• cümə, 26 Aprel, 18:05
  • Baku Bakı 22°C

Cəlil Məmmədquluzadənin publisistikası - MİRZƏ CƏLİL – 150

04.04.19 10:00 3515
Cəlil Məmmədquluzadənin publisistikası - MİRZƏ CƏLİL – 150
"Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
"Molla Nəsrəddin” satirik publisistika məktəbi bəzi istisnalar nəzərə alınmazsa, demək olar ki, öyrənilməyib. Cəlil Məmmədquluzadənin bu sahədəki fəaliyyəti mollanəsrəddinçiliyin özəyi və təməl daşıdır. O, hələ "Şərqi-Rus” qəzeti redak­siyasında işləyərkən, dərc etdirdiyi məqalələri ilə mollanəsrəddinçiliyin əsasını qoymuşdur. Ancaq Mirzəcəlilçi mollanəsrəddinçilik təlim olaraq 1906-cı il, aprelin 7-dən başlayıb. Cəlil Məmmədquluzadənin bilavasitə rəhbərliyi ilə keçirilən bu möhtəşəm yaradıcılıq təlimləri 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda baş tutub.
İndi mollanəsrəddinçilik xüsusi bir təlim kimi öy­rənilir. Bu təlim kitabında tənqidi-realist ədəbiyyatın poeti­kasından, ideya-bədii istiqamətlərindən bəhs edilir. Molla­nəsrəddinçilik azərbaycançılıq ideyasını reallaşdırmaq üçün təlim kitabıdır. Bu təlim kitabının baş müəllifi Cəlil Məmmədquluzadədir. Azərbaycanda tənqidi-realist ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və xüsusiyyətlərini müəyyən edən ideya-estetik prinsiplər mollanəsrəddinçilikdə öz əksini tapmışdır.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadə (1869-1932) 37 yaşında ikən "Molla Nəsrəddin”i yaratdı, jurnal qapananda isə o, 62 yaşın içində idi. Həm bu 25 ilin publi­sistika çərçivəsində, həm də ondan əvvəlki ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz cığırlar açdı: satirik ədəbiyyatın, satirik publisistikanın, karikatura sənəti­nin əsasını qoydu, ilk rəngli şəkilli jurnal yaratdı, kiçik heka­yənin böyük ustadı oldu, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi şöhrət qazandı, bir sözlə, milli satirik ədəbiyyatın mollanəs­rəddinçilik ədəbi təlimini formalaşdırdı, bununla da azərbay­cançılıq ideyasının ədəbiyyatda və publisistikada, ictimai fikirdə əsas yaradıcılarından biri kimi milli qan yaddaşımızda əbədilik qazandı.
"Molla Nəsrəddin” jurnalında Azərbaycan nəsrinin, şeirinin, publisistikasının, karikaturasının əbədiyaşar nümu­nələri öz əksini tapmışdır. Bu əsərlər öz dövründə müasirləri üçün ədəbi məktəb rolunu oynamış, indi də oynayır və gələ­cəkdə də bu missiyanı yerinə yetirəcək.
Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayən­dəsi Cəlil Məmmədquluzadənin yüksək təşkilatçılığı ilə bir araya gələn əməl dostları - Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz Şəbustəri, Məmmədəli Nasir və onlarla digər gör­kəmli Azərbaycan ədibi mollanəsrəddinçiliyin fədakar nüma­yəndələri olmuşlar. Mollanəsrəddinçilik həmin böyük şəxsiy­yətlərin məsləyinə, həyat amalına çevrilmişdir. Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin” ədəbi məktəbinin proqramıdır.
"Molla Nəsrəddin” ədəbi məktəbinin bütöv yaradıcılıq proqramı bu möhtəşəm təlim kitabında dolğun əksini tapmış­dır. Proqramın əsasını isə milli müstəqillik və azadlıq uğrun­da mübarizə təşkil edir. "Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri, başda Cəlil Məmmədquluzadə olmaqla milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişlər. Bu mənada "Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Yaxud milli istiqlal uğrunda mübarizə döv­rün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddin­çilikdən keçir .
Mollanəsrəddinçilər ictimai satiranın, gülüşün gücün­dən maksimum yararlanmaq, bunun vasitəsilə də cəmiyyəti dəyişmək, inkişaf etdirmək istəyirdilər. Onlar həm də demokratik ideyaları - insan hüquq və azadlıqlarını ədəbiyyatda və publisistikada əks etdirmiş, ictimai fikrə aşılamaq missiyasını uğurla yerinə yetirmişlər.
Mollanəsrəddinçilik - mollanəsrəddinçilərin özünə­məxsus yaradıcılığı və bu yaradıcılıqda əks olunan azərbay­cançılıqdır. Xalqı milli istiqlala qovuşdurmaq mollanəsrəddinçilərin əsas məqsədi olmuşdur. Məhz bu səbəbdən xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə hazırlamaq və sövq etmək mollanəsrəddinçilik təliminin ana xəttini təşkil edir. Bu ana xəttin reallaşdırılması üçün birinci, millətin özünəqayıdış prosesini yönləndirmək lazım idi. Sonra onun özünüdərkinə yardımçı olmaq, milləti ayıltmaq və siyasi oyanışını təmin etmək lazım idi. Bütün bunları mollanəsrəddinçilər sistemli olaraq həyata keçirməyə, vahid məcraya salmağa nail oldu­lar.
Mollanəsrəddinçilik ədəbiyyatımıza novatorluq ənə­nələri bəxş etmişdir. Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik təlimini yaratmaqla, Azərbaycan ədəbiyyatı tarixinə islahatçı bir ədib kimi düşmüşdür.
Mollanəsrəddinçilik – yeni novator yazıçıların yaradı­cılığı üçün əsaslı zəmin olan əbədi məktəbdir.
Mollanəsrəddinçiliyin fərqlənən cəhətlərindən biri də bədii əsərlə təsviri sənəti, hekayə və felyetonla karikaturanı birləşdirərək, bir araya gətirməsidir. Mollanəsrəddinçilik həm də karikaturada özünü ifadə və təsdiq etmişdir.
Mollanəsrəddinçiliyin qabarıq təzahürü "Molla Nəsrəd­din” ədəbi məktəbi nümayəndələrinin bədii yaradıcılıqlarının bütün sahələrində və publisistik əsərlərində aydın görünür.
Cəlil Məmmədquluzadə yaradıcılığında məmləkət və millət ideyalarının ifadəsi publisistikasında dolğun əks olun­muşdur. Azərbaycan məmləkəti ideyasına bir neçə mühüm bucaqdan yanaşmaq olar: Azərbaycan məmləkətinin tarixi ərazi bütövlüyü; Azərbaycan məmləkətinə vətəndaş məhəbbəti; Azərbaycan məmləkətini sivil görmək arzusu.
Ədibin azərbaycançılıq ideyası, Azərbaycan məmləkə­tinin tarixi ərazisi və bütövlüyü haqqındakı fikirləri "Azərbaycan” məqaləsində daha qabarıqdır:
" ...dilimin adı türk-Azərbaycan dilidir, ...Vətənim də Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutmuş, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanın­dan və Bayaziddən ibarət olsun”. Vətəndaş ədibin çağırışı belədir: "Vətən, vətən, vətən, Dil, dil, dil, Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-nöi bəşər üçün özgə nicat yolu yoxdur” .
Ədib, Azərbaycanın bütövlüyünün böyük carçısı idi. Bütövlük uğrunda mübarizədə millətə dostu, düşməni tanı­mağı məsləhət görür, mübarizə üsullarında fanatizmi rədd edirdi. "Tarix” adlı felyetonunda mübarizələr tarixinin ibrəta­miz dərslərini xatırladaraq yazır: "İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eyləyiblər, - dəxi sən həmin səhvi eyləmə”. Bu, birbaşa və dəqiq tezisdən sonra publisist əsas mətləbə keçir. Bu mətləbdə vaxtı ilə İranda öz azadlığı uğrunda mübarizəyə girişmək fikrində olan həmvətənlərimizin bu mübarizədəki qeyri-real hərəkəti açıqlanır: "Tehranda balaca uşaqların düş­mən qabağına quran götürüb çıxmaqları gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuya­caqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eyləyib havaya uçurtdu. Bu, bir tarixdir ki, bəni-növi bəşər üçün bir ibrət olacaq”.
Bundan sonra Cəlil Məmmədquluzadə əsl mətləbə keçir. Əsl mətləb isə Azərbaycandan həmişə torpaq iddiası ilə bəd əməllərə əl atan ermənilərə qarşı mübarizəs ilə bağlı­dır. Müəllif bu yerdə ən yaxın tarixdən misal gətirərək yazır: "Erməni-müsəlman davasında Şeytanbazar müsəlmanları Quranın ayələrini kağız üstə yazıb yapışdırmışdılar divarlara ki, evlərinə xətər toxunmasın; amma bu evlərin çoxuna od düşəndə, hər bir şeydən qabaq bu dualar alışıb yandılar; çünki kağız taxtadan və daşdan tez yanar”. Cəlil Məmmədquluzadə mübarizənin, millət və vətən davasının öz üsulları olduğunu xatırladır.
Uzun müddət Cəlil Məmmədquluzadənin erməni xislə­tini ifşa edən əsərləri barədə danışmağa yasaq qoyulduğun­dan, bəlkə də, elə təsəvvür yaranmışdır ki, guya, ədib yalnız xalqlar dostluğunun tərənnümçüsü olmuşdur. Cəlil Məm­mədquluzadə erməniləri yaxşı tanıyırdı. Hətta bir dəfə əlinə silah alıb döyüşmək istəmişdi. Ermənilər Əsgəranda yolu kəsib Şuşanı mühasirəyə alanda Ağdama gəlmiş, şuşalıları aclıqdan qurtarmaq üçün hücumda iştirak etmək niyyətində olmuşdu. Bunu 1917-ci il sentyabrın 14-də Həmidə xanıma yazdığı məktubunda bildirmişdi: "Əzizim Həmidə! Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə hücumda iştirak eləyim.”.
Ədib özünün "Müsəlmanlar silahlanır” felyetonunda Azərbaycan torpaqlarını ermənidən qorumağın, bu məmlə­kətin qeyrətini çəkməyin bir yolu olduğunu göstərirdi: Silahı əldə hazır saxlamaq! Birləşmək! Bir məqsədə xidmət etmək, Vətəni, məmləkəti hər şeydən uca tutmaq.
Publisist rus imperiyasının müstəmləkəçilik, "parçala hökm sür” siyasətini tənqid edirdi. Rus məmurunun təbliğa­tına uyaraq müsəlmanların bir-birinə qarşı çıxması isə şüb­həsiz, Cəlil Məmmədquluzadəni narahat edirdi. Hətta belə təbliğatın cəzasız qalması müəllifi qəzəbləndirirdi: "Mən elə bilirdim ruslarda yumurta döyüşdürmək adət deyil” - yazan ədib, Şamaxıda "sünnü-şiə” davası salmaq istəyən Leontiyevin cəzasızlığının əsl səbəbini açır:
"Şikayətçi müsəlmanlar məndən soruşurlar:
-…Bu kişi niyə biz ilə belə rəftar etdi? – Bunun cavabında mən dedim:
- Ondan ötrü ki, bu da biz müsəlmanları dadıb. Bəli, … biz müsəlmanları cənab Leontyevlər və onun kompaniyaları çoxdan dadıblar”.
Cəlil Məmmədquluzadənin ən böyük arzularından biri Azərbaycanı sivil cəmiyyət kimi görmək olmuşdur. Bunun üçün publisistikasında, sivil qaydalara qovuşmağı, elmə, təh­silə yiyələnməyi, dünyəvi elmlərə qabil olmağı önə çəkmiş­dir. Bu sivil qaydalara uyğunlaşmaq təcrübəsinə söykənmək üçün Azərbaycan bu gün də Avropaya üz tutmaqdadır. Bu baxımdan Cəlil Məmmədquluzadənin qələmə aldığı publisis­tik əsərlər bu günümüz üçün də aktualdır.
Ədib "Müsəlman içində gördüklərim” əsərində "Nemsə tayfasından Reynqart adlı birisinin” səya­hətindən alınan təəssüratı qələmə almışdır. Əsərdə Azərbay­canın bir sıra əyalətlərində məktəblərin olmamağı, bu üzdən də insanların savadsızlığı təsvir edilir. Cəlil Məmmədqulu­zadə Reynqartın dili ilə Azərbaycanda bir çox adamın öz milliyyətini anlamayıb da, özünü "müsəlman” adlandırmasına təəssüfünü bildirir. Müəllif qəs­dən avropalının Gəncədə də, Rəştdə də, Bakıda da belə adamlara rast gəldiyini ürək ağrısı ilə bildirir.
"Meşədə gördüklərim” felyetonu da bu üslubdadır. Avropalı səyyah Şamaxıda gördüklərini qələmə alıb. Avro­palının dili ilə Şamaxıda şəhər əhalisinin bir-biri ilə davasın­dan, müxtəlif pis əməllərindən söhbət açılır və burada kitab­xanaya heç kimin ayaq basmadığı xüsusi vurğulanır. Avropalı Bekkerin ikinci eyni adlı məktubu Bakı barədədir və eyni məzmunludur.
Bütün bu tipli əsərlərində Cəlil Məmmədquluzadə bir vətəndaş-yazıçı, vətəndaş-publisist olaraq Azərbaycanın sa­bahı haqqında düşünürdü.
Cəlil Məmmədquluzadə yaradıcılıq fəaliyyəti dövründə millətə xidmət etməyi əsas vəzifəsi hesab etmişdir. Azərbay­can məmləkəti ideyası onun, demək olar ki, bütün yaradıcılı­ğının ruhunu təşkil edir. Onun əsərlərində aydın görünən vətənin dərdlərinə dərman axtarışları sübut edir ki, böyük ədibin, bu məmləkəti gözəl görməkdən savayı arzusu olmayıb. İstər öz yaradıcılı­ğının, istərsə də "Molla Nəsrəddin”in bütün mərhələlərində Cəlil Məmmədquluzadə, xüsusilə, millətin milli özünü­dərketmə prosesinin dərinləşməsinə səy göstərmişdir. Bu proses isə Azərbaycan deyilən bir məmləkətin qorunmasına, bütövləşməsinə, təkmilləşməsinə xidmət etməlidir.
Azərbaycan satirik publisistikasının banisi Cəlil Məmmədquluzadə satiranın ideya-bədii istiqamətlərini düzgün müəyyənləşdirmiş, jurnalistikanın bütün janrlarından baca­rıqla istifadə etmişdir. Xəbər, hesabat, söhbət, korrespon­densiya, müsahibə, reportaj, resenziya kimi janrlar məcmuə­də satirik məzmun daşımaqla, klassik formasındadır. O, jurnalistikanın janrlarının yeni satirik üslubda sistem­li inkişafını təmin etmişdir. Həmçinin lüğəti, atalar sözlərini, teleqramları, səyahətnaməni ədəbi mühitdə janr səviyyəsində formalaşdırmışdır.
Allahverdi MƏMMƏDLİ,
Filologiya elmləri doktoru, professor,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər