Cümhuriyyət bayramımız
Azərbaycan xalqının hər il
may ayında böyük qürur hissi və fəxarətlə qeyd etdiyi bir gün var: 28 May
Respublika Günü. Həmin gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə
yazılıb. Bu şanlı tarix Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu,
böyük mücadilələrdən keçərək qurbanlar hesabına əldə edilən müstəqilliyin
bayramıdır. 28 May tarixi hər bir Azərbaycan vətəndaşının milli qürur hissi
duyduğu və fərəhlə qeyd etdiyi Gündür. Məhz həmin tarixdə Şərqdə ilk demokratik
dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan
edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Bu il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ili tamam olur. Bir əsr
əvvəl bu coğrafiyada demokratik və hüquqi bir dövlətin elan edilməsi imperiya
əsarətində ağır məşəqqətlərə məruz qalmış Azərbaycanın milli azadlıq
mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik
ənənələrimizin məntiqəuyğun davamı idi. Müstəqilliyini bərpa etdikdən sonra bu
bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə
Cümhuriyyət dövrü yenidən vərəqlənir, mücadilənin tariximizdəki yeri və roluna
ətraflı nəzər salınır. Keçilən yolun, yaşanan tarixin nə qədər şərəfli və böyüyən nəsil üçün
layiqli örnək olması diqqətə çatdırılır.
Milli oyanışın məntiqi nəticəsi
Aazadlıq və müstəqillik arzusu
ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində - 1918-ci ilin 28 mayında
istəyinə qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən
müstəqil bir respublikanın yaranması dünyaya bəyan edildi. Xalqımız həmin
tarixdə çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad
oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün
Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni
bir mərhələ, tarixi hadisə oldu. Müsəlman Şərqində ilk demokratik respublika
olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi,
ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi
proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının,
yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan
edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət
göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy
Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib
bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Səmədağa Ağamalıoğlu,
Yusif Vəzir Çəmənzəminli, İbrahim Əbilov və digər fikir adamlarının böyük
xidmətləri olub. Onlar görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar,
peşəkar hərbçilər, aydınlar idi. Onlar öz mücadilələri ilə adlarını tariximizin
səhifələrinə əbədi yazıblar.
AXC Avropanın demokratik
dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən
yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən
tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf
yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik
hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı
olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox
Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan
dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi
diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması və s. işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin
miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
İlk cümhuriyyətimizin
yaranması tarixin keşməkeşli vaxtına təsadüf etmişdi. Müxtəlif maraqlarla
ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc
dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Azərbaycan
Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Bununla da Türk
dünyasının ilk müstəqil dövləti süquta uğradı.
"Bugünkü Azərbaycan,
müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq
Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”
- deyən Prezident İlham Əliyev
2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. "Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün tarixi hadisədir. Ona
görə ki, ilk dəfə idi müsəlman aləmində demokratik respublika yaranmışdı. Bu
respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaratmışlar. Biz
təbii olaraq bununla fəxr edirik. Məhz bizdən sonra digər müsəlman ölkələrində
demokratik respublikalar yaranmağa başlamışdır. Azərbaycan xalqı və dövləti
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük
hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Əfsus ki, Azərbaycan Demokratik Respublikasının ömrü
uzun olmadı. Respublika iki ildən sonra süqut etdi. Biz bu gün də Azərbaycan
Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini
dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və
suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və
möhkəmləndirmək lazımdır. Bu, bir daha
onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”- deyə
ölkə başçısı qeyd edib.
Azərbaycanın müstəqilliyinin yeni mərhələsi
70 il keçəndən sonra Azərbaycan
xalqı yenidən ayağa qalxıb öz azadlığını və müstəqilliyini əldə etdi. Düzdür,
bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi.
1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz
müstəqilliyini elan etdi. Heç şübhəsiz, 1991-ci ildə bərpa edilən müstəqillik
böyük tarixi şans, böyük sərvət idi. Ancaq əfsus ki, o illərdə ölkəmizə
rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Özbaşınalıq,
iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş
müharibəsinə gətirib çıxardı. Belə bir vəziyyətdən istifadə edən erməni
işğalçıları torpaqlarımızı zəbt etdilər. Həmin ağır və faciəli şəraitdə xalq
Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni
mərhələsinə qədəm qoydu. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə
hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi.
Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun dövlət quruculuğu prosesi başlandı. Bunun məntiqi nəticəsi olaraq xalqın
həyatının bütün sahələrində baş verən dirçəliş müasir və müstəqil Azərbaycan
dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, xalqımız
yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini
əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb
vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi
bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə
davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Milli Ordunun formalaşdırılması,
Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ölkə
daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı
artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin
müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi
ulu öndər tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi
inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin
parlaq təzahürüdür.
"Bundan sonra da müstəqillik yolu ilə gedəcəyik”
Bu gün ulu öndərin siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş
cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış
nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial
islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf
etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər
görülür.
Prezident İlham Əliyevin
dediyi kimi, bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə mümkün olub: "Müstəqilliyin
əhəmiyyəti bu gün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü
olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad
xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bundan
sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.
İnanıram ki, Ali Baş
Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcəyimiz gün də çox uzaqda
deyil. Ölkə başçısı dəfələrlə qeyd edib ki,
siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllidir. Dövlət başçımızın yürütdüyü uzaqgörən siyasətlə
münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllini
tapacağına əminik.
İnanırıq ki, ulu öndərin
qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək. Müstəqil
olmağımız, regionda lider dövlətə çevrilməyimiz, nüfuzumuzun gün-gündən
beynəlxalq aləmdə artması, biz hüquq mühafizə orqanları işçilərinin qarşısında
da böyük məsuliyyət qoyur. Ümummilli liderin istiqamətləndirdiyi yolla uğurla
addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin
möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz olmaqla yanaşı,
həm də şərəf işimizdir.
Pərviz
İbayev,
Bakı
şəhəri, Nizami rayon prokuroru,
baş
ədliyyə müşaviri