli,
ciddi adam idi, amma işi, diqqəti, insanlarla rəftarı elə yüksək səviyyədə
olardı ki... Anamdan çəkinərdilər ,ehtiyatlanardılar, di gəl elə ürəkdən sevərdilər
ki... Mən bunu onun xəstə yatdığı günlərdə gördüm. Bütün kənd axışıb gəlirdi,
gizlində ağlayırdılar, Allaha yalvarardılar ki, Zeynəb ana bu dərddən tez
qurtulsun. Şəkər xəstəliyi isə anamı şam kimi əritdi. İndinin özündə nə vaxt
anamın qəbrini ziyarət etsəm, məzarının üstündə kəndimizdəki qızılgüllərdən görərəm.
Hələ atam. Mən qarışıq bütün kənd ona İslam baba deyərdi. Atam dünyanı çox erkən
tərk etdi. Anamı dərdə salan bir möhnət də bu oldu. Atam Şuşada, Xan nəslinə mənsub
bir ailədə dünyaya göz açmışdı. 1930-cu ildə repressiyadan qurtulmaq üçün
Ağdaşa gəlmişdi. Tale də valideynlərimi burada rastlaşdırmışdı. Tələbə vaxtı
Şuşaya tez-tez gedərdik...”
Yəqin ki, kino tariximizin maraqlı səhifələrindən
olan "Görüş” filminə az adam tapılar ki, baxmamış olsun. Rejissor Tofiq Tağızadənin
1955-ci ildə çəkdiyi bu film bir-birlərilə yarışan Azərbaycan və Özbəkistan
pambıqçılarının ənənəvi dostluq yarışına həsr edilib. Filmdə əmək insan həyatını
zinətləndirən bir məziyyət kimi tərənnüm edilir. Maraqlısı odur ki, aktrisa Münəvvər
Kələntərlinin yaratdığı kolxoz sədri Münəvvər Zeynəb Qənbərovanın prototipidir.
Elə filmdə də söhbət məhz
"Şəfəq” kolxozundan gedir. Məhəbbət xanım söyləyir ki, filmdə hətta Münəvvər
xanımın geyindiyi paltarlar-kostyum, yaylıq... anama məxsusdur. Çəkilişlər də
Ərəbocağı kəndində aparılıb. Münəvvər Kələntərli saatlarla Zeynəb Qənbərovanın
işçiləri ilə necə söhbət etdiyini, iş prosesini diqqətlə izləyərmiş ki,
obrazını təbii və inandırıcı yarada bilsin. Zeynəb xanımın iş otağı, evi filmdə
çəkiliş meydanı kimi istifadə olunub.
Bu il Sosialist Əməyi Qəhrəmanı Zeynəb Qənbərovanın
anadan olmasının 100 ili tamam olur. Hansı quruluşda yaşamağından, peşəsindən,
sənətindən asılı olmayaraq xalqına, millətinə xidmət edənlər heç zaman
unudulmurlar. Onların xatirəsi həmişə əziz
tutulur. Bu münasibətlə biz İctimai Televiziyada yayımlanan "Yadigarlar”
verilişinin bir sayını da əmək qəhrəmanımızın
qürur dolu həyatına həsr etdik. Doğmalarının xahişi ilə Ağdaş rayonunda, Ərəbocağı
kəndində də olduq. Kənd məktəbində keçirilən tədbirdə iştirak etdik. Məktəblilərin
bu dəyanətli, hünərli xanım barəsində hazırladığı kompozisiya xoşumuza gəldi. Gənc
nəslin öz keçmişlərinə göstərdikləri diqqət, rəğbət təqdirəlayiqdir. Ağdaşda Zeynəb Qənbərovanın
adını daşıyan küçə var. Bu küçənin görməli bir yerində "Heç kim unudulmur, heç
kim yaddan çıxmır” adlı guşə də yaradılıb. Burada Ağdaşın tanınmış, məşhur şəxsiyyətlərinin
barelyefi vurulub.
Bu sırada Zeynəb Qənbərovanın xatırlanması bizi sevindirdi.
Amma Ərəbocağı kəndində ondan yadigar qalan mədəniyyət sarayının işləməməsi
bizi məyus etdi. Vaxtı ilə bu mədəniyyət ocağında çox möhtəşəm tədbirlər
keçirilib. Azərbaycanın görkəmli sənətkarları konsertlər veriblər. "Mədəniyyət
sarayı niyə fəaliyyət göstərmir” sualına aldığımız soyuq cavab - "Qəza vəziyyətindədir”
laqeyd münasibətin göstəricisidir. İnanmaq istərdik ki, tezliklə bu biganə
münasibətin buzu əriyəcək. Boynumuzda haqqı olanların xatirəsini əziz tutmağın
bir yolu da onlardan yadigar qalanları qorumaqdır. Zeynəb Qənbərova çətin bir
dövrdə yaşadı, amma çətinlikləri dəf etməyi, millətini, torpağını canından
artıq sevdiyini öz əməli və zəhməti ilə sübut etdi. Ona elə-belə "Ellər anası”
demirdilər ki... Yadımdadır, unudulmaz Habil Əliyev mənə söhbət arası bir
tövsiyə etmişdi: "Vaxt tapan da sən bir Zeynəb Qənbərova haqqında məqalə yaz.
Bizə nə var ki... sənət adamıyıq, az-çox tanıyırlar, bax o zəhmətkeşləri
unutmayın! Çox ağır zamanlarda öz əllərinin qabarı ilə xalqa çörək verdilər...”
Uzun müddət bu fikirləri beynimdən çıxara bilmədim. Habil müəllim elə-belə bu
sözləri deməzdi. Zeynəb Qənbərovanın həyatını öyrənəndən sonra duydum ki, Habil
müəllim necə də haqlı imiş. Həqiqətən əlinin qabarı ilə zirvələrə yüksələnlərin
həyatı qürur və nümunədən ibarət olur.
