• cümə, 26 Aprel, 17:35
  • Baku Bakı 23°C

Dünyanın təkərini “fırlatmağı” bacaran ziyalı

05.01.18 20:10 2486
Dünyanın təkərini “fırlatmağı” bacaran ziyalı
Səmədağa Ağamalıoğlunun Azərbaycan xalqı və türk dünyası qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi I Bakı Türkoloji qurultayının keçirilməsinin ideya müəlliflərindən və əsas təşkilatçılarından biri olmağıdır. Türk dünyasında əlifba islahatının və türkoloji elmin XX əsrdə yeni başlanğıcı olan bu ali məclisin təşkilində S.Ağamalıoğlu böyük əzmlə, səbirlə çalışaraq tarixin təkərini "fırlatmaq" gücünü göstərdi. Türk xalqlarının mədəni inteqrasiyasının əsasında dayanan I Bakı Türkoloji qurultayına hazırlıq prosesində iki aya yaxın Orta Asiya çöllərində gəzib-dolaşan, qazax, qırğız, özbək, başqırd türklərini, çuvaşları, yakutları, saxaları bir araya gətirən S.Ağamalıoğlunun uzaqgörən siyasəti, elmi idrakı idi. Sirr deyil ki, 1926-cı il fevralın 26-dan martın 5-dək davam edən bu ali məclisi doğma ana dili müxtəlif qruplara, şivələrə ayrılan türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərin inkişafına səbəb olan ictimai, elmi hadisədir. Bu hadisəni yaradan xeyli səbəbləri S.Ağamalıoğlu ictimai-siyasi fəaliyyəti dövründə və publisistika sahəsində çalışdığı zaman əxz edərək ərəb əlifbasının latın qrafikalı əlifba ilə əvəzlənməsinin vacibliyini duyması idi. Bu qurultay XX əsrin əvvəllərində türkoloji, elmi-mədəni mühitin ən aktual məsələlərinə, o cümlədən dilçilik, latın əlifbası, orfoqrafiya, tarix, terminologiya sahələrinə yeni baxış sistemini formalaşdırdı.
M.F.Axundovdan sonra əlifba islahatı ideyasının davamçısı olan N.Nərimanov, M.Şahtaxtlı, F.Köçərli, M.Cəlil, Ü.Hacıbəyov və S.Ağamalıoğlu kimi mütəfəkkirlərin bu istiqamətdə durmadan çalışmaları xalqın yeni inkişafı strategiyasını müəyyənləşdirdi.


Azərbaycan Xalq Cümhuriyyəti dövründə latın qrafikalı əlifbaya keçid, yeni terminologiyanın yaradılması məsələləri gündəlikdə olsa da, gənc dövlətin qısa ömrü bu işləri yerinə yetirməyə imkan vermədi. Azərbaycanın sovetləşməsindən sonra türk xalqlarının və türkoloji elmin geniş coğrafiyasını əhatə edən bu mühüm islahatlara başlanıldı. N.Nərimanovun öndərliyi S.Ağamalıoğlunun geniş siyasi-elmi təcrübəsi, iradəsi ilə Şura Azərbaycanı ilk dəfə "hərf islahatı" adı altında dünyanın diqqətini çəkən böyük türkoloji qurultaya ev sahibliyi etdi. Arxiv sənədləri və dövri mətbuat materiallarından aydın olur ki, N.Nərimanovun diqqəti və S.Ağamalıoğlunun təşkilatçılığı ilə qurultayın keçirilməsinə 1921-ci ilin əvvəllərindən başlayaraq ciddi hazırlıq işləri həyata keçirilib. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Şimali Qafqaz, Gürcüstan və hətta Ermənistanda mərkəzi partiya işçilərinin dilçi-alimlərlə, müəllim və jurnalistlərlə birgə qurultaya hazırlıq işləri koordinasiya edilib, qərarlar öncədən planlaşdırılıb. Türk-tatar xalqlarının mədəniyyət cəbhəsində üzləşdikləri çətinliklər, dil, üslub problemləri, terminoloji məsələlərin geniş elmi-pedaqoji heyətdə müzakirəyə çıxarılmasının vacibliyini təbliğ edən qəzetlər, əsas diqqəti əlifba islahatına yönəldirdilər. Ərəb əlifbasının latın qrafikalı əlifba ilə əvəzlənməsi barədə Azərbaycanla digər türk cümhuriyyətləri arasındakı fikir müxtəlifliyinin olması da bu mövzunun mətbuatda diqqətdə saxlanılması, islahatın müsbət tərəfləri barədə materialların dərcini ehtiva edirdi. Önəmli fakt ondan ibarətdir ki, latın əlifbasına keçid təşəbbüsünü Şuralar İttifaqında ilk dəfə Azərbaycan rəsmən elan etdi.
Sovetləşmənin ilk aylarından başlayaraq elmin, ədəbiyyatın və bütövlükdə cəmiyyətin inkişafına mane olan ərəb əlifbasının dəyişdirilməsi prosesinə başlanıldı. 1921-ci ilin dekabrından başlayaraq hər həftənin cümə günləri Nəriman Nərimanovun və S.Ağamalıoğlunun səyi ilə dil və əlifba məsələləri ətrafında diskussiyalar təşkil edilirdi. Müzakirələr zamanı «latınçılar» və «ərəbçilər»dən ibarət iki cərəyan yaranması ciddi problemlərdən xəbər verirdi. Bu iki cərəyanın tərəfdarları müzakirələrdə fəallığını artıraraq, iddialarını cəmiyyətə təqdim etmək üçün hər biri ayrı-ayrılıqda komissiya yaratdılar və hökumətə layihələr təqdim etdilər. «Latınçı»ların yaratdıqları komissiya 8 üzvdən təşkil edildi və bu heyət Fərhad Ağazadənin rəhbərliyi ilə fəaliyyətə başladı. Xudat bəy Məlikaslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şahtaxtlı, Araz Əzimov, Əhməd Pepinov komissiya üzvləri kimi latın əlifbasının üstünlüklərini əks tərəfə sübut etmiş oldular. Ərəb əlifbasını saxlamaqla müəyyən dəyişikliklərin tərəfdarı olanlar öz ideyaları ətrafında xeyli sosial baza toplasalar da, «latınçılar»ın mövqeyi cəmiyyətdə daha möhkəm idi. Azərbaycan Şura hökuməti hər iki tərəfə öz layihələrini təqdim etmək imkanı yaratdı, amma əsaslı şəkildə «latınçı»lar dəstək verdi. «Ərəbçi»lər isə vahid mövqeyə gələ bilmədilər.
1922-ci il martın 6-da AK(b)P-nın plenumu ərəb əlifbasının dəyişdirilməsi, latın qrafikalı yazıya keçidlə bağlı qərar qəbul etdi və Səmədağa Ağamalıoğlunun rəhbərliyi ilə hökumət komissiyası quruldu. Komitənin əksər bölgələrdə, qəzalarda şöbələri açıldı, bu məqsədlə Azərbaycan hökuməti 3 milyard manat vəsait ayırdı. Yeni əlifbada kitablar, qəzet və jurnallar nəşr etmək üçün lazımi texniki avadanlıqlar alındı. C.Məmmədquluzadənin redaktorluğu ilə latın hürufatında «Yeni yol» qəzeti nəşr olundu.
Yeni latın qrafikalı əlifba ilə nəşr olunan «Yeni yol» qəzeti 1922-ci ilin 28 sentyabr tarixli sayındakı «Çarə lazım» məqaləsində türk-müsəlman əhalisinin əksərinin savadsız olmasına səbəb kimi ərəb əlifbasının çətinliklərini göstərirdi: «Yazımız yox, oxumağımız yox, mətbuatımız yox. Çarə lazımdır! Və ətrafımızı sağdan və soldan bürüyən cəmi millətlərin mədəniyyəti bizi mürur ilə basıb, sıxıb xırdalatmaqdır». Ərəb və fars gəlmələrinin Azərbaycan türkcəsindən təmizlənməsini vacib hesab edərək, bu yöndə ciddi təhlili yazılarla çıxış edən «Yeni yol» Azərbaycan Yeni Əlifba Komitəsinin qərarlarını, təlimatlarını dərc edir, oxucular bu yöndə məlumatlandırılırdı.
Qazaxıstan, Özbəkistan və Tatarıstanda «ərəbçi»lərin təsirinin böyük olması, dini zehniyyətli insanların çoxluğu sovet ideoloqlarında və partiya rəhbərlərində ciddi narahatlıq yaradırdı. Latın qrafikalı əlifbaya keçidin əsasını qoyan Azərbaycan cümhuriyyətinin fəaliyyətinin örnək olaraq digər türk respublikalarında davam etdirilməsini mərkəzi sovet orqanları lazım bilirdi. Ona görə də bu planın bütün türk ölkələrində həyata keçirilməsi üçün ciddi qərarlar qəbul olundu. Bu iş mərkəzi sovet orqanları tərəfindən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri və Yeni Əlifba Komitəsinin rəhbəri S.Ağamalıoğluna həvalə olundu. Bu barədə «Kommunist» qəzeti məlumat verərək yazırdı: «Yoldaş Ağamalıoğlu bu yaxınlarda bir neçə alim və müərrirlə birlikdə müttəfiq şuralar daxilindəki türk cümhuriyyətlərinə səfər edəcəklərdi. Bu səfərdə məqsəd oralarda yeni əlifba fikrini intişar edib, gələcək qurultay üçün hazırlıq yapmaqdır» («Kommunist» qəzeti. 1924-cü il. 5 sentyabr). Xəbərin dərcinin ardınca S.Ağamalıoğlunun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibi açıqlanırdı: «Mirzə Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının müdiri, Vəli Xuluflu Yeni Əlifba Komitəsinin üzvü, Xalid Səid Əmələ fakültəsi melorasiya texnikumunun lisan və ədəbiyyat müəllimi» («Kommunist» qəzeti, 1924-cü il, 7 sentyabr).
Mətbuat və teatr tariximizin unudulmaz tədqiqatçısı Qulam Məmmədli tərtib etdiyi xronoloji gündəlikdə S.Ağamalıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfər xəritəsini bu şəkildə müəyyənləşdirir: «Heyət əvvəlcə Krıma, sonra Moskva təriqilə Qazaxıstan Cümhuriyyətinin o zamankı mərkəzi olan Orenburqa, ordan Daşkəndə, oradan geri övdət edərək başqırdların mərkəzi olan Ufa və nəhayət, Kazan şəhərinə varid oldu» (Q.Məmmədli. «Molla Nəsrəddin». Səh. 410).
Sovetlər Birliyinin türk cümhuriyyətlərinin mərkəzi mətbuat orqanları Azərbaycan nümayəndələrinin səfərinin məqsəd və əhəmiyyəti barədə materiallara səxavətlə yer verir, latın qrafikalı əlifbaya keçidin zəruriliyini əsaslandırmağa çalışırdılar. «Ərəbçi»lərin daha güclü olduğu Krımda nəşr olunan mətbuat orqanları S.Ağamalıoğlunun missiyası barədə məlumat verərək yazırdı: «Şuralar İttifaqı içində yaşayan türk xalqları arasında yeni əlifbanın məqsədlərini yaymaq üzrə yola çıxan Azərbaycan İcraiyyə Komitəsinin sədri, yoldaş Ağamaloğlu Krıma gəlib üç gün burda qaldı». Azərbaycan dilçilik məktəbinin bünövrəsini yaradanlardan olan məşhur professor, türkoloq Bəkir Çobanzadənin Krımda nümayəndə heyətinin tərkibinə qatılmasını da mərkəzi mətbuat orqanları xəbər verirdi: «Azərbaycanlı müsafirlər Krım işçilərinin və professor Çobanzadənin müşayiəti ilə 16 sentyabrda saat 2-də Ağməsciddən şimala, Moskvaya doğru hərəkət etdilər» («Kommunist» qəzeti. 23 sentyabr 1924-cü il). Səfər rəsmi xarakter daşısa da, azərbaycanlı nümayəndələr bu ölkələrin sözükeçər ziyalıları, maarif xadimləri və əməkçilərlə qeyri-rəsmi görüşlər keçirir, yeni türk əlifbasının üstünlüklərini izah edirdilər. Öz fikir və ideyalarını geniş ictimaiyyətə çatdırmaq üçün mətbuatın əvəzsiz rolunu gözəl anlayan nümayəndələr yerli qəzet və jurnallarda məqalələrlə çıxış edir, bu islahatın səmərəliliyini əsaslandırırdılar. Daşkənddə görüşlər zamanı Vəli Xuluflu «Türküstan» qəzetində geniş elmi-təhlili məqalə ilə çıxış edərək, əlifba islahatı barədə mülahizələrini çatdırdı. Bu qeyddən də anlaşıldığına görə, Orta Asiya ölkələrində latın əlifbasına keçid prosesinə mane olan kifayət qədər qüvvələr vardır. Təsir imkanları geniş olan bu qüvvələr ərəb əlifbasının aradan qaldırılması ilə əhalinin islam mədəniyyətindən uzaq düşəcəyi, tarixi ədəbiyyatla əlaqələrin qırılacağı və bunun da son nəticədə özgələşməyə gətirib çıxaracağını iddia edirdilər. Dini zümrələr və bəzi millətçi kəsim bir qədər də uzağa gedərək ərəb əlifbasının «Turan» əlifbası olduğunu, bunun dəyişməsinin dinə böyük təhlükələr törədəcəyi təbliğatını aparırdılar. Əldə olunan sənədlərin təhlili göstərir ki, mühafizəkar qüvvələrin Qazaxıstan, Özbəkistan və Tatarıstanda üstün və həlledici mövqeyə sahib olmaları nümayəndə heyəti üzvlərinin fəaliyyətini xeyli çətinləşdirib. S.Ağamalıoğlu «ərəbçi»lərin və dini-mühafizəkar qüvvələrin fəaliyyətindən narahat olduğunu açıq şəkildə dilə gətirir, yeni türk əlifbasının mədəniyyətin, ədəbiyyatın inkişafına, müasir dünya ilə əlaqələrə böyük təkan verəcəyini keçirdikləri görüşlərdə əsaslandırmağa çalışır, tutarlı arqumentlər gətirirdi. Görüşlər, aparılan təbliğat bəzən Orta Asiya cümhuriyyətlərində xoş qarşılanmır, ziyalı kəsimin bir hissəsi latın əlifbasına keçidə müxalif mövqedə dayanırdı. S.Ağamalıoğlu nümayəndə heyətinə C.Məmmədquluzadə kimi tanınmış qələm sahibini daxil etməklə, əks fikir daşıyıcılarını bir növ «zərərsizləşdirirdi». Xalid Səid Xocayev Krımda keçirilən görüşlərin birini təsvir edərək yazır ki, Krımın maarif naziri açıqdan-açığa əlifba islahatının əleyhinə fikirlər səsləndirir, nümayəndə heyətini sual yağışına tuturdu. Rusiyanın mərkəzi mətbuat orqanları da S.Ağamalıoğlunun səfərinə diqqət yönəldirdi. «İzvestiya» qəzetinin Simferopoldan verdiyi xəbərə görə, S.Ağamalıoğlu Sovet İttifaqında yaşayan əhalinin latın əlifbasına keçirmək məqsədi ilə Krıma gedib. (Qulam Məmmədli. Molla Nəsrəddin. Səh.412).
«Krasnaya Tatariya» qəzeti isə yazırdı ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri S.Ağamalıoğlu yoldaş başda olmaqla türk xalqları arasında latın əlifbasını yayan komissiya noyabrın 6-da Kazana gəlib. Krım, Türküstan, Qırğızıstan və Başqırdıstanı gəzdikdən sonra S.Ağamalıoğlu Kazanda səfər təəssüratlarını müxbirlə bölüşərək deyib: «Türk xalqlarının əlifbasını latınlaşdırmaq ideyası gənclər arasında həvəslə qarşılanır. Tatarıstan respublikasında isə maraq oyandırmır». (Q.Məmmədli. Molla Nəsrəddin. Səh. 414).
Nümayəndə heyəti üzvü Xalid Səid xatirələrində qeyd edir ki, bu səfər tarixi əhəmiyyət daşımağına baxmayaraq, heç də xoş təəssüratlarla yadda qalmadı: «Oktyabrın 5-də Səmədağa ilə bərabər başqa yoldaşlarımız Bakıya gəlmişlərdi. Səmədağa Qazaxıstan, Tatarıstan cümhuriyyətlərindən çox da razı qalmamışdı. Orada yeni əlifba barədə geniş müşavirə açmağa imkan verilməmişdi».
«Qızıl Qazaxıstan» qəzetinin 1924-cü il 9 oktyabr tarixli 196-cı sayında dərc olunan məqalədən aydın olur ki, S.Ağamalıoğlu türk cümhuriyyətlərində keçirdikləri görüşlərin nəticələrinə pessimist yanaşır: «Ağamalıoğlu yoldaşın dediyinə görə, türk xalqları arasında latın hərflərini yaymaq ideyası çox gözəl qarşılanır. Lakin Tatarıstan ona çox da iltifat göstərmir». Müsahibəsində S.Ağamalıoğlu bu yaxınlarda Bakıda türk-tatar xalqları «latınçı»larının qurultayının çağırılacağını xəbər verirdi. Nümayəndə heyətinin rəhbərinin açıqlamasından göründüyü kimi, mərkəzi sovet rəhbərliyi qurultayı öncə əlifba islahatı kimi keçirməyi düşünürdü. Lakin proseslərin gedişi qurultayın daha geniş spektrdə təşkili ilə nəticələndi. Etnoqrafların, «turançı» alimlərin, milli tarix yaradıcılarının, muzeyşünasların, jurnalistlərin iştirakı təmin olundu, I Bakı Türkoloji qurultayının elmi mahiyyətini artırdı.
«Kommunist» qəzeti növbəti saylarının birində nümayəndə heyətinin Orta Asiyadan Bakıya döndüyünü xəbər verirdi: «Ağamalıoğlunun başçılığı ilə səfərə gedən heyət Bakıya qayıtmışdır. Səfər ay yarım çəkmişdir. Onlar bu müddət ərzində Krımda,
Daşkənddə, Orenburqda, Ufada olmuşlar. Səfər müvəffəqiyyətlə keçmiş və əlifba məsələsi müzakirə edilmişdir». «Bakinski raboçi» qəzeti səfərin məqsəd və məramı, üzləşdiyi çətinliklər, bölgələrdə qurultayın keçirilməsinə fərqli münasibətilə bağlı S.Ağamalıoğludan geniş bir müsahibə dərc etdi (Bax. «Bakinski raboçi». 4 noyabr 1925-ci il).
1926-cı il fevralın 26-dan martın 5-dək S.Ağamalıoğlunun nəzarətində və rəhbərliyi ilə davam edən I Bakı Türkoloji qurultayı türkologiyanın inkişafı ilə yanaşı, cəmiyyətin digər sahələrinə də müsbət təsirini göstərdi. XIX əsrin sonu XX əsrin əvvəllərində başlayan ümumtürk proseslərinin tarixi yekunu kimi qiymətləndirilən bu qurultay təkcə türk xalqlarının ərəb əlifbasından latın qrafikalı əlifbaya keçidini müəyyənləşdirmədi, həllini gözləyən bir çox milli məsələləri tarixin gündəliyinə daxil etdi. Türk ədəbi dilinin normalarının müəyyənləşməsi, türk xalqlarının milli tarix və ana yurd problemi, vahid ortaq dilin formalaşması, etimoloji lüğətlərin yaradılması, etnoqrafik abidələrin öyrənilməsi, ümumyazı mədəniyyətinin formalaşması prosesləri kimi mühüm məsələlər qurultayın ən ümdə müzakirə mövzuları oldu.
Qurultayın formatı, gündəliyə daxil edəcəyi mövzular və əsas prinsiplər barədə «Kommunist» qəzetində S.Ağamalıoğlunun «Türkoloji qurultay bizə nə verə bilər» başlıqlı məqaləsində geniş izahat verilərək ictimaiyyətə çatdırıldı. Son dövrdə Azərbaycanla yanaşı, digər türk cümhuriyyətlərində elmi biliyə, yeniliyə meyl yarandığını xatırlayan S.Ağamalıoğlu yazırdı: «Bizdə şura qurulmuşdur və onun ruhunun amansız tənqidləri möhkəmləndikcə, türklərin son dərəcədə geridə qalmış olmalarını göstərən elmlərin həpsi aşkara çıxarılmışdır. Bu elmlərlə tanış olduqca, ixtiyarı bir sual ərz olunuyor. Bu qədər geriliyi rəf etmək olurmu?» Türklərin Avropa mədəniyyətindən, elmi və inkişafından, texniki tərəqqidən geri qalmasının əsas səbəblərindən biri kimi dil məsələsini ön plana çıxaran S.Ağamalıoğlu dövrün digər mütəfəkkirləri ilə bu mövzuda eyni qənaəti bölüşürdü. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə kimi o da ümumtürk dil konsepsiyasını irəli sürür, müdafiə edirdi. Qurultayda əsasən dil məsələsinin aktuallıq kəsb edəcəyinə işarə edən S.Ağamalıoğlu yazırdı: «Dilimiz elmi biliyi ilə əsaslara ibtida deyildir və hökumət idarəsi qanun qoymaq üçün xidmət edə bilməkdə acizdir. Burası heç də təəccüblü deyildir. Çünki milli dil millətin tarixi inkişafı, dövlət həyatı, dini və qanundarlıq, milli ticarət və sənaye, məhkəmə, məktəb və sairə kibi istehsal qüvvələrinin milli inkişafı gedişində tərəqqi edir. Bunların heç birisi Azərbaycanda olmamışdır».
1926-cı il fevralın 27-də Azərbaycan Şuralar Cümhuriyyətinin başkəndində Bakıda I Türkoloji qurultayın açılması xəbəri informasiya agentlikləri, qəzetlər vasitəsilə bütün dünyaya çatdırıldı. Qurultayın ilk günü barədə geniş məqalə ilə çıxış edən «Kommunist» qəzeti yazırdı ki, böyük elmi məclisi seyr etmək üçün gələnlər «Maarif Sarayı»nın önündə («İsmailiyyə» binası) bilet almağa dayanıb növbə gözləyirlər.
Xalid Səid Xocayev "Yeni əlifba yollarında əski xatirə və duyğularım" memuarında yazır ki, Türkoloji Qurultayın zamanı gəlib çatmışdı. Qurultayın çağırıldığı bina keçmiş
"Kommunist" (indiki İstiqlal – red.) küçəsində yerləşirdi. Küçə şüarlarla bəzənmişdi. Bakı şəhərində hamının söz-söhbəti Türkoloji Qurultay idi. Və hər kəs gözləyirdi ki, görək nə olacaq, hansı əlifba qələbə "çalacaq". Əski əlifba tərəfdarlarının kifayət qədər sosial bazası olduğunu qeyd edən X.Səid yazır: "Əski əlifba tərəfdarlarının da ümidləri kəsilməmişdi. Onlara görə qurultay yeni əlifba üçün qəbir qazıyan bir yer, kəfən hazırlayan bir müəssisə idi. Qazaxlar ilə kazanların yeni əlifba əleyhinə olduqlarına dair xalq arasında qüvvətli bir şayiə dolaşırdı. Yeni əlifba əleyhinə olanlar "a kişi, osmanlılar da qəbul etməyəcəklər, qurtardı getdi, vəssalam" deyə biri-birinə ürək verirdilər". (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı. 1929-cu il. səh. 88).
Yeni əlifba tərəfdarlarının şübhələrinin əsaslı olduğunu dilə gətirən X.Səid Türkiyədən gələn Ə.Hüseynzadə və F.Köprülüzadənin hansı mövqedə dayanacağını bilmədiklərini yazır və qeyd edir ki, özbək nümayəndələri də fikirlərini hələlik açıqlamaq istəmirdilər. S.Ağamalıoğlunun tövsiyəsi ilə X.Səid Türkiyə və özbək nümayəndələri ilə danışıqlar aparmalı olur: "Səmədağa məni yanına çağırdı. Xalid, dedi, sən özbəklərinlə danış, hər halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini açıq-aydın söyləsinlər. Biz də ona görə iş görək... Bir də Köprülüzadə Fuad yoldaşla görüş, gör onların fikri nədir?" faktların təhlili onu göstərir ki, I Bakı Türkoloji Qurultayı qeyri-müəyyən bir şəraitdə öz işinə başlayıb.
Qurultay cümə axşamı saat 7-də ziyafətlə açıldı: «Saat 7-də nümayəndələr gəlməyə başlayınca fəaliyyət daha da artdı. Azərbaycan maarif fəaliyyəti haqqında iyi bir məlumat vermək surətilə süslənmiş olan ikinci salonun rəngi elektrik lampalarından süzülən və axan işıqlar hər tərəfi aydınlatıyor və bütün buradakı mədəniyyət cizgilərini canlandırıyor». («Kommunist» qəzeti. 1926-cı il. № 50)
Qurultayı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri S.Ağamalıoğlu açdı. Oktyabr inqilabının xalqların həyatında böyük dönüş yaratdığını qeyd edən qurultay təşkilatçısı Lermontovun məşhur şeirini misal çəkərək deyirdi: «İndi artıq şərq uyumayır. Bəlkə də yaradıcılıq dövrünə girmişdir». Tarixi keçmişə söykənməyin zamanın tələbi olduğunu qeyd edən S.Ağamalıoğlu bununla da ilk dəfə Sovetlər Birliyində türklərin ortaq dəyərlərə, mədəniyyətə sahibliyini rəsmi şəkildə ortaya qoyurdu. Şərqin iki böyük problemlə üz-üzə qaldığını, xarici qüvvələrin hegemonluq siyasətinin və mövhumatın xalqın inkişafa mane olduğunu qeyd edən məruzəçi deyirdi: «Qurultayın müzakirəsində qeyd olunan məsələlər qarşımızdakı vəzifələri göstəriyor. Bu məsələləri elm tərəfdən işıqlandırsaq, müvəffəqiyyətlə həll olunmaları təmin edilər. Milyonlarca əhalisi həm xaricilərin zülmü, həm də öz mövhumatları altında boğulmaqda olan Şərqin qarşısında milyonlarca əməkçilərin mədəni tərəqqisinə hüquqi bir elmi əsas vermək bütün Şərqi hərəkətə gətirmək deməkdir».
Uzun hazırlıq prosesindən sonra qurultayın tarixi əhəmiyyəti barədə qısa məlumat verən Ağamalıoğlu deyirdi: «Türkoloji elminə zəngin ədəbiyyat verməsi daha mühüm bir işdir. Dünyada heç bir qurultay geniş kütlənin diqqətini bu qədər cəlb etməmişdir. Odur ki, biz bu qurultaydan mümkün olan qədər çox fayda çıxarmalıyıq. Ona görə hər məsələ haqqında veriləcək olan məruzələr qısa və aydın olmaqla tənqidlər də ciddi və elmi olmalıdır». Bu, qurultayda latın əlifbasının əleyhinə olan qüvvələrə ünvanlanan açıq mesaj idi. Çıxışlarda elmi dəlillərə, faktlara üstünlük verilməsinə işarə edən Ağamalıoğlu deyirdi: "Sizə məlumdur ki, bu məsələdə bir-birini qarşılıqlı şəkildə istisna edən iki mövqe, iki fikir mövcuddur: bir fikir ərəb əlifbasının islahını, o biri isə latın
sistemli yeni əlifbaya birdəfəlik keçidin tərəfdarıdır. Təəssüf ki, bu mübahisələrin təbiəti ümumi bir razılığa gəlinməsini çox çətin, hətta mümkünsüz edir. Burada "ya bu, ya da o", yaxud "həm o, həm də bu" formulları mümkündür. Sonuncu o deməkdir ki, hər iki əlifba paralel və bərabərhüquqlu şəkildə mövcud olur. Əlbəttə, mən nə etmək lazım gəldiyini iddia etmək fikrində deyiləm. Yalnız onu qeyd etmək istəyirəm ki, vəziyyətin ağırlığı məsələyə xüsusi, obyektiv yanaşma tələb edir və fikrimcə, bu məsələdə əldə edə biləcəyimiz yeganə nailiyyət onun düzgün işıqlandırılması olar. Elmi faktlardan yararlanmanı isə tərəflərdən hər birinin elmi müdrikliyinə, onların tarix qarşısında məsuliyyətinin öhdəsinə buraxmaq lazımdır".
***
I Bakı Türkoloji Qurultayın möhtəşəmliyini və mötəbərliyinin təsdiqi olaraq aşağıdakı bilgilər xüsusilə diqqətçəkicidir: Qurultayda 131 nəfər nümayəndə iştirak etdi, əksərinə S.Ağamalıoğlunun sədrlik etdiyi 17 iclas keçirildi, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənildi. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişlər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçildilər. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirildi. Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan bu mötəbər və möhtəşəm toplantıda 23 nəfər nüfuzlu dövlət və elm adamı ilə təmsil olundu.
I Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. Bu ali məclisin qəbul etdiyi qərarlar sırasında bu gün də aktuallığını qoruyub saxlayan ortaq əlifba, ortaq ədəbiyyat, terminologiya və ümumtürk tarixi kimi məsələlər mühüm yer tuturdu.
1928-ci ildə qardaş Türkiyənin də Azərbaycanın "Yeni Türk əlifbası"nı qəbul edərək latın qrafikasının tətbiqinə I Bakı Türkoloji Qurultayının böyük təsiri oldu. Bu barədə türkiyəli tarixçilər, dilçi və etnoqrafları öz əsərlərində geniş toxunub, tədqiqatlar, araşdırmalar aparıblar. 8 gün keçən gərgin müzakirələrdən sonra qurultayın bağlanması tarixə olduqca həzin notlarla köçdü. Arxiv sənədlərində, mətbuat səhifələrində, qurultay nümayəndələrinin memuarlarında I Türkoloji qurultayın bağlanması bax beləcə qaldı: "Gecə saat 10:15-dir. İsmailiyyə Mədəniyyət Sarayının gur işıqlarının şüaları ilə türk xalqlarının birlik səsinin dalğaları geniş pəncərələrdən şəhərə yayılır. Türk xalqlarının hamısının nümayəndələri 8 gündən bəri özlərini mehriban bir ailədə hiss etmişlər. Hər kəs ana dilində danışmışdır. Şakircan Rəhimi ilə Əhməd Baytursun, Həbibulla Habitovla Qalimcan Şərəf, Qasım Tınıstanovla Məhəmməd Gəldiyev, Əbdül Cabbarovla, Cambəyovla Şövqi Bektora, Mehmet Köprülüzadə ilə Bəkir Çobanzadə bir-birini necə gözəl başa düşürdü. Dilləri ayrı-ayrı yarımqrupa daxil olan türklər isə diqqətlə bir-birinə qulaq asır, öz dilinin şirinliyini o birisinin sözündə, ahəngində, morfologiyasında, sintaksisində tapanda qəlbində sevinc, çöhrəsində şadlıq oynayırdı. Elə bu vaxt uzaq Xakasiyadan uzun yol gələrək son anda qurultay sarayına girən Katanov qapıda göründü. Sədr S.Ağamalıoğlu Katanovu alqışlar altında tribunaya dəvət etdi. Sədr Katanovdan məhz xakas dilində danışmasını xahiş etmişdi. Tarixin qədim qatlarından gələn türk xalqları hələ heç vaxt bugünkü kimi bir araya gəlməmiş, özlərinin qəlblərində əsrlərlə gəzdirdikləri dərdlərini bir-birinə belə açıq və mehriban şəraitdə deməmişdilər...600 nəfərin oxuduğu "İnternasional” sanki Türk birliyinin ilk səsi, ilk himni idi!.. Beləliklə, qurultay 75 bənddən ibarət 10 qətnamə qəbul etdi”.
Salatın Əhmədova
filologiya üzrə fəlsəfədoktoru, dosent
banner

Oxşar Xəbərlər