DÖRDYARPAQLI YONCA

DÖRDYARPAQLI YONCA

18 İyul 2016, 10:41 1525
Sakit və hüzurlu bir gün idi. Mən Marinayla gəzintiyə çıxmışdım. O mənə Andersonun arxı keçməkdən ötrü çörəyi tapdalayan qız haqqında hekayəsini danışdı. Bunun çox böyük bir günah olduğunu izah etdi. Mən dedim: "Marina! Yəqin indi heç kim bu cür günaha batmaq istəməz!” Marina indi çörək azlığından belə olduğunu dedi. Əvvəllərsə çörəyin hamısın yemir, artıqlarını atırdılar. Çörəyi tapdalamaq elə adam öldürmək kimi bir şeydir. Çünki çörək həyat verir. 
            Biz boz cığırla dağa qalxırdıq. Yerdən yuxarıda – səmanın altında çox gözəl böyük kilsə vardı. Biz yaxınlaşanda gördük ki, kilsə bağlıdır. "Xaçlanıb” pilləkəndə oturduq. Marina kilsə qapısında oturan dilənçilərə bənzədiyimizi dedi.
            Yüngül duman olduğuna görə ətraf yaxşı görünmürdü. Mən Marinayla söhbət etmək həvəsində olsam da, mənə dedi ki, ona mane olmayıb o yanda oynayım. Mənsə oynamaq istəmirdim, gül yığmaq istəyirdim. Birdən ayağımın altında bitən yoncaları gördüm. O yanda pilləkanların qabağında qədim daşlar səliqə ilə düzülmüşdü. Onlardan hər birinin qırağı yoncayla tünd rəngdə çərçivələnmişdi. Əgər onlara diqqətlə baxsaq, yaşıl çərçivələrdə üzərində cürbəcür xətlər və naxışlar olan əsl rəsm əsərləri görmək mümkündür. Mən oturub Marina üçün uğur gətirəcək dördyarpaqlı yonca axtarmağa başladım. O qədər çox axtardım ki, qulaqlarım uğuldamağa başladı. İstədim ki, durub gedim. Birdən onu tapdım, elə sevindim ki, sevincimdən qorxdum. Mən Marinanın yanına cumdum və qənimətimi ona yetirdim. O sevincək yoncanı seyr edib, onu haradan tapdığımı soruşdu. Dedim. Mənə təşəkkür edərək onu qurutmaq üçün dəftrəçəsinin arasına qoydu. 

            Avqust 1918
 
Bu gün bu köhnə qeydlərdən nə görünür? Ən çox sevdiyim, 1918-ci ilin avqustunda yazılmış Svetayeva şeirlərindən biri:
 
Şeir ulduz kimi, qızılgül kimi boy atır,
Ailədə gərəksiz olan bir gözəllik kimi.
Taclara və apofeozlarasa
Bircə cavab var: Hardandı məndə indi?
 
Biz yuxudayıq, mərmər plitələrin arasından
Dördyarpaqlı ilahi qonaq boy atıb. 
Ay dünya, başa düş! Yuxuda əyandı şairçün
Ulduzların qanunu və çiçəklərin sirri!
 
Və Filyev kilsəsisinin (Moskvada Filyevsk parkında tikilmiş kilsə) girişində, digər bir çox adi yoncaların – üçyarpaqlı yoncaların içindən, həqiqətən də, mövcud olan dördyarpaqlı yonca görünür. Mən balaca olanda Marina mənə, Marinayasa balaca olanda öz anası danışmışdı ki, o xoşbəxtlik gətirir, xeyrə əlamət və uğurun simvoludur; onun təsvirini yeni il açıqcalarında çəkir, həmin formada medalyon, açarlıq və s. istehsal edirlər. Bu bitki ikiqat xoşbəxtlik gətirir, çünki özünün möcüzəvi tapıntısı ilə bu şeirlərin möcüzəvi doğuluşuna səbəb oldu. "Taclar və apofeozlar"ın ("Taclar və ilahiləşdirmələr”) bu cür təntənəli, bərbəzəkli libasda olması, görəsən kilsənin özündən deyilmi?
Fil kilsəsində saxlanılmış avropasayağı "narışkin stili" (XVII əsrin sonu – XVIII əsrin əvvəllərində rus memarlığında şərti adlandırılmış yeni stil) Marinanın tərzinə uyğun deyildi. Onun özünəməxsusluqdan məhrum edilmiş, nəfis, kübar möhtəşəmliyi Marina üçün yad idi. O, "prosvir” kilsələri (kilsədə ibadət vaxtı yeyilən fətir) sevirdi. "Pirojna” kilsələri – içi mənəviyyatsız, ancaq hisslərlə dolu olanları heç sevmirdi. Üçqat xoşbəxt "dördyarpaqlı ilahi qonaq”, şairin şüurunda yüksək zəng qülləsinə (kilsə zəng qülləsi) qədər qalxdı. 
 
ANTOKOLSKİNİN "ÇƏKMƏLİ PİŞİYİ” 
ÜÇÜNCÜ VAXTANQOV STUDİYASINDA
 
"Biz Marinayla teatra getdik. Evdən çıxanda gözəl bir axşam idi. Ay bədirlənmişdi. Kilsənin qübbələri elə parlaq idi ki, şəfəq saçırdılar. Hər tərəf aydınlıq idi, evlər dəmir çıxıntılı qar topalarına bənzəyirdi.
Mənim altı yaşım var idi. Marina uzağı yaxşı görmürdü və biz keçdiyimiz küçələr atıq qaranlıq idi. Ona görə də Marina yoldan ötənlərdən soruşa-soruşa gedirdi. Nəhayət ki, çatdığımızı dedi. Zəngi çaldıq, qapını qara paltarlı, ağ önlüklü qadın açdı. Onun adı Maşa idi. Bizə kürklərimizi soyunmağa yardım etdi.
Biz zala keçdik, orada zəng çalındı və hamı təlaşa düşdü. İşıqlar söndü, pərdələr qalxdı və səhnədə üstünə adyal sərilmiş bir xanım uzanmışdı. O gənc idi. Birdən səs gəldi və kədərli qoca qarı içəri daxil olaraq şərab içməyə başladı. Ket isə (o biri qadın) ona donuq nəzərlərlə baxırdı. Qarı çox danışdı, sonra isə rəqs etməyə başladı. O qədər çox rəqs etdi ki, pərdələri bağladılar. İşıqları yandırdılar və hamı səs salmağa, danışmağa başladı. Sonra yeni səhnə başladı. Orada gənc yazıq bir adam dayanıb. Yanındasa çəkməli Pişik. O, çox yaxşı geyinib – əynində xəz palto və isti gödəkcə var. Pişik elə hey var-dövlətdən danışır, gəncsə demək olar ki, heç onu dinləmir. Və onlar pəncərədən bir adam görürlər. Pişik deyir: "Gəl onu tale kimi qəbul edək" – deyərək masanın altına atılır.
Həmin adam – ağsaqqal qoca içəri girdi. O, həkim idi. Rəqqasə Ketin yanına gedib, dəyirmançının oğlunu çağırdı. Burdasa belə bir hadisə baş veir: pişik masanın altından çıxaraq həkimə deyir: "Mənim sahibim çox yaxşı insandır, olar ki onun əvəzinə mən gedim?” Həkim deyir; "Buyurun!” Dəyirmançının oğlu gödəkcəsini çıxardan kimi, Pişik onu tez əyninə keçirib sahibinə incə səslə deyir: "Sən məni nə vaxtsa qəbul edərsənmi?" – və cavab gözləyir. Sahibin gözlərinə kədər çökür. Lakin bu kədər tezliklə yox olur və o, hər ikisini itələyib qapıdan çölə atır. Sonra da masaya dırmaşıb arxalarınca baxır. 
            Yenə də işıqlar yanır. Səs-küy baş qaldırır. Bir neçə dəqiqədən sonra işıqlar sönür və hamı susur. Yenə də rəqqasə Ket çarpayıda uzanıb və sakit səslə deyir: "Mən onlara qapı açmayacam, yox, yox, açmayacam!" Elə bu vaxt qapı döyülür. Əvvəldən yanında əyləşən, sonra stuldan yerə yıxılıb yatan qarı ayağa durub qapını açmağa gedir. Həkim içəri girir, təzim edir, salamlaşır və qapının dalından Pişiyi dartıb içəri salır. Hər ikisi icazəsiz şərab içib qışqırmağa başlayırlar: "Rəqqasə Ketə eşq olsun!" Hamı ora-bura var-gəl edir, bir-iki kəlmə danışır, susur və bu uzun zaman davam edir. Sonra həkim keşiş paltarını geyinir, Pişiyi və Keti diz üstündə saxlayır, tac əvəzinə öz silindrini (hündür bərk, kiçik çıxıntılı şlyapa) qoyur və onları evləndirir. Hamı xoş sözlər deyir. Bir neçə dəqiqədən sonra rəqqasə dillənir: "Aman Allah! Axı bu Pyero deyil, Pişikdir!" Çarpayıya yıxılır.
            Həkim şərab olan masaya çıxır, hər şeyi təpikləyib dağıdır və pəncərədən qaçır. Pişik rəqqasəyə yaxınlaşaraq qışqırır: "Oyan, oyan!", o isə oyanmır. Pişik də pəncərədən elə tullanır qaçır ki, pəncərədən o yandakı bütün evlər silkələnir. Qarı onların dalınca həkimin silindrini atır. Ketsə başını qaldırır. – Son. –
            Camaat yenə də hay-küy salır, gördükləri haqqında söhbətləşir. Biz Marinaylasa tanış aktrisalar, bəzi başqa aktyorlar və bu pyesi yazan Pavlik Antokolski (rus şairi, dramaturq və tərcüməçi) olan otağa keçdik. Sonra Yura Zavadski (sovet aktyor, rejissor və pedaqoqu) gəldi. O incə və cavan görünürdü. Buruq açıq rəngli saçları, iri gözləri, nazik əlləri, ayaqları və girdə sifəti vardı.

                        15 mart 1919
 
            Marinanın teatrla ilk şüurlu görüşü gənclik illərində Parisdə baş tutmuşdur. O zamanlar – yüz il keçəndən sonra Napoleon Bonaparta aşiq olmuşdu, ondan ötrü canını fəda etməyə belə hazır idi; lakin ünvanı olmayan bütün istəklər, ehtiraslar kimi bu da bir xəyal, bir qarabasma idi. Və hər bir xəyal kimi bu da keçib-getdi.
            Moskvada onun haqqında bütün kitabları oxuyub – onlarsa həddindən artıq çox idi – və bütün portretlərini bir-bir sevib oxşadıqdan sonra, Parisə bir xristianın Allahın hüzuruna getdiyi kimi – Napoleonun məqbərəsinə və Sara Bernara – məşhur dram aktrisasına təzim etmək üçün gedir.
            Məqbərə soyuqluğu, böyüklüyü və ölüm yağan mərmərləri ilə onu dəhşətə gətirdi. Onu hətta bu sözlər də isidə bilmirdi: "Mən istərdim ki, cənazəm Sena çayının sahillərində, çox sevdiyim fransız xalqının yanında uyusun!" 
            Lakin Marinana üçün "Napoleonun cənazəsi" Müqəddəs Yelena adasında qaldı!
            Sara Bernarsa onu heyran etdi; Reyxştadt (Çexiyada şəhər. İndiki adı Zakupi) hersoquna çevrilməsindən daha çox, aktrisanın eqosentrizmik (eqoizmin ifrat dərəcəsi) mərdliyi sarsıtdı. O zamanlar onun 64 yaşı vardı. Lap yaxınlarda bir ayağını amputasiya etdiklərindən protezin köməkliyi ilə hərəkət edirdi. Lakin buna baxmayaraq o oynayırdı!       
            Paris – bütün nəsillərin ruhuna uyğun tarixin daş dərsliyi! Necə var elə eləydi! 
            Marinanın sonrakı teatrla ünsiyyəti evliliyinin ilk çağlarında olmuşdu. Seryoja da, bacıları da teatr məktəblərinin şagirdi və studiya tamaşalarının iştirakçıları idilər. Vaxtsız vəfat edən böyük qardaşı Pyotr peşəkar aktyor idi. onların hər biri bütün gənclər kimi A.Y.Tairova (rus aktyoru və rejissoru) böyük maraq və həvəs göstərir, Alisa Koonendən (rus aktrisası, A.Y.Tairovun həyat yoldaşı) ötrü dəli olur, həyatlarını teatrdan ayrı təsvir edə bilmirdilər. Marinasa ancaq zallarda tamaşaçı olmaqla kifayətlənirdi. 
            Rollar qısaldıqca, həyəcan artırdı. Seryoja, "Sirano de Berjerak”dakı (Edmon Rostanın şeirləri əsasında dram) mühasirədə olan ac əsgərlərdən birinin replikasını heç cürə əzbərləyə bilmirmiş: "əgər mənə yardım gəlməsə, Axill (yunan mifologiyasında mifik qəhrəman) kimi çadıra dönəcəyəm". Bununla məşqlərdən onsuz da tamamilə yorğun düşən hərbçiləri lap əldən salırdı. Ümumiyyətlə, Seryojanın çox gözəl səhnə keyfiyyətləri vardı. Onun Kamera Teatrının studiyası, "Ekssentrion" səhnələrindəki çıxışları hər zaman yaddaqalan olurdu.
            O illərdə Seryoja və Marinanın dostlarla münasibətlərdən ən uzunmüddətli olanı, istedadlı aktyor və musiqiçi A.Podqaetski-Çabrovla – "Pyerettanın örtüyündəki" (müəllif: Atrur Şnitslerin) unudulmaz Arlekino (əsərdən obraz) ilə oldu. Marina 20-ci illərdə yazdığı "Dalanlar" poemasını onun bu cür sönməz həyəcanına, bu cür qarışıq bir zəmanədə ona qızılgül hədiyyə etdiyinə görə həsr etmişdi. 
            O, müstəqil, heç kimin məktəbinə aid və ya tabeçiliyində olmayan, öz xüsusi teatrının olması arzusuna sadiq qalıb, sanki yuxudakıtək mühacirət etdi. Ayılandasa özünü tənha, kasıb, çarəsiz gördü. Həyata və insanlara inamını itirib Allaha, katolikliyə üz tutdu. Buradakı təntənəli messaların (katolik ibadətlərindən biri və həmin ibadətdə çalınan musiqi) heyrətamiz tamaşaları, qotikanın (orta əsrlərdə Avropada yayılmış arxitektura stili) zirvələrinə qaldıran dekorasiyaları və yerli olmayan orqan müşayiəti onu özünə əsir etmişdi. Bədbəxt Arlekinanın beyninə doldu ki, provoslavlığı katolikliyə dəyişsin. Və o, keşiş oldu. Əyninə dar sutana (katolik ruhanilərinin cübbəsi) geyindirdilər. Bu geyimdə o daha çox aktyora bənzəyirdi. Başında Müqqədəs Ruhun enməsi üçün tanzura (katolik ruhanilərinin başında qırxılmış yer) qırxıb Korsikaya – ən ucqar, ən unudulmuş prixoda (xristianlarda aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer) göndərdilər. Onun dindarları bir neçə qarıdan və tövbə etməmiş quldurdan ibarət idi.
            O bizi 30-cu illərdə axtarıb tapdı. İldə bir dəfə, il yarımdan bir bizə Parisin ətrafında yerləşən Klamar və Vanv şəhərlərinə qonaq gəlirdi. O, küskün, aldadılmış ruhunu teatr xatirələrinə qərq edirdi. Valideynlərimin ona çox yazığı gəlirdi. Sonrakı aqibətindənsə bixəbərəm.
            Beləliklə, Marinanın səhnə incəsənətinə olan marağı 2 nəfərə I-II Napoleona aşiqliyindən doğulmuşdu. Ehtirasın qeyri-reallığı həm də marağın qeyri-reallığını şərtləndirdi. Marinanın teatrla ikinci görüşüsə, Seryojanın cəbhəyə getməsiylə baş verdi. Üçüncü – sonuncu görüşü gerçək görüş oldu. Çünki bu görüş yaradıcılığında romantik dövrü həm təsdiqləmiş, həm də sona çatdırmışdı. 
            Həmin o Romantika ki, inqilabi Moskvanın qarlı və dolaşıq küçələrini dolaşaraq, zamanın axarında, nəhəng hadisələrin, dəyişikliklərin fırtınasında itib-batmadan şair dəftərlərində, teatr səhnələrində iz buraxırdı.
            Hər şey 1917-ci ildə gənc şair Pavlik Antokolski və onun gözəl yaradıcılığı ilə tanışlıqdan başladı. Pavlik həm də dramaturq və aktyor imiş. O, Marinanı öz dostlarının – Üçüncü Vaxtanski Studiyasının möcüzəli əhatəsinə salaraq, müəyyən müddətə onu özünə bağladı.  Ona görə özünə bağladı ki, o teatr deyildi, ancaq studiya idi. O, ancaq axtarış idi. Lakin studiyaçılara və onların işinə olan bağlılığı, bütün onların romantik çağırışlarına Marinanın romantik cavabları, həm zəmanənin, həm də öz "akyorluğuna" uyğun deyildi. Onun studiya dövrünün lirik şeirlərinin ironiyası, "Komediant" şeirlər toplusunun (şeirlər Y.A.Zavadsiyə həsr olunub) məzəliliyi elə buradan qaynaqlanıb. Marina yaradıcılığının o dövrlərdə keçdiyi bütün mərhələlərdən komediyalı olduğu üçün ən şən dönəmi "studiyalı" qolu idi. Bu, onun lirikasının birinci və axırıncı şən dönəmi idi.

            ...İlahi, onlar işdə gənclikləri, hərəkətlilikləri, dəyişkənlikləri, qaynarlıqları və bununla yanaşı ciddilikləri, hətta vaciblikləri ilə necədə mehriban, necə də gözəldirlər. İşləri isə oyun idi. Oyun onların işi idi! Mən küncə qısılaraq sakitcə dururdum. Onları tam başa düşürdüm. Çünki mən də nağıllarda, eynən onlar kimi oynayırdım. Böyüklər dünyasına qoşulmağım məni onları yaxından tanımağıma yardımçı oldu. Ancaq "Soneçkaya Şeirlər”i həsr etdiyi Marinanın rəfiqəsi Sofya Yevgenyevna Qollidey də bizi, ən çox da buruq saçlarına, incəliyinə, kövrəkliyinə görə İrinanı başa düşdü və qəbul etdi. 
            Soneçka və Pavlikdən başqa bizə üç Yura – Yura Zavadski, Yura Nikolski, Yura Serov və tezliklə oyundan ayrılıb vətəndaş müharibəsinə qoşulan və izi itən Volodya Alekseyev baş çəkirdi. Bir də xarici görünüşünə, xeyirxahlığına görə studiya işçisi Yelena Vladimirovna (Lilya) Şik yadımda qalıb. Uzun burnu və sakit xarakteri olduğundan xarakterik, sadə qoca rolları verirdilər. 
            Ziyarətçilərimiz həmişə bizə kimisə gətirir, ya da kimisə bizdən aparırdılar. Bizim köhnə mərtəbəyarımlıq, pilləkənləri içində olan mənzilimizdə get-gəl dayanmırdı. Studiyaçılar "Yakovun yuxusu”ndakı (İncil)  mələklər kimi bütün günü qaynaşırdılar. Qışda biz aşağıda, ən isti və qaranlıq otaqda, yayda isə demək olar ki, çardaqda yerləşən, uzun dar, bircə dənə balaca pəncərəsi olan otağa köçürdük. Bu otaq Marinanın ən sevimli otağı idi. Çünki məhz bunu nə vaxtsa Sertyoja özü üçün seçmişdi.
 
            Mənim çardaq sarayım, saray çardağım!
            Buyurun içəri, əlyazmalı kağızlar...
            Sağ tərəflə keçin!
            Burda damdakı yırtıqdan süzülən gölməçə var.
            Sandığın üstünə əyləşərək baxın
            Necə Flandriya hörüb mənimçün hörümçək.
            Mənasız adamlara qulaq asmayın –
            ki guya qadınlar krujevasız keçinə bilər...
 
Bu çardaq saray hər cür səs, hər cür söz-söhbət, məşq, deklamasiya, pıçıltılar eşitmişdi. Hamı gənc idi. Və hamı teatrdan, sevgidən, şeiriyyata sevgidən, teatra sevgidən, teatrdan və şeiriyyatdan kənar sevgidən danışırdı. Marina üçünsə poeziyadan kənar sevgi mövcud deyildi. 
O, bu səsləri dinləməyi, intonasiyaların və sözlərin əminliyini, onlarda səslənən həqiqətləri, boşluqları dinləməyi sevirdi.
 
... və qocalıq sənətində məşq edərək
Özümü qara brilyant kimi gizləmək,
Mən sizi incəlik və kədərlər dinləyirəm,
Qədim Sivilla və Jorj Sand kimi.
Qədim Sivillanın iyirmi altı yaşı vardı.
 
Bu söhbətlərdə necə gözəl möcüzəli sözlər, adlar keçirdi: "Şahzadə Brambilla” və "Adriyena Lekuvrer”, "Famira Kifared” və "Sakuntala” (Kamera Teatrının tamaşaları, rejissor A.Y.Tairov), "Şahzadə Turandot” və "Müqəddəs Antoni möcüzəsi” (MAT, Üçüncü Vaxtanqov Studiyası; Y.B.Vaxtanqov), "Qadibuk" ("Qabima" yəhudi studiyası) və "Tufan" (MAT, Birinci Studiya; Y.B.Vaxtanqov)... Konstantin Stanislavski (rus teatr rejissoru, aktyor və pedaqoq) və Yevgeniy Vaxtanqov (rus aktyoru və teatr rejissoru), Aleksandr Tairov (rus aktyoru və rejissoru) və Vsevolod Meyerxoldun (rus teatr rejissoru, aktyor və pedaqoq) adları da hər zaman heyranlıqla çəkilirdi.
Bəzən məni də teatra aparırdılar; "Vəkil Pateleni" (Orta əsr fransız məzhəkəsi) hansısa Zooloji parkın bir yerində, vəhşi heyvanların qəfəslərinin yanında xatırlayıram. Cingiltili adlarla – Tiltil və Mitil adlarıyla çağırılan heyrətlənmiş uşaqları xatırlayıram. Şirin barmaqlarını qıran Şəkəri, xəmir tabağından çıxıb daşan Çörəyi, rampanın konfet işığında çəhrayı-yaşıl rəngdə yaranan və yoxa çıxan Nənəni və Babanı (M.Materlinkin "Göy quş" pyesindən) xatırlayıram... Mansurovki dalanındakı malikanənin balaca səhnəsində ora-bura atılan elastik və bununla yanaşı tinli fiqurları, kostyumların parlaqlığını, bəyaz və gözəl, nədənsə hər zaman qara, açıqsaçlı xanımların patetik obrazını xatırlayıram...
Marinanı Studiyaya oradakılardan başqa nə cəlb edirdi? Teatr sənətində onun təbiətinə uzaq olan "tamaşa, seyrlə" yanaşı Söz – onun stixiyası vardı. Marina üçün teatr pyeslə, mətnlə, faktiki olaraq aktyorlar üçün nəylə başlayırdısa, onunla bitirdi. 
Ömründə birinci dəfə idi ki, onda öz axtarışlarını onların axtarışlarıyla birləşdirmək, öz qeyri-maddi sənətiylə, onların maddi sənəti arasındakı maneəni aşmaq, tamaşanın möcüzəli yaranışında iştirak etmək, öz əməyini görmək, sirləri aşkar etmək arzusuna düşmüşdü. Yaradıcılıqda çox şey bacarırdı; bunu da öyrənmək istədi.
Altı pyes – "Çovğun", "Bəxt", "Daş mələk", "Avara" (Avara həyat keçirən zadəgan balası) "Simurğ" və "Macəralar" (sonralar "Romantika" adı altında birləşdirilib) əsərlərini öz dostları üçün yazmışdır. Onlardan ikisi – "Daş mələk və "Avara" çox yaxşı idi. Həmin əsərlərdə simvolizmin xüsusiyyətləri həminki dövr studiyaçılarının zövqünə yaxın idi ki, onlara oynamaq rahat olsun. Bütün bunlar səhnəyə yararlı idi. Marinanın studiyaçılara oxuduğu mükəmməl dialoqlar böyük və çoxsəsli idi ki, bu da səs-küylü müvəffəqiyyət adlanırdı. Lakin bunlardan heç biri səhnəyə qoyulmadı. Bəlkə də səhnədə özü-özünü oynamaq, öz obrazını, öz xarakterini yaratmaq aktyorlara gərəksiz idi. Bəlkə də onlar həm özlərinə, həm də Marinaya onun istedadının qəbul olunmasının nə qədər vacib olduğunu anlamdan bundan yan ötmüşlər. O, axı bu haqda bir kəlmə də danışmamışdı. Əvvəlcədən bunun mümkünsüzlüyünü bilərəkdən, hər zamanki kimi qürurunda ümidlərini boğmuşdu.
Hər necə olsa da onun səsi studiyadakıların səsiylə qarışmadı, onun sözü onların ağzından səslənmədi. Heyif. Bu mənəvi və yaradıcılıq məyusluğu onu Heynin bu sözlərinə çıxartdı: "Teatr Şairə uyğun yer deyil və Şair də Teatra uyğun adam deyil”.
            İllər keçdi (Marina üçün mühacirət illəri, studiya işçiləri üçün təşəkkül illəri), lakin o, gənclik illərinin yoldaşlarını heç vaxt unutmadı. Onlara iki onillik ötəndən sonra böyük nəsr əsəri – "Sonyeçka haqqında povest" həsr olunmuşdu. Bunu S.Y.Qollideyin ölümündən sonra yazmışdı və Marina onların mütləq nə vaxtsa görüşəcəyinə inanırdı. "Komediantlar" isə xatirində "səhnə şərtiliyi" kimi qalırdı.
 
Rus dilindən tərcümə edən:   Xanım AYDIN