• cümə, 26 Aprel, 07:17
  • Baku Bakı 12°C

Cümhuriyyətçilərə layiq töhfə

23.06.18 10:30 1323
Cümhuriyyətçilərə layiq töhfə
Bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Bu münasibətilə ilin əvvəlindən ölkəmizdə möhtəşəm tədbirlər keçirilir. Silsilə tədbirlər ilin sonuna kimi davam edəcək. Cümhuriyyətin 100 illiyi münasibətilə, Şərqin ilk demokratik respublikasına həsr olunmuş xeyli kitablar da nəşr olunur. Belə nəşrlərdən biri də tarix elmləri doktoru Nəsiman Yaqublunun "Cümhuriyyət qurucuları” kitabıdır. Həm məzmun, həm forma baxımından çox yüksək səviyyədə olan bu sanballı əsər haqqında bir az geniş məlumat vermək yerinə düşərdi. Əvvəla onu qeyd edim ki, "Cümhuriyyət qurucuları” əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə nəşr edilib və bu möhtəşəm yubileyə müəllifin qiymətli töhfəsidir. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucularının - əsasən də dövlət idarəçiliyinə başçılıq etmiş nazirlərin həyatı və fəaliyyəti geniş şəkildə öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak edən bu istiqlal mücahidlərinin ictimai-siyasi fəaliyyətləri ilə yanaşı, bəzilərinin publisistik fəaliyyəti də kitabda ətraflı şərh olunub. Məsələn, M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, H.Ağayev, Ş.Rüstəmbəyli, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Ə.Haqverdiyevi və başqalarının publisistikasındakı "milli məfkurənin təşəkkülü və inkişafı” ideyalarının gücündən, ilk çap olunduqları mətbu orqanlardan bəhs edilir.
Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş bu şəxslərin idarəçilik fəaliyyətini əks etdirən əsərdə, zəngin arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunan elmi əsərlərdən, qiymətli və dəyərli mənbələrdən istifadə edilib. Aylarla Türkiyə, Polşa, Almaniya və Sankt-Peterburq arxivlərində, kitabxanalarında, muzeylərində axtarışlar aparan müəllif, bir daha vurğulayır ki, milli mədəniyyətin inkişafında ciddi işlər görmüş, milli dövlət quruculuğuna nail olan bu şəxsiyyətlərin əksəriyyəti yüksək hüquq təhsili almış milli ruhlu ziyalılar idi. Odur ki, çox çətin bir tarixi şəraitdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini qura bildilər və ölkədə demokratik idarəçilik sistemini formalaşdırmağa nail oldular.
Müəllif istiqlal mücahidlərinin apardıqları böyük və əzəmətli mübarizədən danışarkən qeyd edir: "Onların milli dövlət quruculuğu prosesində ən böyük nailiyyətlərindən biri 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılması oldu. Parlamentin 17 aylıq fəaliyyəti dövründə 270-dən çox qanun müzakirəyə çıxarılmış, onlardan 230-u qəbul edilmişdir”. Bu faktın özü bir daha sübut edir ki, parlament belə çətin və qısa bir vaxtda necə məhsuldar işləyib.
N.Yaqublu əsərində dönə-dönə belə bir fikri vurğulayır: "Azərbaycan Cümhuriyyətinin qurucuları yüksək istedadlı, savadlı insanlar olmaqla yanaşı, vətəni və milləti sevən, onun mənafeyini hər istəkdən üstün tutan şəxsiyyətlər idi”. Bu gün gənc müstəqil dövlətimizi yaşatmaq, qorumaq üçün biz də onların əməllərinə, adlarına layiq varis olmalıyıq. 1991-ci ildə yenidən müstəqilliyimizin bərpasına nail olarkən Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. "Cümhuriyyət qurucuları” əsərində müəllif Azərbaycan cəmiyyətinin yeniləşməsində xalqımızın istiqlala qovuşmasında, azad cümhuriyyət qurulmasında” misilsiz dərəcədə böyük rolu olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov, H.Ağayev, N.Yusifbəyli, Xasməmmədov və Ziyadxanov qardaşları kimi görkəmli şəxsiyyətlərə bu işdə daima dəstək olan Musa Rəfiyev, Ağa Əmirov, Aslan Qardaşov, Teymur bəy Makinski, Faris Vəkilov və başqaları haqqında da geniş məlumat verir. Bu faktların əksəriyyəti elmi ictimaiyyətə ətraflı olaraq ilk dəfə təqdim edilir. Nəşrdəki nümunələr böyük ideoloq M.Ə.Rəsulzadə ilə başlayır, tanınmış arxitektor Zivər bəy Əhmədbəyovla yekunlaşır.
Əslində, bu mövzu N.Yaqublu üçün yeni deyil. Hələ 1983-1986-cı illərdə Sankt-Peterburq Universitetində təhsil alarkən 20-ci yüzilliyin əvvəllərində istiqlal mücadiləsi aparan ziyalılarımızın həyatı, fəaliyyəti onun diqqətini cəlb edir. O, Ə.Hüseynzadə, Ə.M.Topçubaşov, A.Şəfikürdski və digər ziyalılarımızın Sankt-Peterburq Universitetindəki təhsil həyatı və siyasi mübarizələri ilə bağlı maraqlı faktlar əldə edərək, araşdırmalara başlayır. Bəzi tədqiqatçılarımızın hələ tərəddüd etdiyi bir zamanda (1990-cı illərdə) N.Yaqublu M.Ə.Rəsulzadə və onun amal silahdaşlarının fəaliyyətindən bəhs olunan "Ağrılı ömürlər”, "Məmməd Əmin Rəsulzadə” əsərləri ilə oxucularının görüşünə gəldi. Müəllifin "Xocalı soyqırımı” (1992) və "Ermənilər türklərə qarşı” (2014) əsərlərində bədnam qonşularımızın uzun illər bizə qarşı apardıqları məkrli siyasətindən bəhs edilir. Tədqiqatçı alimin "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” (rus dilində, Moskva-2015), "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” (türkcə, Ankara-2015), "Məhəmməd Əmin Rəsulzadə” (Azərbaycan və ingilis dillərində biblioqrafik məlumat Bakı-2014) əsərləri elmi ictimaiyyət tərəfindən çox böyük rəğbətlə qarşılanmışdı.
N.Yaqublunun əsərləri arasında zəngin faktlarla əhatə olunan dərsliklər, dərs vəsaitləri, proqramlar da var. Məsələn, "Azərbaycan mühacirət mətbuatı” buna bir daha sübutdur. "Bakının qurtuluşu” (2008), "Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” (2011), "Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi (2013), "Azərbaycan mühacirət irsi” (2014) və "Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” (2017) əsərləri məşğələlər zamanı tələbələrin daha çox istifadə etdiyi mənbələrdəndir.
Cümhuriyyətimizin 100 illiyinə dəyərli bir töhfə olan "Cümhuriyyət qurucuları” əsəri Azərbaycan xalqının şərəfli dövrü olan Azərbaycan Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, görkəmli dövlət xadimləri haqqında maraqlanan hər kəs üçün çox dəyərli bir mənbədir. Xüsusən də, bu kitab tarix, jurnalistika, beynəlxalq münasibətlər üzrə təhsil alan tələbələr, doktorantlar üçün nəzərdə tutulub. Sonda bir oxucu olaraq müəllifə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını fəda etməkdən çəkinməyən bu liderlərin əməlinə və amalına layiq əsər ərsəyə gətirdiyi üçün minnətdarlıq edir və yeni-yeni əsərlərlə oxucularının görüşünə gəlməsini arzu edirik.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər