• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Cənub ədəbiyyatı

30.01.17 10:49 11778
Cənub ədəbiyyatı
Gənc şair Arəş Əhmədi Arazın ikiyə böldüyü Culfa şəhərinin Güney tayında 1985-ci ildə doğulub. Belə demək mümkündwrsə o, şeirə mütaliədən gəlib. Modern şeirlər yazır.

SÜFRƏMİZİ YIĞMADAN KÖÇDÜK
SÜFRƏMİZ YADLARA QALDI


hava,
sənsizlik havasıdır
soyuq, sazaq, susqunluq...
otağım,
sənsizlik şəhəridir
xiyabanları darmadağın,
küçələri işıqlanmaz
hər tərəfdə qaranlıq
hər yanda bezginlik

aynam,
toz tutmuş
yoxluğunu calayır üstümə
göstərdiyi sənsizlik
yansıtdığı yalqızlıq...

şeir dəftərim
kağızlar üstə intihar
sən,
xəyanətin ikinci adı...
mənsə,
bu sevginin sonuyam...!

***

bir ağır və dərin fəlsəfi kitab kimisən !
oxuduqca itirəm
itirib tapıram sonralar bəzən özümü səndə...
oxuduğumun başlanğıcındasan
saçların xəyallarımı dalğalandırır
qorxuram axırındandan...
qorxa-qorxa oxuyuram
qaşların düşür yadıma
ikinci bölümdəyəm, gözlərinin dənizində
üzmək istəyirəm qorxa-qorxa
kirpiklərini sınırlar buraxıram !
yanaqlarını qırmızı almatək dişləyirəm
dodaqlarına toxunuram...
yasaq,
səsində etirazla sevgi !
qorxunu sınıram sətir-sətir...
ölürəm
əllərini tutmadan
ayaqlarınla yerimədən bu yolu,
bu şeirin sonlarını senzuradan keçirmədən,
ölürəm...
səni sevmədən !

***
sən ol,
gözlərindən çay içim o aylı gecədə
hər nəfəsin çaxırlı siqaret
şeir yağır dodaqlarından
keflənirəm...
bu xəyalların pəncərəsində,
ay əlçatmaz
qırmızı almam mənim !

***
axsaqdır kəlmələrimin qıçı
çolaq doğulur şeirlərim
tans edə bilmir önündə
bunu bilirsən

vurulursan başqasına
kəlmələrlə yallı gedən şair dostuma
şeirdir gözlərin
şairi mən ola bilmədim
sabah şairlikdən istefa verəcəyəm
bunu düşünürəm...

PAYIZ GEDİR

Payız gedir...
Fəsillərin sarı gəlini !
Çantasında yarpaq daşıyır
Sevginin son pəncərəsi bağlanır
Payız gedir...
Yağışlı küçələrdə,
Gizli görüş yolları ilə

Bütün kafelərdə
Yalnız bir kişi qaldı

İki fincan çay...
Payız gedir....

***
gözlərimin əlində qalmışam
sənə doğru qaçırdır baxışlarımı
ayaqlarımdan yorulmuşam
sənə doğru gətirir yollarımı
əllərim,
ac əllərim...!
əllərimə yazığım gəlir,
çox borcluyam onlara
sadəcə səndən sarı ağlayırlar sətir-sətir
bu arada edama məhkum edib gözlərin qəlbimi
səni sevməyə xatir, yaşıl gözlüm!

***
dən axtarır
niyə yollara bel bağladın ?
bu mənin sonunu oxuma
bu məndə, sevgi xəzəl-xəzəl xışıldayır !
unutmalıyam ?!
10 ildir, nazlım,
10 il....
hər gün ölüm,
hər gün siqaret,
və hər gün sən varsan önümdə,
otağımda tərsinə asdığım güzgüdə səni görürəm
hər baxdığımda...
o pəncərə qarşımda !

SƏNSİZLİYİ YAŞAYIRAM

səndən sonra
qol saatım dayandı
otağım ağladı gedişini
amma
geriyə qaytara bilmədi səni
şeir dəftərim yad oldu səni
unutdu sənli günləri...

sənsizliyi yaşayıram
hansı fəsil olursa olsun
hansı saat,
hansı şəhərin viran qalmış
meydanında çalırsa çalsın
mən sənsizliyimdə
soyuq və acı bir fəsildə dayanmışam
bax
qollarımı sərmişəm yollara
gözlərimi asmışam pəncərəyə
gəlişini hardan gözləyim....?

ÖZGÜRLÜK

Azadlıq...
qardaşımın xiyabanlarda tapdalanmış beli
bacımın dar kəndirinə hörülmüş saçı
özgürlük...
əlimdə bir əl bombası
ruhumda axışan tuğyanlar seli...

***

Mənim röyalarım,
bu gecə sənlə doludur...
şair deyiləm
ama bu gecə
səni yazmağım gəlir...
bu şeir
səni mənə gətirəcək
məni məndən alıb
sənə yetirəcək
məni qurtaracaq bu şeir....

***
Görüşünə gələ bilmədim
Darıxmalarımı məktub yazıram
Danışsın sənə...

Xəyalımı daraq göndərəcəyəm
Xəyalını darasın
Hörəsən hər gecə...

Gözlərimi güzgü tax divarınıza
Mən sənə baxım,
Sən mənə baxanda...

Bir palıd ək sevgimizi
Ürək bağçanda
Su ver dözümümlə
Yetişdir mənsiz
Kölgəsində...
Görüş bitəcək bir gün, bilirəm.

Həsrətlərimdə bir vətən toxumu ək
Adını "Azərbaycan” qoy çiçəklənincə...

Saray olub boğuldu sevgim
Araz axan sənsizlik çayında
"Nəbi" öldü
Sürgün düşdü yalqızlıq dağlarında
Güllələr divar oldu
Bağışla sevgilim...
Gələ bilmədim !

Bir gün görüşəcəyik əlbət ki,
Bir mən olacağam,
Bir sən,
Bir "Özgürlük"
Bir də
"Azərbaycan” olacaq, Sevgilim!
Arəş Əhmədi
banner

Oxşar Xəbərlər