• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Cümhuriyyətimizin varisi və yaxud ilk milli seminariyamız

07.11.19 09:30 1602
Cümhuriyyətimizin varisi və yaxud ilk milli seminariyamız
10 noyabr -ilk milli seminariyamızın, Cümhuriyyətimizin yaşıdı və varisi olan Qazax Müəllimlər Seminariyasının açılış günüdür.
1879-cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası açıldı və II Aleksandırın 1880-ci il mayın 13-də imzaladığı növbəti fərmanla seminariyanın nəzdində "tatar şöbəsi”nin (Azərbaycan bölməsinin) fəaliyyəti rəsmən qanuniləşdirildi. Şöbəyə Aleksey Çernyayevski inspektor təyin edildi. Şamaxıda kasıb rus ailəsində böyüyən Aleksey Çernyayevski qonşuları olan azərbaycanlı ailələrindən həmişə maddi və mənəvi qayğı gördüyü üçün (çoxlarından fərqli olaraq, "çörəyi dizinin üstündə” olmayıb) sonralar azərbaycanlı balalarının Qori Müəllimlər Seminariyasına cəlb edilməsində böyük rolu oynadı.
Amma Aleksey Çernyayevskidən fərqli olaraq, Azərbaycana kin-küdurət və düşmənçilik münasibəti bəsləyən bir çox seminariya əməkdaşları ilk gündən Azərbaycan bölməsini "həzm” edə bilmədilər. Azərbaycanlı seminaristlərə qarşı amansızlıq, haqsızlıq, intriqalar günü-gündən artsa da, onlar təhsil almaq xətrinə hər haqsızlığa dözdülər. Gürcüstanın Qori şəhərində açılan bu seminariya həm azərbaycanlı müəllim kadrlarının hazırlanmasında, həm də Azərbaycan ziyalısının bütöv bir nəslinin yetişməsinə yol açdı və xoşbəxtlikdən, bu yol uğurlu, düşərli oldu. Tədqiqatçı alim Rafiq Səfərov demişkən, Qori Seminariyası öz mövcudluğu və fəaliyyəti ilə Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətinin inkişafında müstəsna rol oynadı. Seminariyanın Azərbaycan bölməsinin mövcud olduğu 39 il müddətində Azərbaycan məktəbi üçün 250-yə yaxın pedaqoq yetişdi ki, onlar da öz növbəsində Azərbaycanın milli maarifçilərini yetişdirdilər. Təpədən dırnağa milli ruha köklənmiş Mirzə Cəlil, Üzeyir bəy, Səfərəli bəy və Firidun bəy kimi onlarla seminaristlər yetişmişdi ki, onların da bir istəyi, bir amalı var idi. Nəyin bahasına olur-olsun, xalqı maarifləndirmək, elmə, təhsilə cəlb etmək. Bu arzunu reallaşdırmaq üçün Azərbaycanlı ziyalılar Qori Müəllimlər Seminariyasının rəhbərliyi qarşısında ilk dəfə 1884-cü ildə Azərbaycan bölməsinin Azərbaycana köçürülməsi məsələsini qaldırdılar. Seminariya iclaslarında dəfələrlə bu təkliflə çıxış edən Səfərəli bəy Vəlibəyov (o, bu seminariyanın tələbəsi olmuş, 1881-ci ildə Seminariyada müəllim vəzifəsinə təyin edilmişdi. Növbəti yazıda onun haqqında geniş bəhs edəcəyik) hər dəfə rəhbərlik tərəfindən sərt etirazla qarşılaşsa da, fikrindən dönmədi və soydaşlarını da bu amal uğrunda ətrafında birləşdirə bildi. Səfərəli bəyin çağırışına ilk təşəbbüs geniş miqyasda seminariyanın müəllimi Firidun bəy Köçərlidən gəldi. O, 1906-cı ildə Bakıda "Nəşri-maarif” Cəmiyyətinin toplantısında çıxış edərək ziyalılarımızı bu işdə onlara dəstək olmağa çağırdı. Xoşbəxtlikdən, bu xeyirxah amalı həyata keçirmək üçün Tanrı Firidun bəyə yol açdı. Bu yol rus çarının yıxılmasından və gürcü knyazlığının başının hökumət qurmağa qarışmasından keçdi.
28 may 1918-ci il. Azərbaycanın müstəqilliyi elan edilən gün. Heç də təsadüfü deyil ki, elə həmin gün Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci Hökumət kabinəsində Xalq Maarif Komissarlığı yaradıldı. Bu faktın özü Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk gündən xalq maarifinin inkişafına necə böyük önəm verdiyini bir daha sübut edir.
Respublikada təhsilin geniş yayılması üçün ilk növbədə milli kadr qıtlığı məsələsi Parlamentdə müzakirəyə qoyuldu. Bu qıtlığı aradan qaldırmaq üçün F.Köçərli Qori Seminariyasının Azərbaycan bölməsinin Azərbaycana köçürülməsi məsələsini irəli sürərək, hökumətdən kömək istədi. Hökumət məsələyə dərhal qayğı ilə yanaşdı. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi üçün F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə ZMS Azərbaycan bölməsinin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrıldı. Bu qərardan sonra millətinə "maarif işığı” gətirməyə tələsən Firidun bəy ölümünü göz altına alaraq Qoriyə tələsir, gecə ikən gizlincə, həyat yoldaşı Badisəba xanımla seminariyanın Azərbaycan bölməsinə aid olan bütün əmlakı, sənədləri və dərs vəsaitlərini həyəcan və sevinc içində kisələrə dolduraraq qatara minirlər...
Xalqı, milləti qarşısında saysız-hesabsız misilsiz xidmətlər göstərmiş Firidun bəyin adı, məhz bu işinə görə düşüncə tariximizə qızıl həriflərlə yazılmağa layiqdir. Firidun bəy üçün ən böyük, ən şərəfli vəzifə xalqının balalarını maarifləndirmək idi. Ona görə də "4 fevral 1919-cu ildə deputatlıqdan istefa verərək Qazax Müəllimlər Seminariyasında çalışmağı üstün tutur.
Beləliklə, ölkəmizdə ilk dəfə milli seminariya Firidun bəyin bilavasitə səyi və təşkilatçılığı ilə Qazaxda fəaliyyətə başlayır. Xalq Maarif Naziri N.Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 saylı əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru F.Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru təyin edilir və Qazax Müəllimlər Seminariyasının açılışı, ilk dərs günü 1918-ci il noyabrın 10-da olur.
Bəzən sual olunur ki, seminariya niyə məhz Qazaxda açıldı? Bu mövzuda yazılan tədqiqat əsərlərində və xatirələrdə müxtəlif fikirlər var. Bəzi mənbələrdə belə qeyd edilir ki, F.Köçərli seminariyanın Ağdamda açılmasını istəyirdi. Qatar yolda ikən Gürcüstan hökuməti duyuq düşür və qatarın dalınca adam göndərir. Qatar Böyük Kəsik dayanacağını keçib Salahlıya yaxınlaşanda dayandırırlar. Xoşbəxtlikdən, danışıqlar nəticəsində qatar Tiflisə boş qayıdır, seminariyanın ləvazimatı isə Qazax bəylərinin köməyi ilə Salahlıya daşınır. Firidun bəy də qərarını dəyişir və seminariya Qazaxda açılası olur. Bəzilərində isə göstərilir ki, Firidun bəyin çağırışına ilk cavab verən Qazax əhli olub. Məşədi İbrahim Kosalı öz malikanəsini (17 otaqdan ibarət evini) xeyir-dua ilə Qazax Müəllimlər Seminariyasına verib. Firidun bəyə böyük hörməti olan Məşədi İbrahim sonralar da seminariyanın hər bir işində ona dəstək olub. Əslində Məşədi İbrahim Firidun bəyə özünü borclu sanırdı. Çünki, Firidun bəy onun oğlu Museyibi Qoriyə apararaq seminariyaya qəbul etdirmişdi. Məşədi İbrahim də bu xeyirxahlığı unutmamış, öz malikanəsini xalqının övladlarının maariflənməsi üçün vermişdi.
"Azərbaycan” qəzetinin 13 oktyabr 1918-ci il tarixli sayında F.Köçərlinin "Zaqafqaziya müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında” sərlövhəli məqaləsi çap olunub. Müəllif yazırdı: "1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında... tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi haqqında məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 10 iyun 1918-ci il tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərar qəbul edilmişdir. Tatar bölməsinin əmlakının daşınıb gətirilməsi Xalq Maarif Naziri tərəfindən bölmənin inspektoruna həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir”. Beləliklə, "Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətinin inkişafında müstəsna rol oynamış” Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi müstəqil müəllimlər seminariyasına çevrildi və ölkəmizdə ilk milli seminariyanın bünövrəsi qoyuldu. Bu bünövrənin qoyulmasında müstəsna xidmətləri olan Firidun bəyə "...Şəki, Şirvan, Lənkəran, Muğan, Qarabağ, Naxçıvan, Zəngibasar, Borçalı çökəyi, cəmi Azərbaycan, bütün türk dünyası borcludur. Çünki məhz Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsini Vətənə gətirməklə, millətinə "maarif işığı” gətirdi ki, bu işıq cəhalətdə qalan xalqını nura qərq etdi.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər