• cümə, 29 Mart, 03:42
  • Baku Bakı 7°C

Duyğularin söz çələngi

17.04.19 18:46 4125
Duyğularin söz çələngi
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist


Şeirləri ilə Azərbaycan poeziyasının Şahdağında əbədi qərar tutmuş Tofiq Bayramın adı çəkiləndə nədənsə ilk dəfə dilimə bu misralar qanadlanır: " Qalxıb Şahdağına söz istəyirəm, çatsın hay- harayım dinləyənlərə...” Əslində mən bu şairi çox sevirəm. Yaradıcılığını da müxtəlif istiqamətlərdən araşdırmağa, misralarının sehrini açmağa müntəzəm çalışıram, amma hər dəfə də duyuram ki, bu sehirli ümmanın hələ də sahilini tapmamışam. Tofiq Bayramın söz çələnginin rəngarəngliyi, həsr olunduğu şəxsiyyətlərin böyüklüyü və bu əzəmətin qarşısındakı ucalığı məni çox düşündürdü. Klassik şairlərimizdən ötən əsrin müdriklərinə qədər bağlanan söz çələnginin toplusunda ayrı-ayrı çiçəklərin, güllərin söz ətrindən boylanan dühaların portretini gördüm. Ürəklərin şah nəğməsini çox ustalıqla yaradan Tofiq Bayram sözdən çələng toxuduğu ilk insan təbii ki, anadır. Onun bu mövzuda şeirləri çoxdur, amma mən bu yazımda ancaq şairin özünün də çələng adlandırdığı söz bağlamasından danışacağam. Onun əbədi bir arzusu var idi ki, çalışın analar sevincli olsun, qəzəbli yox. O qədər ali və nəcib duyğudur ki, kaş hamı buna əməl edə bilə. Onda dünyamız necə də həlim və rahat olar. Həyatda ananı dərdli obraza cevirmək, bağışlanmazdır, eşidirsinizmi, övladlar!
"Nizami çələngi” adından da göründüyü kimi XII əsrdə yaşamış dahi şarimizə həsr olunub. Burada müəlifin 20-yə yaxın şeiri gül dəstəsi kimi bir ahəngdə birləşib. Nizami Gəncəvinin doğulduğu, fəaliyyət göstərdiyi şəhəri görün necə böyük ürək və məhəbbətlə təqdim edib:
Burda işıqlanıb şeirin səhəri,
Doğub söz günəşi bütün cahanın.
Bakı inciməsin, Gəncə şəhəri
Şeir paytaxtıdır Azərbaycanın.
Bu çələngdən çəkdiyimiz ləçəklərdə şair babamızın hər kəsə nəsib olmayan məziyyətləri boylanır: " Məğrur sərkərdəsi şeirin, sənətin, Nizami ən qədim marşalımızdır.” Hakimlərin qılıncı poladdan olsa da mum kimi əriyib yoxa çıxdılar. Nizaminin isə quş lələyi ilə yazdığı kəlmələr "gəzir qatar-qatar yer kürəsini.” Zaman-zaman Nizamini öz adlarına çıxmaq istəyənlərə da cavabı var Tofiq Bayramın: "Nizami qartaldır... İlk uçuş yeri, zirvəsi, yuvası Azərbaycandır,” "Gəncəni bəzəyən mərmər türbəsi elləri gətirir ziyarətinə...” Nizamının əbədiliyini isə belə qələmə alıb:
Acizəm adına bir təşbeh tapam,
O sənət Məkkəmdir, şeir pirimdir,
Nizami ən qədim, ən müdrik babam,
Nizami ən yaxın müasirimdir.
"Sabir çələngi” isə Mirzə Ələkbər Sabirin mücadiləsinə, mübarizəsinə bağlanan həqiqət güzgüsüdür. Şairin "Hophopnamə”sini "millətin tərcümeyi-halı” adlandıran Tofiq Bayramın bədii sualları da qaranlıq mətləblərə işıq salır:
Hardadır o "mömin”, 0 "qiymətli” başlar?
Qiymətsiz daşlardır yol qırağında.
Hardadır Sabirə atılan daşlar,
Möhtəşəm heykəldir Sabir bağında!
Tofiq Bayramın böyük sevgi və qədirbilənliklə unudulmaz şairimiz Səməd Vurğuna həsr etdiyi çələngin də düşündürücü məqamları çoxdur. Səməd Vurğun təkcə böyük şair deyildi, o, həm də insanlara yaxşılıq etməyi, əldən tutmağı bacaran əsl insan idi. "Təkcə kitablar deyil sənətkarın əsəri, hər yaxşılıq özü də bir ölməyən əsərdir.” Tofiq Bayramın bir fikrinə də şərikəm ki, Səməd Vurğun qədər el məhəbbəti qazanan şairlərimiz də elə çox deyil. Şairin ev muzeyi ilə bağlı yazılan şeirdə də bu ehtiramın, məhəbbətin bədii təsviri çox təsirlidir:
Bircə dəfə evindən çiyinlərdə getsə də,
Vurğun hər gün evinə ürəklərdə qayıdır.
Şairliyi "divanəlik” adlandıranlara Tofiq Bayramın bədii cavablarında da bir tarixi məqam- ötən əsrin repressiya zamanı əsən dəli rüzgarlarla bərabər, biganəliyin, qatil-soyuqluğun, ikiüzlülüyün törəddiyi zərbələri, fəsadları yada salınıb. Xüsusi ilə də "Müşfiq çələngi”ndə Kərəm atəşilə yanan bir şairin kəm bəxtini yada salıb:
Üzdə çox sevilib, çox alqışlanıb,
Xəlvətdə şeirinə dəyib şillələr.
Müşfiqin köksünə tüfəng tuşlanıb,
Əlini susdurub səssiz güllələr.
Şairin dərin bir ehtiramla rəssam Səttar Bəhlulzadəyə ünvanladığı söz çələngində də biganəliyə, xəyanətə, yalançılara nifrəti açıqca duyulur:
Ah, sən nələr çəkdin, nələr yaratdın!
Süni təriflərə uyub çaşmadın.
Çoxrəngli, boyalı əsər yaratdın.
Heç rəngli, boyalı söz danışmadın.
Elə həyatda Tofiq Bayramın özü də belə idi. Həqiqətən də söz adamın içinin ətridir. Söz sənin mənəviyyatının əks-sədasıdır. Tofiq Bayramla bağlı bir xatirə yadıma düşdü. Bir dəfə iclasda iş yoldaşı deyib ki, dur sən çıxış et, müdirin pis əməllərini söylə üzünə. Şair də həmişəki emosiyası ilə tribunaya qalxaraq acı həqiqətləri dilə gətirib:
Axır ki, danışdım, o isə susdu:
-" Sənə ürəyimdə çəpik vururam”,
Müdirlə yanbayan oturub indi...
Mənsə aşağıda tək otururam.
"El gözü düşməndir haram şöhrətə” deyən Tofiq Bayram bir halallıq simvolu idi. Xüsusi ilə də özgə şanından özünə bal toplayanlara nifrət edirdi. Söylərdi ki, özgənin atına minən tez düşər. Bu səbəbdən qətiyyətlə yazırdı və inandırırdi: "Yüz ildir lənətlər yağdırır bəşər Vazehi talayan Bodanşetetə!” Şairin bir xatırlatması da halallığın doğulduğu yeri dəqiq nişan verir: " Anam uşaqlıqda deyərdi mənə: -Həmişə nəfsini boğmağı bacar, oğul, haram tikə qoyma süfrənə... Həqiqətən də ailə tərbiyəsinin halallıq, doğruluq üzərində boy atması övladın gələcək xoşbəxtliyi və yenilməz uğurudur. Ola bilsin ki, çətin yaşayarsan, qayğıların başdan aşar, amma paklığın, təmizliyin səni ucalıqda saxlar. Nə isə... Tofiq Bayramın poeziyası təbiətin özü kimi geniş, zümrüd, söz çiçəklərindən süslənmiş əbədi yaşıl çələngdir.
Böyük şarimiz müasiri olduğu sənətkarların da çoxunun haqqında öz sözünü deyib. Bu münasibətində mayasında məhz Tofiq Bayram ürəyinin saflığı, sevgisi duyulur. Bu çələnglərin ahəngindəki xiffət də yaddaşımızı tərpədir. Məsələn, şair Əli Kərim belə yad edilir: " Əlimizlə görüşürük, vidalaşırıq, çiynimizdə aparırıq bir-birimizi”. Yaxud da, tənqidçi Məsud Əlioğlu belə xatırlanır: " Gördü ki, yaşaya bilmir hamı tək, gücü bir özünə çatdı Məsudun.”
"Ustad sənətkarların çələngi”ndə isə Şövkət Ələkbərova, Xan Şuşinski, Əliağa Vahid, Rübabə Muradova kimi unudulmazlar iftixarla xatırlanır. Şövkət xanımın nəfəsində "Oarabağ şıkəstəsi”ni eşidir, Xanın ifasında Şuşanı, Cıdır düzünü görür, Vahidin xatirəsinə "babam Füzulinin yadigarısan” deyir, Rübabə Muradovanı isə belə yad edir: "Vətən-dərdli Məcnun, sən Leyli oldun”. Üzeyir Hacıbəli haqqında qəribə müqayisələr aparıb. Şairə görə, göyü nurlandıran, yeri isidən günəşin də üzündə qara ləkə var. Amma...
Göydəki günəşdə ləkə olsa da,
Üzeyir ləkəsiz bir günəş olmuş.
Bəs Hadi kim idi? İlk yada gələn şair və dolanmaq üçün şeirlərini satan bir zavallı... Tofiq Bayramın ağrı dolu misrası: "Bir xalqı tarixdə şair yaşadır, bir xalq bir şairi yaşada bilmir...”
Tofiq Bayramın qəribəliyi odur ki, heç zaman Azərbaycan ədəbiyyatında, tarixində, musiqisində, incəsənətində, hərb tarixində və digər sahələrdə fədakarlıq göstərmiş şəxsiyyətləri həm sevib , həm də sevdirməyə çalışıb. Hansı bir sənətkar barəsində məlumat almaq istəyirsənsə onun kitablarını vərəqlə. Mütləq suallarının cavabını tapacaqsan. Tofiq Bayram istedadlı şair idi, bu bəlli. O, həm də böyük vətəndaş və zəhmətkeş ziyalı idi. Heç kimi unutmurdu və öz əsərlərində də bu missiyanı yorulmadan həyata keçirirdi ki, gələcək nəillərə də nəsə ötürə bilsin. Etiraf edək ki, şerin dili daha şirin, yaddaşa daha tez köçmək və uzun müddət qalmaq qüdrəti əvəzsizdir. Sevdiyi sənətkarları görün necə ucalıqda təqdim edib. "Fikrət Əmirovun xatirəsinə”: "Sən sənət zirvəsinin fəth eyləyən qartaldın”. "Niyazinin xatirəsinə”: "musiqimizin şöhrət taçı”- Niyazi. Yadımdadı, Tofiq Bayram "Mehdi Hüseyn küçəsi” şerini necə ürəklə deyərdi:
Diqqət! Danışır Bakı.
Diqqət! Göstərir Bakı!
Ünvanımız belədir:
Mehdi Hüseyn küçəsi.
Tofiq Bayramın bütün şeirlərində ürəyinin döyüntüləri eşidilir, bu fərqə görə də onun köksündən doğulan hər bir misrası belə səmimi, təbii və təsirlidir. Düşündürməyi, yatmışları oyatmağı bacaran şairimiz həm də qələminə sadiq, özünəməxsus bir şəxsiyyət olub. Onu aldatmaq mümkün olsa da, heç vaxt qələmi yalan söyləməyib. Qibləsi Mirzə Ələkbər Sabir kimi düzü düz, əyrini əyri deyib. Elə şeirləri də var ki, inana bilmirsən, o , bütün bu həqiqətləri sovet dövründə yazıb. Çox heyif ki, həsrətində olduğu müstəqilliyimizi görmədi. Bacısı Svetlanaya yazdığı şeiri su kimi ciyərlərimə çəkdim. Vaxtsız itirdiyim öz bacımın nəfəsini hiss etdim. Doğmalıq budur:
Nəfəsindən süd qoxusu,
Bahar ətri gələn bacım!
Mənim ana diyarımda
Azad, xoşbəxt gülən bacım!
Sən nə qədər mehribansan,
Sən nə qədər bəxtiyarsan,
Mənim bahar Vətənimdə,
Sən solmayan bir baharsan!









banner

Oxşar Xəbərlər