AZE | RUS | ENG |

Cəmisi 5 filmlə Azərbaycan kino sənətində əbədi yer tutan rejissor

Cəmisi 5 filmlə Azərbaycan kino sənətində əbədi yer tutan rejissor
Rac Kapur ona "Hindistana gəl, səni milyoner edərəm” demişdi

Rejissorsuz nə teatr, nə də ekran əsəri mövcuddur. Qəribəsi də budur ki, ən uğurlu tamaşanın da, bədii filmin də, elə operanın da, baletin də həmişə ifaçılarından, libretto və ssenari müəlliflərindən, bəstəkarlarından, hətta bədii tərtibatından da ətraflı danışılır. Bəzi tamaşalara, filmlərə də baş rolun ifaçılarına görə maraq göstərilir. Nadir hallarda bu yaradıcı məhsulun uğurlarından söz açanda rejissor zəhmətini də xatırlayanlar olur. Halbuki hər bir əsərin istər teatr səhnəsində, istərsə də ekranda öz əksini tapmasında rejissor əməyinin əhəmiyyəti danılmazdır. Teatr sənətinin görkəmli nümayəndəsi unudulmaz Həsənağa Turabov söyləyirdi ki, Azərbaycan teatrı və kinosu təkcə korifey aktyorların hesabına deyil, həm də bu ağır yükün altına girərək onu şərəflə irəliyə doğru aparan rejissorların sayəsində inkişaf tapıb. İstər teatr, istər kino sahəsində fəaliyyət göstərən, əməyi bu gün də unudulmayan, Azərbaycan rejissor sənətində bir məktəb yaradan ustadlar çox olub. Onlardan biri də kino tariximizdə dərin iz qoymuş əməkdar incəsənət xadimi Hüseyn Seyidzadədir. Şərəfli bir şəcərəyə mənsub Seyidzadələrin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri var.

Hüseyn Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan şəhərində anadan olub. 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində İrəvandan baş alıb qaçan ailələrdən biri də Seyidzadələr idi. Onlar əvvəl Tiflisdə, sonra Bakıda məskunlaşıblar. Hələ 15 yaşında ikən fabrikdə çalışan Hüseyn Seyidzadənin kinoya böyük marağı var idi. Bu səbəbdən də mədəniyyət ocaqlarında fəaliyyət göstərən özfəaliyyət kollektivlərində iştirak edirdi. Sonralar sorağı İşçi Teatrından gəldi. O zaman Azərbaycan teatrının gənc kadrlara böyük ehtiyacı var idi. Hüseynin yaratdığı rollar mütəxəssislərin diqqətini çəkirdi. Bu səbəbdən də 1928-ci ildə onu indiki Sankt-Peterburq şəhərinə göndəriblər. Gənc aktyor burada - Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib. Bakıya qayıtdıqdan sonra onu kinostudiyada işə götürüblər. Hətta o vaxtların səssiz kinolarından birində neftçi rolunu da yaradıb. 1931-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa gedərkən Hüseyn Seyidzadənin 21 yaşı vardı. Hüseyn Seyidzadənin dərs aldığı insanlar artıq dünyada tanınmış, böyük sənətkarlar idi - Mixail Romm, Lev Kuleşov, Sergey Eynşteyn və başqaları. 1936-cı ildə Bakıya qayıdan Hüseyn Seyidzadə bir sıra bədii və sənədli filmlərin çəkilişində rejissor assistenti, dublyaj rejissoru işləyib. İlk dəfə ona tələbə yoldaşı Niyazi Bədəlovla birlikdə "Ayna" adlı bədii filmi çəkməyi tapşırıblar. Lakin indi də məlum olmayan səbəblərə görə, həmin filmin çəkilişi dayandırılıb. Bir neçə ildən sonra yarımçıq qalmış ekran əsərinin materialları əsasında Hüseyn Seyidzadə "Sovqat" adlı qısametrajlı bədii filmə quruluş verib. Qəlbi arzularla coşub-daşan, Azərbaycan kino sənətində bir rejissor kimi öz izini qoymaq istəyən Hüseyn Seyidzadə, əslində, ağrılı taleyi olan bir sənətkar idi. 1937-ci ilin repressiyaları onu caynaqlarına çəkib gedər-gəlməzə aparmasa da, ürəyinə silinməz dağlar vurub. Gah partiya sıralarından çıxarıblar, gah ona şiddətli töhmət veriblər, gah da "sonuncu xəbərdarlıq"lar ediblər. Səbəb nə idi? Gənc rejissoru nədə ittiham edirdilər? Bu faciədən qurtulanların bir qismi başını aşağı salıb suların durulmasını gözləyir, bir qismi sarsıntı içində əzab çəkir, bir qismi isə fürsəti fövtə vermirdi. Tanınmış insanlar, ziyalılar, istedadlı şəxslər barəsində yuxarılara böhtan dolu "məlumat"lar göndərirdilər. Belə şantajdan biri də Hüseyn Seyidzadənin ünvanına oldu. Guya o, tərcümeyi-halında bəzi məsələləri gizlədib. Bildirməyib ki, Türkiyədə onun qohumu var, partiyanı aldadıb ki, kəndli oğludur. Əslində, onun atası İrəvan şəhərinin varlı əyanlarından - tanınmış tacirlərindən olub və sairə. Hətta İkinci Dünya müharibəsindən geri qayıtmayan qohum-əqrəbanın da həlak olmasını, yaxud da itkin düşməsini bir sıra müəmmalara bağlayaraq Hüseyn Seyidzadəni ləkələyib sıradan çıxarmaq istəyiblər. Bütün şər qüvvələrin təzyiqindən min bir əziyyətlə qurtulan Hüseyn Seyidzadə öz sənəti ilə məşğul olmağı bacardı. O, anadan elə rejissorluq üçün doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino sənətini şöhrətləndirə biləcək əsərlər yaratdı. 1956-cı ildə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasını Hüseyn Seyidzadə ekranlaşdırdı. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. Film müxtəlif beynəlxalq kinofestivallara göndərildi və yüksək dəyərləndirildi. Məhz bu filmlə Hüseyn Seyidzadə yüksək səviyyəli rejissor olduğuna hamını inandırdı. Təsadüfi deyil ki, Azərbaycan kino sənətinin parlaq səhifələrini yazan bu məşhur film dünyanın 60-dan çox ölkəsini dolaşıb.

Hüseyn Seyidzadənin taleyi əvvəldən gətirməmişdi. Onu uğurla uğursuzluq daban-dabana izləyirdi. İndi də böyük həvəslə baxdığımız "O olmasın, bu olsun" filmi ilə bağlı ötən əsrin ortalarında mətbuat səhifələrində haqsız tənqidlər baş alıb gedirdi. Rejissoru motivsizlikdə qınayaraq onu "primitiv əhvalatlar çəkən rejissor" adlandırırdılar. Amma tarix özü də sübut etdi ki, bu bənzərsiz film əbədiyaşardır. Onun çəkilməsindən 60 il ötsə də, yenə maraqla izlənilir, sevilir.

1959-cu ildə Hüseyn Seyidzadə "Koroğlu" filminin çəkilişinə başlayıb. Rejissorluq yaradıcılığında ikinci filmi olan bu ekran əsəri də kino tariximizin ən parlaq səhifələrindən biridir. Yenə də Hüseyn Seyidzadənin başı bəlalar çəkdi. Filmin ssenarisi Moskvada əsaslı dəyişikliyə məruz qaldı. Bu da bəllidir ki, filmin ilk variantı rus dilində lentə alınıb. Bu filmin çəkilişində rejissor o qədər təzyiqlərə məruz qalmışdı ki... Özü sonralar dostlarına deyərmiş: "Koroğlu" istədiyim kimi alınmadı, fikirləşdiyim kimi çəkməyə qoymadılar".

Hüseyn Seyidzadənin üçüncü filmi "Yenilməz batalyon" oldu. 1965-ci ildə çəkilən bu film Qılman İlkinin "Qalada üsyan" adlı romanı əsasında ekranlaşdırıldı. Kinoşünas Aydın Kazımzadə söyləyir: "Yenilməz batalyon" istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından Hüseyn Seyidzadənin mükəmməl işlərindən biridir".

Tamaşaçıların çox sevdiyi və Azərbaycan kino sənətində yeni bir mərhələ olan "Dəli Kür" filmini də 1969-cu ildə məhz Hüseyn Seyidzadə ekranlaşdırıb. İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilən "Dəli Kür" filmi Azərbaycan kinosunun şah əsərlərindən biridir. "Dəli Kür"ün ictimaiyyət tərəfindən məhəbbətlə qarşılanması Hüseyn Seyidzadəni ruhlandırırdı. Təbii ki, bu filmin də ssenarisində dövrün, quruluşun redaktəsi müəyyən mənada öz işini görmüşdü. 

 Hüseyn Seyidzadənin sonuncu filmi isə "Qayınana" kinokomediyası olub. Xatirələrdən bəlli olur ki, əslində yeni ekran əsərinin ona tapşırılması Heydər Əliyevin göstərişi ilə olub. Teatrda tamaşaya baxan Ümummilli lider  bildirib ki, "Qaynana”nı ekranlaşdırmaq lazımdır və bu filmi də mütləq "O olmasın, bu olsun” filmini çəkən rejissora tapşırmaq lazımdır. 

 Mütəxəssislər söyləyirlər ki, Hüseyn Seyidzadə kinorejissor kimi çox istedadlı idi. Onun yaradıcılıq imkanları geniş olub. Amma nədən 43 il ərzində cəmi beş film çəkib? Onun həyatına bələd olduqca, anlayırsan ki, bu rejissor bir tərəfdən quruluşun amansız repressiyaları ilə mübarizə aparırmış, o biri tərəfdən isə kino haqqında fikirləşirmiş. Bütün bunlar da onun səhhətinə təsir edirdi. Tez-tez xəstələnirdi. Aydın Kazımzadə danışır ki, "Dəli Kür" filmi ilə əlaqədar Hüseyn Seyidzadəni çox sorğu-suala tutdular. Özü bu barədə söyləmişdi: "Bu filmi təhvil verərkən mənə finalı dəyişdirməyi məsləhət gördülər. Üstüörtülü dedilər ki, əks-təqdirdə film ümumiyyətlə ekranlara buraxılmayacaq". "Dəli Kür"ün kitab variantında göstərilir ki, kazaklar gəlib Cahandar ağanın torpaqlarına zorla sahib olmaq istəyirlər. Cahandar ağa da onlarla mərdi-mərdanə vuruşur. Filmdə isə tamam başqa təsvir görürük. Cahandar ağa Allahyar tərəfindən ailə-məişət zəminində qətlə yetirilir. Milli dəyərlərə bağlılıq Hüseyn Seyidzadəni həmişə həyat reallığına sadiq olmağa kökləyirdi. Bəlkə də ona görə tarixi mövzularda film çəkməyə daha çox meyil göstərirdi ki, sovet quruluşunun diktəsindən kənarda qalsın. 

Onun haqqında yazılanlardan məlum olur ki, məşhur hind aktyoru Rac Kapur Bakıda olarkən Hüseyn Seyidzadənin filmlərinə baxaraq heyrətlənib. Azərbaycanlı rejissora öz təklifini də bildirib: "Hindistana gəl, səni milyoner edərəm". Təbii ki, vətənini həddən artıq sevən Hüseyn heç hara getmədi. Doğmaları söyləyirlər ki, onun ən böyük arzularından biri də Natəvan haqqında film çəkmək idi. Qəfil ölüm hər şeyi yarımçıq qoydu.

Bəzən cild-cild kitablar yazan müəlliflər elə sağlığında unudulur. Amma bir bayatısı ilə ədəbiyyatda əbədi qalanlar var. Əslində, uzun ömür yaşamayan, imkanlarından, yaradıcılıq qabiliyyətindən çox da istifadə edilməyən Hüseyn Seyidzadə beş filmi ilə Azərbaycan kino sənətində əbədi yer tutdu. 

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000