Böyük cığırda inamlı addımlar

Böyük cığırda inamlı addımlar

14 Mart 2016, 10:03 1160
Ərəb məhcər ədəbiyyatının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Nəsib Arida və b. nümayəndələri kimi, Şərqdə doğulan, lakin yaradıcılığının ən məhsuldar illərində Qərbdə bir mühacir olaraq yaşayıb-yaradan Mixail Nuaymənin də əsərlərində Şərq ilə Qərbin – bu iki fərqli mədəniyyətin ortaq dəyərlərinin parlaq təcəssümünü görmək mümkündür. Bu ədəbiyyat və onun görkəmli nümayəndələrinin həyat və yaradıcılığı müxtəlif dövrlərdə dünya şərşünaslığının tədqiqat obyektinə çevrilmişdir. Ərəb məhcər ədəbiyyatında müstəsna yeri olan simalardan biri – Mixail Nuaymənin elmi-ədəbi yaradıcılığı Azərbaycan şərqşünaslığının da diqqət mərkəzində olmuşdur. Azərbaycanda ərəb məhcər ədəbiyyatının tədqiqi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın adı ilə bağlıdır. Ömrünü Azərbaycan elminin, ölkə şərqşünaslığının inkişafına həsr etmiş alim ərəb məhcər ədəbiyyatına dair dəyərli monoqrafiyaların, 70-dən artıq elmi məqalənin müəllifidir.
Mixail Nuaymə yaradıcılığının tədqiqinə həsr olunan “Qələmlər birliyi və Mixail Nuaymə” adlı monoqrafiyası alimin bu ədəbi birlik və onun öndə gələn nümayəndələrindən olan görkəmli Livan şairi M. Nuaymə barəsində ilk böyük tədqiqat əsəridir. Aida xanım ərəb məhcər ədəbiyyatını yalnız tədqiq etməklə kifayətlənməmiş, bu ədəbiyyatdan tərcümələr də etmişdir. Azərbaycan oxucusu M. Nuayməni ilk olaraq onun tərcümələri ilə tanımışdır.
Ərəb məhcər ədəbiyyatı bu gün də şərqşünaslarımızın tədqiqat obyekti olaraq qalır. İlk olaraq bu ədəbiyyatı böyük məhəbbətlə araşdıraraq elmi ictimaiyyətə və geniş oxucu kütləsinə tanıdan Aida İmanquliyevanın açdığı elmi cığırla addımlayan bügünkü gəncliyin də həmin ədəbiyyatın tədqiqinə və tərcüməsinə xüsusi meyl və maraq göstərməsi olduqca təqdirəlayiqdir. Oxuculara təqdim olunan bu şeir kitabı da AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, şərqşünas alim filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun illər öncə açılan o böyük cığırda inamlı addımlarının bəhrəsidir.
Qeyd etməliyəm ki, M.Həmidov M Nuaymə poeziyasının bədii tərcüməsindən daha öncə ərəb məhcər ədəbiyyatını, xüsusilə də Nuaymə yaradıcılığını elmi tədqiqat mövzusu olaraq işləmişdir. Bu baxımdan da M.Həmidovun M.Nuaymə irsinə müraciət etməsini təsadüfi hesab etmək olmaz. M.Nuaymə irsinin tədqiqatçısı olan M.Həmidovun ədibin yaradıcılıq prinsiplərinə, ədəbi-nəzəri görüşlərinə yaxından bələd olması bu işdə ona böyük uğur qazandırmışdır. O, “Mixail Nuaymənin ədəbi-tənqidi görüşləri və şeirləri” mövzusunda yazdığı dissertasiya işini illər öncə qardaş Türkiyə Respublikasında, Ankara Universitetində uğurla müdafiə etmişdir. Bu günədək gənc alimin Azərbaycan, Türkiyə, Rusiya və ərəb ölkələrində livanlı şairin yaradıcılığı, xüsusilə ədəbi-tənqidi görüşləri və həmin görüşlərin ədibin poeziyasında təcəssümü ilə əlaqədar onlarla məqaləsi çap olunmuşdur. Onu da qeyd etmək istərdim ki, M.Həmidov Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ənənəvi məqalə yarışmasının da qaliblərindəndir.
M.Həmidovun bədii tərcümə kimi olduqca maraqlı və məsuliyyətli bir işin öhdəsindən uğurla gəlməsi sevindirici olmaqla yanaşı, həm də təbiidir. Çünki bədii tərcümə sənəti tərcüməçinin, həmin sənətkarın duyğu və düşüncələrinə dərindən bələd olmağı, onun hiss və həyəcanlarına həssaslıqla yanaşmağı tələb edir. Yalnız bu zaman, orijinalın bədii gözəlliyini duyaraq, onu ana dilinin obrazlı ifadələrinin daxili qatlarını qavrayaraq həmin gözəlliyi, özünəməxsusluğu müqabil dildə yenidən yaratmaq mümkündür. M.Həmidovun tərcümələri ilə tanış olduqca onun bu məsuliyyətli işin öhdəsindən bacarıqla gəldiyinin şahidi oluruq. Romantik şairi tərcümə edərkən tərcüməçi özü də romantik əhval-ruhiyyəli, qanadlı söz və ifadələri yerli-yerində işlədə bilmiş, nəticədə gözəl, poetik tərcümə nümunələri yaratmışdır. Tərcüməçinin ən başlıca uğuru şairin ruhunu dərindən duymasındadır. Tərcümə prossesində orijinala daha yaxın olmaq istəyi bəzən tərcüməçiləri şairin ruhundan uzaq salır, beləliklə də şeir əsl mənasından uzaq düşür. Sevindirici haldır ki, M.Həmidovun tərcümələri həm orijinala olduqca yaxın, həm də olduqca poetikdir. Tərcümənin dili səlist və ahəngdardır:

Söylə, sularınmı qurudu, ey çay!
Nədən çağlamırsan, axmırsan daha?
Yoxsa qocalmısan, qırılıb əzmin,
Daha çağlamaqdan sən üz çevirdin?!
(“Donmuş çay”)


Bu misralar M.Nuaymənin ilk mətbu şeiri olan “Donmuş çay” əsərinin tərcüməsindəndir.
Yaxud:

Görsən azqınlaşıb dalğalar yaman,
Ya da qayalara çırpıb özünü
Ağlayır bu dəniz, sən bax o zaman,
İzlə bu dənizi ta susanacan...
(“Ey mənliyim, kimsən sən?”)


M.Nuaymə şerinin poetik ruhu, bu poeziyanın bəzən həzin meh kimi, bəzən coşub-daşan dənizə bənzəyən səsi, musiqisi bu tərcümələrdə açıq-aydın duyulur:

Qardaşım!
Əgər ki döyüşdən sonra
Öyünüb özünün əməlləriylə,
Bir qərbli tutarsa ucadan-uca
Ölən əsgərinin xatirəsini,
Bir də qaliblərin igidliyini,
Nə sevin döyüşdən qalib çıxana,
Nə də ki təhqir et məğlub olanı!
Əksinə, gəl, əyil sən də mənimtək,
Bir kövrək, qanayan qəlb ilə səssiz
Ağlayaq, ağlayaq biz ölənlərin
Qara taleyinə, qara bəxtinə...
(“Qardaşım”)


Özünü yalnız ərəb yazıçısı hesab etməyən, bütün bəşəriyyət üçün yazıb-yaratdığını söyləyən şairin şeirlərində, həqiqətən də, yalnız ərəb dünyasını deyil, bütün insanlığı kamilliyə, həqiqətə, xeyirə, xeyirxahlığa, sülhə çağrışlar var.
M.Nuaymə şeiri yüksək ədəbi sənətkarlığı ilə yanaşı, dərin fəlsəfi tutumu ilə də seçilir. Belə ki, bu poeziyanı tərcümə etmək, şairin dünyagörüşünü, fəlsəfi düşüncələrini - şeirlərinin ruhunu müqabil dildə düzgün ifadə etmək tərcüməçidən yüksək səriştə tələb edir:

Bir gün sənin səmanı
Buludlar sarsa əgər,
Yum gözlərini, yum ki,
Buludlar arxasında ulduzları görəsən.
(“Gözlərini yum ki, gör...”)


M. Həmidovun tərcüməsində M.Nuaymənin şeir yaradıçılığının dilimizə tərcüməsi, bir-iki kiçik istisnalar xaricində ilk nümunədir. Umid edirəm ki, M.Həmidov bu sahədəki fəaliyyətini davam etdirəcək və oxucuları ərəb ədəbiyyatından yeni-yeni nümunələrlə tanış edəcəkdir. Bir-birindən gözəl poeziya nümunələrinin təqdim edildiyi “Kipriklərin pıçıltısı” kitabının şeirsevər oxucular və Şərq ədəbiyyatını araşdıran tədqiqatçılar tərəfindən maraqla qarşılanacağına inanıram.

Gövhər Baxşəliyeva