Dramaturq, nasir, teatr xadimi, alim və mütərcim
Onu Azərbaycanın ilk peşəkar rejissoru
hesab edirlər
Azərbaycan
realist və demokratik ədəbiyyatın görkəmli nümayəndələrinin sırasında onun da
adı var. XIX əsrin son illərindən ədəbiyyat aləminə qədəm qoymuş Əbdürrəhim bəy
Haqverdiyev dolğun məzmunlu dram əsərləri, yumoristik-satirik hekayələri ilə
şöhrətlənərək realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol
oynayıb. Ədəbiyyat tarixinə klassik
hekayələri və faciə əsərləri ilə daxil olub. O, görkəmli teatr təşkilatçısı idi
və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dilinin son dərəcə zənginliyi,
xalq danışığına, folklor ədəbiyyatına yaxınlığı onu dövrünün yazarlarından
fərqləndirib. O, Azərbaycan ədəbiyyatı tarixində dramaturq, nasir, teatr xadimi,
istedadlı alim və mütərcim kimi məşhurdur.
Şuşada bir teatr tamaşasında
Zəngin həyat
yolu keçən Əbdürrəhim bəy Haqverdiyev istər inqilabdan əvvəl, istərsə də Sovet
hakimiyyəti illərində yazdığı əsərlərdə ailə, tərbiyə, təhsil, əxlaq
məsələlərinə dönə-dönə toxunmuşdur. Onun bir sıra hekayə və dramlarında gənc
nəslin təlim-tərbiyəsinə kömək edən, dünyagörüşünün təkmilləşməsinə yardım
göstərən motivlər aydın görünməkdədir. Əbdürrəhim bəy
Haqverdiyev 1870-ci ildə Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan
olub. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyirmiş. Üç yaşında
ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik
Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsi ilə
məşğul olur. 1880-ci ildə atalığı Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay
məktəbinə qoyur. Burada Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını
həvəslə oxuyur.
1884-cü
ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc
Əbdürrəhimə xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk
amillərdən biri olur. Ədib yazır: "Yadımdadır, Mirzə Fətəlinin "Xırs
quldurbasan”ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini
tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir” adlı bir komediya da Mirzə
Fətəlinin "Hacı Qara”sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə
verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə
qaytardı ki, mən nə ondan incidim, nə də həvəsdən düşdüm”.
1890-cı
ildə Ə.Haqverdiyev Şuşa realnı məktəbinin altıncı sinfini bitirib, Tiflis
realnı məktəbinin sonuncu sinfinə daxil olur. O, burada rus və Avropa
klassiklərini öyrənir, tez-tez teatr tamaşalarına baxır. Ə.Haqverdiyev 1891-ci
ildə Tiflis realnı məktəbini bitirib, ali təhsil almaq üçün Peterburqa gedir və
orada Yol Mühəndisləri İnstitutuna daxil olur. Peterburqda olduğu səkkiz il
müddətində azad müdavim sifətilə universitetin şərq fakültəsində təhsil alır,
dil və ədəbiyyat məsələlərilə ciddi məşğul olur.
Peterburq
ədəbi həyatının, tez-tez Aleksandrinsk teatrında baxdığı tamaşaların təsiri ilə
Haqverdiyevdə sənətə, teatra olan həvəs daha da artır. Gənc yazıçı özünün ilk
əsərləri olan "Yeyərsən qaz ətini, görərsən ləzzətini” və "Dağılan tifaq”ı da
Peterburqda yazır. 1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il
qalır və xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur.
Bakı
mühiti
Ədib
"Bəxtsiz cavan” pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin ildə
tamaşaya qoyulur. 1901-ci ildə Haqverdiyev Şuşadan Bakıya gəlir və burada "Pəri
cadu” pyesini tamamlayır. Əsər səhnədə, müəllifin başqa pyesləri kimi, böyük
müvəffəqiyyət qazanır.
Bakı
mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır, o, burada
H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün
qabaqcıl adamları ilə tanış olur, onlarla əlbir işləyir, teatr üçün repertuar
hazırlayır, rejissorluq edir, dərs deyir.
Bu
dövrdə Haqverdiyev rejissor olduğu, tamaşasına ümumi rəhbərlik etdiyi "Hacı
Qara”, "Vəziri-xani-Lənkəran”, "Müfəttiş”, "Otello”, "Qaçaqlar”, "Yağışdan
çıxdıq, yağmura düşdük”, "Adı var, özü yox”. "Dağılan tifaq”, "Bəxtsiz cavan”
və başqa pyeslərdə, hər şeydən əvvəl, ideyanın təhrif olunmamasına, aktyor
oyunundakı təbiiliyə çox fikir verirdi. 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli
və Məcnun” operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev, həm də
tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış etmişdir.
Aleksandrinsk
teatrında fəaliyyət göstərən Davıdov, Varlamov, Komissarjevskaya, Savina,
Dolmatov, Dalski kimi dövrün görkəmli səhnə ustalarının aktyorluq sənətinə
yaxşı bələd olan ədib, milli Azərbaycan səhnəsində də belə istedadlı səhnə
xadimlərinin yetişməsi yolunda bütün varlığı ilə çalışırdı. Ə.Haqverdiyev
Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Murad
Muradov kimi görkəmli sənət ustalarının səhnəyə cəlb edilməsinə, bir aktyor
kimi kamilləşməsinə xeyli əmək sərf etmişdir.
Ə.Haqverdiyev
1904-cü ildə Şuşa şəhəri idarəsinə üzv seçildiyi üçün yenidən oraya qayıdır. O,
burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya dövlət dumasına Gəncə
quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır, "Ağa Məhəmməd şah
Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır.
1907-ci
ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət
edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulur və ondan sonra da
böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılır.
"Molla
Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra orada Ceyranəli, Xortdan,
Həkimi-nuni-səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə,
felyeton və publisist məqalələr çap etdirən Ə.Haqverdiyev "Cəhənnəm
məktubları”, "Mozalan bəyin səyahətnaməsi”, "Marallarım” adlı əsərləri ilə "Molla
Nəsrəddin” jurnalının fəal mühərrirlərindən biri kimi şöhrət tapır. Həmin
illərdə ədib "Millət dostları” (1905), "Ac həriflər” (1911) kimi kiçik həcmli
səhnə əsərləri də yazır.
Haqverdiyev
"Nicat” cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədiyi müddətdə, vəzifəsi ilə
əlaqədar olaraq İranı, Qafqazı, Orta Asiyanı və Volqaboyu ölkələrini gəzir.
Səyahət ədibdə yeni yaradıcılıq intibahları yaradır. 1910-cu ildə Həştərxanda
N.Nərimanovla bərabər, şəhərin ictimai və mədəni həyatında fəal çalışır.
1911-ci
ildə vəzifəsindən azad edilən Haqverdiyev Ağdama köçür və beş il orada yaşayır.
Ağdamda yaşadığı müddətdə bədii yaradıcılığını davam etdirir, "Molla Nəsrəddin”
jurnalına hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar olaraq
publisistik məqalələr yazır. Ə.Haqverdiyev 1916-cı ildə Tiflisdə "Şəhərlər
ittifaqının Qafqaz şöbəsi əxbarı” adlı rus dilində çap olunan aylıq məcmuənin
müdirliyinə təyin olunur və Tiflisə gedir. 1917-ci ildə "Röya” və "Həmşəri
pasportu” hekayələrini yazır.1917-ci il fevral inqilabından sonra
Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub Şulaver qəsəbəsinə gedir və
il yarım orada işləyir.
1920-ci
ildən Haqverdiyevin ədəbi və ictimai fəaliyyətinin yeni dövrü başlanır. O,
incəsənət şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı, dövlət teatrlarında
müfəttiş vəzifəsində çalışır. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət
Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, gənc kadrlar hazırlığı işində
fəal iştirak edir. Haqverdiyev müəllimlik etməklə bərabər, bir çox məsul
ictimai vəzifələrdə də çalışır. O, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin
sədr müavini və sonra sədri (1923-25), Şərq fakültəsinin katibi (1992-25) olur.
Ədib
müəllimliklə, yeni əsərlər yazmaqla, teatra yaxından kömək etməklə, müxtəlif
vəzifələrdə çalışmaqla kifayətlənmir. O, müxtəlif yerlərdə Azərbaycan
ədəbiyyatı və incəsənəti, günün zəruri məsələləri haqqında məruzələr edir.
1927-ci
ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illikyubileyi
keçirilir. 1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə
alınaraq qocaman ədibə əməkdar incəsənət xadimi adı verilir.
Haqverdiyev
bu dövrdə "Qırmızı qarı”, "Ədalət qapıları”, "Ağac kölgəsində”,"Vaveyla”,
"Köhnə dudman”, "Baba yurdunda”, "Qadınlar bayramı”, "Kamran”, "Sağsağan”,
"Yoldaş Koroğlu”, "Çox gözəl” və s. dram əsərləri yazmaqla bərabər,
"Marallarım” silsiləsindən olan satirik və başqa ciddi ruhlu çoxlu hekayələr də
çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım” (1927) və digər hissəsi
"Hekayələr” (1940) kitabında toplanıb. İctimai həyat
hadisələrini dərin bir həssaslıqla izləyib qələmə alması, sıravi insanların
gün-güzəranını ürək yanğısı ilə izləməsi, əks etdirməsi Haqverdiyevi zamanının
ən məşhur yazıçıları sırasına çıxarmışdır. Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli
məsxərələrində də (məsələn, "Ədalət qapıları”) insan amili ilkindir.
Qərbi Avropa ədəbiyyatından rus
ədəbiyyatınadək
Ə.Haqverdiyev
öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd olan alim idi. Ədibin
Azərbaycan teatrı, tarixi dram, xalq tamaşaları, M.F.Axundov, M.Ə.Sabir, "Molla
Nəsrəddin”, M.Qorki, Azərbaycan dili, milli şeir, realist ədəbiyyatımızın bəzi
məsələləri haqqındakı elmi-nəzəri məqalələri, dərin məzmunlu publisistikası bu
gün də öz əhəmiyyətini itirməyib. Təsadüfi deyil ki, 1924-cü ildə Ə.Haqverdiyev
Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.
Ə.Haqverdiyevin
ədəbi irsi içərisində rus və Qərbi Avropa ədəbiyyatından etdiyi bir sıra
qiymətli tərcümələr də var. Onun M.Qorkidən tərcümə etdiyi əsərlər "İzergil
qarı və qeyri hekayələr” (1928) və Çexovdan tərcümə etdiyi novellalar "Dəhşətli
gecə” (1928) adlı kitablarda toplanıb.
Bunlardan
başqa ədib Şekspirin "Hamlet”, Şillerin "Qaçaqlar”, Volterin "Soltan Osman”,
Zolyanın "Qazmaçılar”, Andersenin "Bülbül”, "Şahın təzə libası”, Lanskoyun
"Qəzəvat”, Çirikovun "Yəhudilər”, Korolenkonun "Qoca zəng çalan” əsərlərini də
tərcümə edib.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il
dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri
xiyabandadır.Bakı şəhərininYasamal rayonundagörkəmli yazıçının adını əbədiləşdirən küçə var.
Əsərlərinə bu gün də müxtəlif teatrların səhnəsində quruluş verilir. Yazıçının
adını yaşadan da, xatirəsini unudulmağa qoymayan da bu nəsnələrdir.
Təranə
Məhərrəmova