• şənbə, 20 Aprel, 19:29
  • Baku Bakı 24°C

Dədə Şəmşirin varisi

19.11.19 10:00 1134
Dədə Şəmşirin varisi
Və ya yurd həsrətini qəlbində daşıyan haqq aşiqi

Azərbaycanın görkəmli ziyalısı, Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının yetirməsi, ustadlar ustadı Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlu şərəflə yaşadığı ömrünün 86-cı zirvəsinə qədəm qoyur. Vətəni, xalqı üçün yaşayan, yazıb-yaradan ağsaqqal ziyalımız Qənbər Şəmşiroğlu ömrünün müdrik çağlarını yaşayır. Onun üçün bu illər həm gözəl, həm də keşməkeşli olmuşdur.
O, Azərbaycan Yazıçılar Birliyinin və Respublika Ağsaqqallar Şurası Rəyasət heyətinin üzvü, onlarla kitabın müəllifidir. Mütəmadi olaraq dövri mətbuatda məqalələri dərc olunur. Həmçinin iki kitabı İran İslam Respublikasında nəşr olunub. Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri – qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var:
Yurdum Azərbaycan, elim Kəlbəcər,
Bu yurdsuz yaşamaq bir qəm, bir kədər.
İstədim sözümü deyəm bir qədər,
Öz ana dilimdə, şirin dilimdə,
Bu dil ana dilim, bu dil şipşirin.
Doğulduğum kəndin adı Ağdaban,
Dağları yamyaşıl, meşələri duman,
Bu kənd söz diyarı, ümmandı-ümman,
Burda eşitmişəm yüzlərlə dastan,
Öz dilim şirindi, öz dilim şirin...
Qənbər müəllim Gədəbəy rayonunda icra hakimiyyətinin başçısı işlədiyi vaxtda erməni qəsbkarları torpaqlarımıza hücuma başladılar. Qənbər müəllim 1992-ci ilin mart ayında Kəlbəcərdə ilk milli alayın yaradılmasının təşəbbüsçüsü və yaradıcısı olub. Vətənpərvər ziyalımız dəfələrlə döyüşçülər arasında olub, zabitlər və əsgərlər arasında vətənpərvərlik ruhunun yüksəlməsi naminə əlindən gələni əsirgəməyib.
Qənbər müəllimin iki oğlu da Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştirak edib ki, hazırda onlar müharibə veteranıdırlar.
1988-ci ildə erməni daşnaklarının başladığı soyqırımı Qənbər müəllimin ailəsindən də yan keçməyib. Ağdərə-Kəlbəcər yolunda Qənbər müəllimin bacısı Çimnaz xanım, onun yaxın qohumu, sonralar Milli Qəhrəman adını layiq görülmüş Şahlar Şükürov vəhşicəsinə qətlə yetiriliblər. Bu faciələrin miqyası o dövr­də respublikaya rəhbərlik edənlərin səriştəsizliyindən getdikcə genişlənməyə başladı, 1992-ci ilin aprelayındaerməni quldurları Qənbər müəllimin doğulubboya-ba­şa çatdığı Ağda­bankəndində əsl soyqırımı törətdilər. Həmin vaxt Qənbər müəllimin kəndi dağıdılmış, qardaşıoğlu, əmi­lə­ri, əmisi uşaqları,bibisiqızı və xalasıoğlu, ümumilikdə, 14 nəfər yaxın qo­hum­u vəhşicəsinə qətləyetirilmişdir. Həmin dəhşətli günlərin kulminasiyası Azərbaycan ədəbiy­ya­tına misilsiz töh­fə­lərvermişAğdabanlışairQurbanın və Əməkdar incəsənətxadimi, "Şərəf Ni­şanı”ordenli Aşıq Şəmşirin evinin yandırılması oldu. Bu ev-muzeylərində qorunub sax­la­nan 40 mindən artıq şeir nümunələri də külə çevrildi. Ağ­da­ban­lı Qurbanın və Dədə Şəmşirin əski əlifba ilə yazmış və əksəriyyəti çap olunmamış əlyazmalar külliyyatı yandırılıb məhvedildi.
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarından iki nəfəri - Şükürov Şah­lar Əvəz oğlu və Səfərov Sərdar Mədət oğlu ağsaqqal ziyalımızın ailə üzvlə­rin­dən­dir. Qənbər müəllim, istəkli şagirdi olmuş Milli Qəhrəman Sərdar Səfərovun əziz xatirəsinə "Sərdarım” adlı şeir yazmışdır:
Nadanlar, xainlər qəsdən Şuşada
Səni qurban verdi, qurda Sərdarım!
Qusardan adlayıb getdin dağlara,
Dedin sahib çıxaq yurda, Sərdarım!...

Səninlə fəxr edir vətənin, elin,
Əzbəri olmusan hər şirin dilin,
Rəhmətlər diləyir Qənbər müəllimin,
Məzarın uyusun nurda, Sərdarım.
Böyük bir elin ağsaqqalı, yol göstərəni olan Qənbər Şəmşiroğlu bu gün də gənclik həvəsi, gənclik ruhu ilə yazıb-yaradır, ictimai fəaliyyətini davam etdirir. Qənbər Şəmşiroğlu öz ziyalılığı, xalqına, Vətəninə bağlılığı, dövlətçiliyə sədaqəti ilə bu gün çoxları üçün bir nümunədir.
Qənbər müəllim ömrünün müdrik çağında - 2010-cu ildə "Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai birliyini yaratdı və hazırda bu birliyə sədrlik edir. O, bu ictimai birliyi bizlər üçün böyük mənəvi sərvət qoymuşdur. Bizlərin əsas işi və məsuliyyəti isə Qənbər müəllim kimi ağsaqqallarımızın, ziyalılarımızın yaradıcılığını dərindən öyrənməli və onun irsinə bir azərbaycanlı kimi sahib çıxmaqdır.
Yurd həsrətini daima qəlbində daşıyan, həyatın min-bir çətinliyinə sinə gərən Qənbər Şəmşiroğlu öz yaradıcılığı ilə təpədən-dırnağa vətənin haqq aşiqidir:
Bu dillə dünyaya açdım gözümü,
Bu dildə eşitdim Vətən sözünü.
Bu dildə tanıdım elə özümü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.
Həsənoğlu gözəl meyl oyatdı,
Nəsimi, Nəimi çox əziz tutdu.
Xətai bu dilli dövlət yaratdı.
Bu dil ana dilim, bu dil şip-şirin,
Öz dilim şirindi, öz dilim şirin.
Nəsimi, Füzuli sehrsə, sirsə,
Seyidi, Sabir sənətdə pirsə,
Üzeyir bu dildə mahnı deyirsə,
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.
Bu dillə sevmişik eli-obanı,
Səməd Vurğun yazıb "Azərbaycan”ı,
Şəhriyar söylədi "Heydərbaba”nı.
Bu dil ana dilim, bu dil şipşirin,

Əzizimiz Qənbər müəllim, sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirik. Sizə can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Tanrı sizi qorusun.

Rübabə Şirinova,
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər