• şənbə, 20 Aprel, 14:23
  • Baku Bakı 23°C

DƏMİRİN XANASINDA TOXUNMUŞ İPƏK MİSRALAR

14.01.16 11:25 2025
DƏMİRİN XANASINDA TOXUNMUŞ İPƏK MİSRALAR
Mən şeir yazanda həmişə anamın xalça toxumağı yadıma düşür. Anam xanasını həmişə qışda qurardı. Çöldən əl-ayaq yığışardı, iş-güc qalmazdı, bütün qışı anam xalça toxuyardı. Mən də şeiri daha çox qışda yazıram. Yayda demək olar ki, şeir yaza bilmirəm. Görünür, şeirlə xalça arasında bir bağlılıq var. Mən də anamın yanında oturub çox ilmə vurmuşam. Anam ilmə-ilmə naxışlar, güllər yaradırdı. O vaxtdan bilirəm ki, sapların ən zərifi ipək saplar, xalçaların ən bahalısı və gözəli ipək xalçalardı. Məncə, sözlərin də ən zərifi, incəsi saz havası üstündə qoşmaya və gəraylıya yatan sözlərdi.
Anam xalçalarını ağac xanada toxuyardı. Sonra dəmir xanalar çıxdı. Mən dəmir xanaları ilk dəfə Bakıda gördüm. Şair dostum Dəmir Çeşməlinin şeirlərini oxuyanda niyəsə həmin dəmir xanalar gəlib gözlərimin önündə durdu. Yəqin bu da Tanrı işidir. Dəmir Çeşməli və dəmir xana. Bəlkə dəmir sözləri yaddaşımda bir oyanış yaratdı. Ola bilər. Çünki mən Dəmir Çeşməlinin şeirlərini oxuyanda düşündüm ki, onun ürəyi bir şeir xanasıdır. O da sözləri seçib öz xanasında şeir toxuyur. O da sözləri ilmələyib şeirlərinə güllər, naxışlar vurur. Dəmir Çeşməlinin əksər şeirlərindəki həzinliyi, kövrəkliyi, zərifliyi görəndə bu düşüncəmdə yanılmadığıma əmin oldum:

Seli sellənib gözləyir,
Gülü güllənib gözləyir.
Daşı dillənib gözləyir,
Aparın dağlara məni.
Bir gözəlin ahı qalıb,
Ölməyib günahı qalıb.
O dərə, o kaha qalıb,
Aparın dağlara məni.

Beş bəndlik “Məni” rədifli bu gəraylıda sözlərin seçimi də, düzümü də, boy sırası da gözəldir. “Seli sellənib gözləyir”, “Gülü güllənib gözləyir”, “Daşı dillənib gözləyir” misraları şeirin içində bir gözəl xalça naxışına bənzəyir. Xalçalarda belə naxışlara göl deyirlər. Bax bu üç misra şeirdə bir göl təsiri bağışlayır. Bu sətirlərdəki “Seli sellənib”, “Gülü güllənib”, “Daşı dillənib” ifadələri elə bil söz kimi düşünülməyib. Onlar min cür sapların içindən seçilib qoşa-qoşa vurulmuş və gözəl bir gülmü, naxışmı yaratmış ilmələrdir. Eyni sözlərin təkrarı, uyarlılığı bu gözəlliyi bir qədər də artırmışdır.
Bulud yağış doğdu-selim,
Bir de, daşım hara gəlim.
Gözləmədin məni, gülüm,
Yolumu gözlədin, neynim?
Bu eşqə olandı dedin,
Olandı, qalandı dedin.
Od oda qalandı dedin,
Külümü gözlədin, neynim?

“Gözləmədin məni, gülüm, Yolumu gözlədin, neynim?” misraları o qədər gözəl, poetik və aydındır ki, onları sazla deyilmiş söz kimi, sözlə açıqlamağa ehtiyac qalmır. “Özümü gözləmədin, yolumu gözlədin” fikrin poetik ifadəsinə gözəl bir örnəkdir. Yolunu gözləmək bəyəm adamın özünü gözləmək deyilmi?! Bu, əsl şair deyimidir. İki ürəyin bir eşqin oduna düşüb, bir-birinin oduna qalanmağını da nə sevgi sözünü, nə ürək sözünü dilinə gətirmədən şair “Od oda qalandı dedin” kimi necə gözəl demişdir.
“Durnalar” mahnısı düşməz dilimnən,
Gözlərim doymadı durna selinnən.
Yəqin bir də dönər Kərkük elinnən,
Durnalar qayıtdı... durnam dönmədi.

Sevən sevdiyini bax belə axtarar, belə gözləyər. Öz sevgilisini durnaya bənzədən aşiqin “Durnalar” mahnısı düşməz dilinnən. Bu aşiq hara baxırsa, nəyə baxırsa, gözləri durna axtarır, durna görmək istəyir. Hələ bilinmir ki, onun sevdiyi qızın da adı Durnadı, ya yox! Əgər qızın da adı Durnadırsa, hər yerdə durna axtarmağa onun ikiqat haqqı var. Ona görə də bir zamanlar yayda, payızda göy üzünü bulud-bulud, çətir-çətir bürümüş durna sellərinə baxmaqdan gözləri doymur. Bir elə durnanın içində öz Durnasını axtarır. Durnalar çıxıb Kərkük ellərinə gedirlər. Şairə elə gəlir ki, onun Durnası da göydəki durnalara qoşulub Kərkükə gedib. Şair gələn ili gözləyir. Gözləyir ki, gələn il durnalar Kərkükdən qayıdıb gələndə onun öz Durnası da geri dönəcək. Əsl aşiq ümididir, bitməz, tükənməz. Bu şeirdə hər şey gözəldir. Duyum da, düşüncə də, onların sözlə ifadəsi də şairanədir. Durnanı durnalara qarışdırıb, sonra da onu yerdə itirib, göydə axtara-axtara bundan gözəl nə demək olar?!
Ağlayan qəlbimdi, yaşı görünmür,
Yaşımla yaşıddı, yaşı görünmür.
Başımın daşıdı, daşı görünmür,
Gəlimnən gəlmişdi, ölümnən getdi.

Dədə Qorqudun “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” misralarını xatırladan bu bənd Dəmir Çeşməlinin “Getdi” qoşmasındandır. Şeirdə hər şey yerli-yerindədi, gözəldi. Bütün ölçü-biçilərə əməl olunub. Bir də ona görə gözəldi ki, dili bulaq suyu kimi durudu, üslub orijinaldı, şairin özünə məxsusdur.
Dəmir Çeşməlinin “Haça qaya” poeması da onun könül çırpıntılarının, ürək döyüntülərinin, bu çırpıntılarının içindəki hiss, duyğu və düşüncələrin sözlə çəkilmiş şəklidir. Haça qaya ocaqdır. Sınanılmış, inanılmış ocaqdır! Haça qaya iri bir qayadır, elə bil ki, onu nə vaxtsa əllə ortadan iki yarıblar. Bir armudu ortadan iki bölən kimi, qaya iki bölünüb. Adam çıxa bilməyən bu qayanın başında at nalının izi var. Qayanın üstündə Qobustan rəsmlərinə oxşayan şəkillər görünür. Onları mamır örtüb, ancaq diqqətlə baxanda görmək olur. Dəmir Çeşməli öz poemasında bu ocağın gözəl, lirik təsvirini verib, obrazını yaradıb:
Bir ağızda iki dodaq,
Şipşirindi, bal kimidi.
Bir ağacda iki budaq,
Üzdə qoşa xal kimidi.
Haqqa gedən bir yol gedir,
Haqqın yolu - yolun haqqı.
Haqdan dönən sağ, sol gedir,
Sağın haqqı, solun haqqı.

Yuxarıda dedim ki, Haça qaya ortadan iki bölünmüşdür. Şair məncə, onun hərəsini bir dodağa bənzədib. Üstünə gələnlər Haça qayanın üzündən öpürlər. Ona görə ilk iki misra çox uğurludur, deyim poetikdir. Haça qayanın iki budağa bənzədilməsi də, onların şairin gözünə üzdə qoşa xal kimi görünməsi də ilk misraların davamı olaraq yadda qalır, xoş təsir bağışlayır.
İkinci bənd birbaşa Haça qayanın ruhuyla yoğurulmuşdur. Haça qaya haqq ocağıdır. Haqqın da bircə yolu var. Haqqa gedənlər bu yolla gedirlər. “Haqqın yolu-yolun haqqı” gözəl tapıntıdır. Haqqın yolu olduğu kimi, yolun da haqqı var. Haqdan dönənlər “sağ, sol” gedirlər, yəni onların önündə yol da haçalanır. Dəmir Çeşməli həm də bayatı yazır. Nə bütün şeirlər, nə bütün bayatılar eyni tutumlu, eyni poetik biçimli ola bilməz. Bir bayatıya baxın:
Əzizim, baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım.

Bu, bir xalq bayatısıdır. Minlərlə bayatının arasında belə bayatımız çoxdurmu?! Yox! Bu cür bayatılarımız barmaqla sayılacaq qədər azdır. Bu, bir söz incisidir. Böyük xalq şairimiz Səməd Vurğun gözəl demişdir:

Böyük təbiətlər yaranır az-az,
Hər yerdə, hər zaman inci tapılmaz.

Bütün söz adamları bilməlidirlər ki, “hər yerdə, hər zaman inci tapılmır”. Yazılan şeirlərin hamısı inci olmur. Bu sözlər daha çox özünün ən zəif şeirlərini də inci sayıb, başqalarının yazdıqlarını bəyənməyənlərə aiddir. Dəmir Çeşməli isə sözə böyük məsuliyyətlə yanaşır, yazdıqlarını qabağına qoyub həmişə “görəsən bunların içində bir şey varmı?” deyə düşünür. Mən isə deyirəm: Sənin yazdıqlarının içində çox şey var, Dəmir Çeşməli! Sənin gözəl qoşmaların, gəraylıların, bayatıların var. İnanmırsansa, bu bayatını bir də oxu!
Mən aşiq, gələn gəlsin,
Dərdimi bölən gəlsin.
İtirmişəm özümü,
Yerimi bilən gəlsin.

Bu, gözəl bir bayatıdı. “İtirmişəm özümü, Yerimi bilən gəlsin” fikrin orijinallığı və deyimin təzəliyi ilə yadda qalır. Mən də bu bayatıdan tutub Dəmirin yerini onun oxucularına demək istəyirəm. Dəmir Çeşməli bu şeirlərin arasında “itib”. Onu tapmaq istəsəniz bu şeirləri bitdə-bitdə oxuyun. Bir də görəcəksiniz ki, Dəmir Çeşməli özü durub qarşınızda!
İslam SADIQ
banner

Oxşar Xəbərlər