Cümhuriyyətin ilk ədliyyə naziri - Xəlil bəy Xasməmmədov - CÜMHURİYYƏT - 100

"Özü
üçün yaşayanları bir neçə nəsil o yana heç kəs tanımır, millət üçün yaşayanları
isə hamı hər an böyük qürur hissi ilə xatırlayır. Birincilər zamanın içində
əriyirsə, ikincilər zamandan ucada dayanır”.
Xasməmmədov
qardaşları da Ziyadxanov qardaşları kimi təkcə Gəncədə deyil, Bakıda da
tanınmış, istedadlı hüquqşünas idilər. Hacıbaba kişinin dörd oğlundan üçü
Xəlil, Əliəkbər, Əsgər Moskva Universitetində hüquq təhsili almışdılar. Bu
məqalədə onlardan biri, Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularından biri, Azərbaycanın ilk ədliyyə naziri və ilk dəfə
Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlayan Xəlil bəy Hacıbaba oğlu
Xasməmmədov haqqında bəhs edəcəyik.
Xəlil bəy 1873-cü ildə
Gəncədə anadan olub (bəzi mənbələrdə müxtəlif rəqəmlər yazılır). Mədrəsə,
gimnaziya təhsili aldıqdan sonra Moskvada ali təhsilə sahib olan Xəlil bəy, ilk
olaraq Gəncə dairə məhkəməsində işə başlayıb. Dərin biliyə, yüksək intellektə
malik olan Xəlil bəy bütün ömrünü, bilik və bacarığını millətinin azadlığı
uğrunda mübarizəyə həsr edib.
1907-ci ildə Yelizavetpol
quberniyasından 2-ci Dövlət dumasına deputat seçilən Xəlil bəy, F.Xoyski ilə
birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin
və beş komissiyasının üzvü olmuş, Xalq Azadlığı Partiyasını təmsil etmişdir. II
Dövlət Duması işə başladıqdan az sonra, 1907-ci ilin mart ayının 17-də Müsəlman
fraksiyası yenidən təsis edildi. I Dumada olduğu kimi, fraksiyaya 22 müsəlman
vəkil daxil oldu. Azərbaycandan seçilmiş Duma üzvləri də Müsəlman fraksiyasına
daxil oldular. Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov isə fraksiyanın
bürosunda təmsil olundular. Dumanın iclaslarında fəallıq göstərən Azərbaycanlı
deputatlar birmənalı olaraq Qafqaz müsəlmanlarının mənafeyi uğrunda çox gərgin
və ağır mübarizə apardılar. Xəlil bəy Duma deputatlarına bəyan etmişdir: "Dövlətimizin
siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi
quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim
üçün daha vacibdir”. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya
məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini qəti şəkildə
təklif edib.
Xəlil bəy Xasməmmədov 3-cü Dövlət
Dumasında (1907-12) Azərbaycanı təmsil edən yeganə deputat idi. O, ilk dəfə 1911-ci ildə Qori müəllimlər seminariyasının
Azərbaycan şöbəsinin Gəncəyə köçürülməsi və onun müstəqil seminariyaya
çevrilməsi məsələsini irəli sürmüş və məsələ ilə bağlı Xalq Maarif Nazirliyinə
müraciət etmişdir. Müsəlmanların maariflənməsi ilə yanaş, onların orduya çağırılmaması
da onu narahat edirdi. 1911-ci ilin noyabr ayında keçirilən iclaslardan birində
o, hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən, hərbi
mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını qətiyyətlə tələb edir.
Gəncənin ictimai
həyatında yaxından iştirak edən Xəlil bəy və qardaşları Gəncə Xeyriyyə
Cəmiyyətinin ən fəal üzvü olublar. 1913-1917-ci illər ərzində Gəncə şəhər
bələdiyyə rəisi işləyən Xəlil bəy, qardaşları Ələkbər və Əsgərlə Gəncədə yeni
məktəblərin açılmasında, şəhərin abadlaşmasında əllərindən gələni
əsirgəməyiblər. 1917-ci ilin əvvəllərindən Xəlil bəy fəaliyyətini daha çox
siyasi işlərə istiqamətləndirir. Həmin ildə Gəncədə yaradılan Türk Ədəmi-Mərkəziyyət Partiyasını
yaradanlardan biri də Nəsib bəyin ən yaxın dostu Xəlil bəy idi. O, amal
yoldaşları ilə birlikdə 1917-ci ilin aprelində Bakıda, may ayında isə Moskvada
keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında iştirak etmişdir. Həmən ilin
oktyabrında Bakıda toplanan "Müsavat” partiyasının birinci qurultayında Mərkəzi
Komitənin üzvü seçilmiş Xəlil bə,y Cümhuriyyətin qələbəsinə kimi Gəncə Qəza
İcraiyyə Komitəsinin sədri və Zaqafqaziya komissarlığında dövlət nəzarəti
komissarı vəzifələrində çalışmışdır.
Cümhuriyyətin qələbəsindən
sonra X.Xasməmmədov daha məsul vəzifələri icra etmişdir. O, 1-ci Hökumət
kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il
6 oktyabrda kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə
daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır.
İlk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlayan Xəlil bəy, bu əsasnaməni
milli maraqları nəzərə almaqla, dünyəvi dəyərlər zəmində hazırlamışdır. Heç də
təsadüfi deyil ki, bu gün də Azərbaycanda məhkəmə palatasının, onun
Əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılması Xəlil bəyin adı ilə
bağlıdır.
"Müsavat” partiyasından
Azərbaycan parlamentinin üzvü olan X.Xasməmmədov 1920-ci ilin aprelində
Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin edilir və aprel işğalı
nəticəsində Türkiyəyə yola düşə bilmir. İşğaldan bir necə gün sonra N.Nərimanovun
təkidi ilə Türkiyəyə keçməyə məcbur olur. Bu, Xəlil bəyin vətəndən sonuncu gedişi
idi. Ömrünün sonuna kimi vətən həsrəti
ilə alışıb-yanan Xəlil bəy aylar, illər ötdükcə bu acı həqiqətlə barışmalı
olur. Vətəndə bolşeviklərin əzizlərinə
yaşatdığı cəhənnəm əzabından xəbər tutan Xəlil bəy, bir daha Azərbaycana dönüşün
mümkünsüzlüyünü dərk edir.
... Xəlil bəy istəsə də, istəməsə də bu
acılarla barışmalı olur və mübarizəsini davam etdirir. O, mühacirətdə
mübarizəsini əsasən qələmi, sözü ilə apardı. "Yeni Qafqasya”, "Azəri-türk”,
"Odlu yurd”, "Azərbaycan yurd bilgisi”, "Prometey”, "Kavkaz”, "İstiqlal” və
"Qurtuluş” adlı qəzet və jurnalla da siyasi məzmunda məqalələrlə mütəmadi çıxış
edərək siyasi publisistikanın gözəl nümunələrini yaratdı.
Xəlil bəy İstanbulda
Fətəli xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin başsız qalan ailəsini hər gün
yad edir, gücü çatan köməkliyi onlardan əsirgəmirdi. O, hər iki ailənin ən
sevimli üzvünə çevrilmişdi. Elə Xəlil bəyin İstanbullu Suat xanımla ailə
qurmasına səbəb də bu iki ailə olur. Bir necə ildən sonra Xəlil bəyin oğlu
Rayfun dünyaya gəlişi, qismən onun qəlbini ovundura bilir. Amma bu xoşbəxtlik
uzun sürmür. Yeganə övladının qəfil ölümü ona sarsıdıcı zərbə vurur.
1922-ci ilin aprelində Xəlil bəy bir daha vətəndən ağır xəbər aldı.
Qardaşı Ələsgəri yenə həbs etmişdilər. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi
şöbəsinin və Azərbaycan FK-nın əmri ilə 1920-ci ilin 29 mayından 4 iyununa
qədər heç bir səbəb olmadan həbsdə saxlanılır. Ağır işgəncələrdən sonra
buraxılır. 1929-cu ilin son ayları Xəlil bəy vətəndən daha dəhşətli xəbər alır.
Xəlil bəy Xasməmmədovla qohumluq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə
məruz qalır. Əzizləri Ələkbər və Məmməd
bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə
birlikdə, şəxsi əmlakları müsadirə edilməklə Qazaxıstana sürgün edilirlər.
Beləliklə, əsilli-nəsilli Xasməmmədovları bolşeviklər darmadağın edirlər.
Həbslər, sürgünlər, güllələmələr...
1930-cu illərdə bütün
mühacirlərdə bir ruh düşkünlüyü yaranmışdı. Ağır mühacir həyatı, təqiblər, təzyiqlər,
maddi çətinliklər, Vətən həsrəti öz "işini görür”dü. Tarıma çəkilən əsəblər
mühacirlər arasında münasibətlərin soyuqluğuna səbəb olur. X.Xasməmmədov
1930-cu illərin əvvəllərində Azərbaycan Milli Mərkəzi Komitəsinin və "Müsavat”
partiyasının xarici bürosunun 3 nəfərdən ibarət (bu büro 1924-cü ildən
İstanbulda fəaliyyət göstərirdi - M.Ə.Rəsulzadə sədr, M.B.Məmmədzadə katib,
Xəlil bəy isə xəzinədar idi) rəyasət heyətinin üzvü idi. Büro daxilindəki
ixtilaflar Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələnir.
Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və Xəlil bəy Xasməmmədov
M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Hətta 1936-cı ildə Milli
Müsavat Xalq Partiyasının Varşavada keçirilən konfransında Xəlil bəy
Xasməmmədov partiya sıralarından xaric edilir.
Bunlara baxmayaraq, Xəlil
bəy "Azərbaycan davasını” ömrünün sonuna kimi davam etdirdi. Azərbaycanın bütün
Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan
X.Xasməmmədov, Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılmış
"Azərbaycan-Dağlılar Birliyi” adlanan qurumun ilk sədri seçilmişdir.
Gəncliyini, ahıllığını xalqı yolunda fəda edən Xəlil bəy, 1945-ci ildə həm
məslək yoldaşlarından küskün, həm də vətənindən, əzizlərindən nigaran dünyasını
dəyişdi! Dəyişməz olan onun müstəqil Azərbaycan arzusu oldu ki, bu gün bu
arzunun çin olması, onun ruhunu şad etdi! Ruhun şad, torpağın yumşaq olsun, vətən
fədaisi!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist



