AZE | RUS | ENG |


Cənub ədəbiyyatı - Susən Nəvadeye Rəzi

Cənub ədəbiyyatı - Susən Nəvadeye Rəzi
1963-cü ildə Təbriz şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildən şeirləri, nağılları mətbuatda çap olunur. Eyni zamanda bu tayın qəzet və jurnallarından bədii mətnləri köçürüb (əlifbasını dəyişib) Güneydə çapa verib. İndiyə kimi 3 kitabı - "Şəlalələr şələsi” (şeirlər), "Arzuların yeni Gülşən bağı” (nəsr), "Ənnəmnən mən” (folklor) -  çap olub.
 
BİZİM ÜRƏK
Bizim ürək
Alma ağacları gül açanda, açar,
Tənbəkigülü Şahgölüdə                                 
ətir saçanda açar.
Bizim ürək ceyran kimidir, -
Dağda-daşda ovçu əlindən
ürkək-ürkək qaçanda açar.
Quş kimidir bizdə ürək
Göy məscidin təvafına gedər,                 
Ərkin başına
dolanıb uçanda açar.
Bizim ürək şairdi, şair!
Təbrizi şərbət kimi
Qurtum-qurtum içəndə açar...
  
ƏBƏDİYYƏTDƏ VƏTƏNİN ADI NƏDİR

Əbədiyyət nə cür bir şeydir -
ordadamı qurbət var?
Ordadamı ayırırlar adamları -
öz özündən?
Bir-birlərindən,
və kimliklərindən?
 
Əbədiyyət nə rəngdədir -
Göy rəngi varmı?
Qırmızısı necə,
və yaşılı?
Mənə bir şal gətir əbədiyyətdən
yel qaçırtsa, burax qaçırtsın,
Mən qara rəngi heç sevmirəm axı.
 
Ordadamı sevəni incidirlər,
qan uddururlar vurğunlara?
Əbədiyyətdə vətənin adı nədir,
Sevmək olarmı qorxmadan vətəni?
Özünü,
dilini?
Diləyini mənimsəmək olarmı hədə qorxusuz?
"Sevirəm” demək olarmı sevgilinə,
qara yaxılmadan adama?
Urmu gölüsü necə -
Urmusunu gəlin-gəlin çürütmürlərmi görəsən?
Mən əbədiyyətdə adam doğmayacam
Böyüyüb alagöz ceyranları ovlayar birdən...
 
VER XƏYALININ QANADINI
 
Ver xəyalının qanadını
xəyalımın qanadına
Quşlaşaq.
Quşlaşıb, hər şeyə rəğmən
Zamansız Təbrizin göylərində uçaq -
Eynalıdan vuraq Şahgölüdən çıxaq,
Gülüstan bağının ağaclarında oturaq,
Ərkə baxaq.
Göy məscidə qaş göz oynadaq,
Vağzaldan uçaq qonaq Saman meydanına.
Dəvəçi bazarçasına yetişəndə
yenə adamlaşaq,
Üstü örtülü bazarları gəzək -
Küçəbəküçə
Dalanbadalan...
İki qapılılar,
Sandıqçıbazar,
Pambıqçıbazar,
Zərgərəbazar,
Misgərəbazar,
Yunçubazar,
İpçibazar,
Fərşçibazar,
Dəlləzənxana,
Başmaqçıbazar...
və o pinti cızbızçıda
Cızbız yeyib ayran içək, dincimizi alaq.
və sən mənə şeirləşdirincə bu gəzintini
Mən başdan-ayağa qulaq olum sənin üçün.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001