• cümə, 19 Aprel, 16:41
  • Baku Bakı 25°C

Cümhuriyyətin maliyyə və bank sistemini formalaşdıran “Bakı taciri”

07.12.18 10:30 1327
Cümhuriyyətin maliyyə və bank sistemini formalaşdıran “Bakı taciri”
Azərbaycan Cümhuriyyətinin maliyyə və bank sisteminin formalaşmasında çox böyük əməyi olan Əlağa Həsənov kim idi? O, 1871-ci ildə Hacı Süleymanın ailəsində dünyaya gəlib. Əlağa mədrəsədə ərəb, fars dilləri ilə yanaşı müqəddəs kitabı da oxumağı öyrənir. Amma bəzi yaşıdlarından fərqli olaraq, Əlağa bu təhsillə kifayətlənmir. Əvvəlcə Bakı şəhər gimnaziyasında sonra isə kommersiya məktəbində oxuyur. Burada bir necə dili, xüsusən də rus dillini mükəmməl öyrənir.
Hələ gənc ikən şəhərin bütün ictimai, mədəni tədbirlərində yaxından iştirak edən Əlağa, "Nəşri-maarif” cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik edir. "Bakı taciri” adlandırılan Əlağa Şollar su kəmərinin çəkilməsində, şəhər kanalizasiya şəbəkəsinin yaradılmasında, dənizkənarı parkın salınmasında maddi köməyini əsirgəmir. Bakı Şəhər Dumasının üzvü olan Əlağa, hər vasitə ilə şəhərin mədəni həyatının inkişafına dəstək olur.
Əlağa Həsənov heç bir partiyanın üzvü olmasa da, ətrafda baş verən siyasi hadisələrə biganə də qala bilmir. 1917-ci il inqilabından sonra Azərbaycanın siyasi həyatında daha yaxından iştirak edir.
1918-ci ilin mart-aprelində ermənilər Bakıda və onun ətraf şəhərlərində, rayonlarında, kəndlərində azərbaycanlılara qarşı soyqırımı törədirlər. Bu qırğının qarşısının alınmasında digər ziyalılar kimi, Əlağanın da rolu olmuş və onu qırğının son günlərində yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinə üzvü seçmişdilər.
28 may 1918-ci il. Azərbaycanın müstəqilliyini sevinclə qarşılayanlar arasında Əlağa da var idi. O, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət qurmaq ideyalarına sona kimi dəstək oldu və Cümhuriyyət Parlamentinin tərkibinə daxil edildi. Ə.Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26.12.1918- 14.03. 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirmişdir. Azərbaycan Nazirlər Şurasının Sədri N.Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə o, maliyyə naziri vəzifəsini icra etmişdir. Ə.Həsənov bu vəzifədə 1919-cu ilin 24 dekabrına qədər fəaliyyət göstərmişdir. O, 1919-cu ilin dekabrın 24-də maliyyə naziri vəzifəsindən uzaqlaşdıqdan sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır.
Maliyyə sistemini yaxşı bilən və təcrübəsi olan Ə.Həsənov, bu sahədə bir çox qərarların, qanunların hazırlanmasında yaxından iştirak edərək, dövlətin iqtisadi siyasətinin düzgün yürüdülməsi haqqında dəfələrlə Parlamentdə çıxışlar etmişdir. Ölkədə yeni yaradılan bu sistemin inkişafında və formalaşmasında onun önəmli rolu olmuşdur. Dövlətin maliyyə problemlərinin həll edilməsini başlıca məsələ sayan Ə.Həsənov, çıxışlarından birində qeyd edirdi: "Əgər maliyyə işlərimizi yoluna qoymasaq, digər hərbi və maarif işlərimiz qabağa getməz, çünki hər şey ona bağlıdır”.
O, ölkədəki maliyyə problemlərinin həlli üçün əsasən neft gəlirinin əldə edilməsinə çalışırdı. Arxiv sənədlərindən də belə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi.
Azərbaycan Parlamentinin iclaslarında yaxından iştirak edən Ə.Həsənov, çıxışlarında ölkədəki maliyyə problemlərinin həlli yollarını qeyd edərək bütün parlament üzvlərini bu məsələdə hökumətə dəstək olmağa çağırırdı: "Bir haldayıq ki, xalqın mümkünü yoxdur ki, vergi versin. Varı olan da fikir etmir ki, Hökumət gərək öz xərcini-borcunu ödəsin. Hər kəs bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın zehnindən götürülməlidir”.
Bütün bunlar bir daha sübut edir ki, Əlağa Həsənov Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə maliyyə işinin inkişafında, Dövlət Bankının açılmasında əlindən gələni əsirgəməyib.
1920-ci ilin aprel işğalından sonra bolşeviklər Əlağa Həsənovu həbs etmədilər. Çünki, belə savadlı kadra ehtiyac var idi. Ona görə də, Ə.Həsənov Sovet dövründə də bir müddət Dövlət Bankının müdiri vəzifəsini icra etdi. Lakin hər gün Cümhuriyyət yoldaşlarının həbsi, sürgünü, güllələnməsi onu da təlatüm içində "yaşamağa” vadar etdi. Və bu təlatümlü həyatına 1933-cü ilin 18 matında son qoyuldu. Əlağa evində bu "sakit” həyatla vidalaşaraq haqq dünyasına qovuşdu. Bəlkə də bu "sakit ölüm” Cümhuriyyət liderinin son arzusu idi.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər