AZE | RUS | ENG |

Cümhuriyyətin ilk ədliyyə naziri - Xəlil bəy Xasməmmədov - CÜMHURİYYƏT - 100

Cümhuriyyətin ilk ədliyyə naziri - Xəlil bəy Xasməmmədov - CÜMHURİYYƏT - 100
O, “Azərbaycan davasını” ömrünün sonuna kimi aparıb

"Özü üçün yaşayanları bir neçə nəsil o yana heç kəs tanımır, millət üçün yaşayanları isə hamı hər an böyük qürur hissi ilə xatırlayır. Birincilər zamanın içində əriyirsə, ikincilər zamandan ucada dayanır”.
 
Xasməmmədov qardaşları da Ziyadxanov qardaşları kimi təkcə Gəncədə deyil, Bakıda da tanınmış, istedadlı hüquqşünas idilər. Hacıbaba kişinin dörd oğlundan üçü Xəlil, Əliəkbər, Əsgər Moskva Universitetində hüquq təhsili almışdılar. Bu məqalədə onlardan biri,  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycanın ilk ədliyyə naziri və ilk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlayan Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov haqqında bəhs edəcəyik.
 
Xəlil bəy 1873-cü ildə Gəncədə anadan olub (bəzi mənbələrdə müxtəlif rəqəmlər yazılır). Mədrəsə, gimnaziya təhsili aldıqdan sonra Moskvada ali təhsilə sahib olan Xəlil bəy, ilk olaraq Gəncə dairə məhkəməsində işə başlayıb. Dərin biliyə, yüksək intellektə malik olan Xəlil bəy bütün ömrünü, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr edib.
 
1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilən Xəlil bəy, F.Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, Xalq Azadlığı Partiyasını təmsil etmişdir. II Dövlət Duması işə başladıqdan az sonra, 1907-ci ilin mart ayının 17-də Müsəlman fraksiyası yenidən təsis edildi. I Dumada olduğu kimi, fraksiyaya 22 müsəlman vəkil daxil oldu. Azərbaycandan seçilmiş Duma üzvləri də Müsəlman fraksiyasına daxil oldular. Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov isə fraksiyanın bürosunda təmsil olundular. Dumanın iclaslarında fəallıq göstərən Azərbaycanlı deputatlar birmənalı olaraq Qafqaz müsəlmanlarının mənafeyi uğrunda çox gərgin və ağır mübarizə apardılar. Xəlil bəy Duma deputatlarına bəyan etmişdir: "Dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir”. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini qəti şəkildə təklif edib.
 
Xəlil bəy Xasməmmədov 3-cü Dövlət Dumasında (1907-12) Azərbaycanı təmsil edən yeganə deputat idi.  O, ilk dəfə 1911-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin Gəncəyə köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi məsələsini irəli sürmüş və məsələ ilə bağlı Xalq Maarif Nazirliyinə müraciət etmişdir. Müsəlmanların maariflənməsi ilə yanaş, onların orduya çağırılmaması da onu narahat edirdi. 1911-ci ilin noyabr ayında keçirilən iclaslardan birində o, hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən, hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını qətiyyətlə tələb edir.
 
Gəncənin ictimai həyatında yaxından iştirak edən Xəlil bəy və qardaşları Gəncə Xeyriyyə Cəmiyyətinin ən fəal üzvü olublar. 1913-1917-ci illər ərzində Gəncə şəhər bələdiyyə rəisi işləyən Xəlil bəy, qardaşları Ələkbər və Əsgərlə Gəncədə yeni məktəblərin açılmasında, şəhərin abadlaşmasında əllərindən gələni əsirgəməyiblər. 1917-ci ilin əvvəllərindən Xəlil bəy fəaliyyətini daha çox siyasi işlərə istiqamətləndirir. Həmin ildə  Gəncədə yaradılan Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradanlardan biri də Nəsib bəyin ən yaxın dostu Xəlil bəy idi. O, amal yoldaşları ilə birlikdə 1917-ci ilin aprelində Bakıda, may ayında isə Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında iştirak etmişdir. Həmən ilin oktyabrında Bakıda toplanan "Müsavat” partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmiş Xəlil bə,y Cümhuriyyətin qələbəsinə kimi Gəncə Qəza İcraiyyə Komitəsinin sədri və Zaqafqaziya komissarlığında dövlət nəzarəti komissarı vəzifələrində çalışmışdır.                                           
 
        Cümhuriyyətin qələbəsindən sonra X.Xasməmmədov daha məsul vəzifələri icra etmişdir. O, 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabrda kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. İlk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlayan Xəlil bəy, bu əsasnaməni milli maraqları nəzərə almaqla, dünyəvi dəyərlər zəmində hazırlamışdır. Heç də təsadüfi deyil ki, bu gün də Azərbaycanda məhkəmə palatasının, onun Əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılması Xəlil bəyin adı ilə bağlıdır.   
 
      "Müsavat” partiyasından Azərbaycan parlamentinin üzvü olan X.Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin edilir və aprel işğalı nəticəsində Türkiyəyə yola düşə bilmir. İşğaldan bir necə gün sonra N.Nərimanovun təkidi ilə Türkiyəyə keçməyə məcbur olur. Bu, Xəlil bəyin vətəndən sonuncu gedişi idi.  Ömrünün sonuna kimi vətən həsrəti ilə alışıb-yanan Xəlil bəy aylar, illər ötdükcə bu acı həqiqətlə barışmalı olur.  Vətəndə bolşeviklərin əzizlərinə yaşatdığı cəhənnəm əzabından xəbər tutan Xəlil bəy, bir daha Azərbaycana dönüşün mümkünsüzlüyünü dərk edir.
 
        ... Xəlil bəy istəsə də, istəməsə də bu acılarla barışmalı olur və mübarizəsini davam etdirir. O, mühacirətdə mübarizəsini əsasən qələmi, sözü ilə apardı. "Yeni Qafqasya”, "Azəri-türk”, "Odlu yurd”, "Azərbaycan yurd bilgisi”, "Prometey”, "Kavkaz”, "İstiqlal” və "Qurtuluş” adlı qəzet və jurnalla da siyasi məzmunda məqalələrlə mütəmadi çıxış edərək siyasi publisistikanın gözəl nümunələrini yaratdı.
 
           Xəlil bəy İstanbulda Fətəli xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin başsız qalan ailəsini hər gün yad edir, gücü çatan köməkliyi onlardan əsirgəmirdi. O, hər iki ailənin ən sevimli üzvünə çevrilmişdi. Elə Xəlil bəyin İstanbullu Suat xanımla ailə qurmasına səbəb də bu iki ailə olur. Bir necə ildən sonra Xəlil bəyin oğlu Rayfun dünyaya gəlişi, qismən onun qəlbini ovundura bilir. Amma bu xoşbəxtlik uzun sürmür. Yeganə övladının qəfil ölümü ona sarsıdıcı zərbə vurur. 
1922-ci ilin aprelində Xəlil bəy bir daha vətəndən ağır xəbər aldı. Qardaşı Ələsgəri yenə həbs etmişdilər. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şöbəsinin və Azərbaycan FK-nın əmri ilə 1920-ci ilin 29 mayından 4 iyununa qədər heç bir səbəb olmadan həbsdə saxlanılır. Ağır işgəncələrdən sonra buraxılır. 1929-cu ilin son ayları Xəlil bəy vətəndən daha dəhşətli xəbər alır. Xəlil bəy Xasməmmədovla qohumluq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə məruz qalır.  Əzizləri Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları müsadirə edilməklə Qazaxıstana sürgün edilirlər. Beləliklə, əsilli-nəsilli Xasməmmədovları bolşeviklər darmadağın edirlər. Həbslər, sürgünlər, güllələmələr...
 
        1930-cu illərdə bütün mühacirlərdə bir ruh düşkünlüyü yaranmışdı. Ağır mühacir həyatı, təqiblər, təzyiqlər, maddi çətinliklər, Vətən həsrəti öz "işini görür”dü. Tarıma çəkilən əsəblər mühacirlər arasında münasibətlərin soyuqluğuna səbəb olur. X.Xasməmmədov 1930-cu illərin əvvəllərində Azərbaycan Milli Mərkəzi Komitəsinin və "Müsavat” partiyasının xarici bürosunun 3 nəfərdən ibarət (bu büro 1924-cü ildən İstanbulda fəaliyyət göstərirdi - M.Ə.Rəsulzadə sədr, M.B.Məmmədzadə katib, Xəlil bəy isə xəzinədar idi) rəyasət heyətinin üzvü idi. Büro daxilindəki ixtilaflar Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələnir. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və Xəlil bəy Xasməmmədov M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Hətta 1936-cı ildə Milli Müsavat Xalq Partiyasının Varşavada keçirilən konfransında Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilir.
 
    Bunlara baxmayaraq, Xəlil bəy "Azərbaycan davasını” ömrünün sonuna kimi davam etdirdi. Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan X.Xasməmmədov, Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılmış "Azərbaycan-Dağlılar Birliyi” adlanan qurumun ilk sədri seçilmişdir. Gəncliyini, ahıllığını xalqı yolunda fəda edən Xəlil bəy, 1945-ci ildə həm məslək yoldaşlarından küskün, həm də vətənindən, əzizlərindən nigaran dünyasını dəyişdi! Dəyişməz olan onun müstəqil Azərbaycan arzusu oldu ki, bu gün bu arzunun çin olması, onun ruhunu şad etdi! Ruhun şad, torpağın yumşaq olsun, vətən fədaisi!
 
Qərənfil Dünyamin qızı
 
Əməkdar jurnalist
 



 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163