Əjdər Olun adı bəlli xatirələri

Əjdər Olun adı bəlli xatirələri

07 Avqust 2015, 09:16 1223
“Öz könlünə nəzər sal; keçmişdən bir əmanət qalmışmı-qalmamışmı?” – böyük rus şairi A.S.Puşkin belə yazırdı. Və bizcə böyük poeziyanın əbədi missiyası adına oxucu deyilən hər kəsi öz qəlbinə nəzər salmağa sövq etmək cəhdidi. Hər anı, hr qədəmi keçmişdən əmanət qoxuyan bu könül mülkündə sıxıntınınmı, ya nəşəli anlarınmı payına çox şeymi düşür? – bunu ayırıb-seçmək heç mümkün də deyil. Bu təbəddülatlar içində yaşananların yansıtdığı sirli, şübhəm bir mahnı var ki, “bu mahnıda ifadə edilmiş ruhi vəziyyət öz təcrübəsindən kimə tanış deyilsə, kimin təbiətində bu mahnının hər an səslənə biləcək ahəngləri gizlətmirsə, belə adamlar, əlbəttə, bu mahnıdan kədərli məzmunu olan kiçik bir şeirdən artıq heç nə görməyəcəklər və öz rəylərində haqlı olacaqlar...” (V.Q.Belinski)

Hesab edirəm ki, tanınmış şair Əjdər Olun şeirləri ilk növbədə keçmişdən əmanət saxlaya bilən bir könülün dönüb-dönüb də yenidən yada salmağa israrlı olduğu məqamın bəhrələridi. Bu könlün xatırlatdıqları əslində hər birimizin hər gün yaşadıqlarımızdı, ən doğma, əziz ünvanlardı. Əlbəttə, bu unudulmazların içində ilk yada düşən Ana obrazıdı; hər an yada düşən, xatırlanan, göz önündə olan ana obrazı, ana varlığı;

Günün hər vədəsində
yanağına gün düşən,
Gözlərinə qan daman,
Saçlarına çən düşən...
Mən fərsizi sevsə də
Balasından gen düşən
anamı xatırladım.


Bu, o anadı ki, bütün əzizlərinin qənşərinə “qabağında ölüm kaş!” ilticası, duası, istəyi ilə çıxardı. Və hamı qaldı, o getdi. Bu gedənin bütün durumunda, yaşamında hər birimizə əziz, unudulmaz olan bir dünyanın doğma ətri, havası, nəm-nişanı var. O ana ki, bu həyatın çox bərkindən-boşundan çıxmışdı. “Daim gülümsəyərdi, qaçardı göz yaşından”. O ana ki, “indi də gülümsəyir, boylanır başdaşından”. O ananın bütün ovqatını, təhər-töhürünü, cismani və mənəvi varlığını tam dolğunluğu ilə göz önünə gətirə bilirik. Və qədərin acı sonluğu da hər birimiz üçün tanışdı:

Gözün çuxura düşdü,
Üzün qırış gətirdi.
Atam vur-tut bircə il
Dözdü, duruş gətirdi.
Elə ikisinə də
Ölümü qış gətirdi –
Ananı xatırldım.


Əjdər Ol heç bir halda mövzu arxasınca qaçmır. Həyatın hər bir detalı, hər bir predmeti, anıları onun üçün öz poetik ovqatı ilə şeir mövzusudu. Bu mövzular bolluğunda qışın oğlan çağında qəfil yada düşən, əksi həmişə göz önündə olan, sobanın qırağından nəfəsi toxtaqlıq gətirən ata obrazı da var ki, Əjdər Ol bu obrazın hər bir nəfəs çəkimində ömrün-günün bütün anlarının yaşantılarını yenidən canlandıra yenidən yaşada bilir:

Zirək bir kişi idin
Lap gözdən tük qapardın.
İstəsəydim quş südü,
Can dərmanı tapardım.
Nə sözünü çevirdim,
Nə üzümə qabardın
Atam, ay atam...
Səni yansılayırdım,
Şirinimdin, acımdın.
Hava-su tək gündəlik
Sonsuz ehtiyacımdın.
Tutmuşdum ətəyindən,
Sən həyat ağacımdın;
Atam, ay atam...


Bu misralar həyatın özü qədər sadə, səmimi və kövrəkdi. Əsl Azərbaycan insanının hər yaşda keçirdiyi duyğulardı. Bu misralarda heç bir əllaməçilik, fəlsəfəbazlıq, müamma içində müəmma yoxdu; nə var göz qabağındadı. Sadədi, ancaq heç vəchlə bayağı deyil. Heç bir “izm” xatirinə yazılmayıb. Daha çox özümüzünküdü, öz poeziya ənənəmizdən gəlmədi. Ona görə də dərin bir səmimiyyətlə oxunur, hər kəsin könül sözünə dönür.
Eyni səmimiyyət duyğusu Ə.Olun aşağıdakı misralarına da eyni dərəcədə aiddir:

Ey sözlü-söhbətli, ey zilli-bəmli,
dopdolu, qosqoca, əzəli dostum.
Bütün kamanlardan kamanı qəmli,
bütün keflilərdən məzəli dostum.
...Nəyi axtarırıq, nəyi gəzirik?
Səni də zəmanə üzür yamanca.
Soruşdum: - Necəsən?
Dedin: - Dözürük,
başqa əlac nədir?
Dedim: - Kamança...


Cəmi 9 bəndlik şeirdə şair böyük sənətkarımız Habil Əliyevin özünəməxsus portret cizgilərini son dərəcə həssaslıq və qədirbilənliklə əks etdirə bilib.
Ən yaxşı cəhət odur ki, Əjdər Ol gündəlik həyat müşahidələrinin yaşamını poetik lövhəyə ustalıqla çevirə bilir və bu yaşamı son dərəcə aydın, rəvan, elə o həyat lövhəsinin özü qədər parlaq şəkildə ifadı edir. Bu lövhələrlə tanışlıq adamı yormur, usandırmır. Əksinə, oxucu marağı, oxucu yaddaşı bu lövhələrin təbii düzümü boyunca ram ola-ola xüsusi bir aludəçiliklə gedir, məhz özününkü olanı arayıb-tapa bilir:

Elə yaxşı yerdə idim, elə yaxşı...
Qızıl qaya, yaşıl gədik, elə yaxşı...
Hava yumşaq, sərin idi, yerin məlum,
Əsl sənin yerin idi, yerin məlum.
...Meh səsində zümzümələr, oxşamalar,
Min rəng vardı, sadalasam axşam olar.
Çən yayıldı, çöl büründü ipək tülə,
Elə səni arzuladım, elə, elə...


Ani bir ovqatın, məqamın yaşantılarıdı, ancaq bu ani ovqatın, məqamın poetik ifadəsi əbədiyyətə qədər insan ruhunun görünməz laylarına nüfuz edir. Adam bir anlığına (və ömrü boyu) bu lirik qəhrəmanı öz könül dostunun varlığına şükranlıqla yaşayan təmənnasız bir varlıqdı. Bu təmənnasızlıq ilk növbədə lirik qəhrəmanın alicənab, məcnunanə dünyasından qaynaqlanır, ilkinlikdən gəlir. Ona görə də o, elə ilk andanca oxucunun mənəvi dostu-sirdaşına, həmsöhbətinə dönə bilir:

Səninlə bir şəhərdə
yaşamaq da bəs mənə.
Niyə xoşbəxt demirlər,
Niyə, niyə bəs mənə?
...Xoşdur səni düşünüb
Doluxsunmaq və dolmaq.
Ən kimsəsiz, ən qərib
Ən kövrək adam olmaq.


Əslində Əjdər Olun hər bir şeri məhz o dolub-doluxsunmanın, ən kimsəsizliyin və ən qərib, ən kövrək olmağın şeirləridi. Hər bir oxucu gündəlik həyatında bu harmoniyanı dönə-dönə yenidən yaşayır. Yaşadıqca da poeziyanın ona nə qədər yaxın, doğma, əslində onun ruhunun ifasəçisi olmasına bir daha yenidən inanır.
Oxucuyla poeziyanı doğmalaşdıran bu inam, bu ruhbirliyidir. Əjdər Olun şeirləri də həmin ruhbirliyindən gəlir. Onun şeirləri adamı təzələyir, oxucu bu şeirləri daim özünü dəyişmək, özünə qalib gəlmək, özüylə mübarizə aparmaq naminə oxuyub yadda saxlayır.

Gülayə